Yer kürəsi insanın artan tələbatını təmin etmək iqtidarında deyil - BMT-nin Baş katibi
İyunun 5-də Ümumdünya Ətraf Mühit Günü qeyd edilir. Bu münasibətlə BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində deyilir: “Bu planet bizim yeganə evimizdir”.
BMT-nin rəhbəri Yer kürəsinin bizim artan tələbatımızı təmin etmək iqtidarında olmaması barədə xəbərdarlıq edib.
“Planetin sağlamlığını, onun sərvətlərini və Yer kürəsində həyatın müxtəlifliyini, onun ekoloji sistemlərini və məhdud resurslarını qoruyub saxlamaq çox vacibdir, lakin biz bu vəzifənin öhdəsindən gələ bilmirik”, - deyən Baş katib vurğulayıb: “Biz ekoloji baxımdan davamlı olmayan həyat tərzini dəstəkləmək üçün planetimizdən çox şey tələb edirik. Bu isə həm Yer kürəsinə, həm də onun sakinlərinə ziyan vurur”.
Ümumdünya Ətraf Mühit Günü qlobal istiləşmə, kimyəvi zəhərlənmə və səhralaşma kimi ekoloji problemlər barədə məlumatlılıq dərəcəsini artırmaq məqsədilə 1973-cü ildən qeyd edilir.
Ekoloji sistemlərin deqradasiyası üç milyarddan çox insana ziyan vurur. Ətraf mühitin çirklənməsi səbəbindən hər il təqribən 9 milyon insan vaxtsız vəfat edir, 1 milyondan çox bitki və heyvan növünün nəslinin kəsilməsi təhlükəsi yaranıb.
Baş katib deyib: “Bəşəriyyətin təqribən yarısı təhlükəli iqlim zonasındadır, ekstremal istilik, daşqınlar və quraqlıq kimi hallar səbəbindən ölüm ehtimalı 15 dəfə artıb”.
Baş katibin sözlərinə görə, cari və növbəti il ərzində dünya birliyi ekoloji problemlərin həllinə çoxtərəfli yanaşmaq gücünü nümayiş etdirə biləcək. Buraya biomüxtəliflik üzrə yeni qlobal müqavilənin hazırlanmasına dair danışıqlardan ətraf mühitin plastik kütlələrlə çirklənməsinə qarşı mübarizə barədə müqavilə bağlanmasına qədər müxtəlif tədbirlər daxildir. Baş katib sonda deyib: “İrəliləmək üçün yeganə yol təbiətə qarşı mübarizə aparmaq deyil, onunla əməkdaşlıq etməkdir”. (AZƏRTAC)