Ekoloji terror və bağlı yollar: törədənlər, himayədarlar və biz

Musa Qasımlı

Tarix elmləri doktoru, professor

Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və ekoloji terror əleyhinə dinc aksiyanın təşkili məkanı doğru seçilib. Çünki məhz Laçın-Xankəndi yolu ilə yağmalanan təbii sərvətlərimiz Ermənistana daşınıb, ərazilərimizə silah-sursat, terrorçular gətirlib və s.. Aksiya yolda keçirilsə də, humanitar yüklər üçün bağlanmayıb, işləyir. Azərbaycanlılar tarix boyu insanlıq yollarını, mehriban qonşuluğa, əməkdaşlığa aparan yolları bağlamayıb, açıq saxlayıblar. Düşmənçilik yaradan yolları isə birdəfəlik kökündən kəsiblər.
Aksiya iştirakçılarının tələbləri də ədalətli və qanunidir. Bu gün bütün dünyanın ətraf mühitin qorunmasının zəruriliyindən gur səslə danışdığı bir vaxtda Xankəndidəki cinayətkarlar Arutunyan, Vardanyan və başqalarının Azərbaycanın təbii sərvətlərini talamasının adı günün günorta çağı quldurluq və vəhşilikdir.
Mədənlərin monitorinqini həyata keçirən hökumət nümayəndələrinə ərazilərimizdə müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin komandanı general Volkovun rəhbərliyindən aldığı əmrə əsasən mane olması isə həmin cinayətlərə ortaq olmaqdır, ikiqat yolkəsənlikdir. Bu hərəkətlər Azərbaycanın suveren hüquqlarını pozmaq və qanunlarına hörmətsizlik olduğundan cavabının da anladıqları üsulla veriləcəyinə inanıram.
Deməli, mədənləri monitorinq etməyə gedənlər vəzifə səlahiyyətlərini yerinə yetirənə, bütün kommunikasiyalar, o cümlədən Ağdərə-Kəlbəcər yolu açılana, Zəngəzurdan keçməklə Naxçıvanla əlaqə qurulana, dinc erməniləri əsir kimi saxlayan, Bakı ilə reinteqrasiyaya imkan verməyən cinayətkarlar Arutunyan, Vardanyan və onların himayədarları ərazilərimizdən rədd olub gedənə, həmin ərazilərimizdə qanunlarımız işləyənə qədər dinc aksiyalar da davam edəcəkdir.
Aksiya keçirilən yol Xankəndiyə aparır. Bu yolun cinayətkarların əsirliyində səslərini çıxara bilməyən ermənilərin də xilasına gətirəcəyinə inanıram. O günə isə çox qalmayıb...