Antonio Quterreş: İqlim dəyişikliyi Yer kürəsini yaşayış üçün yararsız edir

İqlim dəyişikliyi nəticəsində dünyanın bir çox yerlərində ekstremal meteoroloji, iqlim və hidroloji hallar daha tez-tez baş verir və bütün bunlar planetimizin yaşayış üçün yararsız olmasına gətirib çıxarır.

Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirlər BMT-nin Baş katibi Antonio Quterreşin Ümumdünya Meteorologiya Günü ilə əlaqədar müraciətində yer alıb.

BMT-nin rəhbəri vurulayıb ki, meteoroloji tendensiyalar iqlim dəyişikliyi ilə mübarizənin təxirəsalınmaz olduğunu sübut edir. O əlavə edib: “Qlobal istiləşmənin 1,5 dərəcə Selsi çərçivəsində saxlanılması üzrə lazımi tədbirlərin görülməməsi hər il bizi uçuruma daha çox yaxınlaşdırır, sistemli riskləri artırır və iqlim fəlakətinə qarşı dayanıqlığımızı azaldır”.

A.Quterreş vurğulayıb ki, iqlim dəyişikliyi isti dalğaların, quraqlığın, daşqınların və meşə yanğınlarının, həmçinin ərzaq çatışmazlığının artmasına səbəb olur. O, bütöv bir ölkə və şəhərlərin yox olması təhlükəsini xatırladıb. Belə ki, buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi qalxır və daha ekstremal hava şəraiti yaranır.

BMT Baş katibinin sözlərinə görə, bütün bu fəlakətlər bir çox flora və fauna növlərinin məhvi, ayrı-ayrı rayonlar, hətta ölkələrin yox olması ilə nəticələnə bilər. Cari ilin mövzusu – hava, iqlim və su ehtiyatlarının gələcəyi, gələcək nəsillər qarşısında planeti xilas etmək və onun üzərində həyatı qoruyub saxlamaq üzrə vəzifələri xatırladır.

BMT-nin rəhbəri deyib: “Bu, o deməkdir ki, yumşaldılma tədbirləri və adaptasiya yolu ilə temperaturun 1,5 dərəcə çərçivəsindən artmasının məhdudlaşdırılması üzrə fəaliyyətin sürətləndirilməsi zəruridir. Energetika və nəqliyyat sistemlərini yenidən qurmaq, qazıntı yanacağından asılılığı azaltmaq və bərpa olunan enerji mənbələrinə ədalətli keçidə nail olmaq vacib məsələlərdir”.

Baş katib bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə maliyyə və texniki yeniliklərdən istifadə etməyə, karbon qazı emissiyasını azaltmağa, habelə su, külək kimi bərpa olunan enerji mənbələri hesabına gələcəyə adaptasiya olmağa və iqlim şoklarına qarşı dayanıqlığı artırmağa çağırıb.

BMT-nin rəhbəri bildirib ki, xüsusən iqlim dəyişikliyndə daha az təqsiri olan və onun nəticələrini aradan qaldırmaqda yetərsiz imkanlara malik ölkələrdə qlobal istiləşmənin fəsadlarını yumşaltmaq, itkiləri və zərərləri azaltmaq məqsədilə mümkün olan bütün tədbirlər görülməlidir. O, bu kontekstdə bütün ölkələri effektiv erkən xəbərdarlıq sistemləri ilə təchiz etmək barədə vədləri də xatırladıb.