DÜNYAMIZIN ƏN SEÇMƏ TƏBİƏT ABİDƏLƏRİNDƏN

BÖYÜK KANYON
ABŞ-ın qərbində, əsasən, Arizona ştatında, yüksək dağlıq Kolorado platosu yerləşir. O, demək olar ki, üfüqi yatımlı, müxtəlif qalınlıqlı nəhəng kökə qalağına oxşar süxur laylarından əmələ gəlmişdir.
Burada ayrı-ayrı dağların hündürlüyü təxminən 3000 m-ə çatır. Platonu başlanğıcını Kolorado ştatında Şərq, Qayalıq dağlarının Lonq-Pik (4345 m) zirvəsindən götürən, Kolorado çayı kəsir. Kaliforniya körfəzinə yaxınlaşdıqca ona çoxlu qollar qoşulur.
Bu yerlərin kosmosdan çəkilmiş şəkillərinə baxdıqda belə təəssürat yaranır ki, kimsə burada süxur laylarını yararaq nəhəng bıçaqla işləmişdir. Kolorado qolları ilə birlikdə bir neçə milyon il ərzində süxur laylarını kəsərək şaquli divarlı dərin dar dərələr - kanyonlar əmələ gətirmişdir. Onların hamısı son dərəcə şairanədir. Lakin ən unudulmaz mənzərə platonun yuxarı hissəsindən dünyanın, əlbəttə ki, əsl möcüzələrindən biri sayılan - Böyük kanyonun görünüşüdür.
Üst-üstə yığılmış möhtəşəm dik qayaların təsəvvürəgəlməz qırmızı, qəhvəyi, sarı və bənövşəyi rəng çalarları, Kolorado çayının aşağıda, lap uzaqda güclə görünən sap kimi nazik zolağı, dağların zirvələrində ilişib qalmış kimi görünən bulud topaları, şəffaf hava, günəş şüalarının kanyonun işıqlandırdığı yamacı və zülmətə qərq olmuş o biri yamacı - bütün bunlar adamı həm heyran edir, ham də öz əzəmətilə dəhşətləndirir.
Böyük kanyonun uzunluğu 450 km, dərinliyi 1,6 km­dəkdir. Eni yuxarı hissədə 8 km-dən 25 km arasında dəyişir, aşağı hissədə isə bəzi yerlərdə 120 m-dən çox deyil.
Kanyon, əslində, Qayalıq dağlar rayonunda geoloji idarəyə rəhbərlik etmiş mayor Con Uesli Pauellin 1869-cu ildə Kolorado çayı boyu dörd kiçik qayıqla Vayominq ştatının ərazisindən keçən Qrin-River çayının mənsəbindən Nevada ştatındakı Vercin çayının mənsəbinə qədər üzdüyü zaman aşkar edilmişdir. O vaxtlar üçün heç də təhlükəsiz olmayan bu səyahət (onun üç üzvü hindlilər tərəfindən öldürülmüşdür) regionda ABŞ-ın məşhur elmi təsisatı olan Smitson İnstitutu tərəfindən maliyyə yardımı almış ilk səyahət idi.
Plato, demək olar ki, bitkidən məhrumdur və ona görə də süxur laylarının horizontal strukturu açılışlarda çox aydın müşahidə edilir. Təbiətin bu möcüzəsini bəs hansı təbii qüvvə yaratmışdır? Cavab çox sadədir - kanyonu Kolorado çayı kəsib düzəltmişdir. O, tədricən süxurları “gəmirərək”, onların qoparılmış hissələrini özü ilə okeana aparmışdır. Amma nə üçün çay bu qədər uzun müddət eroziya gücünü saxlamışdır?
Uzaq geoloji çağlarda Kolorado platosu Şimali Amerika platformasının bir hissəsi olmuşdur. Platformanın özülü Kembriyəqədərki süxurlardan, üfüqi yatımlı platforma örtüyü isə Paleozoy və Mezozoy süxurlarından təşkil olunmuşdur. "Cəmisi” 2-3 milyon il bundan əvvəl plato güclü qalxmaya məruz qalır və bəzi yerlərdə qırışıq strukturlar əmələ gəlir. Kolorado platosu uzun müddət zəif qalxmaqda davam edir. Çaylarda ildən- ilə tədricən süxurları kəsərək özlərinə ensiz, yarıqvari dərələr yaradır. Təsadüfi deyildir ki, Kolorado platosunun laylarının çoxu geoloji strukturların "müqavimətdə hesablaşmadan axır. Məsələn, Qrin-River çayı sanki çox asanlıqla yanından dolanıb keçə biləcəyi qırışığı kəsib keçir.
Hər şey isə çayların hələ bu qırışıqlar əmələ gəlməmişdən əvvəl həmin istiqamətlərdə axmaları ilə əlaqədardır. Ərazi qalxmağa məruz qaldığı vaxtdan etibarən çaylar böyüməkdə olan qırışıqları kəsərək mövcud yataqlarını dərinləşdirməkdə davam etmişlər. Dərələr sanki böyümə sürəti çayların eroziyasının sürətinə uyğun gələn qırışığın üzərinə qoyulmuşdur.
Böyük kanyon ərazinin ən yüksək hissələri olan və hündürlüyü 2500 m-ə çatan Kokonino və Kaybab platolarını kəsir. Elə buna görə də Böyük kanyonda süxurların geoloji kəsilişi uzunmüddətli zaman kəsiyini əhatə edir.
Ən aşağıda, kanyonun dibində Üst Kembriyəqədərki və ya Rifey əhəngdaşıları və qumdaşıları ilə örtülmüş Kembriyəqədərki şistlər açılır. Bu süxurlar qırışıqlığa yığılmışdır, onların üzərində isə kəskin qeyri-uyğunluqla böyük qalınlıqlı Paleozoy süxurları yatır.
