Şimal-Qərbi Azərbaycanın (Balakən, Zaqatala və Qax bölgəsinin) tarixinin öyrənilməsi niyə çox önəmlidir?
Məmmədli Akif tarix üzrə Phd, AMEA Şəki Regional Elmi Mərkəzin böyük elmi işçisi
Azərbaycan yerləşdiyi coğrafi, strateji mövqeyinə və təbii ehtiyatlarının zənginliyinə görə tarix boyu diqqət mərkəzində olmuş, Bu baxımdan Azərbaycanın şimal-qərb bölgəsi isə xüsusi əhəmiyyət kəsb etmiş, bu ərazidəki çox saylı qədim abidələr müəyyən mübahisələr obyektinə çevrilmişdir. Bu mübahisələrin başlıca səbəblərindən biri bölgədəki qədim tarixi abidələrin, xüsusilə də məbədlərin araşdırılmaması və elmi ədəbiyyatda öz əksini tapmamasıdır.
Albaniya – Azərbaycan tarixinin və mədəniyyətinin ən dəyərli yadigarları olan bu tarixi abidələr xalqın əsrlər boyu təşəkkül tapmış böyük sərvətin bir qismidir. Məhz buna görə də ermənilər və onların havadarları ilk növbədə həmin abidələrin gerçək tarixini saxtalaşdırmağa, bu mümkün olmadıqda isə onları məhv etməyə çalışmışlar. Ona görə də bölgədəki tarixi abidələrin bir qismi tamamilə məhv edilmiş, salamat qalmış hissəsinin üzərindəki Alban elementləri aradan qaldırılmış, həmin ünsürlər yad elementlərlə əvəz olunmuşdur.
Tarixdə Dərbənd Səddi, Bizans divarları qədər möhtəşəm bir müdafiə qurğusunun – Sovet dövrünə aid ədəbiyyatlarda “Zaqatala Səddi” adlandırılan və qalıqları Balakən rayonunun Katex kəndi ərazisində qalmaqda olan səddin VI yüzillikdə tikilməsi və 1847-ci ildə çox hissəsinin rus generalı Şvarts tərəfindən dağıdılması faktları bu günədək elmi, tarixi ədəbiyyatda öz əksini tapmamışdır. Bundan istifadə edən bəzi tarixçilər və publisistlər isə həmin “Böyük Sədd”i gürcü hökmdarı Tamarın adı ilə bağlamağa cəhd göstərmişlər.
Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin qədim tarixi abidələrinin bir qismi müxtəlif dövrlərdə ayrı-ayrı tədqiqatçılar tərəfindən müəyyən qədər araşdırılmışdır, lakin bu abidələr indiyədək kompleks şəkildə öyrənilməmişdir.
Azərbaycanın, eləcə də Qafqazın tarixində çox əhəmiyyətli rol oynamış bu tarixi abidələr astral inamlarla və xristianlıqla bağlı olan məbədlərdən, islam dövrü abidələrindən (məscid, minarə, pir və mədrəsələr) və müdafiə tikililərindən ibarətdir.
Qafqazda ilk xristian məbədi olan Kiş məbədi daha məşhurdur. Ona görə də həm Azərbaycan, həm də xarici mütəxəssislərin diqqətini cəlb etmiş, ətraflı surətdə araşdırılmışdır. Lakin Ləkit, Qum, Mamrux, Darvaz, Katex, Nur kilsə məbədləri hələlik geniş elmi ictimaiyyətə bəlli deyildir və elmi cəhətdən tədqiq olunmamışdır.
Müdafiə tikililəri içərisində Katex kəndi ərazisində fraqmentləri qalmış Böyük Sədd, Pəri qala, Gələrsən-Görərsən qalası, Kiş qalası Katexdəki keşıkçi qüllələri bölgə əhalisinin çoxəsrlik mübarizə tarixindən xəbər verir. Görkəmli Türkiyə şairi Nazim Hikmətin Şəki xan sarayı barəsindəki sözlərini xatırlamaq kifayətdir: “Əgər Azərbaycanın qədim tikililəri olmasaydı, bircə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi”.
Ümumiyyətlə, Azərbaycn Respublikasının şimal-qərb bölgəsini “Açıq tarix və mədəniyyət muzeyi” adlandırmaq mümkündür.
Ötən əsrin 90-cı illərinədək bu abidələrlə bağlı olan obyektiv tarixin öyrənilməsi Sovet imperiyasının Qafqaz siyasətinə “uyğun gəlmirdi.” Hal-hazırda müstəqil Azərbaycan Respublikası iqtisadi cəhətdən Qafqazın ən qüdrətli dövlətinə çevrilmişdir. Bu isə Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin tarixi abidələrinin elmi cəhətdən kompleks şəkildə öyrənilməsi üçün əlvrişli şərait yaratmışdır.
