Azərbaycanda dağ-mədən sənayesi

 

Azərbaycan Respublikası yeraltı sərvətlərinə, əlverişli coğrafi mövqeyinə görə həmişə seçilmişdir. Müxtəlif vaxtlarda bu istiqamətlərdə müəyyən tədqiqatçılar tərəfində tədqiqat işlər aparılmış yeni-yeni yataqlar, perespektivli sturkturlar müəyyən edilmişdir. Azərbaycan Respublikasının mineral xammal bazasının zənginliyini dağ-mədən sənayesinin inkişafı üçün əsas prespektiv hesab etmək olar.

Müasir dövrdə yeraltı sərvətlərin axtarışı və istismarı zamanı müasir texnikların inkişafı bizlərə tədqiqatı çətin olan ərazilərdə belə tədqiqat işləri aparmağa imkan verir. Artıq yer səthinə yaxın olan ərazilərdən əlavə daha dərin qatlarda belə faydalı qazıntıların axtarışı və kəşfiyyatı işlərini yerinə yetirmək mümkündür. Elmi-texnikanın belə inkişafı dağ-mədən sənayesinin inkişafınada təsirsiz ötüşmür. Müasir geoloji-geofiziki avadanlıqların köməkliyi ilə daha çətin şəraitdə yerləşən faydalı qazıntı yataqlarının müəyyən edilməsi mümkündür. Qeyd olunan məsələlər ölkəmizin zəngin mineral xammal ehtiyatlarını dağ-mədən sənayesinin inkişafı üçün perespektivli amil kimi göstərir.

 Azərbaycanda bir çox faydalı qazıntı yataqlarının istismarına SSRİ-nin vaxtında başlanılmışdır. SSRİ-nin dağılmasından sonra bu yataqların bəzilərinin istismarı dayandırılmış, bəzi yataqların istismarı isə Azərbaycan hökümətinin icazəsi ilə müəyyən şirkətlər tərəfindən yerinə yetirilməkdədir. Güclü mineral xammal bazası əsnasında dağ-mədən sənayesinin inkişafı Respublikamızın iqtisadiyyatının inkişafında qeyri-neft sektorunun payının artırılmasında mühüm yer tutmaqdadır.

Azərbaycan ərazisində çoxlu sayda qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları yataqları vardır. Onların içərisində qızıl, mis, qurğuşun, sink filizləri və tikinti materialları yataqları xüsusi yer tutur. Hal-hazırda bu yataqların böyük əksəriyyətində istismar işləri həyata keçirilir. Son zamanlar Daşkəsən (Çovdar) və Gədəbəy rayonları ərazisində qızıl və misin çıxarılması və emalı üzrə dağ-mədən müəssisələri fəaliyyət göstərir, Daşkəsən dəmir filizi kombinatı öz işini bərpa edib. Bununlada uzun müddətə Respublikamızın filiz ehtiyatı ilə təmin ediləcəyi gözlənilir. Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri bunu təsdiq edir və onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir. Azərbaycanda qızılçıxarma sənayesinin inkişafı Respublikamıza xarici şirkətlərin sərmayələr yatırmasına yol açmışdır. Bu gün Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən işlənilən yataqları bunlara misal göstərmək olar. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin  11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən “AzerGold” QSC təsis edilmişdir. Hal-hazırda “AzerGold” QSC tərəfindən “Çovdar”, “Ağyoxuş” yataqlarında hasilat işləri aparılır və bir çox yataqlarında gələcəkdə istismara verilməsi planlaşdırılmışdır.

Son illər dünya bazarında metalların qiymətinin yüksəlməsi diqqət çəkir. Buna səbəb mineral xammaldan alınan məhsullara olan tələbatın artmasıdır. Buda Respublikamızda kolçedan-polimetal yataqlarının dağ-mədən sənayesinin inkişafında əhəmiyyətini artırır. Balakən–Zaqatala filiz rayonununda (Filizçay, Kasdağ və Katex ), Qazax filiz rayonunda (Şəkərbəy), Naxçıvanın Ordubad filiz rayonunda (Nəsirvaz-Ağdərə) polimetal filiz yataqlarının ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır. Avropada ən böyük  yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının xarici ekspertlər tərəfindən beynəlxalq standartlara əsasən təsdiqlənmiş filiz ehtiyatlarının həcmi 60 milyon tondur. “AzerGold” QSC tərəfindən yataq ərazisində geoloji kəşfiyyat işləri hazırda da davam etdirilir və aparılan tədqiqatlar nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona çatdırılması gözlənilir. Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur.

Respublikamızın sürətli inkişafı, tikinti quruculuq işlərinin gücləndirilməsi ölkə ərazisində tikinti materiallarına perespektivli yataqların müəyyən edilməsinə gətirib çıxarmışdır. Nəticədə gil, əhəngdaşı, qum, çınqıl, çaydaşı və.s yataqları müəyyən edilmişdir. Respublikamızın ərazisində bir çox tikinti materialları yataqları istismar olunmaqdadır.

Uzun illər işğal altında olan torpaqlarımızın azad olunması, bu ərazilərdə yenidən axtarış-kəşfiyyat işlərinin aparılmasına gətirib çıxaracaqdır. Əvvəlcədən bizə məlum olan filiz və qeyri filiz yataqlarının yenidən istismara hazırlanması dağ-mədən sənayesinin inkişafında mühüm rol oynayacaqdır və nəticədə Azərbaycan iqtisadiyyatının inkişafında dağ-mədən sektorunun payının artmasına səbəb olacaqdır. Dağ-mədən sənayesi Respublikamızın iqtisadiyyatının güclənməsində mühüm yer tutacaqdır.

Hal-hazırda Respublikamızda dağ-mədən sənayesinin inkişaf etdirilməsi üçün müəyyən işlər görülməkdədir. Məhz Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanına uyğun olaraq Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi təsis edilmişdir. Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir. Respublikamızın mineral xammal bazasının nəzarətdə saxlanılması, dağ-mədən sənayesinin inkişafı bu istiqamtə yerli və xarici investisiyaların cəlb olunması gələcəkdə ölkəmizi böyük dağ-mədən sənayesi ölkəsinə çevirə bilər.

 

Elnur İbiş oğlu Səfərov

BDU, Doktorant