Kanyonun yamaclarının aşağı hissələri Kembriyaşlı nisbətən yumşaq gilli çöküntülərdən təşkil olunmuşdur. Onların üzərində Karbon və qismən də Kembriyaşlı boz rəngli əhəngdaşılarından təşkil olunmuş asılı sıldırım ucalır. Bu divar bütün kanyon boyu çox aydın izlənilir.
Kanyonun yamaclarının yuxarılarında Supay qırmızı rəngli formasiyasının bütün dərəyə şairanə görkəm verən qırmızı və bənövşəyi rəngli çoxsaylı pillələri yerləşir. Müxtəlif möhkəmlikli qumdaşıları ilə təcəssüm olunmuş bu çöküntülər artıq Perm sisteminə məxsusdur. Kanyon sıldırımının yuxarı hissəsini həmçinin boz rəngli Perm qumdaşıları və Kaybab əhəngdaşıları təşkil edir.
Böyük kanyonu hər il on minlərlə turist tamaşaya gəlir. Bəziləri müşahidə meydançasında möhtəşəm mənzərədən zövq alır, başqaları atla və ya piyada onun dibindən keçir, bir başqaları rezin qayıqlarda çay boyu üzürlər. Kim bircə dəfə burada olubsa o, relyefdə böyük dəyişikliklər əmələ gətirmiş tədrici geoloji proseslərin nəticəsi olan bu heyranedici mənzərəni heç vaxt unutmayacaq.

KARLSBAD MAĞARALARI
ABŞ-ın Nyu-Meksika və Texas ştatlarının sərhədində öz qeyri-adi mağaraları ilə məşhur olan Qvadalupe dağları yerləşir. Dağlar, həqiqi mənada, iri zalları və qalereyaları, bol və gözəl sızıntı törəmələri, yüzlərlə böyük və kiçik karst boşluqları ilə kəsilib, keçilmişdir. Burada başqa mağaralar arasında Karlsbad mağaraları xüsusilə seçilir. Təbiətin bu möhtəşəm yaradıcılıq əsəri ümumi uzunluğu 40 km-dən çox və dərinliyi 313 m olan çoxmərtəbəli yeraltı qalereyalar labirintidir. Mağaranın üst mərtəbəsinin geniş və möhtəşəm zallarındakı çoxlu sayda iri stalaktitlər, stalaqmitlər və sütunlar xoş təsir bağışlayan mənzərə yaradır. Bunlar Əsrlər (Qərinələr) Qayası, Nəhəng Günbəz, Əkiz Günbəz, Kral Sarayı kimi adlar almışdır.
Alt mərtəbədə nəfis şəbəkəli və kövrək sıxıntılı, büllur kimi saf sulu xırda gölləri olan kiçicik zallar, ensiz qalereyalarla qonşuluq edir.
Karlsbad mağarasını aşkar etməyə onun girişi üzərində dövrə vuran bir yığın yarasa kömək etmişdir. Onun 1883-cü ildə kəşf edilməsinə baxmayaraq, burada müntəzəm tədqiqatlar yalnız 8 ildən sonra başlanmışdır. Əvvəlcə mağara yarasa quanosunun (peyininin) çıxarılması məqsədilə istifadə olunurdu. Lakin 1923-cü ildə bu nadir mağara əsasında milli park yaradılır, özü isə turistləri qəbul etmək üçün qaydaya salınır. Hazırda liftlə 250m dərinliyə düşərək, dörd saata qədər davam edən 5 km uzunluğu olan müşahidə marşrutu keçmək olar. Yeməkxana adlı zalda hətta xüsusi “mağara kafesi” vardır.
Uzun illər boyu dünyada məşhur olan Karlsbad mağarası milli parkın ən diqqətəlayiq yeri olmuşdur. Lakin 1986-cı ildə Karlsbadın qonşuluğunda tapılmış uzunluğu 155 km, dərinliyi isə 478 m (1997-ci il) təşkil edən Leçuqiya mağarası gözəlliyinə və böyüklüyünə görə onu kölgədə qoymuşdur. Doğrudur, mağara hələlik turistlər üçün hazırlanmamışdır.
Leçuqiya mağarası Perm yaşlı (290- 248 mln il) əhəngdaşı süxurlarında əmələ gəlmişdir. O vaxtlar mövcud olmuş Dolavare çöküntütoplanma hövzəsinin (dənizinin) şimali-qərb dayaz kənarı boyu başqa dəniz çöküntüləri ilə birlikdə Kapitan rif kompleksini əmələ gətirən mərcan rifi səddi böyüyür. Leçuqiya mağarasının qalereyalarının çox hissəsi həmin kompleksin əhəngdaşı süxurlarında əmələ gəlmişdir.
Mağaraların əksəriyyəti qrunt sularının yer səthində atmosfer çöküntülərinin torpağa hopduğu yerdən dərələrdəki bulaqlaradək hərəkəti nəticəsində əmələ gəlir. Bu zaman qrunt sularının atmosfer və torpaq mənşəli karbon qazı ilə qarışmasından alınan karbonat turşusu əhəngdaşı süxurlarını həll edərək yeraltı boşluqlar əmələ gətirir. Amma Qvadalupe dağlarında əhəngdaşılarını sulfat turşusu həll etmişdir, ona görə də burada böyük zallar və qalereyalar əmələ gəlmişdir.
