AZƏRBAYCANIN DƏRİNLİK YARIQLARININ ƏMƏLƏ GƏLMƏSİ VƏ FORMALAŞMA MEXANİZMİNİN YER QABIĞININ TƏKAMÜLÜNÜN GEODİNAMİKASI KONSEPSİYASI MÖVQEYİNDƏN İZAHI

Haqverdi Haqverdiyev,  AMEA Geologiya və Geofizika İnstitutunun “Petrologiya” şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru

Plit tektonikası nəzəriyyəsinin geniş vüsət alması, onun yeni-yeni variantlarının yaranması, geoloji proseslərin təbiətinin obyektiv araşdırılması üçün tədqiqatçıların qarşısında yeni üfüqlər açır. Tərəfimizdən təklif olunmuş Yer qabığının inkişafının yeni modeli də istisna deyildir. Bu modelə görə Yer öz fiziki-kimyəvi xüsusiyyətlərinə görə biri-birindən fərqlənən sferik qatlardan ibarət olduğu üçün bu sferik qatlar Yerin öz oxu ətrafında fırlanmasına müxtəlif reaksiya verir. Məhz bu səbəbdən bu sferaların təmas zonalarında fiziki-kimyəvi faza dəyişmələri baş verir. Həmin faza dəyişmələri qabıqda gedən geoloji proseslərin inkişafında əsas rol oynayır. Belə geoloji proseslərdən biri də dərinlik yarıqları, onların əmələ gəlməsi, formalaşması və təkamülüdür.
Təqdim etdiymiz iş məhz Azərbaycanda dərinlik yarıqlarının plit tektonikası konsepsiyası mövqeyindən araşdırılmasına həsr edilmişdir. Bu regionun ərazisində müxtəlif genetik tip dərinlik yarıqları aşkar edilmiş və çoxsaylı tədqiqatçılar tərəfindən öyrənilmişdir (M.S.Abakelya, 1959; M.Q.Ağabəyov, Ə.V.Məmmədov, 1966; Ş.Ə.Əzizbəyov, Ə.Ş.Şıxəlibəyli, 1966; M.V.Abdulov, 1969; H.A.Əhmədov, M.M.Rəcəbov, R.A.Hacıyev, 1972; M.Ə.Qaşkay, 1956; K.N.Paffenhols, 1948; M.D.Kopp, 1979; V.Y.Xain, 1964; Y.Y.Milanovski, 1962; Ə.Ş.Şıxəlibəyli, 1996 və b.). Əksər dərinlik yarıqları əsasən iki istiqamətdə – ÜmumiQafqaz və Anti Qafqaz – istiqamətli qruplaşmışdır. Bu dərinlik yarıqları geoloji və geofiziki üsullarla öyrənilmiş və onlarla müxtəlif genetik tip faydalı qazıntı yataqlarının bağlılığı bu dərinlik yarıqlarının müxtəlif nəzəri mülahizələr baxımından öyrənilməsini diqtə edir.
Qafqazın qırılmalar tektonikasının öyrənilməsi tədqiqatçıların daimi diqqət mərkəzində olmuşdur. Bu tədqiqatların nəticələri geoloji ədəbiyyatda öz əksini tapmışdır. Əksər dərinlik yarıqları xəritələşdirilmiş, müxtəlif geofiziki üsullarla onların dərinlikləri müəyyən edilmiş, məkan və zaman daxilində xarakter və təkamülü araşdırılmışdır. Dərinlik yarıqlarının Yer qabığının geoloji-tektonik inkişafı və bununla bağlı bir çox nəzəri problemlərin, o cümlədən faydalı qazıntı yataqlarının aşkar edilməsində rolu tədqiq edilmişdir. Lakin bu problematik məsələlər plit tektonikası konsepsiyası baxımından araşdırılmamışdır.
