Lavrov Amerikanın Rusiya ilə müharibəyə girmək istəmədiyi barədə dediklərinə inanırmı?

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru


TASS informasiya agentliyinin verdiyi məlumata görə Rusiya Xarici İşlər Naziri Ukraynaya Patriot raketdənmüdafiə sistemlərinin verilməsi barədə jurnalistlərin suallarına cavab verərkən bu faktı təsdiqləyib və bir neçə aydan sonra, Ukraynalı hərbçiləri bu sistemi idarə etmək üzrə təlim keçdikdən sonra silahların Ukraynaya göndəriləcəyini bildirib. Lavrovun bu bir neçə aya vurğu etməsini hələ də hər şeyin bitmədiyi kimi başa düşmək olar. Rusiya Xarici İşlər Nazirinin narahatlığı göz qabağındadır. Patriotların gəlişi ilə cəbhədə vəziyyətin Ukraynanın xeyrinə dəyişəcəyi Rusiyanı narahat etməyə bilmir. Kreml bir tərəfdən Patriotların elə də ciddi silah olmadığını sübut etməyə çalışır, digər tərəfdən ona qarşı istifadə etmək üçün müxtəlif vasitələr, silah növləri axtarır. Ümid yenə də İran dronlarına qalıb. Rusiyada hesab edirlər ki, Patriotlar dronlara qarşı mübarizədə effektli deyil. Çünki Yəməndə fəaliyyət göstərən İran meylli qüvvələr bu dronlardan Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar təşkil etmişlər. Bu hücumlar oradakı xidmət aparan Patriot raketdənmüdafiə sistemləri tərəfindən vurula bilməmişdi. Elə buna görə də Rusiya öz emissarlarını mütəmadi olaraq İrana göndərir.
Rusiya Dövlət Dumasının Spikeri Vyaçeslav Volodinin də bu günlər İrana səfər edəcəyi məlum olub. O özü ilə İrandan aldıqları silahların pulunu və növbəti partiyanın alınması üçün müqaviləni aparır. Amma görünür İran Rusiyadan əlavə güzəştlər əldə etmək ümidindədir. Ona görə növbəti dron partiyasının təqdimatı geçikdirili. Yaxud İrana edilən beynəlxalq təzyiqlər öz təsirini göstərib. Çünki İrandan başqa silah növlərinin də -raketlərin- alınması hələ təsdiq olunmur. Nə kəşfiyyat məlumatları ilə, nə də cəbhədə.
Lavrovun sevinməsinə səbəb olan başqa bir məlumat isə Amerikanın Rusiya ilə savaşmaq istəmədiyi barədə diplomatik yollarela əldə etdikləri xəbərlədir. ABŞ əvvəllər dediyi kimi Rusiya ilə birbaşa müharibəyə girmək istəmir və bunu Kremlə bildirib. Çünki əgər istəsəydi Patriotlarla birlikdə onu idarə edən heyəti də göndərərdi.
Amma Lavrov başa düşməmiş deyil ki, ABŞ Ukrayna tərəfində döyüş əməliyyatlarının gedişinə uyğun olaraq qərar qəbul edir. Bu gün Amerikanın birbaşa Rusiya ilə müharibəyə girməsinə ehtiyac yoxdur, vəziyyət bunu tələb etmir. Ukraynalılar onlara edilən yardım müqabilində lazım olan səviyyədə döyüş apara bilir və hətta işğal olunmuş ərazilərini geri qaytarırlar. Digər tərəfdən Rusiya hələ Vaşinqtonun istədiyi səviyyədə zəifləməyib ki, Amerika qoşunlarını təhlükəyə atsın.
Bütün bunlar heç də o demək deyil ki, Amerika yaxın gələcəkdə Rusiyaya qarşı birbaşa müharibəyə girməyəcək. Hər şey döyüşlərin gedişindən asılı olacaq. Bir neçə ay bundan qabaq Amerikada Ukraynaya Patriot raketdənmüdafiə sistemlərinin veriləcəyini heç kim təsdiq edə bilmirdi. İndi isə Patriotlar artıq Ukraynaya yola çıxır.
Deməli, Rusiya Federasiyası Xarici İşlər Naziri, görkəmli diplomat Sergey Lavrovun Amerikadan gözləntiləri özünü aldatmaqdan başqa bir şey deyil. Baş diplomat özü də bunun fərqindədir.