ŞƏRƏF VƏ LƏYAQƏTİ HƏR ŞEYDƏN ÜSTÜN TUTAN İNSAN

Ağamahmud Səmədov

“Yer və insan” jurnalının redaktoru

 

Geoloq Tofiq Məcid oğlu Kazımov haqqında yaxşı insan kimi, peşəkar geoloq kimi çox eşitmişdim, amma onunla ilk tanışlığımız 2001-ci ildə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranandan sonra olmuşdu.

O vaxta qədər mən “Dövlətgeolkom”un Baş Qafqaz Axtarış Ekspedisiyasında, Tofiq isə “Azərqızıl” Dövlət Şirkətində işləmişdi. Biz tanış olan zaman o, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin ən böyük struktur bölməsi olan Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyasında rəis işləyirdi. Müəssisə Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra geoloqların Daşkəsən rayonu ərazisində aşkar etdikləri Çovdar qızıl yatağında geoloji qiymətləndirmə işləri aparırdı. 2003-cü ildə nazirlikdə ölkənin tanınmış geoloq alimləri və filiz yataqları üzrə ən seçmə mütəxəssislərinin iştirakı ilə ilk dəfə Çovdar qızıl yatağının sənaye perspektivləri müzakirə olundu. Çoxlarının gözləmədiyi bu hadisə bəzi insanları sanki şoka salmışdı. “Əşşi boş şeydir, orada qızıl zad yoxdur”, “Bu kimlərinsə uydurmasıdır” və s. fikirlər söylənilirdi. O zaman mən nazirliyin geoloji şöbəsində işlədiyim üçün bu cür xoşagəlməz və əsassız rəyləri çox eşidirdim.
Amma, Tofiq Kazımov gecəsini gündüzünə qataraq bütün var-gücünü Çovdar yatağında geoloji qiymətləndirmə işlərinin yüksək səviyyədə aparılmasına sərf edirdi. O, ekspedisiyanı, həmçinin Çovdar partiyasını savadlı mütəxəssislərlə-geoloq və texniki işçilərlə komplektləşdirir, lazımi avadanlıqla təmin etməyə çalışır, tez–tez Bakıdan Daşkəsənə gedir, geoloji kəşfiyyat işlərinin keyfiyyətlə aparılmasını daim diqqətində saxlayardı. Həmin vaxtlar əksər qazma avadanlıqlarını tapmaq müşkül məsələ idi. Onlar ölkəmizdə istehsal olunmadığı üçün kənardan, xüsusən də Rusiyadan və Türkiyədən gətirilirdi. Tofiq Kazımov böyük çətinliklə də olsa onları tapdırar, işi “axsamağa” qoymazdı. Artıq 2004-cü ilin payızında Çovdar qızıl yatağının sənaye perspektivliyi müxtəlif kimya və texnoloji laboratoriyalarda təyin olunmuş sınaqların ürəkaçan nəticələri ilə təsdiq edildi. Əvvəllər ağız büzən bədxahların daha deməyə sözü qalmamışdı. Artıq yatağın öyrənilməsinin növbəti mərhələsinə-ilkin kəşfiyyat işlərinin aparılmasına ehtiyac duyulurdu. Tezliklə görüləcək işlərin layihə-smeta sənədləri hazırlandı. 2006-cı ildə yataqda ilkin kəşfiyyat işləri yekunlaşdırıldı, filizin, eləcə də qızıl, gümüş və misin ehtiyatları hesablanmaqla hesabatı yekunlaşdırıldı və yüksək qiymətlə balansa qəbul edildi.
Tofiq Kazımovun rəhbərlik etdiyi ekspedisiya həm də Azərbaycanın Kiçik Qafqaz hissəsinin və Naxçıvan MR-nın bir sıra dağ çaylarında səpinti qızıllılığı öyrənən ilk qurum idi. Yazının əvvəlində-şəkildə əlində saxladığı sarkofaqın içərisindəki 573 qramlıq səpinti qızıl nümunəsinə elə ilk dəfə toxunan geoloq da Tofiq özü olmuşdu. Həmin nümunə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2004-cü ildə daimi saxlanılmaq üçün Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.
Bütün bu işlərin görülməsində Tofiq Kazımovun müstəsna xidmətləri olmuşdu. Onu da demək yerinə düşər ki, bəzi insanlar kimi onda acgözlük, dünya malına hərislik, tərifə uymaq və digər mənfi xüsusiyyətlər yox idi. Səmimiliyinə, bütün varlığı ilə dövlət əhəmiyyətli işin icrasına təmənnasız xidmətlərinə görə o çoxlarının rəğbətini qazanmışdı.
Tofiq Kazımov savadlı, tanınmış geoloq idi; onu da deyim ki, tanışlığımızın ilk vaxtlarından onu ağlı, erudisiyası və möhtəşəm yumor hissi olan yaxşı bir insan kimi qəbul etmişdim.
O, gözəl bilirdi ki, geoloqun peşəsini gözəl bilməsi və təbiəti sevməsi ilə hər şey bitmir, geoloq həm də yaxşı analitik, müşahidəçi və bacarıqlı bir insan olmalı; eyni bir komandada uzun müddət işləməyi, insanlarla ünsiyyət qurmağı bacarmalıdır.
Artıq qəbul olunmuş bir həqiqətdir ki, əsl insan sevməyi, bağışlamağı, güclü olmağı və xəyanət etməməyi bacarmalıdır. Əsl insan olan Tofiq Kazımovda bu keyfiyyətlər cəmlənmişdi.
Tofiq yaxşı həmsöhbət, iliyinə qədər ziyalı, münasibət qurmağı bilən və həmişə özünü ləyaqətlə saxlamağı bacaran bir şəxs idi. Adamın “idi” sözünü deməyə dili gəlmir.
Saydığım xüsusiyyətlərinə görə mənim Tofiqə böyük rəğbətim var idi. Bu rəğbət sonralar biz tamamilə ayrı-ayrı sahələrdə işləyən zaman dostluğa çevrilmişdi. Təəssüf edirəm ki, bu gözəl insan artıq aramızda yoxdur...
... 1946-cı ildə gözəl Gədəbəydə doğularaq sonradan çoxlarının sevimli həmkarına, dayağına, dostuna çevrilən, həyatsevərliyi, nikbinliyi və mehriban aurası ilə onunla ünsiyyətdə olan hər kəsə müstəsna pozitivlik bəxş edən dostumuz Tofiq Kazımov 2015-ci ildə bu dünyanı tərk etdi.
Tofiq Kazımovla vaxtilə bir yerdə çalışan, dostluq edən insanlar onun xatirəsini əziz tuturlar. Həmin insanlardan bir neçəsinin xatirələrindən bəzi fraqmentləri diqqətinizə təqdim edirik:
“AzerGold” QSC İdarə Heyəti sədrinin müşaviri Şahbəddin Musayev: “Tofiq Kazımov olduqca təvazökar, pozitiv davranışlı, həmişə gənclərə örnək olan layiqli bir türk evladı idi. 2001-2006-cı illərdə ETSN Milli Geoloji Kəşfiyat Xidmətinin Operativ Kəşfiyat Ekspedisiyasına rəhbərlik etdiyi zaman mən Milli Geoloji Kəşfiyat Xidmətinin rəisi idim. O dövrdə Çovdar yatağının ilkin kəşfiyyatının həyata keçirilməsində, yatağın ehtiyatlarının hesablanaraq Dövlət balansına daxil edilməsində onun məxsusi xidmətləri olmuşdur. Bu sırada onun Naxçıvan MR Culfa rayunu ərazisində yerləşən Başkənd səpinti qızılı yatağının kəşfiyyat mərhələsinə cəlb edilməsində, ehtiyatlarının hesablanaraq istismara hazırlanmasında da xidmətlərini qeyd etmək lazımdır...”.

