TƏBABƏT ZƏLİSİ İNSAN ORQANİZMİ ÜÇÜN FAYDALIDIR

b.ü.f.d. Şahvələd Əliyev, c.ü.f.d., dos. Zaur İmraniAMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

Müasir dövrdə insanlar özlərini təbii vasitələrlə müalicə etməyə üstünlük verirlər. Hazırda insanlar təbii bal, arı məhsulları, təbii dərman bitkiləri, süd məhsulları, o cümlədən zülal və mineral tərkibli vitaminlərlə zəngin olan qidalarla müalicə olunurlar. Bununla yanaşı, təbii üsul kimi zəli müalicəsindən də istifadə edirlər.

Təbabət zəlisi. Dünyada zəlilərin 500-ə yaxın, Azərbaycanda isə 17 növü məlumdur. Zəlilərdən insan üçün yalnız bir növü – təbabət zəlisi (lat. hirudo medicinalis) faydalıdır. Zəlilər və o cümlədən də, təbabət zəlisi onurğasız heyvanlar aləminin həlqəvi qurdlar tipinin (lat. Annelida), kəmərlilər (Clitellata) yarımtipinin zəlilər (lat. Hirudinea) sinfinə aiddir. Zəlilər sinfini iki yarım sinfə: qədim (lat. Archihirudinea) və əsl zəlilərə (lat. Euhirudinea) ayırırlar. Qədim zəlilərə yalnız bir dəstə - qıllı zəlilər (lat. Acantabdellida), əsl zəlilərə isə xortumlu (lat. Rhynchobdelida) və çənəli zəlilər (lat. Qnathobdellida) dəstələri aid edilir [1].
Müasir zəlilərin ən geniş yayılmış nümayəndələri əsl zəlilərdir. Təbabət zəliləri əsl zəlilərin çənəlilər dəstəsinə daxildir və onların 3 forması müəyyən edilmişdir:
1. Adi təbabət zəlisi (lat. Hirudo medicinalis);
2. Aptek təbabət zəlisi (lat. Hirudo officinalis);
3. Şərq təbabət zəlisi (lat. Hirudo orientalis) [4].
Qeyd edilməlidir ki, təbabət zəliləri SSRİ-nin ”Qırmızı” kitabına salınmışdır. Hər üç forma təbabətdə geniş istifadə edilir. İndiyə qədər respublikamızın su hövzələrində aşkar edilmiş təbabət zəliləri Hirudo medicinalis növünə aiddirlər.
Təbabət zəliləri bir-birinə çox yaxın olub, sərbəst çarpazlaşmaqla döllü nəsil verirlər. Bu zəlilər həyatının üçüncü ilində cinsi yetkinliyə çatır, ildə bir dəfə yay aylarında bala verir və orta hesabla 6-7 il yaşayırlar. Təbabət zəlilərinin hər biri üçün 40-120 sm3-ə qədər su ehtiyatı kifayət edir.
Təbabət zəlilərinin “kutikula” ilə örtülü kəsici dişcikləri vardır. Zəli qan ilə qidalanır və insan bədənindən qanı sorarkən onun dişciklərinin yeri “Y” formasında qalır. Təbabət zəlilərinin bədəni qurdvari olub, bel-qarın istiqamətində yastılaşmışdır. Uzunluğu orta hesabla 100-120 mm olur, lakin təbiətdə 150-200 mm uzunluğunda olan iri fərdlərə də rast gəlinir [5]. Təbabət zəlilərinin iki - ön və arxa sormacları vardır. Ön sormacda ağız dəliyi yerləşir, o qidalanmağa, arxa sormac isə yapışmağa və hərəkətə xidmət edir.
Təbabət zəliləri məməli heyvanların və qurbağaların qanı ilə qidalanırlar. Bir dəfə doyunca sorduğu qan ilə 6 aya qədər qidalanmadan yaşaya bilir. Bu zəlilər əlverişsiz hava şəraitində, axar suda, gölməçələrdə, gölməçə tipli bataqlıqlarda (sucuq yerlərdə) daşların altında və su bitkilərinin arasında gizlənir, bir müddət rütubətli torpaqda yaşaya bilir və ya orada yuxuya gedirlər. Təbabət zəliləri qida axtarışı üçün göl və gölməçələrin birindən digərinə asanlıqla miqrasiya edirlər. Bəzən, qida axtarışı üçün zəlilər əlverişli havada sudan kənara çıxırlar.
Təbabət zəliləri isti günəşli havada (26-270C) aktiv həyat tərzi keçirir, küləkli və soyuq havada passivləşir, şaxtalı havada isə qış yuxusuna gedirlər. Akvarium şəraitində isə onlar otaq temperaturunda (18-200C) fəal olurlar.
Zəli ilə müalicə - Hirudoterapiya. Təbabət zəliləri müalicə vasitəsi kimi ilk dəfə bizim eradan 200 il əvvəl Halofonalı Nikandr istifadə etmişdir. Daha sonra Hippokrat, Halen, Dhavantari, İbn Sina və başqaları da zəli müalicəsinə müraciət etmişlər. Hippokrat bu qan soran canlı barədə müəyyən bilgilərə malik olmuş, Qədim Romanın böyük tibb mütəfəkkiri Halen itirilən sağlamlığın zəli ilə geri qaytarıla biləcəyini, İbn Sina isə zəli müalicəsinin faydalarının heç bir tibbi prosedurla qazanıla bilinməyəcəyini qeyd etmişdir. Hind təbabətinin banisi kimi qəbul edilən Dhavantari bütün rəsmlərdə bir əlində bal, digərində isə zəli ilə təsvir edilir.
Zəli müalicəsi qədim Misirdə və Çində geniş tətbiq edilib. Yunan və Roma dövründə isə ən yaxşı və səmərəli müalicə üsulu kimi qiymətləndirilirdi. Hətta Misirdə bəzi məzarların üzərində zəlini əks etdirən rəsmlərə hazırda da rast gəlmək mümkündür.
Tarixi mənbələrin araşdırılması nəticəsində məlum olur ki, hələ qədim dövrlərdə Misirdə, Yunanıstanda, İtaliyada, Hindistanda və Çində insanlar zəli ilə müalicə olunurdular. Azərbaycanda isə ilk dəfə 1876-cı ildə Lənkəran, Astara və Masallı rayonlarının su hövzələrində müalicə məqsədi ilə zəli ovuna başlanılmış və qısa bir müddətdə 1,5 mln-a qədər zəli ovlanılmışdır. Hazırda respublikamızın Ağcabədi rayonunun Ağgöl gölü, Masallının Mollaoba kəndi, Şabrannın Nohurlar gölü, Göygölün Zəli gölü və b. ərasilərdə zəli populyasiyasına rast gəlinir.
Zəlinin tüpürcək vəzisində olan Hirudin fermentini 1884-cü ildə tədqiqatçı İ.B.Haycraft kəşf etmişdir. Tədqiqatçılar müəyyən etmişdirlər ki, zəlilərin tüpürcək vəzi sekretlərində mövcud olan 100-dən çox bioloji aktiv maddələr insan qanına daxil olaraq, bir çox xəstəliklərin müalicəsində xüsusi rol oyanyır.

Həkimlər, bioloqlar, kimyaçılar və gen mühəndisləri tərəfindən təbabət zəlilərinin bioloji və fizioloji aspektləri, o cümlədən tüpürcək vəzisi sekretinin tərkibi öyrənilib [3]. Tədqiqatçılar qeyd edirlər ki, təbabət zəliləri əsl formaseptik kiçik biofabrikdir. Aşkar olunub ki, dişlədiyi insana zəlilər vasitəsilə tüpürcək vəzisindən 120-yə yaxın bioloji aktiv ferment yeridilir. Bu canlının ağız suyunda olan Hirudin fermenti qan laxtalanmasının qarşısını alır, qanı duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizimdəki iltihab prosesini aradan qaldırır, immuniteti möhkəmləndirir, infeksiya törədicilərinin inkişafının qarşısını alır, insanlarda insult və infarkt ehtimalını azaldır. Hirudin fermenti eyni zamanda yüksək qan təzyiqi olan insanlarda təzyiqi aşağı salır, dəri xəstəliklərini müalicə edir. Bununla yanaşı, ürək və qan dövranı, stenokardiya, osteoxondroz, sinir, böyrək, ağ ciyər, qara ciyər, mədə-bağırsaq, ginekoloji, göz, astma-bronxit, oynaq, baş ağrıları, artroz, prostat vəzi və s. xəstəliklərin zəli ilə müalicəsi müsbət səmərə verir. Zəlinin hamilə qadınlara, anemiyalı, hemofliyalı, habelə qan təzyiqi aşağı olan xəstələrə tətbiq edilməsi məqsədəuyğun sayılmır.
Qeyd edilməlidir ki, hər zəlidən yalnız bir dəfə istifadə edilə bilər. Zəli qoyulan insanın qanının tərkibi barədə mütəxəssis (həkim) məlumatlı olmalıdır.
Azərbaycanda zəli ilə müalicə. Təbabətdə istifadə olunan ən yararlı zəlilərə Azərbaycanda rast gəlinir. Respublikamızın su hövzələrindən minlərlə zəli kortəbii şəraitdə ovlanılır və satılır.
Son dövrlərə qədər respublikamızda zəlilərin növ tərkibi, habelə təbabət zəlilərinin coğrafi yayılması, sıxlığı, arealı, zəli populyasiyasının strukturunun öyrənilməsi istiqamətində geniş tədqiqat işləri aparılmamışdır [2]. Yanlız 1962-ci ildə Abşerob yarımadasında Məmmədli kəndi yaxınlığında Yanar dağ adlı yerdə zəli yetişdirilməsi üçün nohur düzəldilmiş və oraya Qızılağac körfəzindən gətirilmiş 5600 ədəd zəli buraxılmışdır. Nohur şəraitində zəlilər nəsil vermiş və burada ildə 1 mln-dan çox zəli ovlanmışdır. Lakin sonradan bu işə fasilə verilmişdir. Bu istiqamətdə yalnız 2016-cı ildən başlayaraq AMEA Zoologiya İnstitutunda tədqiqat işlərinə başlanılmışdır.
Qeyd etmək lazımdır ki, təbabət zəlilərinin insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqədar olaraq əhalinin tələbatını ödəmək, ölkəmizdə tibbi turizmi inkişaf etdirmək, eləcə də yeni iş yerlərinin yaradılması məqsədi ilə zəliçilik təsərrüfatlarının inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Problem. Respublikamızda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəlilərin ovlanmasına nəzarət edilir. Buna baxmayaraq, “brakonyerlər” təbii şəraitdə artıb çoxalan təbabət zəlilərini ovlayırlar və qanunsuz zəli biznesi ilə məşğul olurlar. Belə halda təbabət zəlilərinin gələcəkdə nəsli kəsilə bilər. Odur ki, təbiətdə təbabət zəliləri populyasiyasının qorunub saxlanması, habelə qanunsuz zəli ovlanması probleminin aradan qaldırlması üçün süni göllərdə təbabət zəlilərinin yetişdirilməsi zərurəti yaranmışdır.