Qeyd edək ki, bölgə uzun zaman Osmanlı Türkiyəsinin təsir dairəsində olmuş, bu isə burada yaşayan əhalinin həyat tərzində, icra etdiyi bir çox dini ayinlərdə hal-hazırda da özünü göstərməkdədir.
XIX yüzilliyin əvvəllərindən başlayaraq Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixində yeni bir dövr başlandı. Bölgə əhalisi Qafqazda özünün siyasi, iqtisadi maraqlarını gerçəkləşdirməyə çalışan Rusiya İmperiyasının işğalçı siyasətinə qarşı mübarizə dövrünə qədəm qoydu. 1803-cü ildə rus qoşunları Car-Balakəni işğal etdilər. İşğal rejimi ilə barışmayan bölgı əhalisi mübarizəyə qalxdı. Əhalinin mübarizə əzmini qırmaq üçün qəddar və qaniçən rus generalı Qulyakov bölgəyə göndərildi. Lakin qəddarlığı ilə ad çıxarmış Qulyakov qanına qəltan edildi. Yerli əhalinin rus işğalçılarına qarşı müqavimət hərəkatı işğal prosesinin uzunmasına səbəb oldu.
Ümumiyyətlə, 1803-1830-cu illər ərzində rus qoşunları Azərbaycanın Şimal-Qərb bölgəsinə yeddi dəfə yürüş etdilər. Nəhayət, 1830-cu ildə rus qoşunlarının növbəti yürüşü nəticəsində Car-Balakən camaatlığı ləğv edildi və burada eyni adlı vilayət yaradıldı. Bu isə daha böyük üsyana səbəb oldu.
1830-cu ildə dağlıların fəal yardımı sayəsində bölgədə rus işğalçılarına qarşı çox böyük-əzəmətli bir üsyan baş verir və üsyan yarım ildən çox müddət ərzində davam etdi. Bu üsyan yatırıldıqdan sonra Car-Balakən camaatlığının ərazilərinin bir hissəsi “Gürcüstanın” və XIX əsrin 60-cı ilində yaradılmış “Dağıstanın” tərkibinə qatıldı. Bu tədbir nəticəsində Azərbaycan tarixinin bir çox nadir tarixi abidələri də tariximizin danılmaz sübutları kimi əlimizdən alındı, xalqın nəzarətindən kənarda qaldı. Buna görə də, heç olmasa əlimizdə qalan abidələri qorumaq, araşdırmaq, gələcək nəsillərə tanıtmaq görülməsi ən vacib vəzifələrdəndir.
Vətən tarixinin qədim və orta əsrlər dövrü tarixini dərindən və hərtərəfli araşdırmaq, həmin dövrün iqtisadi, ictimai-siyasi və sosial siyasi münasibətlərini öyrənmək üçün tarixi abidələri tədqiq etmək, onların təyinatını müəyyənləşdirmək, təsnifatını vermək labüd və zəruridir.
Hər biri nadir memarlıq nümunəsi olan bu abidələr tikildiyi yerin quruluşuna, relyefinə elə uyğunlaşdırılmışdır ki, sanki onlar təbiətin üzvi bir parçasıdır. Yüzilliklər öncə insan zəkası və əməyi ilə yaradılan bu harmoniyanı (təbiətlə, təbii şəraitlə tarixi abidələrin harmoniyasını) tədqiq etmək, təbliğ etmək və onu qoruyaraq, gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur, Vətən tarixinin öyrənilməsi və təbliği işinə töfhədir. Çünki, tarixi abidələr Azərbaycan xalqının şərəf və qürur mənbəyidir.
Şimali Azərbaycanda 170 il sürmüş Rusiya və Sovet əsarətindən sonra siyasi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında dövlətçilik möhkəmlənir. Müasir mərhələdə Azərbaycan milli-mənəvi dəyərlərinin tədqiqi və dirçəldilməsi çox mühüm əhəmiyyət kəsb edir. Təbiidir ki, Azərbaycan Respublikasının çox əlverişli təbii-coğrafi məkanında olan, bir tərəfdən Gürcüstanla, digər tərəfdən də Rusiya Fedarasiyasının Dağıstan Respublikası ilə sərhəddə yerləşən şimal-qərb bölgəsinin tarixi abidələrinin öyrənilməsi elmi-nəzəri, siyasi baxımdan son dərəcədə aktualdır. Qeyd etməliyik ki, Azərbaycan tarix elmi üçün müstəsna əhəmiyyətə malik olan bu problem indiyədək xüsusi tədqiqat obyekti olmamışdır.