Bununla əlaqədar olaraq, müəlliflər təqdim olunan işdə dərinlik yarıqlarının tədqiqinə plit tektonikası, konsepsiyası, xüsusilə onların özlərinin təklif etdikləri – Yer qabığının inkişafının yeni modeli mövqeyindən yanaşmışlar.
Fikrimizcə hər bir lokal geoloji proses o cümlədən, dərinlik yarıqlarının əmələ gəlməsi miqyasından asılı olmayaraq Yerin ümumi qlobal inkişaf qanunauyğunluqları ilə sıx əlaqədər olduğu üçün, onlar həmin qanunauyğunluqlar çərçivəsində araşdırılmalıdır.
Təqdim edilən modelə əsasən Yer qabığının geotektonik inkişafı – ümumiyyətlə, bütün geodinamik qüvvələrin mənbəyi Yerin öz oxu ətrafında fırlanması ilə əlaqədardır. Araşdırdığımız dərinlik yarıqları şəbəkəsinin əmələ gəlməsi, formalaşması və təkamülü də həmin geodinamiki qüvvələrin inkişafı ilə əlaqədardır.
Yerin öz oxu ətrafında fırlanması ilə bağlı onun sferik qatları – xüsusilə üst qatı – litosfera, müxtəlif dinamik qüvvələrin təsiri altında üst mantiya üzərində qərbdən şərqə doğru hərəkətə məruz qalır.
Digər tərəfdən litosfera eyni zamanda Yerin mərkəzdənqaçma qüvvəsi altında həmçinin qütblərdən ekvator istiqamətində dartılmağa məruz qalır. Bu iki mərkəzdənqaçma və fırlanma qüvvələrinin qarışıqlı təsiri altında litosfera daxilində üçüncü – tangensial qüvvələr də yaranır. Litosferada gedən geoloji proseslərin inkişafı bilavasitə bu qüvvələrin təsiri altında baş verir. Beləliklə, litosferada gedən daima yerdəyişmələr aşağıdakı amillərin təsiri altında baş verir:
1.Litosfera kütlələrinin qərbdən şərqə hərəkət sürəti müxtəlifdir. Bu surət ekvatorda maksimum olub, qütblərdə getdikcə azalır və sıfıra enir;
2.Mərkəzdənqaçma qüvvələri qütblərdən ekvator istiqamətində baş verir;
3.Bu iki amilin qarşılıqlı təsirindən əmələ gələn tangensial qüvvələr isə şimali-şərq və cənubi-şərq istiqamətində baş verir.
4.Litosferin qalınlıqlarının müxtəlifliyinin və sıxlığının təsiri.
Göstərdiyimiz amillərin təsiri altında litosfera kütlələri yerdəyişmə zamanı öz xarakterindən asılı olaraq, ayrı-ayrı bloklara – plitlərə parçalanır və çox vaxt onlar özlərinə məxsus avtonom inkişaf xarakterli təkamül yolu seçir.
Beləliklə, yerin litosferasında sıxılma və gərilmə zonaları əmələ gəlir. Sonradan litosfera qatında gedən geodinamiki qüvvələrin, o cümlədən, geotektonik proseslərin inkişafı zonaların Yer qabığında paylanma şəbəkəsinin xarakterindən asılı olur. Bütün bunların nəticəsi olaraq, Yer qabığının sıxılma zonalarında subduksiya və kolliziya prosesləri, gərilmə zonalarında isə spredinq və riftəmələgəlmə prosesləri baş verir. Bunlar isə özlüyündə yerin dərin qatları ilə dərinlik yarıqları üzrə təzahür edirlər. Dərinlik yarıqları isə litosfera kütlələrinin ayrı-ayrı bloklarının sərhədləri kimi təzahür edir. Məhz dərinlikdə gedən mürəkkəb fiziki-kimyəvi faza dəyişmələri bu dərinlik yarıqları üzrə baş verən vulkanizm, tektonik proseslər, seysmo-aktivlik və s.-lə müşayiət olunur.