Hazırda Masallı rayonunun Mollaoba kəndində xırda bir göldə zəli yetişdirilir və ovlanılır. Lakin apteklərin, ictimai və özəl klinikaların, alternativ təbabətin, habelə geniş xalq kütləsinin tələbatını ödəmək, əlverişli və səmərəli biznes fəaliyyəti üçün daha təkmilləşmiş zəliçilik təsərrüfatlarının yaradılmasına ehtiyac vardır. Belə təsərrüfatlarda zəlilər ovlanaraq xüsusi tədarük məntəqələrinə təhvil verilməli və sifarişçilərə realizasiya olunduqdan sonra təqdim edilməlidir.
Təbiətdə zəlilərin nəslinin kəsilməsinin qarşısının alınması üçün zəlilərin (biofabriklərdə) süni yaradılmış göllərdə və nohurlarda yetişdirilməsi həm müalicəvi, həm də iqtisadi cəhətdən daha səmərəli və əlverişlidir.
Perspektiv. Müasir dövrümüzdə zəlilərdən ictimai və özəl tibb müəssisələrində, habelə alternativ təbabətdə geniş istifadə edilir. Son illər Latın Amerikası ölkələrində “Hirudinaria monillensis”, Şimali Amerika ölkələrində isə “Macrobdella decara” zəli növlərinin ağız suyu ekstraktlarından hazırlanmış preparatlar plastik cərrahi əməliyyatlarda tətbiq olunur.
Zəli ilə müalicə, əsasən, Qərbi Avropada məşhur olub, onlar bronxial-astma, ürək xəstəlikləri, hippertoniya (qan təzyiqi) və dəri xəstəliklərini müalicə edirdilər. Hazırda respublikamızda da zəli ilə müalicə geniş vüsət almışdır. Bir çox tibb müəssisələrində və sağlamlıq ocaqlarında zəli müalicəsindən istifadə olunur. Məhz bu baxımdan respublikamızın regionlarında zəli təsərrüfatlarının yaradılması mühüm məsələlərdən biri hesab olunur.
Fikrimizcə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında zəli təsərrüfatlarının yaradılması ilə əlaqədar müəyyən işlərin görülməsində məhz dövlət maraqlı tərəf kimi çıxış etməlidir. Yerlərdə zəli təsərrüfatına maraq artırılmaqla, bu sahə ilə məşğul olmaq istəyən fermerlərə güzəştli əsaslarla uzunmüddətli kreditlər verilməli və onlar 5 il ərzində vergi sistemindən azad edilməlidirlər. Bu amil həm ölkə iqtisadiyyatına, həm də regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərər və bir çox insanların müalicəsində yardımçı rolunu oynayar.

Ədəbiyyat siyahısı
1. Azərbaycanın heyvanlar aləmi, I cild. Bakı: Elm, 2002, 268 s.
2. Əliyev Ş.İ. Təbibimiz - zəli / Həyat, qanun və tərəqqi elmi populyar qəzeti. Bakı: 2016, s. 6
Kazmin V.D. Zəlilər Sizin ən yaxşı təbibinizdir. Bakı: MK, 2010, 76 s.
3. Каменов Ю.Я., Каменов О.Ю. Вам поможет пиявка. Санкт-Петербург: Весь, 2004, 256 с.
4. Жаров Д.Г. Секреты гирудотерапии или как лечиться пиявками. Ростов н/Д: Феникс, 2003, 320 с.

 

"Yer və İnsan"

№/08/İYUL-AVQUST/2018