Cənubi Qafqaz ölkələrində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri

Yeganə BaxşıyevaAMEA Hüquq və İnsan Haqları İnstitutu

 

Təbii ehtiyatlar içərisində yeraltı və yerüstü sular insan cəmiyyətinin inkişafında əsas rol oynayır. Ona görə də su ehtiyatlarından kompleks və daha səmərəli istifadə olunması zərurəti yaranır. Su ehtiyatlarından kompleks və səmərəli istifadə onların tükənməsinə qarşı tədbirlərin görülməsi, çirklənmədən mühafizə edilməsi məsələləri ilə üzvi bağlıdır. Su ehtiyatlarının idarə edilməsinin bütün su komponentləri bir-biri ilə sıx və qarşılıqlı əlaqəlidir. Hidrologiya, ekologiya və su ehtiyatlarının idarə olunmasının harada dəqiq sona çatdığını və iqtisadi modelləşdirilmənin haradan başlandığını demək çətindir. İqtisadi modelləşdirilmə qıt olan su ehtiyatlarının istifadəsi, ictimai və fərdi bölmələrdə sərmayələr və cari xərclər arasında əlaqə yaradır və həmçinin su təsərrüfatının inkişafı və idarə edilmə siyasətinin müxtəlif metodlarının müqayisə meyarlarını verir.
Bu gün Cənubi Qafqazda transsərhəd şirin su axarlarının, yerüstü və yeraltı ehtiyatların bölüşdürülməsi, qorunması və istifadəsi getdikcə ölkədaxili, dövlətlərarası iqtisadi-sosial münasibətlər müstəvisindən çıxaraq geosiyasi və geoiqtisadi xarakter almışdır. Belə ki, region dövlətlərinin yerüstü və yeraltı su ehtiyatları, ərazilərindən keçən transsərhəd su axarları bu ölkələrdəki iqtisadi, siyasi və sosial sabitliyin, ərzaq təhlükəsizliyinin, enerji siyasətinin təminatçısı olmaqla, konkret dövlətlərin, regionun deyil, bütövlükdə qlobal təhlükəsizlik mənafelərinin reallaşmasında müstəsna əhəmiyyət kəsb edir. Şirin suya olan tələbatın həndəsi silsilə üzrə artması nəticə etibarı ilə transsərhəd çaylara, qonşu dövlətlərin su mənbələrinin yerləşdiyi ərazilərə iddiaların baş qaldırmasına səbəb olmuşdur. Hazırda davam edən və ya proqnozlaşdırılan istənilən regional hərbi münaqişəyə, o cümlədən Ermənistanın Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı irəli sürdüyü ərazi iddialarına hidropolitoloji təhlil müstəvisindən yanaşıldıqda, bu fəaliyyətin arxasında su ehtiyatlarına nəzarət planlarının dayanmasını, su amilindən qonşu dövlətlərə siyasi-iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsini müşahidə etmək mümkündür(3).
Cənubi Qafqaz regionunun 2/5 hissəsi transsərhəd çay hövzələri ətrafında yerləşir. Coğrafi cəhətdən region dövlətləri arasında su ehtiyatları qeyri-bərabər paylanmışdır. Azərbaycan Respublikasının transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Bu göstərici ilə su qıtlığına görə Azərbaycan Respublikası post-sovet məkanında Türkmənistan, Moldova, Özbəkistandan sonra 4-cü yerdədir(2,s.30). 
Azərbaycan Respublikasının daxili su ehtiyatlarının yalnız 30%-i ölkənin şirin suya olan tələbatını ödəmək iqtidarındadır. Digər qalan şirin su ehtiyatlarının 70%-i isə qonşu ölkələrdə formalaşır. Bunun da əsas hissəsini Kür və Araz çaylarının suları təşkil edir. Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28 %-i Ermənistanın və yalnız 10 %-i Azərbaycan Respublikasının payına düşür. Ona görə də, Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasının hidrotəhlükəsizlik problemini bu reallıqlar fonunda təhlil etmək gərəkdir. 