Bu göstərilən cəhətlər Azərbaycan ərazisində aşkar edilmiş dərinlik yarıqları üçün də xarakterikdir. Ancaq bizim əsas məqsədimiz Azərbaycan ərazisində yerləşən dərinlik yarıqlarının qlobal yarıqlar şəbəkəsi ilə əlaqəsini aşkar etmək, bu yarıqların formalaşmasında qlobal geodinamiki qüvvələrin rolunu göstərməklə, Yer qabığının inkişafında və təkamülündə bu yarıqların rolunu tədqiq etməkdir. Məlumdur ki, plit tektonikası litosfer-astonosfer plitlərinin üzərində yerdəyişməyə məruz qalmasına əsaslanır. Bu fikir keçən əsrin əvvəllərində fərziyyəvi xarakter daşısa da indi artıq tədqiqatçıların böyük əksəriyyətinin inamına çevrilmişdir. Səbəbi isə odur ki, litosfer plitlərinin, bloklarının, mikroplitlərinin yerdəyişməsini sübut edən çoxsaylı dəlillər meydana çıxmışdır. Xüsusilə paleomaqnetizm əsasında Yerin qütblərinin yerdəyişməsinin birmənalı əsaslandırılması, lazer şüaları vasitəsilə Yer üzərində tərpənməz obyektlərin bir-birinə nisbətən yerdəyişməsi və bu dəyişmənin sürəti artıq inkar olunmaz faktlardır. Litosfer plitləri, blokları, mikroplitləri müxtəlif geodinamiki qüvvələrin təsiri altında məhdud Yer sahəsində (təxminən Yerin sahəsi dəyişmir) dəyişmələrə məruz qalırsa, onda həmin məkan və zaman daxilində litosfera nəhəng və mürəkkəb dəyişmələrə məruz qalır. Bu dəyişmələr əsasən dərinlik yarıqları boyu baş verir, məhz buna görə də dərinlik yarıqlarının tədqiqi həmişə aktual hesab edilmişdir.
Fikrimizcə, həmçinin tərəfimizdən təklif olunan Yer qabığının inkişafının yeni modelinə əsasən dərinlik yarıqlarını iki genetik tipə bölmək olar: Birinci genetik tipə aid edilən dərinlik yarıqları litosfera kütlələrinin Yerin fırlanması ilə əlaqədar Yer qabığında əmələ gələn sıxılma və gərilmə zonaları ilə əlaqədar olanlardır. Bu zonalar bir qayda olaraq, litosfer kütlələrinin qərbdən şərqə doğru differensial xarakterli yerdəyişməsi zamanı əmələ gələrək, meridional və ya submeridional istiqamətdə yerləşirlər. Litosfer kütlələrinin yerdəyişməsinin differensial xarakterli olması isə dəyişməyə məruz qalan kütlələrin müxtəlif qalınlığa və yerdəyişmə sürətinə malik olması ilə bağlıdır. Həmin səbəbdən litosferanı təşkil edən kütlələr eşalonlar formasında hərəkət edir və bu eşalonların sürət fərqindən asılı olaraq, onların təmaslarında xətti yerdəyişmə-sürüşmə baş verir. Sürüşmələr boyu əmələ gələn dərinlik yarıqları transform xarakterli olaraq, bu yarıqlar boyu vulkano-plutonik proseslərin baş verməsilə səciyyələnirlər.
Yerin fırlanması ilə əlaqədar olan sıxılma və gərilmə zonaları geoloji və geodinamiki proseslərin aktivləşdiyi sahələrdir. Həmin sıxılma zonaları subduksiya və kolliziya prosesləri, gərilmə zonaları isə spredinq və riftəmələgəlmə prosesləri ilə xarakterizə olunurlar.