Leçuqiya mağarasında 4 qrup mineral toplusu tapılmışdır: ilkin, speleogenetik (mağara mənşəli), törəmə və geobioloji. Mağara əmələ gəlməmişdən xeyli əvvəl mövcud olmuş minerallar ilkin hesab edilir. Speleogenetik minerallar (gips, kükürd və bəzi gillər) mağaranın formalaşması prosesi ilə əlaqədardır. Törəmə minerallar qrunt suları ilə gətirilir və sızıntılar şəklində çökdürülür. Bakteriyaların iştirakı ilə əmələ gələn bəzi sızıntı törəmələri geobioloji minerallara aid edilir.
Sızıntı törəmələrinin ahəngi təkrarolunmazdır. Axı, stalaktitlər, stalaqmitlər, sütunlar, koralar (qız heykəlləri) yalnız müxtəlif ölçülərə malik deyildir və həm də çox halda ağ, açıq-sarı, sarı, qəhvəyi, narıncı və qırmızı kimi cürbəcür rənglərə boyanmışlar. Ən hündür sütunlar (13 m-dək) Qülləli zalda tapılmışdır. Havanın rütubətliyinin yüksək olması ilə əlaqədar olaraq sızıntıların səthi nəmdir. Bu isə o deməkdir ki, onlar “canlıdır”, daha doğrusu, böyüməkdə davam edir. Karlsbad mağarasında, əksinə, sızıntıların çoxu qurudur, indiki zamanda onlar artıq “ölüdür”.
Leçuqi mağarasında qeyri-adi, məsələn, sualtı heliktitlər və göl barmaqları deyilən sızıntılar da mövcuddur. Birincilər göllərdə gips çöküntülərilə qonşuluqda əmələ gəlir. Onlar kalsiumla zənginləşmiş su şırnağının gölə töküldüyü yerdə əyilmiş saplar şəklində yuxarıdan aşağıya doğru böyüyür. Göl barmaqları isə kalsitdən təşkil olunmuşdur və suyun altında üzvi saplar üzərində böyüyür.
Leçuqiya mağarası həm də öz gips "çilçıraqları” ilə məşhurdur. Bu, yanın- şəffaf gips kristallarının tavandan sallanan çox böyük (diametri 2 m-dək) şaxələnmiş qovuşuqlarıdır (əmələ gəlməsinə görə karbonat stalaktitinin eynidir). Fanarın şüaları ilə qaranlığın ağuşundan peyda olan gözqamaşdırıcı ağrəngli “çilçıraqlar” unudulmaz təəssürat yaradır. Elə hiss edirsən ki, guya qış nağılına düşmüsən.
Lakin “çilçıraqlar” mağaradakı külli miqdarda gips formalarından biridir Burada qalereyaların döşəməsini, divarlarını və qübbəsini örtən gips qabığına, şəbəkəli lifli aqreqatlara (gildə böyüyən “pambıq”, “tük”), gips "çiçəklərinə”- antolitlərə (spiral şəklində dolanmış gips kristalları), iynələrə, stalaqmitlərə və sütunlara rast gəlmək olar. Zalların birinin yuxarı hissəsində speleoloqlar şəkərəbənzər yaşıl gips aşkar etmişlər. Rənglənmənin mənbəyinin süxurların çatlarından sızılıb keçən xovlu-lifli, tünd- yaşıl rəngli maddə - adətən yarasaların peyinindən əmələ gələn fosfat mineralı flüorapatit olduğu müəyyən edilmişdir.
Çəkisi bir neçə yüz qramdan bir neçə kiloqramadək olan sərbəst kükürd çöküntüsü mağaranın 5 müxtəlif yerində tapılmışdır. Bu, lövhəciklər və qabıqlar şəklində sarı rəngli, demək olar ki, təmiz kristallik kükürddür.
Ümumiyyətlə, Leçuqiya mağarası çoxlu sayda yolları, qalereyaları və geniş zalları olan mürəkkəb labirintdir. O, bütövlükdə ölçüləri 3x1,5 km olan süxur blokunda yerləşir. Bütün il ərzində mağarada havanın temperaturu 20°C-yə və nəmişlik 100%-ə yaxın, demək olar ki, sabit qalır. Mağaranın min illər boyu əhəngdaşı qaymaları ilə bağlanmış yeganə kiçik girişi hazırda uyğunlaşdırılmış lükla kip olaraq bağlanmışdır. Bütün bunlar qeyri-adi böyüklüyə malik və güclü təsir bağışlayan sızıntı törəmələrin formalaşmasına ideal şərait yaradır.
Leçuqiya mağarası keçən əsrin 90-cı illərindən turistlər üçün bağlıdır. Məsələ burasındadır ki, əvvəllər burada “ay südü” adlanan xəmirəbənzar qeyri-adi aqreqat tapılmışdır. Bu, yarımmaye halında olan qəliz, mikroskopik ölçülü bioloji və mineral sapların mürəkkəb birləşməsidir. Belə bir ehtimal irəli sürülür ki, oxşar həyat forması başqa planetlərdə, o cümlədən Marsda da mümkündür. Bu fərziyyəni yoxlamaq üçün NASA-nın əməkdaşları “ay südünü" diqqətlə öyrənməyə başlamışlar. Mağaraya gələnlərin geokimyəvi şəraitə təsir edə biləcəklərindən ehtiyat etdiklərindən onu bağlamaq lazım gəlmişdir.


VEZUVİ VULKANI
Ehtimal ki, heç bir vulkan Vezuvi qədər dəhşətli hadisələrə səbəb olmamışdır. O, tarixə Romanın bir neçə qədim şəhərinin, Pompey, Herkulanum, Stabi və Oktavianumun məhv olmasının səbəbkarı kimi düşmüşdür. Bu hadisə 79-cu ilin avqust ayında baş vermişdir.

