Turizm şirkətinin qadın rəhbəri həbs olunub

Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmişin hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.
Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Leyla Rahib qızı İbrahimova özünü turizm xidməti göstərən "Romance Travel" şirkətinin rəhbəri kimi təqdim edərək 51 nəfər zəvvarın ziyarətə getməsi üçün 8 min 880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5 min 600, 2 min 120, 1797, 6 min, 2 min 202, 3 min 500, 2 min 780, 5 min 858 manat pulu alıb, verdiyi vədlərə əməl etməyərək 9 nəfərin 38 min 737 manat məbləğində pulunu ələ keçirərək dələduzluqda təqsirləndirilir.
Vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.