İkinci genetik tip dərinlik yarıqları dağ əmələgəlmə prosesləri ilə əlaqədar olanlardır. Belə dərinlik yarıqları iri subduksiya və kolliziya zonaları boyu formalaşan dərinlik yarıqlarıdır. Həmin dərinlik yarıqlarına And, Kordiyer tip subduksiya zonalarında və Alp qırışıqlıq qurşağının qərb qurtaracağı zonalarında inkişaf etmiş kolliziya ilə əlaqədar olan dərinlik yarıqları misal ola bilər. Bu yarıqlar bir qayda olaraq, subduksiya və kolliziya zonalarına perpendikulyar və ya subperpendikulyar istiqamətində uzanırlır. Belə dərinlik yarıqları dağ sistemlərinin qırışıq-parçalanma, qırılıb-üstəgəlmələrlə mürəkkəbləşdirən tektonik-parçalanma xüsusiyyətlərini şərtləndirən əsas elementlər hesab olunur.
Eyni zamanda xarakterizə etdiymiz dərinlik yarıqları yuxarı mantiyada gedən prosesləri yerüstü ilə əlaqələndirən yarıqlar hesab olub, onlar boyunca tektono-maqmatik proseslərin təzahürü olan vulkanik proseslər, intruziv massivlərin formalaşması və s. geoloji proseslər müşahidə olunur.
Yerdə qalan – yəni təsvir etdiymiz iki genetik tip yarıqlar sisteminə daxil olmayan dərinlik yarıqlarının litosferanın ayrı-ayrı plit, mikroplit və digər blokları ilə qarışıqlı əlaqədə olan dərinlik yarıqlarıdır. Bu tip yarıqların inkişafı əsasən həmin blok-plitlərin fərdi yerdəyişməsi ilə əlaqədar olsa da litosferanı tənzimləyən qlobal geodinamiki qüvvələrin təsirində təcrid ola bilməzlər.
Beləliklə, dərinlik yarıqları, onların inkişafı, Yer qabığında paylanma qanunauyğunluqları, məkan və zamanca təkamülü göstərir ki, onlar Yer qabığında hökmran olan qlobal dinamiki qüvvələrlə tənzimlənirlər. Bu tənzimlənmə mahiyyətcə çox mürəkkəb prosesdir. Bu mürəkkəblik birinci növbədə Yerin qütblərinin yerdəyişməsi ilə bağlıdır. Çünki qütblərin yerdəyişməsi, litosferada baş verən geodinamik qüvvələrin istiqamətini də dəyişir. Ona görə də dərinlik yarıqlarının istiqamətlərinin dəyişməsi bilavasitə qütblərin yerdəyişməsi ilə bağlıdır. Məhz bu səbəbdən ayrı-ayrı zaman kəsiklərində yarıqların istiqaməti qütblərinin yerdəyişməsi ilə bağlı müəyyən qanunauyğunluqla yerləşirlər. Bu qanunauyğunluğun əsas qayəsi – qlobal geodinamik qüvvələrin təsiri ilə əlaqədar olaraq, dərinlik yarıqlarının qütblərin yerdəyişməsinə münasibətdə onların genetik tiplərindən asılı olaraq, meridional və ya en dairələrinə perpendikulyar düzlənməsidir. Bu qanunauyğunluqdan istifadə edərək qeyd etdiyimiz yeni modelə əsasən paleorekonstruksiya zamanı dərinlik yarıqlarının düzülüşünə əsasən müəyyən geoloji dövrlər üçün paleo qütblərin yerini müəyyən etmək olar və əksinə paleoqütblərə nisbətdə ayrı-ayrı yaş qrupu yarıqları ayırmaq olar. Qeyd etmək lazımdır ki, bu qanunauyğunluq qlobal-planetar miqyaslı dərinlik yarıqları üçün qəbul edilə bilər. Yerdə qalan dərinlik yarıqlarının, o cümlədən, plit, mikroplit və başqa litosfera elementlərinin qarşılıqlı münasibətləri nəticəsində formalaşan dərinlik yarıqlarının təbiətinin araşdırılması, daha mürəkkəb xarakter daşıyaraq, onların tədqiqatı xüsusi yanaşma tələb edir. Bu da kompleks şəkildə geofiziki, paleovulkanoloji, aerokosmik, stratiqrafik, fasiya və qalınlıqlar analizi, struktur-tektonik araşdırma və müxtəlif məqsədli xəritələşdirmələr və s. tələb edir.