Transsərhəd su hövzələrinin idarə edilməsi tarixən qədim metodlardan biri hesab edilir. Bizim eradan öncə 2500-cü ildə Yaxın Şərqdə Laqaş və Umma dövlətləri arasında Mesopotamiya ovalığında Dəclə çayının birgə istifadəsinə dair imzalanan razılaşmada iki dövlət arasında mübahisəli su hövzəsinin dinc yolla istifadə üsulları göstərilirdi(13,s.79). Müasir dövrdə isə 1929-cu il Nil hövzəsi müqaviləsi, 1959-cu il Nil çayına dair razılaşma, 1960-cı il Hind çayına dair Hindistan və Pakistan arasında imzalanan müqavilələr müasir transsərhəd suların birgə istifadəsi mexanizm və prinsiplərini özündə əks etdirirdi(3). 
Transsərhəd Araz və Kür çaylarının su ehtiyatının beş həmsərhəd dövlət (Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Ermənistan) arasında bölünməsi məsələsinin hüquqi baxımdan indiyədək tənzimlənməmiş qalması SSRİ, İran və Türkiyə arasında formalaşmış prinsip və hüquqi əhəmiyyətini itirmiş ikitərəfli müqavilələrin qüvvədə saxlanılması ilə əlaqəlidir. Belə ki, həmin müqavilələrdə - “Sərhəd çaylarından və bulaqlarından istifadə haqqında” konvensiyada (SSRİ-Türkiyə, 8 yanvar 1927-ci il), “Axuryan sərhəd çayı üzərində bəndin və su anbarının tikintisinə dair” Sazişdə (SSRİ-Türkiyə, 26 oktyabr 1973-ci il), “Sərhəd münaqişələrinin tənzimlənməsi haqqında” Müqavilədə (SSRİ-İran, 14 may 1957-ci il), “Suvarma və elektrik enerjisi istehsalı məqsədilə Araz və Atrek çaylarından bərabərhüquqlu və birgə istifadə üzrə ilkin layihələrin hazırlanmasına dair” Sazişdə (SSRİ-İran, 11 avqust 1957-ci il) nə Azərbaycan SSR, nə Gürcüstan SSR, nə də Ermənistan SSR-in hər biri üçün ayrı-ayrılıqda su limiti nəzərdə tutulmamışdır. Belə olan təqdirdə, Araz çayının keçdiyi ərazilərdə Türkiyə, İran, xüsusilə də Ermənistanın yaranmış hüquqi boşluqdan bəhrələnərək birtərəfli qaydada su istehlakı limitini artırması, çayın üzərində yeni bənd, hidrostansiya və su anbarları inşa etdirməsi Azərbaycan Respublikasında şirin su çatışmazlığı probleminin daha da kəskinləşməsinə səbəb olacaqdır. Araz çayı üzərində su elektrik stansiyası ilə bağlı İran və Ermənistanın birgə planlaşdırdıqları iki ortaq layihə Azərbaycan Respublikasının milli maraqlarına qarşı birbaşa təhdid, dövlətin siyasi iradəsinə təzyiq xarakteri daşımaqla, ölkədə sosial-iqtisadi və ekoloji böhranın yaranmasına istiqamətləndirilmişdir(2,s.19-25). 
Müasir dövrdə dünyanın bütün inkişaf etmiş ölkələrində ekoloji təhlükəsizlik sahəsində milli proqramlar hazırlanıb həyata keçirilir. Əvvəllər bu proqramın reallaşdırılması yığılıb qalmış tullantıların məhv edilməsinə yönəldilmişdi. İstehsalat fəaliyyətinin neqativ nəticələri aradan qaldırılsa da, ətraf mühitin korlanması nəzərə alınmırdı. Lakin zaman keçdikcə pozulmuş ekosistemin xilas edilməsi zərurəti meydana gəldi. Ehtiyatların etibarlı qiymətləndirilməsi müxtəlif metodların təhlilindən sonra su hövzələrinin özünəməxsus xüsusiyyətlərini nəzərə almağa imkan verən daha optimal metodun seçilməsini zəruri etdi(1,s.12). 