Azərbaycan tarixinə həsr edilmiş bir sıra əsərlərdə, xüsusilə Y.M.Mahmudovun rəhbərliyi ilə Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin həm tarixi-demoqrafik, həm də ictimai-iqtisadi cəhətdən öyrənilməsinə xidmət edən tədqiqat əsərlərində bölgədəki tarixi abidələrdən epizodik hallarda bəhs edilmişdir. Lakin həmin əsərlərdə bu abidələrin geniş təsnifatı və təsviri verilməmişdir. Bu hal hər şeydən əvvəl onunla izah olunur ki, indiyədək aparılmış araşdırmalarda tədqiq etdiyimiz bölgənin tarixi abidələrinin öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulmamışdır. Problemin araşdırılması məhz bu baxımdan xüsusilə aktualdır.
Azərbaycan Respublikasının şimal-qərb bölgəsinin tarixi abidələrinin öyrənilməsi zərurəti həm də onunla şərtlənir ki, bu araşdırma bölgədə baş vermiş tarixi proseslərin, ictimai-siyasi və dini dəyişikliklərin baş verməsi səbəblərini aydınlaşdırmağa imkan verə bilər. Bu həm də çarizmin Azərbaycanda yeritdiyi ayrı-seçkiliyin, müstəmləkəçilik siyasətinin əsl mahiyyətini dərk etməyə, xalqın əsarətə qarşı mübarizə tarixinin yeni nəsillərə məlum olmayan cəhətlərini də aşkar etməyə şərait yaradar. Zaqatala qalası, Balakən rayonunun Mahamalar kəndindəki qala, Hacı Murtuzun qala-evi bu mübarizə tarixinin ən bariz nümunələridir.
Bildiyimiz kimi, 1803–cü il aprel andlı öhdəliyindən sonra Rusiyanın işğalı altına düşdü. Bundan sonra Rusiyanın işğal etdiyi hər yerdə olduğu kimi, bölgəmizdə də ağır müstəmləkə əsarəti başlandı. Əhalisinin daha “azadlıq sevər”, daha “azad ruhlu” olması səbəbindən burada işğalçılar daha amansız olmuş, bəzən isə əksinə “insaflı” davranmışlar. Onlar “insaflı” davranmaqla aparılan siyasətin əsil mahiyyətini gizlətməyə çalışmışlar. Belə məqamlarda Rusiya çarı özü də proseslərə müdaxilə etmiş, xüsusi fərmanlar vermişdir.
1851-ci il iyunun 2–də Zaqatalaya “şəhər statusu”nun verilməsi ilə bağlı çarın fərmanı da bu qəbildən olan sənədlərdəndir.
Qeyd etmək yerinə düşərdi ki, “şəhər statusu” verilən yaşayış yerinə dövlət büdcəsindən əlavə vəsait ayrılır, mərkəzi küçələrdə gecələr lampalar yandırılaraq işıqlandırılır, parklar salınırdı (Qaladüzündəki parkı yada salaq). Nəzərə alsaq ki, söhbət XIX yüzilliyin ortalarından, yəni bir əsr yarım əvvəldən gedir, keçən bu müddət ərzində Zaqatala şəhəri xeyli inkişaf etmişdir.
Şəhərin Qaladüzü, Meydan, Balakənqapı adlanan əraziləri Zaqatalanın, eləcə də bölgənin tarixində əhəmiyyətli rol oynamışdır.
Rusiya imperatoru bu fərmanı heç də Zaqatalanın inkişaf etməsini istədiyi üçün verməmişdi... Zaqatalada tikilən qalanın Cənubi Qafqazda Rusiyanın mövqeyinin möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyəti olması, ən böyük Rus hərbi hissəsinin burada yerləşdirilməsi, bölgəyə daha ciddi nəzarətin həyata keçirilməsi və buradakı rus zabitlərinə daha yaxşı şərait yaradılması məqsədi ilə vermişdi.
Rusiya imperatorunun bölgəmizlə bağlı verdiyi digər bir fərmanla 18 nəfər dar ağacından asılaraq edam edilmiş, 1000 nəfər Sibirə sürgün edilmiş və bu 1000 nəfərin evi uçurulmuş, onların həyət və bağlarındakı ağaclar qırılmışdı ki, qalanlar da acından ölsünlər. Buna səbəb, doğma diyarımızın sakinlərinin öz dinlərini, ata-babalarından gördüyü adət-ənənələrini və mənəvi dəyərlərini qorumaq istəmələri olmuşdu .
Hadisələr, çarizmin Şimal – Qərbi Azərbaycanda (Balakən, Zaqatala, Qax, Şəki) xristianlığı yaymaq və kilsələr tikdirməyə cəhd göstərməsi ilə bağlı baş vermişdi. Bölgənin əhalisi azad ruhlu, azadlıqsevər idi. Xatırlatmaq yerinə düşərdi ki, hələ qədim dövrlərdə belə işğalçı yürüşlər bu bölgədə uğur qazana bilməmişdi.