Plit, mikroplit və digər litosfera bloklarının daxilində formalaşan dərinlik yarıqları da bu qəbilədəndir. Təbiidir ki, onların formalaşmasında litosferada baş verən dislokasiyaların rolu böyükdür.
Beləliklə, qeyd etdiymiz xüsusiyyətlər bütünlükdə litosfera və onu təşkil edən plit, mikroplit və digər bloklarına şamil edilə bilər. O cümlədən, Azərbaycanda aşkar edilən dərinlik yarıqlarının tədqiqatı zamanı da göstərdiyimiz xüsusiyyətlər nəzərə alınmalıdır.
Azərbaycan ərazisində formalaşan dərinlik yarıqları çox mürəkkəb geodinamik şəraitdə baş vermişdir. Bu mürəkkəblik bütünlüklə Qafqazda müxtəlif xarakterli geodinamik qüvvələrin uzlaşması ilə əlaqədardır. Bu regionda bütünlüklə paleozoy-mezokaynozoy vaxtı hökmran olan litosferanın yerdəyişməsilə əlaqədar əmələ gələn sıxılma və gərilmə zonaları ilə yanaşı mezokaynozoyda Rus plitəsi ilə Ərəbistan plitəsi təmasında baş verən kollizion proseslərinin baş verməsi qeyd etdiyimiz mürəkkəbliyin tərkib hissələrindəndir.
Yuxarıda qeyd etdiymiz nəzəri mülahizələr əsasında Azərbaycan ərazisində aşkar edilmiş dərinlik yataqlarını iki genetik tipə ayırmaq olar:
Birinci genetik tipə – litosferanın yerdəyişməsi ilə əlaqədar ən qədimdən bəri formalaşan dərinlik yarıqlarıdır. Onların yaşı böyük interval arasında (paleozoy-mezokaynozoy) dəyişir. Belə çox böyük zaman kəsiyi dövründə əmələ gələn dərinlik yarıqlarının tədqiqatı zamanı onların formalaşma şəraiti ilə əlaqədar bir çox amillər nəzərə alınmalıdır.
1.Onların formalaşdığı zaman kəsiyi;
2.Dərinlik yarıqlarının formalaşdığı geoloji dövrdəki qütblərə münasibəti;
3.Hər bir dərinlik yarığının plit və blokların yerdəyişmə zonası olması;
4. Qövsvari dərinlik yarıqlarının qütblərinin yerdəyişməsi ilə əlaqədar olması;
5.Dərinlik yarıqları üzrə horizontal və şaquli istiqamətdə yerdəyişmələrin müşahidəsi;
6.Yarılmalar boyuca eninə və həm də uzununa qırışıqlıq strukturların əmələ gəlməsinin mümkünlüyü;
7.Yerdəyişməyə məruz qalan litosfer kütlələri və onları hüdudlayan transform xarakterli dərinlik yarıqlarının divergent və konvergent zonalara perpendikulyar və ya subperpendikulyar yerləşməsi və onlar boyunja spredinq, subduksiya və kolliziya proseslərinin baş verməsi;
8.Dərinlik yarıqları boyunca dərin fokslu, həm də qabıq tipli zəlzələlərin baş verməsi;
9.Yerin fırlanması ilə əlaqəli litosfer kütlələrinin dislokasiyası nəticəsində əmələ gələn meridianlara perpendikulyar və ya subperpendikulyar istiqamətli dərinlik yarıqlarının yaşının böyük intervalda (yerin bütün geoloji inkişafını əhatə edən) dəyişməsi, digər dərinlik yarıqlarının müəyyən zaman kəsiyində formalaşmasının nəzərə alınması.

Xarakterizə etdiyimiz biriji tip dərinlik yarıqlarını Azərbayjan ərazisində inkişaf tapmış eninə – antiQafqaz istiqamətli yarıqlara aid etmək olar. Bu tip dərinlik yarıqlarının yaşı mezozoya qədər olanları mezokaynozoy çöküntüləri ilə örtülmüşdür. Mezokaynozoy dövründə formalaşanları isə eninə dislokasiyalar boyunca müşahidə edilirlər. Həmin tip dərinlik yarıqlarının aşkar edilməsi, tədqiqi kompleks geoloji, geofiziki işlərin aparılmasını tələb edir.
Qırışıqlıq zonalarında inkişaf tapmış eninə strukturların tədqiqi ilə bir çox görkəmli tədqiqatçılar, o cümlədən Bertran, Q.Ştills, E.Oq, E.Paracas, İ.Şreder, R.Fyuron, M.N.Tetyayev, V.U.Xain, Y.Y.Milanovski, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli və b. məşğul olmuşlur.
Qafqazda inkişaf tapmış eninə dislokasiyalar M.Ə.Qaşqay (1956) tərəfindən daha ətraflı öyrənilmişdir. O, Krım-Qafqaz regionunda aşkar edilən eninə dislokasiyaların sxematik xəritəsini vermiş və onların faydalı qazıntıların formalaşmasında rolunu göstərmişdir. Lakin bu dislokasiyaların əmələ gəlmə səbəbini aydınlaşdırmağa cəhd göstərməmişdir. Ancaq bu gün dislokasiyaların yaranma səbəbi və Yer qabığının inkişafının digər problematik məsələlərinin aydınlaşdırılmasına uğurlu cəhdlər edilir və əksər vaxtda qənaətediji cavablar tapılır. O cümlədən, Yer qabağında baş verən dislokasiyaların səbəbini də horizontal hərəkətlərin dinamikası ilə bağlamaq uğurlu sayıla bilər. Lakin M.Ə.Qaşqayın (1956) tədqiqatları – Qafqazın eninə disllokasiyaların təsniftı, onlarla əlaqədar maqmatizm, metallogeniya, hidrotermal proseslər, seysmik, palçıq vulkanları, neft və qazlılıq və digər məsələlərlə bağlı söylədikləri fikirlər plit tektonikası nəzəriyyəsinin müddəaları ilə həmahəng səslənir.
M.Ə.Qaşqay (1956) qeyd edir ki, Qafqazda kaledon və hersin qırışıqlığı şimal-qərb, neogen-antropogen qırışıqlığı isə şimal-şərq istiqamətlidir. Onun Azərbaycan ərazisində ayırdığı Dağıstan-Zəngəzur və Şahdağ (Şamaxı) – Talış eninə dislokasiyası meridional istiqamətlidir. Kiçik Qafqaz ərazisində də şimal-şərq istiqamətli vahid zona üzrə üç qrup qırışıqlıq ayrılmışdır. Bunlar Naxçıvanda, Şərqi Arpaçay, Yuxarı TərtərKəlbəcər törəmə muldası və Gəncə yaxınlığında Ağcakənd çökəkliyi.
Eninə dislokasiyalar cənub-şərqi Qafqazda S.V.Zuber (1922), V.A.Qorin (1951) tərəfindən qeyd edilmişdir. V.A.Qorin (1951) qeyd edir ki, Abşeron yarımadasında və onun Qobustan davamında fəaliyyət göstərən palçıq vulkanları şimal-şərq-cənub-qərb istiqamətli dislokasiyalar boyunca düzülmüş və sanki bu dislokasiyalarla əlaqədar pozulmalar Baş Qafqazın cənub-şərq enməsini kəsir. V.Y.Xain və A.N.Şardanov (1955) cənub-şərqi Qafqazda dərinlik yarıqları ilə ayrılan bir neçə eninə pillə qeyd etmişlər. Bunlar Azərbaycan ərazisində Samur çayı, Turyançay-Vəlvələçay, Qonaxkənd-Xaldan-Pirsaat-Ağsu dərinlik yarıqlarıdır.