Kür və Araz çaylarının beynəlxalq hüquqi statusunun formalaşması prosesinin araşdırılması və Kür-Araz çayları hövzəsinin ekoloji vəziyyətinin müasir beynəlxalq, hüquq normaları kontekstində tədqiqi olduqca əhəmiyyətli məsələlərdəndir. Eləcə də Kür və Araz çaylarının ekoloji təhlükəsizliyi, Kür və Araz çayları hövzəsinin ekoloji təhlükəsizliyi ilə bağlı problemlərin müəyyən edilməsi və onların həlli yollarının təklif edilməsi, Kür və Araz çaylarından qeyri-gəmiçilik məqsədləri ilə istifadənin istiqamətlərinin və bunların ekoloji təhlükəsizliyə təsirinin öyrənilməsi, bu sahədə bağlanmış müqavilə və sazişlərin təhlili, hövzə dövlətləri tərəfindən Kür və Araz çaylarının canlı ehtiyatlarından istifadənin doğurduğu problemlərin tədqiqi, hövzənin canlı ehtiyatlarının qorunması ilə bağlı beynəlxalq-hüquqi təcrübənin təhlil edilməsi məqsədəuyğundur(4). Aparılan tədqiqatlar göstərir ki, Ermənistan Kür və Araz çayları hövzəsinin ekoloji təhlükəsizliyinə daha çox ziyan vurmuşdur. Bununla bağlı işğalçı dövlətin beynəlxalq-hüquqi məsuliyyətinin müxtəlif aspektlərdən araşdırılması vacibdir(6).
Cənubi Qafqaz regionunun transsərhəd sularının ekoloji təhlükəsizliyinə yardım məqsədi ilə beynəlxalq təşkilatlar bir sıra layihələr həyata keçirmişdilər. Bunlardan biri 2011-2013-cü illərdə UNDP-nin GEF (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) Kürün Qlobal Ətraf mühit Ehtiyatları Layihəsi oldu. Layihə Gürcüstan və Azərbaycan ərazisindən keçən çay sisteminə aid edilirdi. Layihənin fəaliyyətdə olduğu müddətdə 50 milli və 5 beynəlxalq ekspert bu prosesə cəlb edilmişdi(10). Kür hövzəsinin “Diagnostik Analiz”i zamanı 4 mühüm məsələ planda əks olunmuşdu: hidroloji su axınında azalma və dəyişiklik, suyun keyfiyyətinin korlanması, ekosistemin deqradasiyası, daşqınlar və iqlim dəyişikliyi. “Diaqnostik Analiz”in nəticəsinə əsasən aşkar olundu ki, Kür çayında hidroloji axında baş verən azalma Azərbaycan və Gürcüstan üçün çox riskli məsələnin yaranması deməkdir(8). Məlum oldu ki, Azərbaycan Respublikasında ildə 4-5 km2 su qıtlığı (tükənməsi) ilə qarşılaşır. Bu vəziyyət hər iki sahilyanı dövlətdə irriqasiya imkanlarını məhdudlaşdırır, kənd təsərrüfatında, məişətdə bir sıra problemlər yaradır. Analizin nəticələrində o da qeyd olunur ki, su qıtlığı çirklənmənin səviyyəsini yüksəldir. Layihə Kür hövzəsində baş verən bu cür neqativ halların Azərbaycan Respublikası üçün daha riskli olduğunu nəzərə alaraq aşağıdakı həll yollarını təklif etdi(2).
• su ehtiyatlarından məqsədyönlü istifadə imkanlarını inkişaf etdirmək;
• sudan məqsədyönlü istifadə üçün infrastruktur imkanları təkmilləşdirmək;
• su hövzəsinin müdafiəsi üçün iqlim dəyişikliyinə uyğunlaşmaq;
• su ekosisteminin qorunması;
• suyun keyfiyyətini inkişaf etdirmək(7).
Həyata keçirilən beynəlxalq layihələrin nəticələrinə əsasən demək olar ki, su ehtiyatlarının idarə olunması üzrə islahatlar hövzə prinsipinin tətbiqi istiqamətində aparılmalıdır. Belə ki, su ehtiyatlarının idarə olunması üzrə Qərb ölkələrinin təcrübəsi göstərir ki, su sahəsinin idarə olunması üzrə fəaliyyətlərin əlaqələndirilməsi ancaq hövzə səviyyəsində əldə edilə bilər.
Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sxemi müvafiq məsələlər üzrə Xəzər dənizinin şelfi də daxil olaraq Cənubi Qafqazın transsərhəd çay hövzələrini və Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə hazırlanmalıdır. Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sxeminin tətbiq ediləcəyi proqnoz hədəfləri: Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sxeminin qısa müddətli (10 il) və uzun müddətli (20 və 35 il) hədəflər üçün hazırlanması məqsədəuyğun hesab edilir. Proqnoz hədəflər kimi başqa müddətlər də qəbul edilə bilər. Nəticə etibarı ilə inteqrasiyalı idarəetmənin təmin edəcəyi üstünlüklər aşağıdakılardır:
• İnteqrasiyalı idarəetmə çay hövzəsi hüdudlarında aparılır. Bu, tələbatçının harada yerləşməsindən asılı olmayaraq stabil və bərabərhüquqlu su təchizatına təminat verir;
• Çay hövzələri hüdudunda yerüstü və yeraltı su obyektlərinin mövcud və potensial istismar ehtiyatları qiymətləndirilir;
• İstifadəçilərin suya tələbatı əsaslandırılmaqla sudan istifadə limitləri müəyyən edilir;
• Dövlətin müəyyənləşdirdiyi prioritetlər əsas götürülməklə koordinasiya və qarşılıqlı razılaşma əsasında sudan istifadə ierarxiyası müəyyən edilir;
• Yerüstü və yeraltı sulardan istifadə vahid planlaşdırılma əsasında həyata keçirilir;
• Yerüstü və yeraltı su obyektlərindən istifadə seçimi müqayisəli texniki-iqtisadi səmərəlilik əsasında aparılır;
• Su təsərrüfatçıları assosiasiyaları və şuraları vasitəsi ilə tələbatçılar arasında koordinasiya mexanizmi təmin olunur;
• İdarəetmənin bütün ierarxiyaları səviyyəsində fəaliyyətlərin dəqiq koordinasiyası nəticəsində suyun təşkilati səbəblərdən baş verən itkiləri minimallaşdırılır;
• Su sektorunda siyasət, qanunvericilik və idarəetmədə inteqrasiya yaradılır;
• Dinamik inkişaf edən şəraitə uyğun çevik qanunvericilik təmin edilir;
• Təşkilatlar özünümaliyyələşmə mexanizmi ilə fəaliyyət göstərir və dövlətin yardımı minimuma endirilir;
• ”Xidmət-ödəmə” prinsipi reallaşdırılır;
• Suya qənaət və səmərəli istifadə stimullarının tətbiqi ilə cəmiyyətin bütün üzvləri tərəfindən su ehtiyatlarının məhdudluğu daha çox dərk edilir;
• Verilən və kənarlaşdırılan suyun dəqiq uçotu aparılır;
• İdarəetmə bütün maraqlı tərəflərin iştirakı ilə həyata keçirilir, xidmətlər müqavilə əsasında təmin edilir;
• İctimaiyyətlə məsləhətləşmələr aparılır, maraqlı tərəflər qərarların qəbul edilməsinə cəlb edilir;
• Su istifadəçiləri assosiasiyaları hüquqi şəxs qismində su təsərrüfatı təşkilatları ilə münasibətlərdə dəqiq hüquq və öhdəliklərə malik olur;
• Ətraf mühitin mühafizəsi və ətraf mühitin qorunması üçün ekoloji su ayırmalarının toxunulmazlığı təmin edilir(10). 
Su ehtiyatlarının idarə edilməsində dövlətlərin əsas vəzifəsi sudan səmərəli istifadənin təmin olunması, onların çirklənmə və miqdarca tükənmədən mühafizəsi, suların ziyanlı təsirlərinin qarşısının alınması və aradan qaldırılması, su obyektlərinin vəziyyətinin yaxşılaşdırılması və su istifadəçilərinin hüquqlarının qorunmasıdır.
Regional və beynəlxalq mexanizmlər qarşılıqlı asılılıqda və fəaliyyətdə, ətraf mühitin beynəlxalq hüquqi mühafizəsində beynəlxalq əməkdaşlığın əsas sistemini formalaşdırır. ATƏT-in Helsinki Yekun Aktında (1975) xüsusi olaraq qeyd edilmişdir ki, ətraf mühitin əksər problemləri ancaq sıx əməkdaşlıq yolu ilə həll edilə bilər(6). Bu mənada müasir dövrün əsas problemlərindən biri dövlətlərin çoxtərəfli əməkdaşlığının zəruriliyini dərk edib ona qayıtmasıdır. Bununla əlaqədar, 1992-ci il Ətraf mühit və inkişaf üzrə Rio-de-Janeyro Bəyannaməsinin 7-ci prinsipində deyilir: “Dövlətlər dünya ekosisteminin bütövlüyü, mühafizəsi, qorunması məqsədi ilə qlobal tərəfdaşlıq ruhunda əməkdaşlıq edirlər”. Bütövlükdə, ekoloji problemlərin qlobal xarakteri yeni fəlsəfi baxış və praktikaya əsaslanır, bu da son nəticədə region dövlətlərinin səylərini birləşdirməsini tələb edir.
