Putin nüvə silahına əl atcaqmı?

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 7 ay bundan əvvəl başladığı müharibənin gedişində Amerika və onun NATO üzrə Avropadakı müttəfiqlərinə üz tutaraq dəfələrlə bəyan etmişdir ki, ölkəsinin təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək.
Dünyada ən böyük nüvə arsenalına malik olan Putin ötən həftə növbəti dəfə Rusiyanı müdafiə etmək üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bəyan etdi. O Amerika Birləşmiş Ştatlarının 1945-ci ildə Yapon şəhərləri olan Hirosima və Naqasakiyə atom bombası atması ilə presedent yaratdığını xatırlatdı. O, ABŞ-ın nüvə silahını tətbiq etməsini yada salmaqla opponentlərinə qərarın ciddi olduğunu başa salmaq istəyirdi. Bu həm də Rusiyanın yeddi ay bundan öncə öz qoşunlarını Ukrayna ərazisinə göndərdiyi vaxtdan bəri Amerika Birləşmiş Ştatları və onun Avropadakı müttəfiqlərinə növbəti çox incə təhdidi idi. Eyni zamanda Kreml rəhbəri Amerika üçün ciddi təhlükə olmadığı halda onun nüvə silahına əl atmasını diqqətə çatdırır və özü üçün zəmin hazırlayırdı.
Rusiya Prezidenti həqiqətənmi nüvə silahından istifadə edəcək? Bu addımın nəticəsi necə olacaq? ABŞ necə qarşılıq verə bilər?
Gərginliyin son dövrlər getdikcə daha da artdığını nəzərə alaraq bu və ya digər sualları cavablandırmağa çalışaq.
Nüvə başlıqlarının sayına görə Rusiya dünyanın ən böyük nüvə gücüdür. Onun 5977 istifadəyə hazır nüvə bombası olduğu halda Amerika Birləşmiş Ştatlarında isə bu rəqəm Amerika Alimləri Federasiyasının verdiyi məlumata görə 5428-dir.
Bu rəqəmlər anqarlarda olan və istifadə müddətini bitirmiş nüvə başlıqlarını da əhatə edir. Buna baxmayaraq Rusiya və Amerika Birləşmiş Ştatları dünyanı bir neçə dəfə dağıtmaq gücündə olan nüvə başlığı ehtiyatlarına malikdirlər. Nüvə başlıqlarının müəyyən hissəsinin istifadədən çıxarmalarına baxmayaraq bu iki dövlət yenə də dünya üzrə ümumi nüvə başlıqlarının 90 faizinə malikdirlər.
Rusiya istifadə etməyə və ya atəşlənməyə hazır 1458 strateji nüvə başlığına malikdir, ABŞ-da isə bu rəqəm rəsmi məlumata görə1389-dur. Bu nüvə başlıqları qitələrarası ballistic raketlərdə, sualtı qayıqlardakı ballistic raketlərdə və strateji bombardıman təyyarələrdə yerləşdirilib.
Taktiki nüvə silahına gəlincə, bu silahlar Rusiyada Amerika Birləşmiş Ştatlarından 10 dəfə artıqdır. Amerikanın 200 ə qədər taktiki nüvə bombasından yarısı Avropadakı bazalarda yerləşdirilib.
Amerikanın taktiki nüvə silahları 0.3-170 kiloton arasında gücə malikdir.(Müqayisə üçün Xirosimaya ABŞ-ın atdığı nüvə bombası 15 kilotona bərabər tutulur.)
Strateji yoxsa taktiki? Hansı nüvə silahından istifadə oluna bilər?
Rusiyanın Ukrayna ilə müharibəsində zərurət yaranarsa hansı nüvə silahında istifadə olunacaq? Təbii ki bu sualın cavabı da silahı istifadəyə hazırlayan zaman Rusiyanın hədəflərinin harada yerləşməsindən asılı olacaq. Rusiyanın Ukraynanın Ruslarla yetərincə məskunlaşmış şəhərlərinə zərbə vurmaq üçün strateji nüvə başlıqlarından istifadə edəcəyi gözlənilmir. Çünki bu silahlar Amerika Birləşmiş Ştatları, Asiya və Avropa kimi minlərlə kilometr uzaqda yerləşən hədəfləri vurmaq və ciddi dağıntılar yaratmaq üçün nəzərdə tutulub. Bu səbəbdə Rusiya Ukraynada yerləşən hədəfləri vurmaq üçün taktiki nüvə başlıqlarından istifadə edə bilər. Taktiki nüvə silahlarından istifadə zamanı əmələ gələn partlayışların təsiri Rusiyanın Ukrayna ilə sərhəd bölgələrində də ciddi şəkildə hiss olunmayacaq.Elə bunu nəzərdə tutan Rusiyanın Çeçen Respublikasının başçısı,Ukrayna və Qərbə qarşı bu müharibə ilə əlaqədar səsləndirdiyi bəyanatlarla az qala Putin qədər “şöhrət” qazanan Ramzan Kadırov Rusiyanı zəif gücə malik taktiki nüvə silahından istifadə etməyə çağırır. Bu çağırışla bağlı Rusiya Prezidenti Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ramzan Kadırovu emosiyalarını cilovlaya bilməməkdə günahlandırsa da taktika nüvə silahından istifadə olunması məsələsinin masada olduğunu Kremldə inkar edən hələ ki, yoxdur.
Əslində taktiki nüvə silahı da nüvə başlığı ilə təchiz olunub və bu qəbildən olan silıahlar da nüvə silahıdır. Lakin bu silahdan döyüş cəbhəsində taktiki məqsədlərlə istifadə olunur. Onlar Moskva, London, Nyu-York, Paris kimi böyük şəhərləri dağıtmaq üçün nəzərərdə tutulan boyük bombalardan öz gücünə görə fərqlənir. Yəni onların dağıdıcılıq qüvvəsi daha azdır.