B.V.Qriqoryans və V.Y.Xain (1958) də Şərqi Qafqazda ümumi qırışıqlıq üzrə eyni vaxtda ona perpendikulyar qırışıqların əmələ gəlməsini qeyd etmiş və bunu struktur planın dəyişməsilə əlaqələndirilmiş, lakin bu dəyişmənin səbəbini göstərməmişlər. Bu səbəbdən də Ə.Ş.Şıxəlibəylinin (1996) tənqidinə məruz qalmışlar. Axırıncının fikrincə eyni zamanda iki istiqamətdə qırışıqların və tektonik pozulmaların formalaşması qeyri-mümkündür.
Onu da qeyd etmək lazımdır ki, eyni zonada uzununa qırışıqlıq zonalarında ona perpendikulyar qırışıqlıqların əmələ gəlməsi mümkündür və onun formalaşma mexanizmi plit tektonikası mövqeyindən, xüsusilə tərəfimizdən verilmiş Yer qabığının inkişafının yeni modeli əsasında asan izah edilir. Uzununa qırışıqlıq və dərinlik yarıqlarının eyni zamanda formalaşması əsasən Yer qabığının müxtəlif istiqamətli bir-birinə perpendikulyar geo-dinamiki qüvvələrinin kəsişdiyi zonalarda müşahidə oluna bilər. Bu xüsusiyyəti həm planetar miqyasda iri miqyaslı meridional və en dairələri üzrə əmələ gələn sıxılma və gərilmə zonalarının kəsişdiyi sahələrdə, həm də eninə dislokasiyaların dağ əmələgəlmə zonalarını kəsdiyi zonalarda müşahidə etmək olar.
Eyni zaman kəsiyində iki istiqamət üzrə əmələ gələn tektonik strukturlar planetar dərinlik yarıqları şəbəkəsi sahələrində formalaşan aralıq silsilələrdə – xüsusilə onların meridional və en dairələri üzrə litosfera kütlələrinin dislokasiya zonalarının kəsişdiyi sahələrdə, okean lojalarında müşahidə olunur. Lakin bu xüsusiyyətin kontinental sahələrdə də baş verməsi mümkündür. Belə ki, əgər biz litosfer kütlələrinin dislokasiya xarakterli yerdəyişməsini qəbul ediriksə, onların Yer qabığında yaratdığı qlobal sıxılma (konversiya) və gərilmə (divergensiya) zonalarını da qəbul etməliyik.
Belə nəzəri mülahizələrin doğruluğunu Qafqaz bölgəsində də görmək mümkündür. Bu bölgə Alp qırışıqlıq qurşağının ən yaxşı tədqiq olunmuş sahələrindən olub, geoloji, geofiziki, kosmik və qazılan quyu materialları əsasında burada bir neçə şimal-şərq istiqamətli eninə strukturlar ayrılmışdır. Həmin strukturlar bir-birinə paralel yerləşməklə dərinlik yarıqları ilə müşayət olunurlar. Onların əmələ gəlməsində və formalaşmasında meridional istiqamətli dislokasiyaların rolu şəksizdir.
Onu da qeyd etmək lazımdır ki, Qafqazda və dünyanın bir çox bölgələrində eninə strukturların bir qayda olaraq bir-birinə paralel yerləşməsini təsadüfi hesab etmək olmaz. Çox güman ki, onların paralel yerləşməsi Yerin fırlanması ilə əlaqədar yaranan geodinamiki qüvvələrin təsiri ilə əlaqədardır. Ona görə qeyd etdiyimiz eninə strukturlar Yer qabığının meridional istiqamətdə yaranan sıxılma və gərilmə zonalarında formalaşması təsadüfi deyildir. Bu zonalar öz miqyasına görə müxtəlifdir və onları şərti olaraq üç qrupa bölmək olar:
Birinci qrupa planetar miqyaslı sıxılma və gərilmə zonalarını aid etmək olar. Bura nəhəng kontinent və okean hövzələrini haşiləyən aralıq okean silsilələri və qlobal dərinlik şəbəkəsini aid etmək olar.
