YAŞAYIŞ MÜHİTİ VƏ TOLERANTLIQ HƏDDİ
Heyvanlar və bitkilər ən müxtəlif yerlərdə məskunlaşır. Başqa sözlə, hər bir növün öz yaşayış mühiti olur. Sığın üçün yaşayış mühiti kilometrlərlə uzanan meşələrdirsə, qarışqa koloniyası üçün dünya meşə kənarındakı kiçik bir yerlə məhdudlaşır. Bəzi heyvanlar həyatları boyu böyük məsafələrə miqrasiya edərək müxtəlif iqlim zonalarında, hətta müxtəlif qitələrdə yaşayış mühiti tapırlar.
Digər heyvanlar isə hətta uzaq məsafələr qət etmədən yaşayış mühitini dəyişirlər (məsələn, cırcıramalar dibində sürfələrinin süründüyü nohurlar üzərində uçurlar). Birhüceyrəli infuzoriyalar kimi evdə oturanlar da var, onların həyatı bütün sevinc və kədərləri ilə birlikdə iki kub santimetrlik dəniz qumluğunda keçir.
MÜHİTİN AMİLLƏRİ - ŞƏRAİT
VƏ EHTİYATLAR
Yaşayış mühitləri nə ilə fərqlənir? Məsələn, səhra isti və qurudur, tropik meşə isti və rütubətlidir, tundra isə soyuq və rütubətlidir. Dənizin suyu şor, çaylarınkı isə şirindir. Müxtəliflikləri yenə də saymaq olar. Bunlar hamısı mühitin amilləridir (ekoloji amillər). Amillər müxtəlif olur. Onlardan bəziləri başlanğıcdan qoyulmuş mühitin şərtləri olmaqla bu məkanda hamı üçün eynidir. Bu şərtləri tükəndirmək, başqa orqanizmlər üçün əlçatmaz etmək mümkün deyil. Həqiqətən də, suyun temperaturunu və duzluluğunu öz aralarında nə bölmək, nə də “sərf etmək” olar.
Mühitin digər amili öz yaşamalarını təmin etmək üçün orqanizmlərin yediyi və ya istifadə etdiyi ehtiyatlardır. Sərf edilən məhsula misal olaraq enerjinin və maddələrin mənbəyi olan qidanı göstərmək olar. Fasilə zamanı şagirdin yediyi buterbrod onun qida ehtiyatıdır. Lakin “sərfetməni” daha geniş mənada başa düşmək lazımdır. Məsələn, buterbrod yeyən həmin şagirdin məktəb yeməkxanasında arxasında oturduğu masanı götürək. Əlbəttə ki, şagird masanı yemir. Lakin başqaları üçün onun yeri artıq əlçatmaz olur.
Şərtlərdən fərqli olaraq ehtiyatlar daim tükənən və müəyyən miqdarda olmaqla orqanizmlərin həyat fəaliyyəti nəticəsində azalır.
İSTİLİK VƏ SU
Temperatur bütün canlı varlıqların yaşaması üçün ən vacib şərtlərdən biridir. Biokimyəvi reaksiyaların əksəriyyəti müəyyən temperatur olduqda normal gedir. Çox aşağı temperaturda mübadilə prosesi zəifləyir (hər 10°C temperatura 2-3 dəfə) və orqanizmlərin aktivliyi aşağı düşür, həddən artıq yuxarı temperaturda isə fermentlərin işi pozulur. Ona görə də bütün orqanizmlər öz istilik rejimini tənzimləməlidirlər, halbuki onlar buna müxtəlif cür nail olurlar. Yer üzərində qütblərdəki -60°C-dən səhralardakı 60°C-yə qədər temperaturda həyatın mövcud olmasına baxmayaraq, hər bir növ özünün istilik diapazonu ilə məhdudlaşır. Belə ki, əgər durna balığı 0°C-dən 35°C temperatura qədər davam gətirirsə, tropik balıqların çoxu temperatur 15°C-dən az olduqda, ala balıq isə temperatur 20°C-dən bir az çox olduqda artıq özünü pis hiss edir. Qütb balıqlarının bəzilərində, məsələn, treskada və buz balığında xüsusi maddə - antifriz əmələ gəlməsi sayəsində onlar -2°C temperatura dözürlər.
