Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

28 May – Müstəqillik Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh
adına Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Beynəlxalq Fondu ilə
birgə tədbir keçirib.
Tədbir iştirakçıları cümhuriyyət qurucularının, Ulu Öndər Heydər
Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda
canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad
etdilər.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, Fəxri
mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq
tədbir iştirakçılarını Müstəqillik Günü münasibəti ilə təbrik edərək vurğuladı
ki, yola saldığımız XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm
də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin
yaranması əsri kimi düşdü. O, Məhəmməd Əmin Rəsulzadənin ideyaları
əsasında yaradılan Azərbaycan Demokratik Respublikası Türk və İslam
dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi
dövlət nümunəsi olduğunu bildirdi, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti
qısa ömründə böyuk nailiyyətlər və qalibiyyətlər əldə etdiyini vurğuladı. O
qeyd etdi ki, Ulu Ondərimiz Heydər Əliyevin AXC-nin 80 illik yubileyində
çıxışı siyasi tariximizə qızıl hərflərlə yazıldı.
Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun
prezidenti Cavanşir Feyziyev çıxış edərək müstəqilliyini bərpa etdikdən
sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu
bildirdi. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə bir daha nəzər
salındığını, bu mühüm tarixi və ictimai-siyasi hadisənin milli yaddaşda yeri
və rolunun ətraflı təhlil edildiyini, dövlət quruculuğu təcrübəsi baxımından
hərtərəfli öyrənildiyini vurğuladı. Millət vəkili Azərbaycan Xalq
Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin
xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi
olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika
dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının
yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-
nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə, şair, yazıçı-publisist
Gülzar İbrahimova, filologiya elmləri doktoru Esmira Fuad, Özbəkistandan
gələn qonaqlar – Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin
professoru Gülbahor Ashurova, Özbəkistan Dövlət Pedaqoji İnstitutun
professoru Dilorom Adilova, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini
Gayrat Majid tədbirdə çıxış edərək, cəmi 23 ay yaşayan cümhuriyyətinin
türk toplumlarının istiqlal məfkurəsində dərin iz buraxmasından bəhs
etdilər. Çıxışlarda qeyd olundu ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq
Cümhuriyyəti qədim və zəngin dövlətçilik tarixinə və ənənələrinə malik
Azərbaycanın XX əsr tarixində böyük hadisə olmuşdur. 23 ay mövcud
olmasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının
qurduğu cümhuriyyət Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirib
və bu səbəbdən tarixdə əbədi yaşayacaq. Çıxışlarda AXC-nin mövcud
olduğu 23 ay ərzinə həyata keçirdiyi islahatlar və gördüyü işlərə nəzər
salınıb, həmçinin cümhuriyyət qurucularının sonrakı taleyi haqqında
məlumat verilib. Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən
Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun bütün
demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır. 7 il öncə
Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilməsi də AXC-nin Azərbaycanın dövlətçilik
tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir. Bu gün biz
AXC-nin 107-ci ildönümünü qalib və məğrur xalq kimi böyük qürur və
fəxarətlə qeyd edirik.
Ali məktəb tələbələri Bəxtiyar Vahabzadənin “Bayraq”, Zəlimxan
Yaqubun "Məhəmməd Əmin kişi" şeirlərini səsləndirdilər.
Tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş
videoçarxı izlədilər, “İstiqlalımız əbədidir” adlı kitab sərgisinə baxdılar.
Azərbaycan Xalq Cumhuriyyətinin şərəfinə qoyulmuş abidə və Məhəmməd
Əmin Rəsulzadənin büstü ziyarət edildi.