İslam dini bölgədə çox gec yayılsa da, İslamı qəbul etdikdən sonra bölgə insanları bu dinə - İslama çox möhkəm bağlanmışdılar. Rusiyanın bölgəni işğal etdiyi dövrlərdə isə, burada Nəqşibəndi təriqəti çox geniş yayılmışdı ki, bu da İslamın ən gözəl cəhətlərini özündə birləşdirirdi. Nəzərə alsaq ki, çarizmə qarşı mübarizədə əsas ideoloji silaha çevrilən müridizmin kökündə, mayasında da nəqşibəndilik durmuşdu və nəqşibəndiliyin əsas mərkəzi isə Balakən – Zaqatala –Qax bölgəsi idi.
Bildiyimiz kimi, bu dövrdə çarizmin Qafqazda apardığı müharibə yenicə başa çatmış, Şeyx Şamil əsir alınaraq sürgün edilmişdi. Uzun müddət azadlıqsevər Qafqaz xalqlarına qarşı müharibə aparmaqdan yorulmuş Rus çarizmi yeni bir hərəkatın başlanmasından çox ehtiyat edirdi. Odur ki, bölgədəki müsəlman əhaliyə “xüsusi ehtiramla” yanaşdığını göstərmək üçün Balakənin mərkəzində məscid tikilməsinə icazə vermişdi. Əslində, “icazə verməyə” məcbur olmuşdu... Çünki 1863-cü ildə zorakı xristianlaşdırmaya qarşı üsyan edən Balakənlilərə amansız divan tutulmuşdu... Evləri uçurulan, bağları qırılan, Sibirə sürgün edilən balakənlilərin yaxınları “barıt çəlləyi” kimi partlamağa hazır idilər...
Mövzunun aktuallığını şərtləndirən amillərdən biri də bölgədəki abidələrlə bağlı qonşu dövlətlərdə – Gürcüstanda, Ermənistanda və Dağıstanda bölgədəki abidələrlə bağlı həqiqətə uyğun olmayan çoxsaylı qeyri-obyektiv əsərlərin yazılması, Azərbaycan tarixinin saxtalaşdırılması cəhdləridir. Bölgənin Alban xristian abidələrinin tarixi və təyinatı daha çox saxtalaşdırılmaya məruz qalmaqdadır. Həmin abidələr haqqında yazılmış qərəzli əsərlər isə obyektiv tarixin, Azərbaycan tarixinin saxtalaşdırılmasına xidmət edir.
Azərbaycanın, o cümlədən tədqiqata cəld edilən bölgənin xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını vaxtilə gürcü mütəfəkkiri, yazıçısı, ictimai xadimi İ.Q.Çavçavadze (1837-1907) “Erməni alimləri və fəryad edən daşlar” əsərində dolğun şəkildə əks etdirmişdir .
Tanınmış gürcü mütəfəkkiri bu əsərində yazmışdır: “... Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi” – Şərqi Ermənistan adlandırırlar” .
Dağıstan araşdırıcısı T.Aytberov bölgənin tarixini saxtalaşdırmaq sahəsində daha çox canfəşamlıq edir. O, 1989-cu ildə Katex kəndinin tarixinəhəsr etdiyi məqaləsindədə və 2000-ci ildə nəşr etdirdiyi “Zaqafqaziya avarları” adlı əsərində bölgədəki xristian abidələrini saxtalaşdırmaqla gürcülərə “hədiyyə” etmək fikrinə düşmüşdü .
Sadaladığımız amillər və faktlar Azərbaycan Respublikasının şimal-qərb bölgəsindəki abidələrin kompleks şəkildə tədqiq edilməsini son dərəcədə aktuallaşdırır.
Əziz oxucu, bütün bunları nəzərə alaraq, öncə bölgəmizin tarixi abidələrinin foto şəkillərini və onlarla bağlı məlumatları topladım. Həm də bölgənin tarixi ilə bağlı əldə olunan eksponatlardan ibarət muzey təşkil etməyə çalışdım. Artıq, 3 mindən çox eksponat toplanmış və bu günədək dünyanın müxtəlif ölkələrindən gələn turistlər, xüsusilə alimlər burada olmuş və ölkəmizlə, bölgəmizlə bağlı doğru məlumatlandırılmışlar. Nəzərə alsaq ki, belə həssas bölgədə vətənpərvərolmaq hər bir vətəndaşın, xüsusilə də hər bir ziyalının borcudur. Mən də ziyalı borcumu yerinə yetirməyə çalışıram