Vyana yenidən dünyanın ən yaşamalı şəhəri seçilib

Avstriyanın paytaxtı Vyana şəhəri dünyanın ən yaşamalı şəhərləri siyahısında birinciliyi qoruyub saxlayıb.


Böyük Britaniyanın "The Economist” qəzetinin təqdim etdiyi renkinq cədvəlində Vyana Avstraliyanın Melburn şəhərini qabaqlayaraq dünyanın 140 metropolu arasında növbəti dəfə birinci yerə çıxıb.


Həftəlik qəzetə məxsus "Economist Intelligence Unit" analitik mərkəzi tərəfindən artıq ikinci dəfə hazırlanmış renkinqdə Vyana şəhərinə 100 mümkün xaldan 99,1 xal verilib. Renkinqdə şəhərlərin müqayisəsi sabitlik, ictimai-mədəni tədbirlər proqramı, ətraf mühit və səhiyyə kateqoriyaları üzrə aparılıb.


Siyahıda sonrakı yerləri Melburn, Sidney (hər ikisi Avstraliya), Osaka (Yaponiya), Kalqari, Vankuver və Toronto (hər üçü Kanada), Tokio (Yaponiya), Kopenhaqen (Danimarka) və Adeliada (Avstraliya) şəhərləri tutur. Sonuncu yerlərdə isə Laqos (Nigeriya), Daka (Banqladeş) və Dəməşq (Suriya) şəhərləri dayanır.


Qeyd edilməlidir ki, müxtəlif beynəlxalq təşkilatlar və mərkəzlər mütəmadi olaraq dünya şəhərlərinin renkinqini hazırlayır. Onların arasında ən nüfuzlusu insan resursları üzrə "Mercer” beynəlxalq konsaltinq mərkəzinin təqdim etdiyi siyahıdır. Vyana şəhəri həmin siyahıda da on ildən bəri birinciliyi özündə saxlayır.