VEZUVİ FƏLAKƏTƏ QƏDƏR
Müasir Vezuvi alçaq, kiçik konusvari, bünövrəsinin perimetri 75 km olan iki zirvəli stratovulkandır: 79-cu il püskürməsi zamanı dağıntıya məruz qalan qədim vulkan konuslu Monte-Somma və Monte-Sommadan cənubda yerləşən Vezuvi vulkanına məxsus konus.
Məlumdur ki, Vezuvi vulkanı 1.5-2 milyon il əvvəl əmələ gəlmiş və bu vaxt ərzində dəfələrlə - eramızdan əvvəl 1200, 900, 800-cü illərdə püskürmüşdür. Vulkanın yüksəkliyi o zaman 3 km olmuşdur. Yeni eranın sərhədində onun başı bir və hündürlüyü 2,5 km-ə yaxın olmuşdur. Qədim yunan tarixçisi və coğrafiyaçısı Strabon Vezuvi vulkanını məhz belə təsvir etmişdir. Birbaşlı, konusvari Vezuvinin bir qədər stilləşdirilmiş təsviri bizə Pompeyin divar naxışlarında gəlib çatmışdır. Hazırda bu naxışlar Neapolun Milli muzeyində saxlanılır. Eramızdan əvvəl birinci əsrin başlanğıcında vulkan sıx meşələrlə örtülmüşdü. Onun zirvəsində yabanı üzümlüklərə qərq olmuş, piyaləvari çökəklik olmuşdur, bu da qədim kraterin izlərini göstərir. Eramızdan əvvəl 73-cü ildə Spartak qiyam edən qullarla məhz bu vulkanın kraterində gizlənmişdi.
Vezuviətrafı sahələr vulkan külü və tuflarla örtüldüyündən qeyri-adi məhsuldarlığı ilə fərqlənir. Burada xüsusilə üzüm, müxtəlif meyvə, tərəvəz və dənli bitkilər daha çox inkişaf etmişdi. Tədricən Vezuvi vulkanı ətrafında Pompey, Stabi (indi Kastellamare-Stabiya), Herkulanum, Nola, Oktavianum, Oplontis, Neapolis (Neapol) və s. kimi şəhərlər təşəkkül tapırdı. Bu ərazidə dövlətli romalılar möhtəşəm malikanələr tikdirir, sahil boyu isə çoxlu balıqçı qəsəbələri uzanırdı.
Demək olar ki, heç nə yaxınlaşan faciədən xəbər vermirdi. 62-ci ildə güclü yeraltı təkanlar Vezuvinin yaxınlığında yerləşən şəhərləri titrətdi və qismən də olsa onları dağıtdı. Zəlzələ haqqında Roma filosofu və şairi Seneka, həmçinin tarixçi və yazıçı Svetoni məlumat veriblər. Svetoninin söylədiklərinə görə, o zaman imperator Neron Neapolda çıxış edərkən güclü yeraltı təkanlara baxmayaraq çıxışını dayandırmamışdı.
Növbəti bir neçə ildə zəlzələlərin artan tezliklə davam etməsi maqmanın vulkan ocağından yer səthinə hərəkətindən və tezliklə püskürmənin mümkünlüyündən xəbər verirdi. Bütün bunlara baxmayaraq, həyat öz axarı ila davam edirdi.
FƏLAKƏT
79-cu il avqust ayının 24-də günortaçağı saat 2 radələrinə yaxın demək olar ki, "son gün çatdı”. O vaxt nə baş verdiyini iki təsadüfə görə biz bu gün dəqiqəbədəqiqə bilirik. Bunlardan biri Kiçik pliniyin Roma tarixçisi Tasitaya yazdığı tükürpədici iki məktubu, o biri isə Pompey, Stabi və başqa şəhərləri örtmüş tuf və kül təbəqələrinin dəqiqliklə öyrənilməsidir.
Son dərəcə bacarıqlı siyasətçi və alim olan Böyük Pliniy o zamanlar Neapolitan körfəzinin sahilində Mizeno burnunda dayanan çoxavarlı donanmaya başçılıq edirdi. Tarixə Kiçik Pliniy adı ilə düşən yazıçı - 18 yaşlı qardaşı oğlu da onun yanındaydı. 24 avqust gündüz saat 2-yə yaxın Vezuvinin üzərindən boz ləkəli nəhəng ağ duman sürətlə qalxmağa başladı. Duman göyə ucalır, sonra da hər tərəfə yayılaraq Aralıq dənizi şam ağaclarının çətirini xatırladırdı. Bu zaman vulkanın yaxınlığında dəhşətli gurultu eşidildi, yeraltı təkanlar heç ara vermirdi. Bütün bunlar Mizenodan 30 kilometrlikdə də hiss olunurdu. Kiçik Pliniyin yazdığına görə, silkələnmə o qədər güclü idi ki, adama elə gəlirdi hər şey alt-üst olur, araba bir tərəfdən o tərəfə atılır, evlərin damı çökür, abidələr, heykəllər dağılırdı.
