ABŞ ərzaq böhranının dəf olunması üçün 7,6 milyard dollar ayıracaq
ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səbəbindən əhəmiyyətli dərəcədə güclənən qlobal ərzaq böhranının çağırışlarına cavab olaraq fəal hərəkətə keçəcək.
Bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi tviter səhifəsində yerləşdirilib.
“Kremlin Ukraynaya qarşı hərbi təcavüzü qlobal ərzaq böhranını sürətləndirib. Birləşmiş Ştatlar aclığa son qoymaq üçün 2,6 milyard dollar və növbəti beş il ərzində daha 5 milyard dollar həcmində humanitar ərzaq yardımı ayıracaq”, - deyə məlumatda bildirilir.
Dövlət Departamenti, həmçinin 2021-ci ildə 193 milyon insanın ərzaq qıtlığı ilə üzləşdiyini vurğulayıb. Bu ilin sonunadək onların sayının daha 40 milyon nəfər artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, iyunun 13-də 18 min ton qarğıdalı yüklənmiş ilk gəmi Ukraynadan İspaniyanın La-Korunya limanına gəlib. Qarğıdalı yükü Baltik dənizi vasitəsi ilə təşkil olunan yeni marşrutla daşınıb.//Azertac