Fransada yenidən iğtişaşlar başlayıb

Cümə günü Fransanın bir sıra şəhərlərində keçirilən etiraz aksiyaları respublikanın Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq edən qərarından sonra iğtişaşlara və polislə toqquşmaya çevrilib.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən "BFM" telekanalı məlumat yayıb.

Məlumata əsasən, Parisdə etiraz aksiyasına təxminən 4 min nəfər qatılıb. Bir neçə nümayişçi qrupu meriyanın binası qarşısına toplaşıb. Onlar küçədə zibil qutularını, mebelləri və velosipedləri yandırıblar. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Renn şəhərində aqressiv nümayişçilər polis məntəqəsinə hücum edərək, giriş qapısını yandırıblar. Nantın mərkəzində tramvay relslərində yanğın baş verib, prefektura binası yaxınlığında etirazçılar polislə toqquşub. 2,3 minə yaxın etirazçı Tuluza küçələrinə çıxıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi Dijon, Strasburq, Marsel və Lion şəhərlərində də nümayişlər keçirilir.

Qeyd edək ki, ötən gün Fransa Konstitusiya Şurası pensiya islahatını qanuni hesab edib və pensiya yaşının 64 yaşa qaldırılmasını təsdiqləyib.//Trend