FİLİZÇAY KOLÇEDAN-POLİMETAL YATAĞININ KƏŞFİNƏ APARAN YOL

Böyük Qafqazın şərq seqmentinin Azərbaycan Respublikası ərazisində yerləşən Köhnəmədən (Balakən) mis-pirrotin filizləri yatağında 1902-ci ildən 1914-cü ildə baş vermiş I Dünya müharibəsinədək Almaniyanın “VOQAU” firması tərəfindən qismən istismar işləri aparılmışdır. Lakin, ötən əsrin 30-cu illərində bu yataqda yenidən geoloji-qiymət­lən­dirmə işləri (N.İ.Sitkovski,1932) aparılsa da yataq perspektivsiz hesab edilmişdir.
XX əsrin 50-ci illərinin sonlarınadək Böyük Qafqazın Alp geosinklinalının terrigen və karbonat çöküntülərinin yayıldığı geniş ərazilər də bütövlükdə filiz faydalı qazıntılarının mövcudliğuna perspektivsiz sayılırdı.
Azərbaycan geoloqlarının gərgin əməyi nəticəsində 1958-ci ildən sonra Böyük Qafqazın cənub yamacında bir sıra iri və orta miqyaslı kolçedan-polimetal və mis-pirrotin yataqaları (Filizçay, Katex, Kasdağ, Mazımçay, Cixix, Saqator və s.) aşkar edilmiş və öyrənilmişdi.
Eyni zamanda 80-ci illərə qədər bu əyalət yalnız polimetal filizləri (Cu, Pb, Zn) yataqları üçün səciyyəvi sayılırdısa və burada aparılan geoloji-axtarış və elmi-tədqiqat işləri bu məqsədə yönəldilmişdisə, sonradan adı çəkilən bu əyalətin geoloji-tektonik və geoloji-inkişaf tarixinə mobilizm nəzəriyyəsi baxımından yanaşmaqla, yeni geodinamik vahidlərin (kənar dəniz, adalar qövsü sistemləri) ayrılması və onların filizliliyinin öyrənilməsi sayəsində Cənub yamacı üçün ənənəvi sayılmayan Au-Ag, Cu-Mo, Cu-Ni-Co, Hg, Mn və s. təzahürlərinin və minerallaşma zonalarının aşkar edilməsi bu əyalətin ümumiyyətlə, filiz faydalı qazıntılarına perspektivliliyini təsdiqləmiş oldu.
Ümumi şəkildə Böyük Qafqazın Cənub yamacının Azərbaycan hissəsində aparılan geoloji tədqiqatları nəzərdən keçirsək görərik ki, 1930-1955-ci illərdə müxtəlif tədqiqatçılar (R.Paffenhols 1931, V.Xain 1934, O.Veber 1934, V.Sitkovski 1935, Ə.Sultanov 1933-1945, M.Qaşqay 1947, Ə.Şıxəlibəyli 1947 və s.) tərəfindən bu ərazinin geoloji quruluşu, litoloji-struktur vəziyyəti və maqmatizmi müəyyən qədər işıqlandırılmışdır. 1956-cı ildən başlayaraq geoloji planalma və axtarış-kəşfiyyat işləri sahəsində əhəmiyyətli işlər görülmüşdür.
1956-cı-ildə Ə.Şıxəlibəylinin “Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu və inkişa­fı” adlı monoqrafiyası rus dilində dərc olunmuşdur.
1958-cı ildə T.Məmmədov, S.İsmayılov və b. tərəfindən Sarıbaş struktur-formasiya zonasında Filizçay kolçedan-polimetal yatağı, 1962-1963-cü illərədə R.Əliyev və N.Musayev tərəfindən aparılmış geoloji-axtarış işləri nəticəsində Katex kolçedan-polimetal yatağı, 1964-cü ildə isə V.Nağıyev tərəfindən Kasdağ kolçedan-polimetal yatağı aşkar edilmişdi.
Ötən müddət ərzində bir sıra yataq və perspektivli filiz sahələri kəşf olunmuşdu ki, bu da Böyük Qafqazın Cənub yamaclarını sərbəst metallogenik zona kimi ayırmağa zəmin yaratmışdı. Qeyd etdiyimiz bu metallogenik zonanın əsas özəyini təşkil edən Filizçay yatağı barədə aşağıda yığcam məlumat verməyi münasib sayırıq.
