İşğal dövründə Oxçuçay ciddi ekoloji təsirlərə məruz qalıb - Çayda ermənicə yazısı olan xeyli məişət tullantılarına rast gəlinir

Çayın Azərbaycan hissəsindəki yatağında ermənicə yazısı olan xeyli məişət tullantılarına rast gəlinir

Oxçuçayın ümumi uzunluğunun 40 kilometrlik hissəsi Ermənistan ərazisinə düşür. Bu hissədə Ermənistanın bir sıra şəhər və kəndləri, həmçinin iri dağ-mədən sənaye müəssisələri yerləşir. Bunun nəticəsi olaraq çayın suyu ağır metallar və digər zərərli kimyəvi elementlərlə, məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilir. Çayın Azərbaycan hissəsindəki yatağında ermənicə yazısı olan xeyli məişət tullantılarına rast gəlinir. Ən dəhşətli ekoloji fəlakət yaradan isə dağ-mədən sənaye tullantılarıdır. Bu tullantılar canlı orqanizmlər üçün daha təhlükəli olub müəyyən vaxtlarda intensivləşir. Son günlər Oxçuçaya axıdılan bu çirkli suların təsiri ilə çay suyunun rəngi dəyişib, balıq ölümləri artıb. Çaya yaxın ərazilərdə ağacların budaqları quruyub. Buna görə də çayın suyundan və ərazidəki meyvələrdən istifadə qadağan edilməlidir.

Yerveinsan.az bildirir ki, bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov məlumat verib.

Aparılan tədqiqatlardan danışan alim qeyd edib ki, Oxçuçay hövzəsinin Azərbaycan ərazisinə aid hissəsinin irimiqyaslı landşaft xəritəsinin tərtibi, ərazinin landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi, çay axınına landşaftların təsirinin, hövzə ekosistemlərində işğal dövründə yaranmış antropogen pozulmalar və s. öyrənilir. Oxçuçayın Azərbaycan ərazisindən keçən 43 kilometrlik hissəsinin 10 kilometri bilavasitə Ermənistanla Azərbaycan arasında hazırkı dövlət sərhədinə uyğun gəlir. Onun 32,2 faizi meşə-kolluqlar, 32,1 faizi kserofit bozqırlar, 12 faizi quru bozqırlar və 6,9 faizi isə çay-dərə çəmən meşələrdən ibarətdir. Süsən, Piləsər, Ağcaqayın və Əsgülüm silsilələrinin çaya baxan yamacları dik olmaqla, əsasən tektonik qırılmaya uyğundur. Vulkanogen süxurlardan təşkil olunmuş yamacların bəzən çılpaq qayalıqlarla, bəzən meşə və meşə-kolluqlarla örtülməsinin səth axınının nizamlanmasında, yeraltı axının yaranmasında və çayda sululuğun ilboyu qorunmasında çox əhəmiyyətli rolu var. Qısa məsafədə təbii landşaftların quru-bozqırlardan dağ meşələrinə doğru tədricən dəyişməsi və onların arasında ekoloji dəhliz rolu oynayan Oxçuçayın təsiri ilə hövzədə unikal əhəmiyyətə və zənginliyə malik biomüxtəliflik yaranıb.

“Tədqiqatların nəticəsində müəyyən edilib ki, işğal dövründə çay hövzəsi ekosistemləri ciddi landşaft-ekoloji təsirlərə məruz qalıb. Meşələr vəhşicəsinə talan edilib, sənaye əhəmiyyətli Araz palıdı, qoz ağacları, göyrüş və s. qırılıb, digər ağac və kol növləri isə yanacaq kimi istifadə edilib. Hazırda yaşıl görüntü yaradan bu meşəliklər, əslində vaxtilə ermənilər tərəfindən qırılmış ağacların kökü üstündə inkişaf edən topa şəkilli pöhrələrdən ibarətdir. Belə meşələrin yenidən bərpa edilməsi və qorunması Oxçuçay hövzəsinin unikal əhəmiyyətə malik təbii genefondunun gələcək nəsillərə çatdırılmasında əhəmiyyətlidir”, -deyə M. İsmayılov bildirib.