Partlayışın başlanğıcı - ağ bulud - maqmada qazın təzyiqinin süxurların bərkliyinə üstün gəldiyi anda qədim vulkan boğazından daş tıxacın atılmasına bənzəyirdi. Sonra üst səthi, vulkan bünövrəsinə yaxın olan maqmanın təzyiqin kəskin düşməsindən elə bil ki, qaynayırdı. Bu proses zaman daxilində partlayışın uzanma müddətini xatırladırdı. Qazların ani vaxtda genişlənməsilə əlaqədar olaraq maqmanın üst hissəsi pemzaya çevrilir, aşağıdan isə maqmanın yeni hissəsi daxil olurdu, ərintinin vulkan boğazından böyük qüvvə və sürətlə qızmar qazları atması zamanı yaranan partlayışları reaktiv mühərrikin işləməsilə müqayisə etmək olardı. Vulkanın dərinliklərindən şiddətlə çıxan qazlar özü ilə böyük miqdarda pemza çıxarırdı. 10-11 saat ərzində aramsız püskürmə nəticəsində pemza sütunu 20 km yüksəkliyə çatdı, hər saat yer səthinə 15-25 sm qalınlığında pemza fapifləri (diametri 7 sm-ə kimi olan kiçik qırıntılar) düşürdü.
Məhz bu birinci, həddən artıq güclü, yavaş-yavaş baş verən kimi görünən partlayış 2,5-2,7 m qalınlıqlı qatla Pompey şəhərini örtən pemza qırıntılarının əsas kütləsini vermişdi. Bütün burada baş verənlər, uzaqdan da olsa, Karl Bryullovun “Pompeyin son günü" adlı rəsm əsərini xatırladır. Rəsmdən göründüyü kimi, qorxuya düşmüş əhali həyəcan içərisində şəhərdən qaçıb uzaqlaşır, vulkan tullantılarının yaratdığı qara buludlar arabir şimşək kimi çaxır, tökülən tufların ağırlığından evlərin damı çökür, onları bəzəyən abidələr dağılırdı.
Böyük Pliniyin gəmiləri Neopolian körfəzinin böyük hissəsini sürətlə keçərək, sıx kül tökülən və havası daha da istiləşən zonaya daxil oldu. Gəmilərin də üzərinə pemza qırıntıları, lava (vulkan ağzından çıxan odlu maye) parçaları tökülməyə başlayır. Sahil bir neçə metr qalxdığından, müasir Torre-Annunsiataya yan almaq mümkün olmur və Pliniy Pomponianı, dostu və Pomponi Sekundun oğlunu xilas etmək üçün Stabi sahillərinə üzməyi (orada kül düşməsi o qədər də güclü deyildi) qərara alır. Stabi Pompeydən cəmisi 8-10 km aralıda yerləşirdi, deməli, əsas pemzadüşmə zonası dar olmuş və düz Pompeydən keçmişdir.
Lakin güclü şimal küləyi onların Stabidən uzaqlaşmasına imkan vermədi. O gecəni Pliniy Pomponianın evində qalmağa məcbur oldu. Pliniyin cəsarətinə ancaq heyrət etmək olar: bu zaman tez- tez baş vərən yeraltı təkanlardan binanın tərpənməsinə baxmayaraq, o, şam yeməyi yedi, vanna qəbul etdi və rahatca yatdı. Səhər sübhdən o, dəniz sahilinə çıxdı. Hər tərəf zülmət qaranlığa bürünmüşdü, göydən isə yüngül, məsaməli pemza tökülürdü. Pliniy açıq yelkən üzərinə uzanaraq, öz yol yoldaşları kimi özünü pemzalardan qorumaq üçün başını yastıqla örtmüşdü. Hava tezliklə istiləşdi və hamı güclənən kükürd iyini hiss etdi. Pliniy iki qulunun köməyilə ayağa qalxdı və tez də yerə yıxıldı. Avqustun 26-da, faciənin demək olar ki arxada qaldığı vaxt, Böyük Pliniyin cəsədi sahildə tapılmışdı.
25 avqustda Vezuvinin isti nəfəsinin Stabidə hiss olunması püskürmənin ikinci dəfə daha da güclənməsinin nəticəsi idi. Qazlarla doymuş maqma vulkan boğazının üst hissəsində toz halına çevrilmiş və yandırıcı duman şəklində vulkanın ətrafını örtmüşdü. Məhz belə isti duman şəhərdə qalan əhalinin və o cümlədən Böyük Pliniyin ölümünə səbəb olmuşdu. Ölənlər qazılıb tapılır, öyrənilir və bununla da onların boğularaq ölməsi qənaətinə gəlinirdi.
Bu zaman vulkandan qərbdə leysan yağışları yağırdı (belə hallar vulkan püskürməsi zamanı tez-tez baş verir). Su ilə dəymiş kül və pemza qatı güclü qaynar palçıq axınları ilə laxarlar şəklində vulkanın ətəyinə can atırdı. 25 avqustda səhər tezdən bir-birinin ardınca gələn üç laxar axını dəniz sahilində yerləşən Herkulanum şəhərini örtərək bir anda bütün canlıları məhv etdi. Qazıntılar zamanı aydın olur ki, əhali qəfildən yaxalanmışdır və bunu sıx laxar kütləsi içərisində tapılan insan sümüklərindən ibarat skeletlərin vəziyyəti bir daha təsdiq edir.
Səhər saat altıdan doqquza qədər ardıcıl olaraq Vezuvinin bir neçə yeni partlayışı nəticəsində bir metrdən çox qalınlıqlı kül və pemza, demək olar ki, Pompey, Stabi və başqa kiçik kəndləri tamamilə öz altına aldı.
