Azərbaycanın ekoloji siyasəti - tarixi-siyasi varislik və müasirlik
Təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ekoloji tarazlığın, suyun, torpağın və havanın qorunması müasir dövrün qlobal problemlərindən biridir. Təbii ki, Azərbaycan dövlətinin daxili siyasətində ekoloji təhlükəsizliyin təmin edilməsi, Xəzər dənizinin və havanın çirklənməsinin qarşısının alınması prioritet məsələlərdəndir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq, üzərimizə düşən başlıca vəzifələrdəndir”. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikada ekoloji problemlərin həlli istiqamətində və bu sahə ilə bağlı müntəzəm olaraq müvafiq işlər həyata keçirilib.
Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru professor İradə Hüseynovanın “Azərbaycanın ekoloji siyasəti - tarixi-siyasi varislik və müasirlik” məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.
Azərbaycanın uzunmüddətli inkişaf strategiyasına hesablanmış ekoloji siyasət
Ümummilli Liderin rəhbərliyi ilə ekoloji problemlərin həlli, ətraf mühitin yaxşılaşdırılması kimi məsələlər ölkənin uzunmüddətli inkişaf strategiyasına hesablanmışdı. Heydər Əliyev hər zaman təbiətin keşiyində duran bir ölkə rəhbəri idi. O, ötən əsrin 90-cı illərinin əvvəllərini xatırlayaraq deyirdi: “...Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.
Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə respublikada ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəsi ilə bağlı 8 qanun və 32 qərar qəbul edilib. Paytaxt Bakının yaşıllaşdırılması haqqında qərar da 1971-ci ildə verilib və müvafiq işlər görülüb. Eyni zamanda, bölgələrdə Şirvan (1969), Ağ göl (1978), İsmayıllı (1981), Bəsitçay (1974) təbiət qoruqları və milli parklar yaradılıb.
Müstəqillik illərindən etibarən Azərbaycanda ekoloji siyasət beynəlxalq səviyyədə həyata keçirilməyə başlanıldı. 1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına, 2000-ci il iyulun 18-də Kioto Protokoluna, 2002-ci ildə uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair beynəlxalq konvensiyaya qoşuldu.
Son 20 ildə Azərbaycanda əlverişli ekoloji mühitin yaradılması istiqamətində mühüm işlər görülüb
Ümummilli Liderin ekoloji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 20 ildə Azərbaycanda ekoloji problemlərin həlli, əlverişli ekoloji mühitin yaradılması istiqamətində mühüm işlər görülüb. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” həyata keçirilib. 2010-cu il Azərbaycanda “Ekologiya İli” elan edilib.
Qeyd edək ki, gələcək nəslin ekoloji maarifləndirilməsi üçün məktəb və universitet proqramlarına ekoloji təhsil daxil edilib. Universitetlər ekologiya üzrə ixtisaslaşmış yüksək ixtisaslı kadrlar hazırlayır.
Təəssüf ki, 30 il ərzində Ermənistanın işğalı altında olan Qarabağ ekoloji terrora məruz qalıb. İşğaldan azad edilmiş ərazilərdə bu gün bərpa-quruculuq işləri aparılır. Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilib. Qarabağda təkcə su elektrik stansiyalarından deyil, habelə külək, günəş elektrik stansiyaları kimi alternativ və bərpaoluna bilən enerji növlərindən də istifadə ediləcək.
Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə öz dəyərli töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Ölkənin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə, habelə işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması, ekoloji təhlükəsiz mühitin təmin olunması dövlətimizin başçısının uzaqgörən siyasətinin vacib tərkib hissəsi və siyasi varisliyin bariz nümunəsidir.
COP29 və ya yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı
Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Bunu ölkəmiz üçün 2024-cü ilin ən mühüm hadisəsi və yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab etmək olar. COP29, eyni zamanda, Azərbaycanın dünyada nüfuzunun daha da artmasına və ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə birbaşa və maneəsiz çatdırılmasına güclü təkan verəcək.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda qlobal ekoloji problemlərin həllinə və dünya ekosistemin qorunmasına qayğı göstərən ölkədir. İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev çıxış edib. Dövlətimizin başçısı dərin məzmunlu çıxışında Azərbaycanın bərpaolunan enerji potensialına diqqət çəkərək deyib: “Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaq. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir”.
Prezident İlham Əliyev, həmçinin Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən göründüyünü bildirib, eyni zamanda, bu dənizi qidalandıran əsas mənbələrin ölkəmiz ərazisində olmadığını diqqətə çatdırıb: “İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil. Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.
Azərbaycan həm də “yaşıl enerji” ölkəsinə çevrilir
Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsi olaraq təqdirəlayiqdir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dünyada neft və qaz ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də “yaşıl enerji” ölkəsinə çevrilir. Yaxın gələcəkdə Azərbaycanda istehsal olunan yaşıl enerji də dünya bazarlarına çıxarılacaq.
Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmiz istər regionda istərsə də beynəlxalq müstəvidə nüfuzlu, etibarlı tərəfdaş, qüdrətli dövlət olduğunu əyani surətdə sübut edir. Müasir mərhələdə respublikamızda ekologiyanın, ətraf mühitin qorunması istiqamətində aparılan siyasət bir daha Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursun, onun müdrik ideyalarının, tarixi-siyasi varisliyin yüksək təcəssümüdür.