Dünya əhalisinin vaksinasiya prosesi çətin ki, dürüst və bərabər hesab edilə bilər
“COVID-19 insanların həyatını məhv etməyə və iqtisadiyyatı sarsıtmağa davam edir. Dünya əhalisinin vaksinasiya prosesi çətin ki, dürüst və bərabər hesab edilə bilər”.
Bu sözlərlə BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib.
BMT–nin xəbərlər xidməti xəbər verir ki, Baş katib vaksinlərin ədalətli bölüşdürülməsinin qlobal ictimaiyyət qarşısında duran əsas mənəvi vəzifə olduğunu qeyd edib.
Baş katib qeyd edib ki, bu gün COVID-19 əleyhinə bütün vaksinlərin 75 faizi cəmi 10 ölkənin payına düşür. Eyni zamanda, 130-dan çox ölkə vaksinlərin bir dozasını da almayıb.
A.Quterreş pandemiya ilə mübarizə, iqtisadiyyatın bərpası üzrə koordinasiyalı səylərin və xüsusilə qlobal vaksinasiya planının hazırlanmasının zəruriliyini bildirib. BMT rəhbəri hesab edir ki, Böyük İyirmiliyə daxil olan ölkələr belə bir planın hazırlanması ilə məşğul olan fövqəladə operativ qrup yaratmalıdırlar.