Azərbaycan boksçusu dünya birinciliyinin finalına yüksəlib

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.

Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb. O, finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.

Qadın boksçu Aynur Mikayılova (57 kiloqram) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

Qeyd edək ki, Azərbaycanın daha 3 boksçusu dünya birinciliyində yarımfinal görüşünə çıxacaq.