Nəhəng ehtiyatlara malik Filizçay kolçedan-polimetal filizləri yatağı Balakən inzibati rayonunun ərazisində, Böyük Qafqaz dağ silsiləsinin cənub yamacında yerləşir.
Oroqrafik baxımdan yataq ərazisi dərin dərələr, sərt yamaclar, uçurumlarla xarakterizə olunan dağlıq sistemdə yerləşir. Mütləq hündürlük 800-1600m arasında dəyişir. Yataq ərazisi qərbdə Böyük Qubax suayrıcı (2097,4m) və Kasdağla (2381.0, 2587.0m), şimalda Böyük Qafqaz suayrıcı və Çuqak dağı ilə (2722.0 m) hüdudlanır. Şərqdən sərhəd Karabçay və Bulanlıqçay arası suayrıcından keçir.
Filizçay kolçedan-polimetal filizləri yayağının öyrənilməsi bir neçə mərhələdə yerinə yetirilmişdir.
1958-1960-ci illərdə ilkin olaraq aparilan axtarış-kəşfiy­yat işləri zamanı yatağın yer səthinə çıxış hissəsi öyrənilmiş­dir. İkinci mərhələ ilkin kəşfiyyat mərhələsindən ibarət olaraq 1961-1965-ci illəri əhatə edir.
Üçüncü mərhələ-dəqiq kəşfiyyat mərhələsi 1965-1983-cü illəriə aiddir. Dəqiq kəşfiyyat işləri öz-özlüyündə üç mərhələdə yerinə yetirilmişdir. Belə ki,1965-1967-ci illərdə yerinə yetirilmiş işlər nəticəsində 1968-ci ildə yatağın ehtiyyatları (01.10.1967-ci il tarixinə) SSRİ Nazirlər Soveti yanında faydalı qazıntıların Dövlət Ehtiyatlar Komissiyasında (DEK) təsdiq edilmişdir. İkinci mərhələdə-1968-1974-cü illərdə yatağın dərin horizontlarında dəqiq kəşfiyyat işləri davam etdirilmişdir. Nəhayət üçüncü mərhələ dəqiq kəşfiyyat işləri 1975-1983-cü illəri əhatə edir.
Dəqiq kəşfiyyat işlərinin ilkin mərhələsində filiz cismi 700m horizontuna kimi B+C1 kateqoriyası üzrə tədqiq olunmuşdur. Belə ki, filiz cisminin üst hissəsi 1030m horizontuna qədər horizontal dağ qazmaları, yerüstü və yeraltı buruq quyuları vasitəsi ilə öyrənilmiş və kəşfiyyat şəbəkəsi ehtiyatların B kateqoriyası üzrə hesablanmasına imkan vermişdir. Yatağın alt hissəsi yalnız buruq quyuları vasitəsi ilə öyrənildiyindən kəşfiyyat şəbəkəsi ehtiyatların C1 kateqoriyası üzrə hesablanmasına zəmin yaratmışdır.
Dəqiq kəşfiyyat işlərinin ikinci mərhələsində kəşfiyyat işləri filiz cismini cinahlarda və dərinlikdə hüdudlandırmaq, ehtiyat artımı əldə etmək və DEK-nin məlum irad və təkliflərinin aradan qaldırılması və yerinə yetirilməsi məqsədi daşımışdır.
1975-1983-cü illərdə dəqiq kəşfiyyat işləri əsasən yatağın dərin horizontlarında və cinahlarında qurğuşun və sink metallarınin qoyulmuş planauyğun artımının əldə edilməsi məqsədi ilə aparılmışdır.
Filizçay kolçedan-polimetal yatağı qeyd etdiyimiz kimi filiz və metal ehtiyatlarınin həcminə görə nəhəng yataq kimi qiymətləndirilir. Filiz cismi massiv xarakterli vahid və kompakt bir cisimdir.
