Tariximizin parlaq səhifələrindən biri – 15 Sentyabr

Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin 1918-ci il sentyabrın 15-də yadelli qüvvələrdən azad edilməsindən 105 il keçir. Bu tarixi günün xatırlanması həm tarixin təcrübəsini öyrənmək, ibrət və dərs almaq, həm müasir dövrdəki vəziyyətimizə nəzər yetirmək, həm də gələcək yolumuz baxımından əhəmiyyətlidir. Həmin hadisənin böyük hərbi-siyasi, tarixi və mənəvi-psixoloji əhəmiyyətini dərk etmək üçün o dövrdə baş verən proseslərə qısa nəzər yetirmək zəruridir.

Bu fikirləri  Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı söyləyib.

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra Qafqaz cəbhəsindən geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Anarxiyanın hökm sürdüyü Cənubi Qafqazda bu zaman rəsmi və qeyri-rəsmi olaraq üç hakimiyyət - Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Rusiya hərbçiləri silahlarını buna qədər Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı qırğın törətmiş, geri çəkilərkən isə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycanda və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. Türk və müsəlman olduqlarından etibar etmədiyi üçün çarizmin hərbi xidmətə çağırmadığı azərbaycanlıların ordusu yox idi, yalnız könüllərdən ibarət “Vəhşi diviziya” yaradılmışdı. Hərbi xidmətə çağırılmayan azərbaycanlılar həm hərb sənətini, özünümüdafiəni yadırğayırdılar, həm də buna görə vergi ödəyirdilər. İkitərəfli ziyan dəyirdi.

Qarışıqlıq şəraitində Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində törədilən soyqırımı oldu. Cənubi Qafqazın digər yerlərində də davam etdirilən qırğınların qarşısını əvvəlcə Transqafqaz Komissarlığı, sonra isə onun yerində qurulan Transqafqaz Seymi ala bilmədi. Regionda anarxiya davam edirdi.

Azərbaycanın müstəqilliyi 1918-ci il mayın 28-də Tiflisdə elan edildi və Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin obyektiv şərtlər-ərazi və əhali mövcud idi, hökumət də quruldu. Müvəqqəti paytaxt Gəncə şəhəri elan edildi. Lakin ölkənin baş şəhəri olan Bakı yadellilərin əlində idi. Azərbaycan dövlətinin şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə təəhhüd olaraq götürmüşdü. Azərbaycan yardım üçün rəsmi olaraq müraciət etdi. Osmanlının hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı altında Qafqaz hərəkatı başladı. Cərgələrini yerli əhalidən doldurmaqdan və Bakı şəhəri azad edildikdən sonra problemlər çıxmamaqdan ötrü ordu Qafqaz İslam Ordusu adlandırıldı.

Bu hərəkatın milli-mənəvi əsasları da var idi. Dünya türklüyünün və islamın mərkəzi olan Osmanlı dövləti Cənubi Qafqazda milli və dini əlamətlərə görə öldürülən türk və müsəlmanlara yardım etməli idi. Türklər və müsəlmanlar Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Osmanlı ilə dil, din, mədəniyyət baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi daşnak-bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da onlara yardım etmək Osmanlının borcu idi. Qeyd etmək lazımdır ki, buna qədər çoxlu azərbaycanlı gənc Balkan savaşlarında və Çanaqqala döyüşlərində türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Birinci Dünya müharibəsi illərində Bakıda və digər şəhərlərdə türk qardaşlarına yardımlar toplanmışdı.

Qafqaz İslam Ordusunun Bakı hərəkatının hərbi-strateji və iqtisadi səbəbləri də var idi. Dünyanın nəhəng dövlətlərindən biri olan Osmanlının təbii olaraq bu regionda geniş maraqları mövcud idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi hesab edilirdi. Bakıya sahib olan təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə də nəzarət qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi hesab edilən Avrasiyaya yiyələnmək demək idi. Dünyanın ürəyinə gedən yol qızıl körpü olan Azərbaycandan, Bakıdan keçirdi. Burada isə yerli əhali olan türkləri, müsəlmanları kütləvi şəkildə öldürürdülər.

Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda – Mosul və Bakı uğrunda müharibə gedirdi. Bakı zəngin neft mənbəyi idi. Döyüşən dövlətlər Bakıya can atırdılar. Müharibə həm də neft savaşı idi.

Qafqaz İslam Ordusu qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti iyulun 31-də devrildi. Onun yerində xarici yardımlarla qurulan və əslində koalisiyalı hökumət olan Sentrokaspi diktaturası general Leonel Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət etdi.

Bakı uğrunda təkcə amansız döyüşlər deyil, eyni zamanda, diplomatik-siyasi mübarizə gedirdi. Hər bir dövlət əlverişli coğrafi-siyasi mövqeyi və zəngin neft mənbələri olan Azərbaycana yiyələnməyə çalışırdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün hərəkətə keçən bolşevik Rusiyası müharibədə Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də bir müqavilə imzaladı. Müqaviləyə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bu göstərdi ki, Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildir. Lakin heç bir maneə Qafqaz İslam Ordusunun yürüşünü dayandıra bilmədi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Sentyabrın 17-də isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü.

Bakının azad edilməsi əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu. Şəhərin azad edilməsi Azərbaycan və türk silah qardaşlığının rəmzi idi. Qardaşların birliyi Bakıya dair iyrənc planları darmadağın etdi. Bu hadisə göstərdi ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə heç kimsə onları dayandıra bilməz.

Qardaşlıq yardımları sonrakı illərdə də davam etdirildi. İşğal edilib sovetləşdirildikdən sonra Azərbaycan xalqı türk qardaşlarının istiqlal savaşına yardımlar etdi. Sovet dövründə ağır şərtlər altında yaşamasına, türk düşmənçiliyinin, 30-cu illərin sonlarından-50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətrafına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi.

SSRİ-nin hələ mövcud olduğu bir zamanda Türkiyə qətiyyətli hərəkət edərək 1991-ci il noyabrın 8-də Azərbaycanın Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıdı.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq daşlaşmış abidəyə çevrildi. 1918-ci ilin mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm abidə ucaldıldı. Bu, təkcə ziyarət edilərək əklil qoyulan bir abidə deyil, qanı torpaqlarımızda bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının, əbədi birliyinin rəmzidir.

Nəhayət, 44 günlük müharibədə qardaş Türkiyə Azərbaycanın haqq işini birmənalı olaraq diplomatik-siyasi və mənəvi-psixoloji baxımdan müdafiə etdi. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi münasibətləri yeni səviyyəyə çıxardı. Kökləri dərin olan qardaşlığımız əbədi və sarsılmazdır. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan və Türkiyə “bir millət iki dövlət”dən Tək Yumruğa çevrilib.//AZƏRTAC