“Azinterpartlayış -X” MMC-nin əməkdaşı Seyid­nəbi Əmirov: “Həqiqi dost, gözəl insan və mükəmməl mütəxəssis haqqında fikir söyləmək həmişə çətin olur.
1993-cü ildə “Azərqızıl” Dövlət Şirkətinə dəvət olunmuşdum və orada məni yeni yaradılmış “Azərqızılkəşfiyyat” Dövlət Firmasına baş mühəndis vəzifəsinə qəbul etmişdilər. Əvəllər Azərbaycan Geologiya İdarəsinin Geoloji Planalma Ekspedisiyasında fəaliyyət göstərən Tofiq Kazımov da Qalakənd geoloji-axtarış dəstəsinin rəisi təyin olunmuşdu. Onunla ilk dəfə firmanın ofisində tanış olduq. Elə ilk tanışlıqdan o mənim diqqətimi cəlb elədi. Tofiqin səmimi davranışı, düzgün fikir yürütməyi, nikbin olmağı xoşuma gəlmişdi. Tofiq Kazımov çox incə yumora malik olan insan idi. O çalışardı ki, hətta xoşlamadığı insanın da xətrinə dəyməsin.
O vaxtdan 2006-cı ilədək Tofiqlə bir yerdə, yəni “Azərqızılkəşfiyyat” firmasının “Nəcibmetalgeologiya” Ekspedisiyasında və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyasında çalışmışıq. Bu illər ərzində mən onun bir çox dəyərli xüsusiyyətlərini kəşf etdim.
Belə ki, o, işçilərin tutduğu vəzifələrindən asılı olmayaraq hamıya eyni dərəcədə münasibət bəsləyirdi, hər bir işçinin problemi ilə yaxından maraqlanırdı və çox vaxt bu problemin həllinə nail olurdu. Haqsızlığa qarşı barışmaz insan idi.
Tofiq həm də çox qayğıkeş ailə başçısı idi. Bir dəfə işdə mənə dedi ki, “Seyid, günorta gedib bir yerdə yemək yeyərik”. Kafedə Tofiq birinci tikəni götürdü və hiss elədim ki, mənə baxır. Başımı qaldıranda Tofiqin gözlərinin yaşardığını gördüm. Tələsik soruşdum, Tofiq nə baş verib. O, birdən gülümsədi və dedi: “Ay Seyid, Allah sənə qismət eləsin, bir saat bundan öncə BABA olmuşam”. Biz qucaqlaşdıq və mən onu səmimi qəlbdən təbrik etdim. Onun çox incə qəlbi vardı.
Mən yuxarıda qeyd etdiyim kimi həqiqi dost haqqında fikir söyləmək çox çətindir. Bu, həqiqətən belədir. Əgər nasirliyi bacarsaydım, dostum Tofiq barədə böyük və maraqlı bir roman yazardım”.

Nüvə Tədqiqatları Departamentinin Ekspedisiya və Mobil Monitorinq qrupunun rəhbəri Arif Cəfərov:
“Tofiq Kazımovu mən 1968-ci ildən, Azərbaycan Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Geoloji Planalma və Tematik Ekspedisiyasında müxtəlif geoloji partiyalarda işlədiyi zamandan tanıyırdım. Bilavasitə yaxından, ailəvi tanışlığımız isə 1974-cü ildən sonrakı dövrlərə, yəni Dağlıq Talışın mərkəzi hissəsində geoloji partiyalarda geoloq və böyük geoloq vəzifələrində işlədiyi dövrlərdən başlamışdır. Belə ki, 1993-2001-ci illərdə Kiçik Qafqazın “Gədəbəy filiz rayonunun cənub və mərkəzi hissələrinin potensial perspektiv sahələrində qızıl yataqlarının axtarışı” və “Şəmkir vulkan-pluton kompleksinin şimal, şimal-qərb ekzo-endokontaktlarında sərbəst qızıl və kompleks qızılsaxlayan yataqlarının axtarışı” ilə müşayiət olunan layihələrə rəhbərlik etmiş və onun rəhbərliyi altında birgə çalışmışıq. Onun ədəbiyyata, şeir və aşıq musiqisinə həvəsi olduğundan, hətta birgə marşrut ərəfəsində sevdiyi aşıq havalarından züm-zümə edərdi.
2002-2005-ci illərdə ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Faydalı Qazıntıların Operativ Kəşfiyyatı Ekspedisiyasının rəisi vəzifəsini icra etmişdir.
T.Kazımov, işlədiyi dövrlərdə özünün işgüzarlığı, daima çalışqanlığı, bacarıqlı mütəxəssis-geoloq kimi həmkarları arasında seçilərək dəfələrlə rəhbərlik tərəfindən yüksək mükafatlandırılmışdır.
Mehriban, həlim xasiyyətli, həddindən ziyada zəhmətsevər, qayğıkeş və xeyirxah insan idi. Yeri gəlmişkən, onun xeyirxahlığını mən 1994-cü ilin payızında Gədəbəy-Bakı sərnişin avtobusunun sürücüsü ara boşluqda əyləşən yaşlı qadına gediş haqqının ödənilməsi üçün müraciət etdikdə, həmin qadın utancaq halda pulum yoxdur deyə cavab verdi. Lakin sürücü təkidlə “pulun yoxdur, minmə” kəlməsini təkrar etdikdə, qadına yaxın oturacaqda oturan Tofiq sürücüyə mən verərəm deyərək qadının yol pulunu ödədi. Yaşlı qadın bir ana kimi öz minnətdarlığını bildirdikdə, bütün sərnişinlər kimi mən də Tofiqin xeyirxahlığını alqışladım. Bu yerdə mənim fikrimdən, Tofiqin bu xüsusiyyətlərinin görəsən haradan götürüb, düşünürəm: - o dəqiqə də cavabım belə olur - əlbəttə ki, nurlu, alicənab atası mərhum Məcid kişidən, anası mərhum Həvva xaladan qaynaqlandığı keçdi (Atalar demişkən: “Ot kökü üstə bitər”).
Ömrünün 70-ci ilində dünyasını dəyişən Tofiq Kazımov dəyərli mütəxəssis, gözəl ailə başçısı, etibarlı dost, səmimi yoldaş idi...
...Səmimiyyətinə, əməksevərliyinə, mərdliyinə və alicənablığına görə rəğbət bəslədiyim insan barədə bu cür ürək sözlərini eşitmək, oxumaq necə də xoşdur. Sanki xalq şairimiz Məmməd Rahim aşağıdakı misraları yazanda Tofiq Kazımovun mərd, cəmiyyət qarşısında üzüağ olmasını da nəzərə almışdı:

...İnsan ləyaqətinə bir ləkədir əyilmək,
Ona “bəli” söyləyib qımışıb üzə gülmək.
Mümkün deyil hamının hər vaxt xoşuna gəlmək,
Sən ancaq üzü ağ ol vicdanının önündə!