Mizenoda baş vermiş 25 avqust hadisələrini Kiçik Pliniy təfərrüatı ilə qələmə almışdır. Böyük Pliniy avqustun 24-da gündüz Mizenodan üzüb uzaqlaşdıqdan sonra qardaşı oğlu gündəlik qayğılarına qayıtdı: əyləndi, çimdi, yedi, yatdı. 25-i səhər külək istiqamətini dəyişdiyindən Mizeno üzərinə qara kül dumanı yağmağa başladı. Əhali dahşət içində şəhəri tərk edirdi. Kiçik Pliniy öz anası ilə şəhəri tərk etmək məcburiyyətində qaldı. Mizeno burnunda o, sahilin qalxmasını və yaxınlaşan qaynar duman içində odlu qırıntıları gördü. Yolla qaçan insan izdihamı tezliklə zülmətə büründü, qışqırıq, inilti, körpələrin ağlaşması eşidilirdi. Əhali ağlını itirmişdi, arxada gələnlər öndə gedənləri ayaqlayıb əzirdi. Tez-tez üst- başı çırpmaq lazım gəlirdi, çünki, göydən yağan kül adamı başdan ayağacan örtürdü. Oturub istirahət etmək istəyənlər diri-diri yerindəcə kül altında basdırılırdı.
Belə vəziyyət bir neçə saat davam etdi, günortadan sonra kül dumanı seyrəldi və onun arasından hətta günəş boylanmağa başladı. İnsanlar yavaş-yavaş özlərinə gəlir, hələ də sağ qaldıqlarına inana bilmirdilər. Zəlzələnin hələ də davam etməsinə baxmayaraq, Pliniy anası ilə Mizenoya qayıtdı. Axşama yaxın vulkan püskürməsi zəiflədi, avqustun 26-da isə onlar Stabiyə gəlib çıxdılar və əmisinin cəsədini tapdılar.
Vezuvinin son “nəfəsi” şüşəvari küllərin və kiçik pemzalı fapiflərin atılması ilə müşayiət olunurdu. Vulkanın daşıyıcı borusu (kanalı) və maqma ocağının üst hissəsi lavadan azad olduqdan sonra halqavari sınma şəklində vulkan konusunun çökməsi başladı və diametri 4 km-ə yaxın, perimetri 12,5 km olan geniş vadi kalder əmələ gəldi. Onu Monte-Somma adlandırdılar. Məhz Monte-Somma kolderində sonradan Vezuvi vulkanının müasir konusu yarandı. Kolderin çatları ilə maqma qalxmağa başladı və lava axınları şəklində vulkanın məskunlaşmamış şimal ətəyinə axmağa başladı. Vezuvi yaxınlığında məhsuldar, bərəkətli ərazi iki gün ərzində boz, həyatsız səhraya çevrildi.
Pemza ilə örtülmüş, palçıq axınları altında basdırılmış şəhərlər tədricən meşə ilə örtüldü, demək olar ki, 1500 ilə yaxın zaman kəsiyində insanların hafizəsindən silindi. XVI əsrin axırlarında Samo yaxınlığında quyu qazarkən arxitektor Domeniko-Fontina təsadüfən divarın qalıqlarına və qədim divar naxışlarının qırıqlarına rast gəldi.

VEZUVİNİN SONRAKI TALEYİ
79-cu ilin avqust ayından sonra Vezuvi vulkanı, demək olar ki, 100 il müddətinə sakitləşdi, ancaq 172-ci ildə yenidən fəaliyyətə başladı. Püskürmələrin sayı 80-dən çoxdur. Onların arasında çox güclüləri də olmuşdur: məsələn. 1631-ci il dekabr ayının 16-da 7 min nəfər insan tələf oldu, 15-dən çox şəhərcik isə palçıq axını ilə dağıldı. XVII və XVIII yüzilliklər - Vezuvinin böyük aktivlik vaxtı hesab olunur. Püskürmə XIX əsrdə də davam etmiş, son həddə isə 1906-cı ildə çatmışdır.
172-ci ildən başlayaraq qədim kolderdə yeni vulkan konusu - 1322 m hündürlüyündə müasir Vezuvi əmələ gəlməyə başladı. 1905-ci il may ayının sonunda konusun üst hissəsində çallar əmələ gəldi və bu çallardan lava axmağa başladı. Maqmanın səviyyəsi vulkan boğazından aşağı düşdükdə müxtəlif yerlərdə çatlar əmələ gəlir və yox olurdu. 1906-cı il aprel ayının 6-dan 22-nə kimi püskürmə maksimum həddə çatdı, qaz dumanı 13 km yüksəkliyə qalxdı. Qaz partlayışı çox dəhşətli idi. Göydən tökülən tuf Ottaviano, San-Cuzeppe, Somma-Vezuviana şəhərlərini qismən dağıtdı. Aprel ayının 8-da səhər güclü partlayış baş verdi, lakin qaz partlayışlı olduğundan vulkan külünün miqdarı az oldu. Bütün bu kataklizmlər vulkan zirvəsinin hündürlüyünün aşağı düşməsinə (hal-hazırda onun hündürlüyü 1281 m-ə çatır), kraterinin isə 650-700 m-dək genişlənməsinə səbəb oldu.
1944-cü ildə ABŞ qoşunlarının İtaliyaya çıxarılması zamanı Vezuvi yenidən canlanmağa başladı və bir həftə ərzində ətraf ərazilər kül və tufla örtüldü. Bunun nəticəsində amerikalılar buradan çıxmağa məcbur oldular və gedərkən çoxlu hərbi sursat və təyyarələr qoydular. Vezuvinin ətəyində yaşayan yerli əhali də buranı tərk etdilər. O vaxtdan sonra vulkanın fəallaşması müşahidə olunmadı.

