XƏZƏR DƏNİZİ: REALLIQLAR, PROBLEMLƏR, HƏLL YOLLARI(Görkəmli xəzərşünas, akademik Ramiz Məmmədovun əziz xatirəsinə)

İsa Əliyev
İqlim dəyişmələri üzrə
müstəqil ekspert

Elm adamları tərəfindən iqlim modelləri və süni peyk ölçmələrindən istifadə edilərək 2000-ə yaxın gölün müşahidə məlumatları qiymətləndirilmiş və son dövrlərdə qlobal iqlim sistemində yağıntılar və buxarlanma arasında formalaşmış balansın dəyişməsi nəticəsində 1992-ci ildən 2020-ci ilə qədər dövr ərzində dünyada göllərin 53%-də səviyyənin azalması müəyyən olunmuşdur.
Bu kimi göllərdən biri də Xəzər dənizidir ki, son 25 ildə gözümüzün önündə səviyyəsi tədricən aşağı midüşməkdə davam edir. Dünyanın başqa gölləri ilə müqayisədə bir sıra özünəməxsus xüsusiyyətlərə malik olan Xəzər dənizi tarixən fürsətlər, istəklər, çətinliklər və s. dənizi adlandırılmaqla hələ də özündə bir sıra sirləri saxlamaqdadır.
Xəzər yalnız özünəməxsus unikal xüsusiyyətlərinə gorə - dünya okeanı səviyyəsindən təxminən 28 metr aşağıda yerləşməsi, dünyanın ən böyük gölü, dünyanın ən böyük relikt qapalı su hövzəsi olması və quraq iqlim zonasında yerləşməsinə rəğmən tarixən suyunda duzluluğun artmaması, nərəcinsli balıqların 90%-dən çoxunun yaşayış arealına malik olması və s. ilə yanaşı, həm də səviyyəsinin əsrlər boyu gah düşməsi, gah da qalxması ilə bağlı hələ də müasir elmin tam tədqiq edə bilmədiyi qaranlıq məqamları ilə diqqəti cəlb etməkdədir.
Zaman-zaman planetdə gedən geoloji proseslər nəticəsində Dünya okeanından tamamilə təcrid olunmuş Xəzər dünyanın ən böyük qapalı su hövzəsidir, suyunun duzluluğu dünya okeanının duzluluğundan 3 dəfə azdır (təxminən 11 promille) və dünya göl sularının 44%-ni təşkil edir. Asiya və Avropa qitələrini bir-birindən ayıran zolaqda yerləşən dənizin sahəsi səviyyə tərəddüdlərindən asılı olaraq (10-20%), dəyişməyə məruz qalır və orta hesabla 371 min km2 ərazini əhatə edir. Xəzər dənizinin sutoplayıcı hövzəsi 3,626,000 km2 olmaqla ümumilikdə az qala planetin 1%-ə qədərini və quru ərazisinin isə 3%-ə qədərini əhatə etməklə 6 iqlim qurşağında yerləşməsi, bəlkə də dənizin özünəməxsus xüsusiyyətlərini yaradan əsas amillərdəndir.
Maraqlıdır ki, bu sirli məqamlar bəzən müxtəlif baxışlara malik olan xəzərşünas alimlərin fikirlərində də özünü büruzə vermişdir. Məsələn, Xəzərin səviyyəsinin qlobal iqlim dəyişmələri ilə əlaqədar 4,5 m-ə qədər artacağı proqnozunun aparıcı müəlliflərindən olan Rusiya Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun direktoru akademik G.Qolitsın nədənsə öz baxışlarının əksinə olaraq yazırdı: “Xəzərin səviyyəsindəki tərəddüdləri nə Volqa çayının, nə də başqa çayların axını ilə əlaqələndirmək olmaz. Xəzər müəyyən maksimuma çatır, sonra aşağı düşür. Görünür bu, bütün yer kürəsinin dərin tektonikası ilə bağlıdır. Əslində hər şey bir-birinə bağlıdır…”.