Filizçay yatağının struktur vəziyyəti onun Sarıbaş və Tfan struktur formasiya zonalarını bir-birindən ayıran və əsas, filizə nəzarət edən struktur hesab olunan Köhnəmədən qırışıqlıq zonasına aidliyi ilə müəyyənləşir. Filiz sahəsinin təbii sərhədləri qərb, şərq və cənubda lokal Balakənçay eninə inversion qalxmanın sərhədləri ilə uyğun gəlir, filiz sahəsinin şimal sərhəddi isə Köhnəmədən qırışıqlıq zonası ilə müəyyənləşir.
Filizçay yatağı filizlərinin təbii növlərinin qırılma və qırışıqlıq dislokasiyaları ilə müqayisəsi filiz cisminin formalaşması prosesində üç sayda filiz əmələ gəlmə mərhələsinin ayrılmasına imkan verir:
1. Hidrotermal-çökmə mənşəli massiv, əsasən pirit tərkibli filizlər;
2. Hidrotermal-metasomatik mənşəli pirit-mis-polimetal tərkibli filizlər;
3. Hidrotermal-metamorfogen mənşəli mis-pirrotin tərkibli filizlər.
Filizçay yatağının quruluşunda Alt Yuranın Üst Plinsbax yaşlı (Filizçay seriyası) və Toar yaşlı (Qubax və Murovdağ seriyası) terrigen çöküntüləri iştirak edirlər.
1.Filizsaxlayan qat (C1P2). Filizçay seriyasına aid edilən bu qat tünd boz-qara rəngli gil şistləri ilə qum daşı flişoidi qatlarının növbələşməsindən ibarətdir.
2.Filiz üstü qat (C1t1+2). Qubax seriyasına aid edilən bu qat filiz cisminin üstündə yatan qumdaşı-gil şistləri qatından və həmin qatı örtən gil şistləri qatından ibarətdir.
3.Şimalda Köhnəmədən atılma-üstəgəlmə zonasının asılı yanında Murovdağ(J1t1) seriyasının terrigen çöküntüləri inkişaf tapmışlar. Bunlar monoton alevro-gil şistlərindən və qumdaşı-gil şistləri qatından ibarətdirlər.
Filiz cismi 80-850 istiqamətli azimutla uzanmaya və Şm-Şm Q 300-3500 istiqamətli 35 - 450 düşmə bucağına malik yatıma malikdir. Filizçay kolçedan-polimetal yayağı filizləri morfologiyasının əsas xüsusiyyəti ondan ibarətdir ki, bu filizlər əsasən pirit ( 80-850), sfalerit, qalenit, xalkopirit, pirrotin tərkibli sulfid aqreqatlarından (90-950) təşkil olunmuş vahid, kompakt filiz cismini təşkil edirlər. İkinci dərəcəli və nadir minerallar sırası üçün arsenopirit, markazit, tetraedrit, kobaltin; sürmə, mərgümüş və bismutun sulfat duzları xarakterdir. Zərərli qarışıqlar civə, sürmə, mərgümüşdür. Əsas qeyri-filiz mineralları xlorit, kvars, biotit və aktinolitdir.
Filiz cisminin qalınlığı 1-70 m arasında dəyişərək ortala­ma 15,0 m təşkil edir. Filiz cisminin uzanma istiqaməti boyu izlənilməsi 1200 m, yatım istiqaməti boyu izlənilməsi isə1500-1600 m təşkil edir.
Filizçay yatağının kəşfindən ta ehtiyatları sonuncu dəfə 1983-cü ildə SSRİ Nazirlər Soveti yanında DEK-da təsdiq olunan müddətə qədər nəhəng işlər görülmüşdür. Yataq SSRİ-də bu tip yataqlar sırasında ən mükəmməl öyrənilmiş yataqlardan biridir. Burada qazılmış yeraltı dağ qazmaları-mağaraların sayı 18 olmuşdur. Onlardan 7-i kəşfiyyat , 1-i texniki, 10-u axtarış məqsədilə qazılmışdir. Mağaraların ümumi həcmi 9207,05 p.m olmuşdur.
