ÜST Avropa ölkələrini vəziyyətə təcili müdaxilə etməyə çağırıb
İki həftə ərzində Avropada meymunçiçəyinə yoluxma hallarının üç dəfə artmasını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini vəziyyətə təcili müdaxilə etməyə çağırıb.
Bu barədə beynəlxalq qurumun Avropa bürosunun rəhbəri Hans Kluqe danışıb. O bildirib ki, region ölkələri qarşıdakı həftə və aylarda meymunçiçəyinin “böyük bir corğafi məkanda möhkəmlənməsinin“ qarşısını almaq üçün səylərini artırmalıdırlar.
Qeyd edilib ki, indiyədək Avropa regionunda meymunçiçəyi virusuna 4500 yoluxma halı qeydə alınıb və bu, may ayının ortalarından indiyədək bütün dünya üzrə yoluxmaların 90 faizi deməkdir. Ənənəvi olaraq Afrikada rast gəlinən virus may ayından etibarən dünyanın müxtəlif ölkələrində, əsasən də Qərbi Avropada yayılmağa başlayıb. İndiyədək dünyanın 50-dən çox ölkəsində bu virusa yoluxma halları təsdiqlənib. (AZƏRTAC)