ÜST: Koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir
Yoluxma sayı ötən həftə 3,1 milyon idi ki, bu da ondan öncəki həftə ilə müqayisədə 17 faiz az təşkil edir. Bu, 26 oktyabrda (15 həftə əvvəl) başlayan dövrdən ən aşağı həftəlik göstəricidir. Koronavirusdan ölümlərin sayı ikinci həftədir, ardıcıl olaraq azalır.
Bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamasında yer alır.
Bildirilir ki, ötən həftə 88 min ölüm faktı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 10 faiz azdır.
ÜST-ün məlumatına görə, koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir. "Britaniya" ştammı artıq 86 ölkədə aşkarlanıb. Eyni zamanda "Cənubi Afrika" ştammı 44 ölkədə qeydə alınıb. Bununla yanaşı, 15 ölkə də öz ərazisində "Braziliya/Yaponiya" ştammının aşkarlandığını açıqlayıb.