Ümumi həcmi 146147,60 p.m olan 405 sayda buruq quyusu qazılmışdır. 259 buruq quyusunun nəticələrindən yatağın ehtiyatları hesablanarkən istifadə olunmuşdur. Filizçay yatağında yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticəsi olaraq yatağın filiz və metal ehtiyatları SSRİ Nazirlər Soveti yanında Dövlət Ehtiyat Komissiyasında təsdiq edilmişdir. Filizçay-Kasdağ filiz qrupuna daxil olan satellit yataqlarda və filiz təzahürlərində Dövlət Geologiya Komitəsi tərəfindən aparılan ilkin geoloji-kəşfiyyat işləri tamamlanmışdır.
Filizçay kolçedan polimetal yatağı keçmiş SSRİ-nin Avropa hissəsində ən iri kolçedan-polimetal yatağı olduğunu nəzərə alaraq gəlin onun möhtəşəm parametrlərinə diqqət yetirək. Yataq B kateqoriyası üzrə 50x60 m, C1 kateqoriyası üzrə 100x120 m kəşfiyyat şəbəkəsi ilə öyrənilmişdir.Yataqdan 3329 şırım, 6334 kern, 1248 qruplaşdırılmış, 36 texnoloji sınaq götürülmüşdür. Yatağı xarakterizə edən ilkin filizlərdən 3600 ton miqdarında və qarışıq filizlərdən 1000 ton miqdarında texnoloji sınaqlar götürülmüş və tədqiq edilmişdir. Kəşfiyyatın dərinliyi 900 metrdir. Əsas faydalı komponentlər sink və qurğuşundur. Yanaşı faydalı komponentlər mis, kükürd (ümumi), kükürd (pirit), gümüş, qızıl, kadmium, kobalt, bismut, selen, tellur, indiumdur.
Yatağın ehtiyyatlarının hesablanmasının kondisiya göstəriciləri üzrə oksidləşmiş, qarışıq və ilkin filizlərin ehtiyatları ayrılıqda hesablanmışdır. Belə ki, filizdə qurğuşunun oksidləri 60%-dən çox olduqda oksidləşmiş, 20-60% arasında olduqda qarışıq, 20%-dən az olduqda ilkin filizlərə ayrılırlar.
Filizlərin növləri üzrə ehtiyyatlarının hesablanması geoloji sərhədlər daxilində aparılıb, hesablama bloklarında komponentlərin minimal sənaye miqdarı: şərti sink ilkin filizlərdə 6,1%, qarışıq filizlərdə 5%, oksidləşmiş filizlərdə şərti qurğuşun 5,3%.
Faydalı komponentlərin şərti sinkə çevirmə əmsalları mis-1.38, qurğuşun-1,07, kükürd-0,035, qızıl-0,29 (q/t-dan %-lə), gümüş-0,053 (q/t-dan %-lə). Ehtiyatlara daxil edilən filiz cisminin minimal qalınlığı, 2,0 m.Ehtiyata daxil edilən boş süxur layları və kondisiyaya uyğun olmayan filizlərin qalınlığı 6.0m-dir.
Təsadüfi deyildir ki, keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Ali Məclisi olan XXIII Qurultayın direktivlərində 1966-1070-ci illərdə Azərbaycanda Filizçay polimetal kombinatının tikintisi nəzərdə tutulmuşdu.
1968-ci ildə S.B.Zülfüqarov, Q.İ. Xankin, N.Ş.Yusifov və b. müəllifliyi ilə “Filizçay yatağında 1958-1967-ci illərdə geoloji kəşfiyyat işlərinə dair hesabat (1.X.1967-ci ilə tarixə ehtiyatların hesablanması) SSRİ Nazirlər Soveti yanında DEK-də müdafiə olunmuş və ehtiyatları Dövlət balansına qəbul olunmuşdur. O zaman yataq tam öyrənilməməsi səbəbindən istismar işlərinə başlanılmamışdı.
1968-ci ildən sonra da yataqda kəşfiyyat işləri davam etdirilmiş, yatağın dərin horizontlarında və ətraflarında da geoloji kəşfiyyat işləri aparılmış, yarımzavod tipli əlavə texnoloji sınaqlar götürülmüş və ehtiyatlar hesablanaraq 1983-cü ildə SSRİ DEK-də müdafiə olunmuşdur. “1975-1983-cü illərdə Filizçay kolçedan-polimetal yatağında (01.09.1983-cü il vəziyyətinə) dəqiq geoloji-kəşfiyyat işlərinin nəticələrinə dair hesabat”ın müəllifləri Ə.M.Şəkinski, S.Ə.Ağayev, N.Q.Qurbanov, S.A.Əmirov, M.A.Əkbərov, H.Ş.Məmmədov, N.A.Novruzov və Ə.Z.Əhmədov olmuşdur.
Filizçay yatağı açılandan kəşfiyyatı başa çatanadək orada minlərlə fəhlə və mühəndis texnik işçiləri, o cümlədən müxtəlif millətləri təmsil edən 100-dən çox geoloq fədakarcasına çalışmışdı. Yatagın geoloji quruluşunun və filizliyinin öyrənilməsindən ötəri istehsalat geoloqları ilə yanaşı keçmuş SSRİ-nin, o cümlədən Azərbaycan Elmlər Akademiyasının bir çox görkəmli alim və mütəxəssisləri məşğul olmuşlar. Bu alimlərdən N.Qurbanovun, T.Həsənovun, N.Novruzovun tədqiqatlarını xüsusilə qeyd etmək lazımdır.
Yuxarıda qeyd olunanlardan aydın olur ki, hələ keçən əsrin 60-80-ci illərində yataqda dəqiq kəşfiyyat işləri aparılan zaman o vaxt məlum olan texnoloji sxem üzrə bütün parametrlər yüksək dəqiqliklə müəyyənləşdirilmişdi.
Yatağın ehtiyatlarının SSRİ Nazirlər Soveti yanında Dövlət Ehtiyatlar Komissiyasında qəbul olunmasından artıq 37 il ötür. Bu müddət ərzində elm, texnika və texnologiyanın inkişafında sıçrayışlar baş vermişdir. Bu səbəbdən təbii ki, Filizçay kolçedan polimetal yatağının istismar və texnoloji parametrləri bu gün məlum olan geoloji, texnoloji və texniki məlumatlar əsasında yenidən öyrənilməli və yataq üzrə parametrlər bu günün tələblərinə uyğun müəyyənləşdirilməlidir. Qeyd olunan yeniliklər tətbiq olunan zaman yataqda əvvəlki illərdə görülmüş möhtəşəm işlər və onun yuxarıda qeyd olunduğu kimi keçən əsrin ortalarında Azərbaycan geoloqları tərəfindən kəşf edilməsi həqiqəti unudulmamalıdır.
Bəzən belə bir fikir söylənilir ki, Azərbaycan Respublikası ərazisində geoloji axtarış işlərinin aparılmasına artıq lüzum yoxdur. Dünya ölkələri ilə müqayisədə elə də böyük sahəsi olmayan Azərbaycan Respublikasının ərazisi artıq kifayət qədər öyrənilmişdir. Bundan sonra çətin ki, hər-hansı bir faydalı qazıntı yatağı aşkarlanmış olsun. Təbii ki, bu fikir kökündən yanlışdır. Belə ki, geoloji baxımdan Respublika ərazisində ən çox öyrənilən ərazilərdə belə müasir metodlarla aparılan geoloji-axtarış işləri nəticəsində yeni yataqların aşkarlanması mümkündür.
Buna misal olaraq Daşkəsən rayonunun ərazisində yerləşən və bu gün respublika büdcəsinə xeyli gəlir gətirən Çovdar qızıl yatağını misal göstərmək olar. Keçən əsrdə Daşkəsən rayonunun ərazisinin geoloji baxımdan ən çox öyrənilən ərazi olmasına baxmayaraq Çovdar qızıl yatağı məhz 1996-cı ildə Azərbaycan geoloqları (S.Musayev, S.Əmirov) tərəfindən aşkarlanmışdır.
Şübhə etmirik ki, Kiçik Qafqazın Daşkəsən, Qarabağ və digər filiz rayonları ərazisində müasir metodlarla geoloji axtarış işləri aparılması davam etdirilərsə yeni-yeni filiz faydalı qazıntı yataqlarının aşkarlanacaqdır. Bu səbəbdən də geoloji işlər daha intensiv aparılmalıdır.

Ağamahmud Səmədov
“Azeri Mining Group” MMC-nin əməkdaşı

Seyidnəbi Əmirov
“Azinterpartlayış-X” MMC-nin əməkdaşı