Temperaturu hissetmə müxtəlif inkişaf mərhələlərində eyni növlərdə belə fərqlənə bilər. Sürfələri soyuq suda inkişaf etmədiyi üçün dəniz balıqlarının əksəriyyəti şimal dənizlərində artmırlar. Lakin iri fərdlər okean axınları vasitəsilə şimala keçdikdə orada tam normal yaşaya bilirlər.
Növlərin əksəriyyəti üçün inkişaf sürəti onların müəyyən müddət ərzində “topladıqları” istiliyin miqdarı ilə təyin edilir. Belə ki, çəyirtkənin yumurtada inkişafı üçün 20°C temperaturda 17,5 sutka, 30°C-də isə cəmi 5 gün vaxt tələb olunur. Bitkilərin çiçəklənməsi və bəzi quşların mövsümi miqrasiyası da istiliyin miqdarından və onun təsir müddətindən asılıdır.
Canlı orqanizmlər, əsasən, sudan ibarət olduqlarına görə quruda yaşayanların suya olan tələbatının ödənilməsi həyatları üçün çox vacibdir. Çox vaxt hesab edirlər ki, su problemi ancaq səhralarda yaşayanlarda olur, lakin bu, belə deyil. Vaxtı ilə qurunu da mənimsəmiş heyvanların əksəriyyəti (məsələn, suda-quruda yaşayanlar, molyusklar, yağış soxulcanları) hələ də quraqlıqdan qorunmaq üçün etibarlı müdafiə əldə etməmiş və havadakı rütubətin 100%-ə yaxın olmasına ehtiyac duyurlar. Hətta rütubətin azca enməsi onlar üçün qorxuludur.
Bitkilər üçün yalnız rütubətin orta miqdarı deyil, onun müntəzəm olması, həmçinin torpağın rütubəti saxlama qabiliyyəti də vacibdir. Məsələn, qumda tez bir zamanda suyun çox hissəsi dərinliyə gedir və ya buxarlanır. Lakin torpağın özünün yüksək rütubətli olması da bəzən kifayət etmir. Məsələn, yüksəkliklərdə yerləşən bataqlıqlarda və tundrada su çatışsa da, mamırlar və torf suyu pis keçirdikləri üçün burada torpaq havadan hiss olunacaq dərəcədə soyuqdur. Belə torpaq fizioloji quru olduğundan soyuq rütubət bitkilər üçün əlçatmaz olur. Bundan başqa, həll olunmuş humin turşuları (məhv olmuş bitkilərin bir hissəsinin dağılması nəticəsində əmələ gəlir) sayəsində bataqlıqlarda su çox turş olur və bu da köklərin funksiyalarını pozur. Buna görə də bataqlıq bitkiləri “dizlərinə qədər suda” dayandıqlarına baxmayaraq rütubətə qənaət etməyə məcburdurlar.
HAMI QİDALANMAQ İSTƏYİR
Müxtəlif orqanizm qruplarının öz enerji və qida mənbələri vardır.
Karbon qazı (CO2) üzvi maddələrin sintez edilməsi üçün bitkiləri karbonla təmin edir. Bir qayda olaraq ətraf mühitdə bu maddə kifayət qədər olduğundan bitkilərin inkişafında onun həlledici təsiri olmur. Karbon qazı çoxsaylı onurğasızların əhəng törəmələrinin (balıqqulağıları, skeletlər, qınlar) artımında da iştirak edir.
İşıq və karbon qazından başqa bütün orqanizmlər biogen elementlərə - (“həyat verən” elementlərə), ilk növbədə, azota, fosfora, kükürdə, o cümlədən, metallara: kalium, kalsium, dəmir və maqneziuma ehtiyac duyurlar. Lakin bəzi bitkilərin və heyvanlann öz xüsusi meyilləri vardır: belə ki, ayıdöşəyi kolluqlarına alüminium, diatom yosunlarının qınları üçün silisium, radiolyarilərə (dənizdə yaşayan birhüceyrəli heyvanlar) qınlarının inkişafı üçün stronsium lazımdır.
Bütün bu elementlər təmiz halda deyil (onların əksəriyyətinə təmiz halda rast gəlinmir), ionlar və ya daha mürəkkəb molekullar halında, suda həll olunmuş vəziyyətdə mənimsənilirlər.
