İran niyə susur?

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru


Kürd və ermənilərdən ibarət kəşfiyyat qrupunun Ermənistan vasitəsilə Azərbaycan torpaqlarına təxribat törətmək məqsədilə göndərilməsi İran rejimi üçün şok effekti yaratdı. Orada düşünürdülər ki, Suriya, İraq, Yəmən və digər Yaxın Şərq ölkələrində törətdikləri özbaşınalıqları Azərbaycanda da törətmək olar. Amma Azərbaycan xüsusi xidmət orqanlarının ayıq hərəkəti və təxribatın qarşısını almaq istiqamətdə apardığı əməliyyat İran rejiminin başladığı işi elə ilk mərhələdə iflasa uğratdı. İran öz nökərlərini təcili surətdə Xankəndindən geri çəkməyə məcbur oldu.
Bu fakt İranın qonşu ölkələrə qarşı təxribat və terror hərəkəti ilə məşğul olmasını birdaha sübut etdi. Onun Cənubi Qafqazı da poliqona çevirmək istəməsini ortaya çıxartdı. Təbii ki, bu məsələdə onun heç də təkbaşına hərəkət etmədiyi məlum oldu. Rusiya sülhməramlıları və erməni separatçıları da İranla birgə fəaliyyət gğstərirdilər.
Çox maraqlıdır ki, İran tərəfi Azərbaycanın ciddi tələblərinə baxmayaraq məsələyə hələ də aydınlıq gətirməyib, daha doğrusu susur. Çünki haqlı suallar qarşısında cavab tapa bilmir və yaxud diplomatik yolla bu faktı ört-basdır etməyə çalışır. İranın bu addımı müstəqil bir dövlətə qarşı təxribatdır və terrorizmlə bağlı uzun keçmişə malik olan İranı dünya dövlətləri içərisində növbəti dəfə ifşa edir.
Fransa dövləti, xüsusən onun prezidenti Emmanuel Makron bu məsələdən ibrət götürməlidir. Çünki onun ciddi-cəhdlə müdafiə etdiyi erməni separatçıları Azərbaycan Respublikasına qarşı təxribat törətmək məqsədilə İran və Rusiya kimi dövlətlərlə bir araya gəlir.
Düşünürəm ki, Azərbaycan bu faktın beynəlxalq təşkilatlatlar qarşısında qaldırılması və İranın tənbeh olunmasına nail olunması istiqaməti ciddi iş görməlidir. Əks təqdirdə İran kəşfiyyatının Respublikamıza qarşı hazırladığı təxribatların bundan sonra da şahidi olacağıq.