Nüvə erası - Ramil Allahverdiyev yazır...
Ramil Arif oğlu Allahverdiyev
16 iyul 1945-ci ildə ABŞ özünün ilk atom silahını Los-Alemos səhralığında sınaqdan keçirdi. Bu sınaq bəşəriyyət tarixində yeni eranın - atom erasının əsasını qoydu. Nüvə silahının ərsəyə gətirilməsində və tətbiq edilməsində ABŞ-ın “xidmətləri” əvəzsizdir. ABŞ 1942-1946-cı illərdə atom bombasının hazırlanmasına 2 milyard dollar vəsait xərcləmişdi. Amerika diplomatiyasının veteranı C.Kennan o günləri yada salaraq yazırdı:
“Biz beynəlxalq formada çıxış etdiyimiz zamanda atom silahının tərxis edilməsi barəsində güzəştlərə getməyi söz verdik. Lakin hər şey aydın idi ki, biz bu silah ilə öz müdafiə strukturumuzu təsis etmək və silahdan ilk olaraq istifadə etmək niyyətindəyik”.
ABŞ Trumenin doktrinası ilə dünyada hegemonluq iddiasında olmasını bildirmək məqsədi ilə Yaponiyanın Xrosima və Naqasaki şəhərlərinə növbə ilə 1945-ci ilin avqustun 6 və 9-da atdığı atom bombası atdı. Bu bir çox dövlətlər, xüsusilə SSRİ tərəfindən böyük narazılıqla qarşılandı. Xirosima və Naqasaki faciələrindən sonra ABŞ hərbi maşını və ona dəstək verən idarə aparatı “sovet təhlükəsi”nə qarşı qabaqlayıcı tədbir kimi nüvə silahları vasitəsilə aviozərbələr planını özündə əks etdirən direktivlər hazırlamağa başladı. Onlar belə adlanırdı:
”Amerika hərbi siyasətinin formalaşmasının əsasları (1492/2)” və “ABŞ hərbi qüvvələrinin istifadə edilməsi planları və strateji konsepsiyası (1518) ”. Bu direktivlər ABŞ qərargah rəislərinin birləşmiş komitəsi tərəfindən 1945-ci ildə ayrı-ayrılıqda müvafiq olaraq 19 sentyabr və 9 oktyabrda təsdiqləndi. Yaponiyanın taleyini yaşayacaq şəhərlər bunlar olmalı idi:
Moskva, Lelinqrad (indiki Sankt-Peterburq), Qorki, Kuybişev, Sverdlovsk, Novosibirsk, Omsk, Saratov, Kazan, Bakı (göründüyü kimi ABŞ-ın direktivlərində təkcə nüvə potensiallı mərkəzlərin deyil, həm də neftlə zəngin şəhərlərin məhv edilməsi məsələsi əks olunmuşdu ki, bu da bütün SSRİ ərazisində məhz Bakı idi) Daşkənd, Çelyabinsk, Nijni-Taqil, Maqnitaqorsk, Perm, Tiflis , Novokuznetsk, Qroznı, İkutsk, Yaroslavl.
1948-ci ildə atom silahı vasitəsilə təşkil olunacaq aviozərbələrin umumi və konkret əməliyyat planları hazırlandı. Onların şərti adları belə idi: “Broyler”, “Frolik”, “Xarrou” və s.
Direktivlərin hazırlanmasında yaxından iştirak edən yüksək çinli şəxslər sovetlər üzərinə atılacaq atom bombasının zamanının gecikdirilməməsini israrla təkid edirdilər. ABŞ ordu naziri hökuməti inandırmağa çalışırdı:
“Biz silah hazırlamaq üçün atom enerjisinə ölkə məxaricinin 98%-ni sərf edirik. Əgər biz onu indi istifadə etməyəcəyiksə, o zaman bu işlərin heç bir mənası yoxdur”.
1948-ci ilin ortalarında “Çarioter” şərti adı altında plan hazırlandı. Müəyyən olunmuş 70 sovet şəhərinə 133 atom bombası atılmalı idi. (bu rəqəmlər 1948-ci ildə tərtib olunan “Troydjen” əməliyyatında təsdiq olunmuşdu). Onlardan 8-i Moskvaya və 7-si Lelinqrada endirilməli idi. Sonradan bu plan komplektləşdirilmiş şəkildə “Xafmun”, sonra “Flitvud” planı ilə əvəzləndi. Sonuncu plan da öz növbəsində “Dablstar” planı ilə əvəz edilmişdi. Lakin həmin ərəfələrdə SSRİ-nin nüvə silahını sınaqdan keçirməsi ilə ABŞ-ın dünyada yekdil şəkildə hegemon olmaq istəyi və ümidləri artıq puç olmuşdu. Atom silahı üzərində monopolist hüquq artıq itirilmişdi və əvvəlcədən hazırlanmış strateji konsepsiyalara yenidən baxmaq lazım idi. ABŞ-da artıq yeni strateji hücum planları üzərində işləməyə başladılar. Planlarda əsaslı şəkildə dəyişiklik edildi. Artıq planın əsas xəttini ilk zərbə deyil, əks-zərbə konsepsiyası təşkil edirdi. Yeni plana “Troyan” şərti adı verildi. Plana görə 100 sovet şəhərinə 300 atom bombası və 20 min ton çəkiyə malik adi müxtəlif cür silahların tətbiqi nəzərdə tutulurdu. Lakin baş verə biləcək hadisələr analiz olunarkən məlum oldu ki, bombardmandan sonra itkilər və fəsadlar çox böyük olacaq, qəfil endiriləcək zərbələrdən sığortalanmaq və qorunmaq mümkün olmayacaq. Bunun nəticəsində də Britaniya adalarında yerləşəcək bazalar məhv ola bilər və Qərbi Avropanın müdafiə sisteminin qurulması şübhə altında olar. ABŞ HHQ-İ komandanlığı məruzə edərək qeyd etdi ki, “Troyan” planı əsasında mütəşəkkil şəkildə hərbi-hava hücumları və aviozərbələrin endirilməsinin təşkili imkanlar xaricindədir; ABŞ və Alyaskanın hava hücumundan müdafiə təhlükəsizliyini təmin edə bilməz.
17 dekabr 1954-cü ildə NATO-da nüvə silahından istifadə ilə bağlı MC-48 adlı sənəd təsdiq edilmişdir. MC-48 sənədi, Sovet İttifaqı ilə baş verə biləcək müharibənin başlanğıcından etibarən ilk olaraq SSRİ tərəfindən istifadə edilib-edilməməsindən asılı olmayaraq NATO-nun atom silahlarını istifadə etməsinin vacibliyini vurğulayırdı. Bu sənədə əsasən, Avropa müttəfiq qüvvələrin baş komandanına nüvə silahının avtomatik istifadəsi məsələsində ABŞ-dakı Strateji Hava Komandanlığı ilə eyni səlahiyyətlər verilmiş oldu.
Qeyd etmək lazımdır ki, NATO daxilində Nüvə İttifaqı Komitəsi də fəaliyyət göstərməkdədir. Bu komitənin Sovet Rusiyası və dağıldıqdan sonra Rusiya Federasıyası olan məkana nüvə zərbələri endirmək məqsədilə 70 illik komanda qərərgah təlimləri təcrübəsi vardır. Bu gün NATO, digər tərəfdə Cənubi və Şərqi Asiya başda olmaqla müxtəlif ikitərəfli və çoxtərəfli razılaşmalara söykənən müdafiə ittifaqları da ABŞ-ın hərbi gücünün qlobal xarakterini sübut edir. Zənnimcə Putinin nüvə silahı tətbiq edəcəyi ilə bağlı zaman-zaman səsləndirdiyi təhdidləri müzakirə edən təhlilçilər bu amilləri mütləq nəzərə almalıdırlar. Hazırda ABŞ-ın cəbbəxanasında 5113 nüvə başlıqlı silah mövcuddur. Əlavə olaraq, ABŞ ordusunun ixtiyarında nüvə bombası hazırlamaq üçün 500 tondan çox hazır maddə var. Hazırda ABŞ ordusunda 450 ədəd nüvə başlıqlı “Minuteman III” raketi var ki, onların da hədəfi 6 min kilometrə qədərdir. 288 balistik, eləcə də 1152 nüvə başlıqlı raket “Ohayo” sinfindən olan 14 sualtı nüvə qayığında yerləşdirilib. Həmin qayıqlardan Atlantik və Sakit okenlardan tutmuş, İranın cənub sərhədindəki Fars körfəzində və Ərəbistan dənizində də mövcuddur. Bu qayıqlarda 450 kiloton qüvvəsində (Xirosimaya atılan bombadan 30 dəfə güclü) TRİDENT II D5 raketləri daxil olmaqla, ümumilikdə 500 nüvə başlıqlı raket daşınır. İş bununla bitmir, dünya okeanında üzən 113 gəmidə də yanacaq doldurmadan ən uzaq məsafəyə uça bilən 60-a yaxın “B-2A Spirit” və “B-52H” bombardman təyyarələr də məhz atom bombaları ilə yüklənib. Bu fövqəladə dağıdıcı güc qarşısında əslində dünya çox kövrək görsənir. Bu güc həqiqətənmi dünyada sülhün, sabitliyin və təhlükəsizliyin qorunması üçündür? Yoxsa nə üçündür?