Buna bənzər mülahizələri Xəzərin səviyyəsinin müşahidə məlumatlarının statistik təhlilinin nəticələrinə əsasən günəş aktivliyi dövrləri ilə əlaqəli olması ideyasının aparıcı müəllifi olan akademik Ramiz Məmmədov da çıxışlarının birində vurğuladığı “Bu gün Xəzər dənizinin səviyyəsinin enməsi, səviyyənin yenidən qalxması üçün güc toplamağa xidmət edir. Bu baxımdan biz Xəzərlə bağlı hər cür sürpriz variantlara hazır olmalıyıq” kimi fikirləri də bir növ dənizin səviyyə problemlərində qaranlıq məqamların olmasına işarə idi.
Paleocoğrafi, arxeoloji və tarixi məlumatlara görə, son 3 min ildə Xəzərin səviyyəsinin dəyişmə amplitudu 15 metrə (-20 m, -34 m) yaxın olmuşdur. Bu, əsasən dənizin hövzəsinin qapalı vəziyyəti ilə izah olunur. 1837-ci ildən başlayaraq Xəzər dənizinin səviyyəsinin instrumental ölçülməsi və onun tərəddüdlərinin sistemli müşahidələri aparılır. Müşahidələr dövründə qeydə alınmış ən yüksək səviyyə (-25.2 metr) 1882-ci ildə, ən aşağı (-29.0 metr) səviyyə isə 1977-ci ildə qeydə alınmışdır. 1929-cu ildən 1941-ci ilə qədər olan dövrdə Xəzərin səviyyəsində -25,88-dən -27,84 m-ə qədər kəskin azalma müşahidə edilmişdir. Əksinə 1978–1995-ci illərdə səviyyə 2.5 metr qalxmış və -26,7 metrə çatmışdır. 1996-cı ildən başlayaraq, 21-ci əsrin əvvəllərində 10 ildə orta hesabla ≈0,75 m sürətlə davam edən səviyyəsinin azalması tendensiyası müşahidə edilmişdir. 2021-ci ildə Xəzər dənizində suyun səviyyəsi daha 30 sm düşmüş və 2005-ci illə müqayisədə dəniz səviyyəsi 119 sm azalaraq −28,1 m-ə enmişdir.
Dənizin səviyyəsinin hazırkı vəziyyəti və onun dinamikası əsasən Volqa hövzəsində yağıntının miqdarı və çayın dənizə axımının həcmi ilə müəyyən edilir.
XX əsrdə Xəzərin sutoplayıcı hövzəsində çoxlu süni su anbarlarıın yaradılması da təbii hidroloji proseslərə mane olmuş və şübhəsiz ki, dənizin indiki səviyyəsinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Sovet dövründə Xəzərlə bağlı az qala lətifələr kimi məşhurlaşmış maraqlı hadisələr indiki dövrdə öyrənmə, nəticə çıxarma və qərar qəbul edilməsi baxımından faydalıdır. Məsələn, dənizin səviyyəsi 1978-ci ilə qədər aşağı düşərkən Xəzəri qorumaq üçün “Xəzəri xilas et!” şüarı altında geniş hərəkata təkan verilmişdi.
Xəzərdə elmi layihələndirmə işlərinin inkişafı da 70-ci illərə təsadüf edir. Əsas ideya isə şimal çaylarının (Peçora və Vıçeqda çaylarını) “Quruyan Xəzərə” çevirməklə istiqamətinin dəyişdirilməsi ilə nərə balıqlarının populyasiyasını xilas etmək və s. idi. 1980-ci ildə elmi və geniş ictimaiyyətdən tamamilə gizli şəkildə bir neçə ay ərzində Xəzəri “xilas etmək” üçün daha bir konkret tədbir həyata keçirildi: dənizdən Qara-Boğaza olan boğaz dolduruldu. O zaman buxta ildə Xəzərdən cəmi 6km3 su sərf edirdi. Nəticə olaraq 1984-cü ilin payızına qədər Qara-Boğaz-Göl körfəzi qurudu və küləklər tərəfindən sovrulan toz və duz mənbəyinə çevrildi.
1992-ci ilin yazında müstəqil Türkmənistanın ilk qərarlarından biri isə Qara-Boğaz bəndinin ləğvi oldu.
1977-ci ildən başlayaraq səviyyənin artması ilə əlaqədar isə 80-ci illərin sonunda vəziyyət tamamilə dəyişdi və dəniz səviyyəsinin qalxması təhlükəsi ilə əlaqədar sahilyanı ərazilərin mühafizəsi üçün “Bizi Xəzər dənizindən xilas et!” adlanan yeni deviz altında fəaliyyətlərə başlanıldı. Bununla bağlı ilk 10-15 ildə bütün materiallara ancaq "Rəsmi istifadə üçün" etiketi qoyulmuşdu.