Azərbaycan Respublikası Avropa İttifaqı ilə möhkəm əməkdaşlığın qurulmasına səy göstərir. Əməkdaşlıq üçün prioritet sahələr 2007-2013-cü illər üzrə ölkənin strategiya sənədində Avropa Qonşuluq və Əməkdaşlıq İnstrumenti əsasında Azərbaycan Hökuməti və Avropa Komissiyası tərəfindən təsdiq edilmişdir. Aİ və Azərbaycan Hökuməti arasında ikitərəfli razılaşdırılmış Fəaliyyət planı birgə qəbul edilmiş prioritetlərin icra edilməsi üçün beynəlxalq norma və prinsiplər ilə müqayisədə Azərbaycan Respublikasının öhdəliklərini özündə əks etdirir. Bu Fəaliyyət Planı suyun idarə edilməsi məsələləri də daxil olmaqla ətraf mühit üzrə əsas sektorlar üçün prioritet fəaliyyətləri təyin edir. Aİ-də su mühitinin qorunmasına dair qanunvericiliyin əsasını Su Çərçivə Direktivi (SÇD) təşkil edir. Bu direktiv Aİ üzrə su ehtiyatlarının idarə edilməsində əsas məqsədləri və icra planı ilə yanaşı əsas prinsipləri müəyyən edir. Azərbaycan Respublikası həmçinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələri üzrə Milli Siyasi Dialoqlara (MSD) olan marağını da ifadə etmişdir. BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün ŞAQMA ölkələrində Aİ-nin Su Təşəbbüsünün ŞAQMA komponenti çərçivəsində ən səmərəli alət kimi MSD-yə start verilmişdir. BMT-nin AİK katibliyi ŞAQMA ölkələrində SEİİE üzrə MSD-nin icrasında strateji tərəfdaş kimi çıxış edir. MSD-nin məqsədi ŞAQMA ölkələrində Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi (SEİİE) ilə bağlı uyğunlaşdırılmış fəaliyyətlərin başlanılmasıdır. Milli Siyasi Dialoqların (MSD) əsas vəzifəsi SEİİE üzrə tənzimləyici və inzibati fəaliyyətlərin təkmilləşdirilməsi, dəstəyə ehtiyacı olan ölkələrdə suyun idarə edilməsi ilə bağlı çətinliklərə qarşı potensialın artırılması məqsədilə müvafiq layihələrin müəyyən edilməsidir(11). 
Əvvəllər Azərbaycan və Gürcüstan arasında transsərhəd çayların su ehtiyatlarının istifadəsi bu məsələyə cavabdeh dövlət qurumları arasında aparılan ikitərəfli danışıqlar və müqavilələr əsasında tənzimlənirdi. Hazırda isə BMT-nin Avropa İqtisadi Komissiyası və ATƏT-in dəstəyi ilə Azərbaycan və Gürcüstan hökumətləri arasında transsərhəd çayların su ehtiyatlarının istifadəsi və mühafizəsi üzrə müqavilə tamamlanmaq üzrədir. 2017-2021-ci illərdə Azərbaycan və Gürcüstanda həyata keçirilməsi nəzərdə tutulan BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fondun “Kür II” layihəsi bu müqaviləyə dəstək olacaqdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2011-2014-cü illərdə bu layihənin I fazasında “Kür-Araz çayları hövzəsində transsərhəd deqradasiyanın azaldılması” Azərbaycanın Milli Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi (SEİİ) üzrə Milli və Strateji Fəaliyyət Planları hazırlanmışdır. 
Beynəlxalq təcrübədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi bir qayda olaraq çay hövzələri ilə uzlaşdırılaraq, çay hövzələri hüdudlarında aparılır. Çünki çay hövzələri hüdudunda su ehtiyatlarından içmək, suvarma, enerji alınması, sənaye məqsədi ilə istifadənin planlaşdırılaraq birlikdə idarə olunması inteqrasiyanın əsasını təşkil edir. Transsərhəd suların birgə istifadəsində həmçinin sosial, iqtisadi və ekoloji amillərin su ehtiyatlarından istifadədə planlaşdırılması və idarə edilməsi əhəmiyyətli inteqrasiyaya rəvac verir. 
2012-ci ildə Azərbaycan Respublikasında hidrosiyasətin müəyyənləşdirilməsində əsas sənəd - Milli Su Strategiyası qəbul edildi. Bu sənədin hazırlanması prosesində Avropa İqtisadi Komissiyası və ATƏT-in iştirakı olmuşdur. Beynəlxalq hüquq aktlarına və Avropanın müvafiq konvensiyalarına söykənən ilk strategiyanın prioritet istiqaməti məhdud su ehtiyatlarına malik olan Azərbaycan Respublikasında yerüstü və yeraltı su ehtiyatlarının mərkəzləşdirilmiş qaydada idarə olunmasını, onların mühafizəsini, suya qənaət mexanizmlərini təmin etmək, ekoloji sistemi yaxşılaşdırmaq, transsərhəd su mənbələrinin ortaq istismarı istiqamətində dövlətlərarası əməkdaşlığı genişləndirməkdir. Beynəlxalq su qanunvericiliyinə və Avropa İttifaqının Su Çərçivə Direktivinə (SÇD) əsaslanan strategiyanın ümumi məqsədi Azərbaycanda mövcud su ehtiyatlarının səmərəli, bərabər və optimal istifadəsinə yönəldilmiş milli cəhdlərin möhkəmləndirilməsi və inkişafıdır(11).
Su ehtiyatlarının inteqrasiyalı idarəetmə sxeminin hazırlanması üçün başlıca şərtlərdən biri su sektoru üzrə qanunvericilik bazasının yaradılmasıdır. Azərbaycan Respublikasında su sektoru ilə əlaqədar normativ-hüquqi baza əsasən yaradılmışdır. Azərbaycan Respublikası, o cümlədən Kür hövzəsində su siyasəti ilk növbədə su qanunvericiliyi, xüsusilə də, Azərbaycan Respublikasının Su Kodeksi vasitəsilə həyata keçirilir. Su Kodeksi su sektoru sahəsində ölkənin əsas qanunverici aktıdır. Azərbaycan Respublikasının Su Kodeksi 1997-ci ilin dekabr ayında qəbul edilmiş və 1998-ci ilin 17 mart tarixindən qüvvəyə minmişdir. Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq Azərbaycan Respublikası BMT-nin “Sərhəddən keçən su axınlarının və Beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvesiyasını ratifikasiya etmişdir və Konvensiyanın tələblərinə ciddi riayət edir(3).
Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasında 2010-cu il “Ekologiya ili” olmuş və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdi. BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye Bakıya gələrək Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə “Çoxlu növlər, bir planet, bir gələcək” şüarı ilə Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında keçirilən tədbirlərdə, xüsusilə də bilavasitə ağacəkmə kampaniyasında iştirak etmişdir(12).
Region dövlətlərinin transsərhəd su ehtiyatlarından birgə səmərəli istifadəsi məsələlərini və yaranan hüquqi, ekoloji problemlərin həllində beynəlxalq hüququn imkanlarını müəyyənləşdirmək üçün Avropa İttifaqının Su Çərçivə Sazişindən, BMT-nin Avropa İqtisadi Komissiyasının konvensiyalarından, İslam Əməkdaşlıq Təşkilatının dəstəyindən, regionun transsərhəd dövlətləri ilə uzunmüddətli sazişlərin bağlanmasından və digər beynəlxalq sənədlərdən irəli gələn vəzifələrə əsasən regionda dayanıqlı sosial-iqtisadi inkişafın əsas təminedici amillərindən olan su ehtiyatlarından səmərəli, ədalətli və optimal istifadənin təşkili üçün milli səylərin birləşdirilməsi olduqca vacib məsələdir. Bu məqsədlə Kür və Araz çayları hövzəsinin ekoloji mühafizəsinin beynəlxalq-hüquqi problemlərini kompleks təhlil etmək, bu sahə üzrə ekoloji təhlükəsizlik problemlərini müəyyənləşdirmək və onların həlli yollarını göstərmək gərəkdir.
Beynəlxalq çay və göllərin çirklənməsinə yol verilməməsi, mövcud çirklənmənin azaldılması üçün sahilyanı dövlətlər bütün zəruri tədbirləri görməlidirlər. Belə tədbirlərin həyata keçirilməsi ilə digər dövlətə və ya dövlətlərə, həmçinin, dünya okeanı sularına dəyə bilən zərərin qarşısını almağa nail olmaq olar.


Ədəbiyyat: 
1. UN Environmental Performance Reviews, The Azerbaijan Republic NationalWaterStrategy,2013.http://www.unece.org/environmentalpolicy/environmentalperformancereviews/enveprpublications/environmental-performancereviews/2011/2nd-environmental-performance-review-of-azerbaijan.html.
2. Humbatov M. Threat to the world: hydrological crime and ecological genocide.Vilnius, 2018 199 p.
3. Alakbarov A. Transboundary water issues in the Southern Caucasus in the context of international law / Global and regional hydropolitical problems in the context of international cooperation and security International Conference. Baku: 2014, p.58-68.
4. Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları: Ali məktəblər üçün dərslik / Ələkbərov U.K. Bakı: Təhsil, 2013, 222 s.
5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumat materialları əsasında erməni silahlı təcavüzü və işğal nəticəsində ətraf mühit və təbii sərvətlərə vurulmuş zərərlərin qiymətləndirilməsi (hesabat). Bakı: 2015, 252 s.
6. Təbiətdən istifadənin hüquqi əsasları. Dərslik / Dolxanov A.B. Bakı: 2008, 578 s.
7. Evrim Maden T. Azerbaycan’da su kitliği ve Ermenistan ile Sarsang rezervuari sorunu (water scarcity in Azerbaijan and Sarsang reservoir issue with Armenia) Ermeni Arastirmalari, nömre 52, 2015.
8. Matthews Mary M. Presentation Title: Building transboundary cooperation in the Kura River basin through shared water resources management / Global and regional hydropolitical problems in the context of international cooperation and security International Conference. Baku: 2014, p.36-41.
9. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu, №677 iQ, 1999-cu il əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında, №401 IIQ, 2002-ci il. http://www.e-qanun.az/framework/3852
10. Slobodan P. Simonovich. Managing Water Resources. UNESCO Publishing. London: 2009, 626 p.
11. Azərbaycan Respublikası Milli Su Strategiyası layihə. Bakı: 2016. http://blackseariverbasins.net/system/files_force/Milli%20Su%20Strategiyasi%201%20Sen%20%202016.pdf?download=1
12. Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında BMT-nin Konvensiyasına Azərbaycan Respublikasının qoşulması haqqındaqanunu.9.04.1999.http://eco.gov.az/az/684-azerbaycan-respublikasinin-etraf-muhit-ile-bagli-meselelerde-melumatin-elde-edilmesi-ictimaiyyetin-qerar-qebul-edilmesinde-istiraki-ve-edalet-mehkemesinin-aciqkecirilmesihaqqinda-bmt-nin-konvensiyasina-qosulmasi-barede-azerbaycan-respublikasinin-qanunu 
13. Mustafazadə T. Ümumi tarix. 4 cilddə, I cild, Bakı: 2009

Açar sözlər: Cənubi Qafqaz regionu, transsərhəd sular, çirklənmiş Kür-Araz çayları, inteqrasiyalı idarəetmə, beynəlxalq layihələr, Avropa İttifaqı.

Ключевые слова: Южно-Кавказский регион, трансграничные воды, загрязненные реки Кура-Араз, интегрированное управление, международные проекты, Европейский Союз.

Key words: South Caucasus region, transboundary waters, polluted Kur-Araz rivers, integrated management, international projects, European Union.


Summary 
The article explores the problems of integrating transboundary water resources in the South Caucasus countries. The investigator notes that the transboundary Kur and Araz rivers basically have been polluted. This factor indicates great dangers in the ecology of the South Caucasus region. The dependence of the Republic of Azerbaijan on transboundary waters in the region is greater than in the neighboring states. In this sense, the effective integration of the regional states from the transboundary rivers is crucial. At the same time, the article notes that so much pollution of transboundary rivers by coastal states has resulted in international organizations interested in the region with a number of projects on this issue.

Резюме
В статье рассматриваются проблемы интеграции трансграничных водных ресурсов в страны Южного Кавказа. Следователь отмечает, что трансграничные реки Кура и Араз в основном загрязнены. Этот фактор указывает на большую опасность для экологии региона Южного Кавказа. Зависимость Азербайджанской Республики от трансграничных вод в регионе больше, чем в соседних государствах. В этом смысле эффективная интеграция региональных государств от трансграничных рек имеет решающее значение. В то же время в статье отмечается, что такое сильное загрязнение трансграничных рек прибрежными государствами привело к тому, что международные организации, заинтересованные в регионе, осуществили ряд проектов по этому вопросу.

 

"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019