Bitkilərin torpaqdan qidalı maddələri götürmək imkanları kök sisteminin quruluşundan asılıdır. Bu, bir çox hallarda eyni sahədə müxtəlif növlərin qalıb yaşamasını müəyyənləşdirir. Heyvanlar müstəqil olaraq üzvi maddələr sintez edə bilmirlər. İlk olaraq bu maddələri digər canlı orqanizmlərdən alır, daha sonra isə özləri də başqa orqanizmlərə qida olurlar.
Heyvanların bu və ya digər kimyəvi birləşmələrə tələbatı müxtəlifdir. Məsələn, bütün məməlilərə sinir sisteminin normal işləməsi üçün natrium lazımdır. Ot yeyən heyvanlar onu qida ilə çox az alırlar və buna görə də əlavə mənbələr axtarırlar (bu səbəbdən də sığınlar və atlar duzu belə çox xoşlayırlar). Digər misal - askorbin turşusu (C vitamini). Onurğalıların əksəriyyəti bu vacib maddəni sintez etmək qabiliyyətinə malik olsalar da primatlar, o cümlədən insanlar bu qabiliyyətdən məhrumdurlar. Məməlilər arasında onların bir növ iki “bədbəxtlik yoldaşı” - dəniz donuzu və hind yarasası vardır. Yəqin ki, bu növlərin təkamülü qidada çoxlu C vitamini olan şəraitdə getmişdir.
Təbiətdə bütün canlı varlıqlar bir - biri ilə o qədər sıx bağlıdır ki, bəzən hansı orqanizmin digəri üçün ehtiyat rolunu oynamasını müəyyən etmək çətin olur. Məsələn, dəniz molyuskları ilk əvvəl yırtıcılar üçün yem, onların boş süngərləri isə digər xərçənglərə yuva rolunu oynayır. Süngərlər dağılarkən kalsium alınır ki, bu da bitkilər üçün qida ehtiyatı rolunu oynayır. Sonra bu bitkilər molyusklar tərəfindən qida kimi istifadə olunaraq yeni süngərlərin qurulmasına sərf olunur. Dairə qapanır!
DAHA ƏHƏMİYYƏTLİ NƏDİR?
Təbiətdə istənilən orqanizmə eyni zamanda çoxlu (onlarla və yüzlərlə) faktorlar təsir edir. Onların arasında orqanizmin varlığını məhdudlaşdıran faktorlar da vardır. Bu, ilk növbədə, limit faktorlarıdır, yəni hamıya kifayət etməyən faktorlardır. Belə ki, ali bitkilərin inkişafı üçün tələb olunan elementlər (azot, fosfor, kalium) torpaqda məhduddur. Bu elementlərin azlığı zamanı digər elementlər kifayət qədər olduqda belə böyümə dayanır. Bu “minimum qanununu” XIX əsrdə alman aqrokimyaçısı Yustus Libix kəşf etmişdir. Cüzi miqdarda olan istənilən amil ən vaciblərindən biri ola bilər. Məsələn, meşədə quşların bir növünün miqdarı qidanın miqdarına görə, digərlərinki yuvalamaya görə, üçüncüsününkü isə yırtıcıların çoxluğu ilə müəyyən olunur. Ancaq Libixin qanunu həmişə işləmir. İş ondadır ki, müxtəlif amillər tez-tez bir-biri ilə qarşılıqlı təsirdə olur və onların içərisində limit amilini müəyyən etmək çətin olur. Rütubətin azalması və qidanın çatışmazlığı bitkilərin ziyanverici həşəratlara alaq otuna qarşı davamlılığını azaldır. Əksinə, şəhərlərdə yemin kifayət qədər olması soyuqlara, qida və gün uzunluğuna baxmayaraq quşların Cənuba köç etməməsi üçün şərait yaradır.
Hər bir mühit üçün, canlı orqanizmin dözə biləcəyi məhdudiyyət (minimal və maksimal) anlayışı vardır. Əgər sadəcə olaraq yaşamaq deyil, firavan yaşamaq və çoxalmaqdan söz gedirsə, onda mümkün diapazon daha da daralacaqdır. Belə diapazon tolerantlıq həddi adlanır. Yaşamanın ən yaxşı şərtləri isə optimum sahəsində yerləşir.
“Yer və İnsan”