Bu silahlar yaxın və uzaq mənzilli raketlər vasitəsi ilə yerdə, gəmi və sualtı gəmilərdən atıla bilər. Onlar həmçini təyyarələrdən atılır, yerüstü qüvvələrdən atəşlənə bilər.
Hazırda ABŞ-la müharibə üçün nəzərdə tutulan uzaq mənzilli nüvə silahları-yəni strateji nüvə başlıqları döyüşə hazır vəziyyətdədir. Yaxın mənzilli və ya taktiki nüvə başlıqlı nüvə silahlarını isə döyüş hazırlığına gətirmək tələb olunur. Bu silahlardan istifadə etmək üçün onlar anqardan çıxarmalı, maşına yükləmıli, raketə və ya təyyarəyə quraşdırmalıdır. Rusiya tərəfindən belə hazırlıq işlərinin aparılması qeyd olunmayıb və buna görə də Amerika və Böyük Britaniyada Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməyə hazırlaşdığını düşünmürlər. Amma bu aldadıcı və ya Rusiyanın növbəti manevri ola bilər və ya Putin gözlənilmədən elə Kiyevə qarşı strateji nüvə silahını işə salar.
Putin nüvə silahından istifadə edəcəkmi?
Bu gün hamını düşündürən sual budur. Həqiqətənmi Putin nüvə silahından istifadənin dünya üçün bu qədər təhlükəli olduğunu bildiyi halda bu silahdan istifadə etmək məcburiyyətində qalacaqmı? Əlbəttə, bu hadisələrin gedişindən asılı olacaq və Rusiya, elə cə də Putin hakimiyyətini gözləyən təhlükənin ciddiliyi bu silaha əl atmağın taleyini həll edəcək. Rusiya rəhbəri Ukraynadakı döyüşləri Rusiya ilə Qərb arasında ölüm dirim müharibəsi kimi qiymətləndirir Rusiyanın gələcək mövcudluğunun bu müharibənin nəticəsindən asılı olduğunu düşünür. Bu gün Rusiyanı nüvə silahına əl atmağa məcbur edən səbəbin də nə olacağını heç kim dəqiq söyləyə bilmir. Buna görə də olduqca qeyri müəyyən vəziyyət yaranıb və dünya tikan üstündədir. Amerika və Avropa ölkələri isə Ukraynanı silahla təchiz etməkdə və Rusiyanı hədələməkdə davam edirlər. Rusiyanı Ukraynaya qarşı müharibəyə başlamağa təhrik edən qüvvələır bu gün də onun nüvə silahından istifadə etməsinə nail olmağa çalışırlar. Sanki, nüvə silahının dünya üçün nə qədər təhlükəli olduğunu heç Avroatlantika məkanında da başa düşmürlər.
Ukraynanın 4 vilayəti-18 faiz ərazisinin Rusiyaya birləşdirilməsindən sonra nüvə silahından istifadə etmək təhlükəsi daha da artıb. Çünki bu ərazilərə Ukraynanın hücumunu Rusiya Federasiyasına qarşı hücum və həm də ölkənin mövcudluğu üçün təhlükə kimi qiymətləndirmək üçün Kremlin əlində artıq əsas var. Bu da nüvədən istifadə etməyə Rusiyaya şərait yaradır. Amma Putini nüvə silahından istifadə etməsinə qarşı olan arqumentlər də var . Onlardan biri Ukraynanın Rusiya torpaqları kimi təqdim olunan ərazilərində çoxlu sayda ruslar yaşayır və nüvə silahına əl atmaq sahədə vəziyyətin ciddi surətdə dəyişilməsi ilə nəticələnməyəcək. İndi Putin nüvə silahından istifadə edəcəyini deməklə qarşı tərəfi şantaj edirsə, sabah müharibəni uduzmaqla qarşı-qarşıya dayananda necə hərəkət edəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Bütün bunlara baxmayaraq Amerikada bəzi yüksək rütbəli hərbçilər Putinin hədələrini ciddiyə almağın tərəfdarlarıdır.
Nüvə gücündən istifadə etmək Rusiyanın son nəticədə qələbə çalmasına səbəb olacaqmı? Bu gün beynəlxalq aləmdə və hərbi dairələrdə müzakirə edilən məsələlərdən biri də budur. Kremlin özündə belə bu sualı bir mənalı cavablandıran yoxdur. Heç kim nüvə silahından istifadə etmənin Rusiyaya uğur gətirəcəyini düşünmür. Çünki bu uğurun hansı tərəfdən gələcəyini və Rusiyanın itirdiklərini hansı yolla geri qaytaracağını görmürlər. Digər tərəfdən Ukrayna silahlı qüvvələri çox kiçik, mobil qruplardan istifadə edir və bir yerdə toplanmırlar. Bu da onların kütləvi şəkildə nüvə hücumuna məruz qalmasının qarşısını alır.
Boyük şəhərləri və dinc əhalini taktiki nüvə zərbəsinə məruz qoymaq isə olduqca ağılasığmaz nəticələr verə bilər Rusiya üçün. 100 minlərlə insanın bir bomba ilə öldürülməsi Putini dünyanın ən qəddar qatilləri ilə bir sırada oturdardı.
Göründüyü kimi, Rusiyanın yaxın müddətdə Ukrayna ilə müharibədə vəziyyəti dəyişmək istiqamətində atacağı addımların nəticəsiz qalacağı ehtimalları getdikcə artır. Rusiyanın nüvə silahından istifadə edəcəyi istiqamətdə verilən proqnozlar da.