VEZUVİ BU GÜN
Bizim günlərdə vulkan özünü dinc va sakit aparır. Onun zirvəsinə çox asanlıqla çıxılır, yolun çox hissəsi Herkulanumdan avtobusla qət edilir. Yol Monte-Somma kolderinin qərb hissəsinə qədər uzanır, oradan 1895-ci il püskürməsinin qalıqları olan tuf çöküntüləri və dalğavari lava axınları müşahidə olunur. Daha sonra bu yol 1944-cü il lava axınlarını və öz növbəsində onları örtən 1872 və 1899-cu illərin lavalarını, Koliye- Umberto və Atrio-Kavallo lava günbəzlərini kəsir. Kolderin dik və qismən asılı divarlarından şaquli daykalarla kəsilən lava axınlarını, lavabrekçiyaları və tufları seyr etmək mümkündür. Bütün bunlar əvvəlki vulkandan, yəni 79-cu il fəlakətli püskürməsindən qalan qalıqlardır.
Yolun sağ tərəfindən Vezuvinin müasir zirvəsinə qalxan yol başlayır. Kraterə nəzər saldıqda onun dik divarlarında aydın şəkildə növbələşən vulkanik süxurlar və 1944-cü il püskürməsinin qalıqları olan tünd lavalar gözə çarpır. Yamaclarda müxtəlif püskürmələrin lava axınları izlənir. Onlar bir-birini örtərək “zireh” əmələ gətirir. Vulkanın zirvəsindən ətrafa çox gözəl mənzərə açılır: buradan Neapolitan körfəzi, Kapri adası, Neapol və Pompey şəhərləri elə bil ki, ovucun içi kimi görünür. Bax bu da öz əzəməti və gözəlliyi ilə gözlərimiz önündə canlanan dəhşətli və faciəli Vezuvi vulkanının hekayəti.

ULURU - AVSTRALİYANIN QIRMIZI DAĞI
Avstraliyanın Sidney opera teatrının binası və ekzotik koala, kenquru, ördəkburun heyvanları ilə yanaşı, əsas rəmzlərindən biri də Ayers Rok adı ilə də məşhur olan Uluru dağıdır. Bu qırmızı qumdaşı süxurundan təşkil olunmuş nəhəng monolit, demək olar ki, kontinentin lap ortasındadır. O, sirr və əfsanə haləsilə əhatələnmiş və min illər boyu aborigenlər üçün müqəddəs yer olmuşdur.
Monoliti gördükdə səyahətçinin birinci keçirdiyi heyrət hissidir. Tikanlı qaba ot basmış qumlu yastı düzənliyin ortasında göz qabağında qəflətən qaya, yaxud da dağ canlanır. Dağ üçün Ulum alçaqdır, qaya üçün isə olduqca girdədir. Hər şeydən çox o, iri çörək kömbəsini və ya gizli qüvvə ilə buraya tullanılmış nəhəng çaydaşını xatırladır. Ulurunun dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 345 m-dir. Monolitin uzunluğu 3,1 km, eni 2 km, perimetri 9,4 km-dir; onun ətrafını iki saata ancaq dolanmaq olar. Bitki kökləri Ulurunun səthində möhkəmlənə bilmədiyindən o tamamilə çılpaqdır.
Bununla belə, unudulmaz təsir bağışlayan Ulurunun ölçüləri deyil, hər gün Günəşin doğması ilə başlanan və onun qürubu ilə sona çatan heyrətamiz "rənglər tamaşası” səhnəsidir. Sübh şəfəqləri altında qaya qara və ya tünd-bənövşəyi rəng alır, günəş qalxdıqca isə qırmızı və çəhrayı rənglərin çalarlarına boyanır. Günorta o, portağal kimi narıncı, qürub çağı isə al-qırmızı rəngə çevrilir. Axşamdan keçmiş monolit qəhvəyi rəng alır və çökməkdə olan qaranlıqda əriyərək yox olur. Turistlər rənglərin heyranedici şıltaqlığından xüsusi zövq almaq üçün bütpərəstlər kimi buraya axışırlar. Uluru hətta avstraliyalı modelyerləri qəhvəyi, narıncı və qırmızı rənglərin ən müxtəlif çalarları əsasında yeni-yeni kolleksiyalar yaratmağa sövq edərək, onlar üçün ilham mənbəyi rolu oynayır.
Rənglərin məhz belə narıncı-qırmızı qamması bəs haradandır?! İş burasındadır ki, monolit qranitin aşınması hesabına əmələ gəlmiş kobud dənəli boz arkoz qumdaşılarından təşkil olunmuşdur. Aparılmış analizlər onun tərkibində çöl şpatının kvars və dəmir oksidinin miqdarının yüksək olduğunu göstərir. Səhra iqlimi şəraitində fiziki və kimyəvi aşınmaya məruz qaldığından qumdaşının Günəşə doğru yönəlmiş səthi heyrətdoğuracaq qırmızımtıl qəhvəyi rəngə boyanır: “paslı” (qırmızı-qonur) rəngi monolitə dəmir oksidi verir. Aşınmaya daha çox məruz qalmış səth laylarının pulcuqlar şəklində “soyulması” qumdaşının girdə forma almasına səbəb olmuşdur.
Kembriyəqədərki vaxtdan (570 mln ildən çox bundan əvvəl) indiyədək Avs-traliya kontinentinin mərkəzi hissəsinin relyefi ciddi dəyişikliyə uğramamışdır. Onun səthinin uzun müddət dağılmaya (dənudasiyaya) məruz qalması nəticəsində platformanın kristallik özülünün çıxıntılarında dağ “adaları” olan geniş düzənliklər əmələ gəlmişdir.
Ulurudan 100 km cənubda Masqreyv silsiləsi uzanır. Alimlər hesab edirlər ki, o, 550 mln il bundan əvvəl əmələ gəlmiş və sonra 200 mln il müddətində eroziya nəticəsində dağılmışdır. Masqreyv və başqa ada (masa, şahid) dağların çöküntüləri o vaxtlar onların ətəklərində, ola bilər ki, hətta dənizin dibində toplanmışdır. Məhz bu çöküntülərdən də Ulurunu təşkil edən arkoz qumdaşıları əmələ gəlmiş, dəniz isə sonralar həmin ərazinin qalxması nəticəsində oranı tərk etmişdir.
