“Vaxtdan ucada duran şəxsiyyət...” - “Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır”

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Heydər Əliyevin yubileyi ilə bağlı ölkə parlamentində çıxış edib.

Yerveinsan.az millət vəkilinin çıxışının stenoqramını təqdim edir:

Əziz Azərbaycan xalqı, xanımlar və cənablar. Bu gün yubiley münasibəti ilə əlaqədar keçirilən plenar iclasda Heydər Əliyevin dövlətçilik təlimində azərbaycançılıq ideologiyası haqqında danışmaq istəyirəm.

İnsanların hər biri ömrünü bir zaman kəsiyində yaşayır, zamanın diqtəsi ilə hərəkət edirlər. Lakin tarixdə elə şəxsiyyətlər var ki, onlar vaxtdan ucada dururlar, zamana sığmırlar, zamanın gərdişini dəyişirlər bu gün nuruna toplaşdığımız şəxsiyyət Ümummili Lider Heydər Əliyev məhz belə şəxsiyyətdir. Heydər Əliyev siyasətdə zəmanənin ruhunu tutmaq və şəraitə uyğun hərəkət etmək qabiliyyətinə malik idi. Onda hadisələrin gedişini izləmək, qabaqcadan görmək və qərarları lazımi məqamda vermək istedadı vardı. Siyasəti empirik elm kimi əsaslandıran, öz təlimi ilə öz dövrünü xeyli qabaqlamış İtaliya filosofu Makiavelli göstərirdi ki, siyasətin ali məqsədi, əsas problemi zamanın xarakterinə və qərar qəbul olunan məqamda spesifik şəraitə uyğun gələn hərəkət obrazını tapmaqdan ibarətdir. Buradan çıxış edərək o yazırdı ki, siyasət ümumi sərəncamların sadəcə mənimsənilməsi ilə başa çatmır. Burada mücərrəd danışmaq olmaz, çünki şəraitdən asılı olaraq hər şey dəyişir”.

Heydər Əliyevin siyasət fəlsəfəsində siyasi əxlaqın ali tələbləri dövlət, xalq maraqlarına tabedir. Makiavelli hələ öz dövründə dövlət mənafeyini, vətənin xilası kimi anlayaraq yazırdı ki, söhbət Vətənin xilasından gedəndə hər şeyi unudub onun mövcudluğunu və azadlığını qorumaq lazımdır”. Heydər Əliyevin dahiyanə zəkası, kompleks siyasət yeritməsi, müdrik siyasət fəlsəfəsi düşüncələrə hakim kəsilmişdir.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır.

Bu konteksdən yanaşdıqda görürük ki, dahi rəhbərin siyasəti dünyada gedən qloballaşma, demokratiya, insanların düşüncələrində baş verənləri nəzərə alaraq azərbaycanlıların etnik qurumdan siyasi millətə keçməsi xarakteristikasını ön plana çəkirdi. Müasir politoloqlar siyasi milləti milli inkişafın yüksək zirvəsi hesab edirlər. Məlumdur ki, millətin mövcudluğu onun milli şüur səviyyəsi ilə əlaqədardır. Milli şüurun iki səviyyəsini göstərirlər. Milli şüurun ilkin səviyyəsi etnik şüur mərhələsidir ki, buraya milli dil və mədəniyyət, maddi-məişət ünsürləri, milli psixoloji hisslər, milli-mənlik şüuru, milli xarakter, milli mentalitet və s. daxildir. Bu məqamda xüsusi qeyd etmək istərdim ki, Heydər Əliyev siyasi düşüncəsinin formalaşmasında erkən və orta əsr türk dünyasında ömür yaşamış sərkərdələrimizin siyasi baxışlarından xüsusi məharətlə bəhrələnmişdir. VI əsrdə Göytürk xaqanı olmuş Qara İssık xanın oğlu Şetunun Çin xaqanının məktubuna cavabına diqqət yetirək: - Sizə hər il vergi göndərəcəyəm, bütün vaxtımı sizə sərf edəcəyəm, sözünüzü dinləyəcəm. Ancaq paltarlarımızın ətəklərini kəsməyə, çiyinlərimizdə dalğalanan saçlarımızı kəsməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə isə bizim ənənələrimiz, qədimdən qalma adətlərimiz çox uzaq keçmişlərdən gəlir, mən özüm də indiyə qədər bunlardan tək bircəsini belə dəyişdirməyə cürət etməmişəm. Ona görə ki, bütövlükdə türk xalqı eyni qəlbin yiyəsidir!

Ulu Öndər Heydər Əliyev çıxışlarının birində milli dövlətçilik şüurunun formalaşması kontektində tarixi məsələlərə öz konseptual baxışını belə ifadə edir: "Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti - bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik".

Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edir. Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Heydər Əliyev milli şüurda formalaşdırılan yeniləşmədə milli bütövlüyün, milli özünüdərkin təməlini qoydu.

Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində yeni ideoloji konsepsiya irəli sürürdü.

Bu konsepsiya azərbaycançılıq ideologiyası idi.

Yuxarıda qeyd etdiyimiz kimi Heydər Əliyevin yaratdığı konsepsiya tarixi şüura əsaslanırdı. Odur ki, yeni konsepsiya tarixi varislik və yeni siyasi şərait konteksində qiymətləndirilməlidir.

7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında ilk dəfə geniş ictimaət qarşısında çıxış edən Heydər Əliyev aşağıdakı fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolu tutmağa aydın ideoloji konsepsiya yaratmağa səsləyir. O, qeyd edir: "Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?"