Akademik G.Qolitsının qeyd etdiyi kimi, sovet dövründə də maraqlar insanları dənizin taleyindən daha çox maraqlandırırdı. Məsələn, 1978-ci ildə Su Təsərrüfatı Nazirliyi və digərləri böyük sifarişlər gözləyərək Xəzərin səviyyəsinin artıq 2 ildir ki, artdığını gizlədirdilər. Onlar hətta bu 2 illik artımı sonralar “Xəzərin ölümü” fonunda təsadüfi artım kimi şərh etmişdilər.
Son zamanlar Xəzər dənizinin səviyyəsinin düşməsi xüsusilə ciddi müzakirə mövzusuna çevrilmiş və təbii olaraq bununla bağlı müxtəlif fərziyyələr irəli sürülməkdədir. Xəzərçi alimlər hələ də bunun əsl səbəbini tapmaqda çətinlik çəkirlər. Bəziləri dənizin səviy­yəsinin dövri olaraq dəyişməsini tektonik, digərləri antropogen, son vaxtlar isə əksəriyyət əsasən qlobal iqlim dəyişmələri ilə əlaqələndirirlər. Əlbəttə, bunlar ən çox ehtimal olunan mümkün fərziyyələrdir və heç şübhəsiz ki, dənizin səviyyəsinin tərəddüdlərində tarixi dövrlərə görə qeyd olunan amillərin hərəsinin öz rolu və ya payı vardır.
Mahiyyət etibarilə üç fərqli amilə söykənən bu proqnozların əksərində hansı amilin təsirinin nə qədər olduğuna dair konkret bir tədqiqat olmadığından ziddiyyətlərin və qeyri-müəyyənliklərin aydınlaşdırılmasında həmin amillərin töhfəsi və ya payının nə qədər olması barədə fikir söyləmək xeyli çətinləşir. Müasir dövrümüzdə Xəzər dənizi sahəsinin sürətlə kiçilməkdə davam etməsi proqnoz məsələsini daha da aktuallaşdırır.
Digər tərəfdən, indiki dövrdə bu problemin öyrənilməsi və məsələnin mahiyyətinə aydınlıq gətirilməsi, nəinki Xəzər regionu ölkələri üçün, həm də qlobal ekoloji risklərin idarə edilməsi baxımından bütövlükdə bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edir.
Xəzərin səviyyəsi ilə bağlı mövcud proqnozlarda qeyri-müəyyənliklərin, uyğunsuzluqların və ziddiyyətlərin olmasına təbii yanaşılmalıdır. Doğrudur, onların bəziləri ancaq tarixi salnamələrə və ya bəlkə də əfsanələrə istinadən verilən fərziyyələrdir ki, bunlar da başlıca olaraq XIX əsrdən əvvəlki dövrləri əhatə edir.
Dənizin səviyyəsi ilə bağlı müasir proqnozları mahiyyət etibari ilə 3 qrupa bölmək olar.
Birinci qrupa təxminən 20-25 il bundan əvvəl qlobal iqlim dəyişmələri fonunda səviyyənin yenidən kəskin qalxması ehtimalına dair olan proqnozlar daxildir. Belə ki, akademiklər G.Qolıtsın və S.Moxov (Moskva Atmosferin Fizikası İnstitutu) Xəzər dənizi səviyyəsinin 4,5 metr qalxacağını proqnazlaşdırırdılar. Maks Plank adına Meteorologiya İnstitutunun əməkdaşı, professor K.Arpi isə daha pessimist proqnoz-səviyyənin 2060-cı ildə - 20 m-ə qalxa biləcəyinin ehtimalını verir. K.Arpı həm də 1977-1995-ci illəri də qlobal iqlim dəyişmələri və El-Nino hadisəsi ilə əlaqələndirirdi.
İkinci qrupa isə dənizin səviyyəsi ilə bağlı tamamilə əks baxışın müəllifləri (Sifan A Koriche, Joy S Singarayer, Hannah L Cloke və başqaları) daxildir. Müasir iqlim modellərinin nəticələrinə əsasən verilən bu proqnozlara görə 2100-cü ilə qədər Xəzər dənizində suyun səviyyəsi daha 8-30 metr azala bilər. Onların fikrincə, insan fəaliyyəti nəticəsində hövzədə istifadə olunan suyun miqdarı amilinin nəzərə alınması səviyyənin daha 7 metr aşağı düşməsinə gətirib çıxara bilər. Bu kimi gələcək proqnozlar demək olar ki, 21-ci əsrdə Xəzərin qurumasını göstərir. Buna görə də bu modellərin nəticələrindən istifadə edərkən, xüsusilə də qərar qəbul edən şəxsləri məlumatlandırarkən xeyli ehtiyatlı olmaq lazımdır. Belə ki, dənizin səviyyəsi müxtəlif modellərin nəticələrində fərqlidir, çox dəyişir və öz təbiətinə görə yüzlərlə mümkün variantdan biri ola bilər. Eyni zamanda qeyd edilməlidir ki, bu modellərdə qlobal su dövranı, fəsillər və regionlar üzrə istilik, yağıntı və buxarlanmanın necə dəyişəcəyi nəzərə alınmayan məqamlardandır. Digər tərəfdən bu kimi modellərin nəticələrinin özünü doğrultma ehtimalı nədənsə bu proqnozlarda verilmir.
Üçüncü qrupa isə akademik R. Məmmədovun və həmkarlarının Xəzərin səviyyəsinin Günəş aktivliyi dövrləri (11 il dövrilik) ilə bağlı dəyişməsini irəli sürən fikirləridır. Bunun təsdiqi kimi Xəzərdə 1837-ci ildən bəri davam edən təxminən 200 ilə yaxın dövr üzrə meteoroloji müşahidə məlumatlarının təhlilinə əsaslanır. Akademik R.Məmmədovun proqnozlarında özünü doğrultma ehtimalı təxminən 50% olaraq göstərilir. Eyni zamanda onun “amma mən həmişə olduğu kimi, indi də həyəcanverici proqnozlarla razı deyiləm. Hələ 90-cı illərin ortalarında müxtəlif tədbirlərdə çıxış edərkən, Xəzərin səviyyə artımının yüksəlişinin dayanmaq üzrə olduğunu və cüzi dalğalanmalarla sabitləşmə dövrünün başlayacağını bildirirdim”, “Xəzərin taleyi bəndlərdən deyil, iqlim dəyişmələrindən asılıdır”, “buxarlanmaya mane olan neft dağılmaları pərdələrinin Xəzərin dəniz səviyyəsindəki dəyişikliklərin 3-5 faizindən çoxuna cavabdeh deyil” kimi fikirləri öyrənilməsi vacib olan istiqamətlərin başlanğıc nöqtəsi olaraq mühüm bünövrə yaradır. Maraqlıdır ki, Xəzərin səviyyəsi ilə bağlı alimin 2020-ci il üzrə verdiyi -27 m səviyyəsi proqnozu özünü tamamilə doğrultmuşdur. Ramiz müəllimin digər müəlliflərdən fərqli olaraq səviyyənin qalxması probleminə diferensial yanaşmaqla, yəni müxtəlif səviyyə durumlarını (-29,0; -28,04 -27,0; -26,0; -25,0 və s.) nəzərə alması idi. Bu onun üstünlüyünü şərtləndirən əsas amil idi.
Lakin problemə diqqətlə nəzər salanda bu ehtimalların bəzilərinin sadəcə müxtəlif dövrlərdə özünü doğrulda biləcəyi aydın görünür: məsələn, yuxarıda qeyd edildiyi kimi, son 3 min ildə Xəzərin səviyyəsinin dəyişmə amplitudu 15 metrə (-20m, -34m) yaxın olmuşdur. Lakin bu 3 min ildə planetar miqyasda indiki proqnozlarda verildiyi kimi qlobal iqlim dəyişmələri müşahidə edilməmişdir. Və ya həmin dövrlərdə hansı antropogen təsirlərdən söhbət gedə bilərdi? Xəzərin səviyyəsi isə tərəddüd etməkdə davam edirdi. Problemə bu baxımdan yanaşsaq səviyyənin dəyişmə faktorlarından ancaq tektonik amillər qalır. Digər tərəfdən, başqa bir məntiqi sual yaranır: 1977-1995-ci illərdə artıq Xəzərin sutoplayıcı hövzəsində həm antropogen təsirlər, həm də qismən də olsa, qlobal iqlim dəyişmələrinin təsirlərinin müşahidə olunmasına rəğmən Xəzərin səviyyəsi 2,5 metrə qədər yüksəldi. Belə ki, indiki əksər alimlərin (ikinci qrup) məntiqi ilə götürsək, onda səviyyə enməli və Xəzər dənizi qurumaqda davam etməliydi. Lakin göründüyü kimi, tamam fərqli oldu. Kim bilir, Xəzərə tökülən çaylara olan antropogen təsirlər olmasaydı, bəlkə də (və ya Xəzərə tökülən çaylardan suvarmaya, məişət və sənayeyə götürülən suyun miqdarını təsəvvür edə bilsək, onda heç şübhəsiz) səviyyənin artması 2.5 m yox, 3 m və ya daha artıq ola bilərdi. Amma, təəssüflər olsun ki, tədqiqatçıların əksəriyyəti bu məqamlara fikir vermədən sadəcə bir-birlərini təkrarlayır və indinin özündə də bu tendensiya davam etməkdədir. Hamı iqlim dəyişmələrinin təsiri ilə Xəzərin dayazlaşmasından, qurumasından bəhs edir və müxtəlif amillərə əsasən Xəzər dənizinin öz qonşusu və dünya okeanına çıxışı olmadığına görə həm də oxşarı olan Aral dənizinin taleyini yaşayacağını bildirirlər. Lakin problemə daha geniş prizmadan yanaşanda qlobal iqlim dəyişmələrinin heç bir şübhə doğurmayan, artıq sübut olunmuş bəzi xüsusiyyətləri qismən də olsa bunun əksini deyir:
Əvvəla, qlobal temperaturlar artdıqca planetin qütblərində olan buzlaqlar sürətlə əriyir və buzlaqlarda “yatmış sular” dövriyyəyə (su dövranına) girərək dünya okeanının səviyyəsini artırmaqla bəşəriyyəti ciddi surətdə təhdid etməkdədir. Doğrudur, Xəzər qapalıdır və dünya okeanı ilə heç bir əlaqəsi yoxdur. O da unudulmamalıdır ki, Xəzərin sutoplayıcı hövzəsi təxminən 4 mln km-dir və bu Yer kürəsinin sahəsinin təxminən 1%-ə yaxını,quru ərazisinin isə 3%-i deməkdir. Digər tərəfdən, artıq dəyişmələr ərəfəsində olan qlobal atmosfer sirkulyasiyasının təsirlərinin 6 müxtəlif iqlim qurşağında yerləşən Xəzərin sutoplayıcı hövzəsində özünü necə göstərəcəyi isə olduqca qeyri-müəyyəndir.
İkincisi, qlobal temperaturlar artdıqca yağıntıların, sellərin, daşqınların tezliyi və şiddətinin getdikcə daha da artması mübahisə doğurmayan məsələdir. Çünki daha isti havanın, daha çox rütubətyığma və saxlama qabiliyyəti olur və bu daha güclü yağıntılara səbəb olur.
Üçüncüsü Xəzərin quruması ilə bağlı verilən proqnozlar iqlim ssenariləri üzrə modellərin nəticələrinə əsaslanır. Lakin unudulur ki, qlobal iqlim sistemi qeyri-xətti prosesdir və bu modellərdə çoxlu çatışmazlıqlar vardır. Bunlardan biri də ümumi tendensiyanı verməklə yanaşı, həmin modellərin qəfil və güclü yağıntıların proqnozlarını verə bilməməsidir.
Dördüncüsü, qlobal iqlim dəyişmələrinin Xəzər dənizi səviyyəsinə təsirini proqnozlaşdırmaq iqlim sistemləri və regional amillər arasında mürəkkəb qarşılıqlı təsirlərə və əks əlaqələrə görə xeyli çətin məsələdir və s. Bu siyahını xeyli uzatmaq da olar.
Akademik R.Məmmədov Xəzərin gələcəyinin necə olacağı barədə suala isə özünəməxsus bir müdrikliklə cavab vermişdi: “Axı biz heç vaxt statistik rəqəmlərlə, faktları müəyyənləşdirməklə kifayətlənməmiş, Xəzər dənizinin vəziyyətini bütün rəngarəngliyi və tamlığı ilə nəzərdən keçirmişik. Hərtərəfli tədqiqatlar isə bir neçə onillikdən sonra Xəzər dənizini nələrin gözlədiyini daha dəqiq proqnozlaşdırmağa imkan verəcək... Bir sözlə, insanlar bu dənizlə harmoniyada yaşamaq istəyirlərsə, Xəzərin təbiəti hələ də öyrənilməlidir və öyrənilməlidir...”.
Heç şübhəsiz ki, Yerdə gedən daha mürəkkəb proseslər, qütblərdəki milyardlarla ton buzlaqların əriməsi nəticəsində tarixən formalaşmış qravitasiya qüvvəsinin (buzlaqların ağırlıq qüvvəsi yer səthinə indiyə qədər, ancaq qütblərdən təsir göstərirdi, əsrin sonuna doğru mənzərə xeyli dəyişəcək, bəlkə də kəskin...) dəyişməsinin planetdə tektonik proseslərə necə təsir göstərəcəyi, xüsusilə də Qlobal Atmosfer Sirkulyasiyasının necə dəyişməsi Xəzər dənizinin gələcək səviyyəsinin necə dəyişəcəyini müəyyən edəcəkdir. Bu barədə ümumi tendensiya məlum olsa da, qlobal səviyyədə hələ də çoxlu qeyri-müəyyənliklərin qalması demək olar ki, etibarlı proqnozların verilməsini mümkünsüz edir. Çağırış aydındır, bəs "qızıl orta"nı necə tapmalı? Bunun üçün səyləri necə birləşdirməli?
Xəzərin səviyyəsinin 20 m-ə qədər azalma proqnozlarının özünü doğrultduğu halda hələ sovet dövründə layihələndirilən (Qara dənizlə birləşdirən) Avrasiya kanalı və ya şimal çaylarının istiqamətinin dəyişdirilərək Xəzərə axıdılmasına alternativ variantlar kimi baxıla bilərmi?
Fikrimizcə, cavabı çətin olan bu suallara R.Məmmədovun aşağıdakı fikirləri müəyyən qədər işıq salır: "Biz Xəzəryanı ölkələrin alimləri birləşməli və hamının ehtiyac duyduğu tədqiqatlara başlamalıyıq. Nə qədər tribunalardan Xəzərin taleyindən narahat olduqlarına inandırmağa çalışsalar da, xeyri yoxdur. Həm də bu məsələ iqtisadi deyil, siyasi sistemdə deyil, ümumi mədəniyyətdədir. Onlar Xəzərə resurslar mənbəyi kimi baxır, ondan daha çox əldə etmək yollarını anlamağa çalışırlar. Lakin xalqları əsrlər boyu onun sahillərində yaşamış müxtəlif ölkələrin mütəxəssislərini cəlb etməklə dənizin beynəlxalq monitorinqini qurmaq lazımdır”.
Qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə gələcək təsirlərinin öyrənilməsi, qeyri-müəyyənliklərin müəyyən edilməsi və adekvat adaptasiya tədbirlərinin hazırlanması üçün zəruri olan elmi-təd­qiqiatların aparılması indi həmişə olduğundan daha vacibdir. Bu baxımdan ekoloji risklərin idarə edilməsi üçün Xəzər dənizinin gələcək səviyyəsi üçün etibarlı ssenarilərin hazırlanması müstəsna əhəmiyyət kəsb edir.
Digər tərəfdən qeyd edilməlidir ki, Xəzər dənizini qorunması olduqca mürəkkəb məsələ olmaqla yanaşı, həm də kifayət qədər siyasiləşmişdir. İqlim dəyişmələri ilə təhdid edilən Xəzərin gələcəyinin taleyi beş Xəzəryanı ölkənin əlindədir.
Ölkəmiz də Xəzərin qərb sahilində yerləşməklə və dənizin sahilboyu 900 km-ə yaxın sahil xəttinə malikdir və iqtisadiyyatı Xəzər dənizindən xeyli dərəcədə asılıdır. Bu baxımdan, Xəzər dənizində nə baş verdiyini, nəyin doğru olub-olmadığını, nəyin işləyib işləmədiyini bilmək və vaxtında uyğun qərarların qəbul edilməsi həm dövlətimizin aidiyyəti qurumları, həm də ictimaiyyət üçün müstəsna əhəmiyyət kəsb edir və aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə sistemli işlər aparılmalıdır.