Paleozoyun sonu - Mezozoyun əvvəllərində (230 mln il əvvəl) üfüqi yatımlı qumdaşı layları güclü tektonik hərəkətlər nəticəsində sıxılmış və təxminən şaquli vəziyyətə gətirilmişdir. Odur ki, onların quruluşunun bütün xüsusiyyətləri - daha möhkəm və daha yumşaq laylar indi aşkar görünür. Arkoz qumdaşı bloku monoliti tektonik hərəkətlər nəticəsində azca qaldırılmış vəziyyətdədir. Əslində, buz dağlarında olduğu kimi, onun yalnız yer səthinə çıxan hissəsi görünür, həqiqi qalınlığı isə daha çoxdur və bəzi hesablamalara görə 6 km-dəkdir. Əmələ gəldiyi vaxtdan indiyə qədər Ulurunun görünüşü xeyli dəyişmişdir. Yüksək və aşağı temperaturun növbələşdiyi səhra iqlimi, monolitin bitkilərlə mühafizə olunmaması, müxtəlif möhkəmlikli layların mövcudluğu - bütün bunlar onun dağılması üçün əlverişli şərait yaratmışdır. Yamaclarında dərinliyi bəzən bir neçə metrə çatan erozion şırımlar əmələ gəlmişdir. Buna nadir hallarda baş vərən tufanlı leysan yağışlar zamanı monolitin səthindən axan sellər səbəb olur.
Erozion şırımlardan başqa, burada süxurların aşınmasının nəticəsi də yaxşı müşahidə edilir. Onlar diametri bir neçə metr, dərinliyi 4-8 m olan girdə çuxurlarla-tafonlarla təmsil olunmuşdur. Bunlar aşınma materialının küləklə asanlıqla sovurulması nəticəsində əmələ gəlir. Bəzən qonşu tafonlar birləşərək, gözəl daş şəbəkə relyefi əmələ gətirir. Ulurunun ətəklərində dəniz dalğalarının fəaliyyətinin izlərini çox xatırladan xeyli mağara görmək mümkündür. Əlbəttə, ən yaxın dənizdən yüzlərlə kilometr aralıda olan bu yerdə hər hansı bir dalğa fəaliyyətindən danışmağa dəyməz. Ən geniş mağaraların hündürlüyü bir neçə metrdir. Onların divarları içəri tərəfdən küləklə hamarlanmışdır.
Daş şəbəkələr yamacların uçmasına şərait yaradır. Bu nadir, lakin iri uçqunların baş verməsinə Ulurunun ətəklərindəki böyük qaymaların mövcudluğu dəlalət edir. Yamacın dibində yeganə su mənbəyi - ətrafında kiçik vahə əmələ gəlmiş bulaq vardır. Kenqurular su içməyə bu bulağa gəlir, bitkilərin toxumları ilə qidalanan quşlar da burada məskunlaşır.
Ulurunu ilk dəfə 1873-cü ildə Vilyam Kristin Qross təsvir etmiş və onu Cənubi Avstraliyanın qubernatoru, eyni zamanda şimal torpaqlarını idarə edən Henri Ayersin şərəfinə Ayers Rok adlandırmışdır. Aborigenlərin təkidilə XX əsrin 70-ci illərində əvvəlki Uluru adı qaytarılmışdır. Ulurunun çoxsaylı mağaralarının divarları son 100 il bundan əvvəl çəkilmiş şəkillərlə örtülüdür. Bu, Yer kürəsində həyatın əmələgəlməsi haqqında əfsanələri və kontinentin yerli sakinlərinin məişətinin təsvirini əks etdirən ən yaxşı rəsmlərdir.
Yerli əfsanədə deyildiyi kimi, Uluru aborigenlərin ulu babaları tərəfindən salınmış “yuxugörmə cığırlarından" birinin istiqamətini göstərən əlamətdir. Əvvəllər amorf (formasız) olan Yer kürəsinin “yuxugörmələr əyyamında” müəyyən formaya düşdüyü vaxtlar Uluru yaxınlığında fövqəltəbii qabiliyyətə malik heyvan-adam qəbilələri: kenquru- adam, ilan-adam, emu-adam yaşayırdı. Onlar harada olsaydılar, harada dayansaydılar, ətrafda hər şey canlanırdı, landşaft dəyişirdi. Yerin altından bulaqlar qaynamağa başlayırdı, sonralardan müqəddəsləşən dağlar əmələ gəlirdi.
Heyvan-adamlar aborigenlərin həyatında hələ də mühüm rol oynayan “yuxu-görmə cığırlarını” məhz qitəni gəzib- dolaşdıqları zaman salmışlar. Onların sirri və yerləri nəsillərdən nəsillərə mahnılar, rəqslər, qayaüstü rəsmlərlə ötürülür. Bəzi yerli avstraliyalılar bu gün də özlərini ulu babalarının onlara vəsiyyət edərək yadigar qoyduqları bu müqəddəs landşaftın və onun mərkəzi kimi Ulurunun mühafizəçiləri hesab edirlər.
1977-ci ildən Uluru milli və ümumdünya əhəmiyyətli biosfer qoruğunun tərkibinə daxildir və YUNESKO-nun siyahısına salınmışdır. Onun 3500 ha olan ərazisində 150 növ quş, 22 növ məməli heyvan məskunlaşmışdır. 1987-ci ildə qoruq dünya irsi abidələrinə aid edilmişdir.

“YER VƏ İNSAN”