ABŞ Prezidenti Co Bayden silah lobbisinə qarşı hərəkətə keçməyə çağırış edib

Silah lobbisinə qarşı hərəkətə keçməliyik. Biz müqəddəs amallar naminə özümüzə sual verməliyik ki, nə zaman silah lobbisinin qarşısını ala bilərik. Bunu etməyin vaxtıdır.

 TASS agentliyi  bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə baş verən atışma ilə bağlı Ağ Evdə çıxışı zamanı amerikalılara müraciətində bildirib.

ABŞ prezidentinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən hər bir məmura lobbiyə qarşı hərəkətə keçməyin vaxtı çatdığını başa salmaq lazımdır. Sadəcə, 18 yaşlı bir gəncin mağazada iki silah ala bilməsi düzgün deyil. Ötən iki onillikdə istehsalçılar bu silahları fəal şəkildə təbliğ etməklə böyük qazanc əldə edirlər. Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq.

Prezident atışma zamanı həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bundan əvvəl Texas ştatının senatoru ibtidai məktəbdə baş verən atışmada 18-i uşaq olmaqla 20 nəfərin həlak olduğunu bildirib. Daha əvvəl isə şəhər polis idarəsinin nümayəndəsi Pit Arredondo hadisəni törətmiş şəxsin polislər tərəfindən zərərsizləşdirildiyini etiraf edib. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romasın törətdiyi bildirilir.

ABŞ Prezidenti hadisə qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binalarının qarşısında bayraqların endirilməsi barədə sərəncam verib.//Фяукефс