Heydər Əliyevin irəli sürdüyü müstəqil ideoloji konsepsiya tarixi varisliyə əsaslanır. O, özünü ADR-nin varisi elan edən bir respublikanı sovet imperiyasına aydın münasibət bəsləməyə çağıraraq deyir: "28 May Azərbaycan dövlət quruluşunun dirçəliş günü kimi istirahət günü elan edilib. Məlumdur ki, 28 may 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Belə olan halda bu hadisəyə və 28 aprel 1920-ci il hadisəsinə siyasi qiymət vermək lazımdır. Bu məsələlər gərək Ali Sovetin sessiyasında müzakirə olunsun. İkitərəfli, daha açıq desək, ikiüzlü, qorbaçovsayağı siyasət xalqda inam doğura bilməz. Bu günlərdə Minsk şəhərində çıxış edərkən Qorbaçov kommunist olduğunu, Kommunist Partiyasına axıra qədər sadiq qalacağını təkidlə sübut etməyə çalışırdı. Fəqət, öz andını Kommunist Partiyasına, Leninə, Oktyabr inqilabı ideyalarına tam zidd mövqe tutan Soljenitsının sözləri ilə əsaslandırırdı. Sual olunur: biz hansı məzhəbə itaət etməyə dəvət olunuruq?"

Heydər Əliyevin müstəqil dövlət konsepsiyası tezisləri Heydər Əliyev siyasi fəlsəfəsinin mayasını təşkil edən dövlət müstəqilliyi konsepsiyası onun həyat amalına çevrilmişdir.

Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakılar təşkil edirdi:

1) Dövlət müstəqilliyi;

2) Demokratiya, siyasi plüralizm, şəffaflıq;

3) Hüququn aliliyi;

4) Sosial ədalət.

Heydər Əliyev hər bir çıxışında tarixi məsuliyyəti dərk etməyə, azadlıq və istiqlaliyyətimizin əldə olunmasında bütün gücümüzü səfərbər etməyə çaığırırdı: "Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm".

Tarix subut edir ki, milli ideologiya xalqların özünüdərk prossesində və dünya xalqları içərisində öz yerini müəyyənləşdirməsində əsas faktordur. Dövlət xalqın qalxanıdır. Dövlət olmadan xalq özünü realizə edə bilməz. Dövlət-Xalq vəhdətini yaratmaq üçün isə hökmən ideologiya lazımdır. Heydər Əliyevin dövlətçilik təfəkkürü bunu realizə etməyə imkan verirdi və məhz bu təfəkkürlə o azərbaycançılıq ideologiyasını yarada bildi.

Bəs nə idi Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası?

İlk növbədə qeyd edim ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyası ona qədər mövcud olan idealogiyaları - turançılıq, türkçülük və islamı eyni uğurla özünü ehtiva edirək yeni məna və məzmun ifadə edir.

Millilik, dövlətçilik, müstəqillik və dünyəviliyin görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik ideologiyasının əsaslarını təşkil edir. Heydər Əliyevin azərbaycançılıq ideologiyasını müstəqil dövlətçilik ideologiyasına çevirməyə nail olaraq dövlət müstəqilliyimizin ideya-siyasi istiqamətinin bəyan edir.

Azərbaycan dili, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövlətçiliyi anlayışlarından hər biri Heydər Əliyev tərəfindən müəyyən edilmiş azərbaycançılıq ideologiyasının əsas atributlarıdır. Heydər Əliyevin müstəqil ölkəmizdə dövlət dili anlayışına müstəqil dövlətçilik nöqteyi-nəzərindən qiymət verməsi nəticə etibarilə Azərbaycan xalqı amilinin mahiyyətinin açılmasına işıq salmışdır. Heydər Əliyevin Azərbaycan dili və Azərbaycan xalqı təliminin ölkəmizdə ümummilli birlik və həmrəylik yaratmağın nümunəsidir. Ulu Öndər Heydər Əliyevin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır.

Heydər Əliyev fenomenindən Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri zəminində tarixi varislik və şəxsiyyətin miqyası özünün parlaq nümunəsində göstərir.

XXI əsr Azərbaycanın tarixində iqtisadi, mədəni, siyasi, diplomatik istiqamətlərdə baş verən bütün transformasiyaların, modernləşmə proseslərinin, möhtəşəm inkişafın arxasında qüdrətli bir liderin dayandığını, yeni tipli bir görkəmli dövlət xadiminin respublikaya uğurla rəhbərlik etdiyini danılmaz faktdır.

Heydər Əliyevin kompleks yanaşma prinsipinin İlham Əliyev tərəfindən çoxaspektli yanaşma, çoxvektorlu inkişaf metodu ilə əvəzləməsini əslində, həm də siyasi varisliyin günümüzdəki yeni modeldə təzahürü kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin çevik idarəçilik modelinin və praqmatik siyasətinin mahiyyəti ölkəmizdə qazanılan böyük nailiyyətlərin və dünya birliyində əldə edilmiş mühüm nəticələrin təzahürüdür.

Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi, peşəcə tarixçi, diplomat olan cənab İlham Əliyevin söylədiyi səciyyəvi fikirlər maraq doğurur: "Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq... Azərbaycanda bu siyasətin alternativi yoxdur".

Heydər Əliyevin qəbul etdiyi azərbaycançılıq ideologiyası Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır!