Yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək davam edəcək

Fevralın 23-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qrızda 3, Altıağac, Qubada 1 santimetr olub.

Düşən yağıntının miqdarı Qubada 3, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 millimetrədək olub.

Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Yevlax, Yardımlı, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək.