Qırğızıstanla Tacikistan sərhədində atışma olub

Bu gün Qırğızıstan-Tacikistan dövlət sərhədində Qırğızıstan ilə Tacikistan sərhədçiləri arasında atışma olub.

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Belə ki, yerli saat 06:50-7:00 radələrində Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində “Bulak-Başı” sərhəd zastavasına doğru atəş açılıb. Buna cavab olaraq Qırğızıstan tərəfi də Tacikistan postu istiqamətində cavab atəşi açıb:

"Hər iki tərəfin sərhədçiləri dərhal döyüş mövqelərini tutublar. Qırğız Respublikasının Batken vilayəti üzrə sərhəd nümayəndəsi və Tacikistan Respublikasının Suqd vilayəti üzrə sərhəd nümayəndəsi arasında telefon danışığı olub. Tərəflərin sərhəd dəstələrinin rəhbərləri hadisə yerinə yola düşüblər".

Lakin yerli vaxtla saat 07:50-də Tacikistan tərəfi qumbaraatan və minaatanlardan istifadə etməklə yenidən atəş açıb. Saat 8:10-da atışma dayandı.//Trend