İkinci qrup gərginlik zonalarına nisbətən xırda kontinent və okean plitələrini haşiyələyən və kəsən sıxılma və gərilmə zonalarını aid etmək olar.
Üçüncü qrupa yerdə qalan xırda məhəlli xarakterli gərginlik zonaları aid edilir. Bura plitələr daxili dislokasiyalar, həmçinin kiçik miqyaslı subduksiya, kolliziya və rift zonalarını aid etmək olar.
Qeyd etmək lazımdır ki, səciyyələndirdiymiz gərginlik zonalarının formalaşması litosfera kütlələrinin planetar dislokasiyaları və onları doğuran qlobal geodinamiki qüvvələrlə əlaqədardır.
Qafqaz və ona qonşu regionlarda inkişaf tapmış eninə dislokasiyaları miqyasına görə səciyyələndirdiymiz gərginlik zonalarının üçüncü qrupuna aid etmək olar. Bu zonaların səciyyəvi cəhəti onların bir-birinə paralel yerləşməsidir.
Qafqazda M.Ə.Qaşqay (1964) səkkiz eninə – antiQafqaz dislokasiya zonası ayırmışdır: Bunlar: 1)Krım; 2)Kerç; 3)Qaqra; 4)Stavropol-Elburus; 5)Kazbek-Ağrıdağ; 6)Dağıstan-Zəngəzur; 7)Şamaxı-Talış; 8)Manqışlaq-Qəzvin. Bütün bu zonalar qaldırılmış şəkildə müşahidə edilir və çox güman ki, əyilmə zonaları ilə növbələşirlər. Bu əyilmə qalxma zonaları bir qayda olaraq, dərinlik yarıqları ilə müşayət olunurlar. Belə dərinlik yarıqları Azərbaycan ərazisində də aşkar edilmişdir.
İncivan-Qazax yarıqlar qrupu da bu qəbildəndir. Onlar ilk dəfə Ə.Ş.Şıxəlibəyli (1964; 1996) tərəfindən aşkar edilmiş və öyrənilmişdir. Onun məlumatına əsasən şimal-şərq istiqamətli İncivan-Qazax dərinlik yarıqları üzrə yuxarı yura və yuxarı təbaşir çöküntüləri sahəsində tektonik kontakt müşahidə olunur və onların kontakt üzrə dəyişmə amplitudası 800-1000 m təşkil edir. Bu dərinlik yarıqlarının fəaliyyətilə qraben formalı Qazax çökəkliyi əmələ gəlmişdir. Çökəklik yura, təbaşir, paleogen və pliosen-antropogen çöküntüləri ilə doldurulmuşdur. Bu dərinlik yarıqları uzun inkişaf dövrünü əhatə etməsi, seysmikliliyi, maqma qaldırıcı xüsusiyyətləri ilə səciyyələnirlər. İncivan-Qazax qrup dərinlik yarıqları Kür dağarası çökəkliyində Ə.V.Məmmədov tərəfindən Qazax-Siqnax dərinlik yarığı adı altında təsvir edilir. Həmin dərinlik yarıqları M.Ə.Qaşqayın işlərində Yerevan-Qazax, V.Y.Xainin işlərində Razdan-Ağstafa kimi təsvir edilir. Səciyyələndirdiyimiz dərinlik yarıqlar zonasına paralel cənub-şərq istiqamətində Ə.Ş.Şıxəlibəyli (1996) tərəfindən daha bir neçə dərinlik yarıqları zonaları göstərilir. Bunlar bir-birindən 50-75-100 km məsafədə yerləşən Şəmkir-Əliabad, Xanlar-Xaçbulaq, Murovdağ-Zod, Arpa-Samur yarıqlar zonasıdır. Onların səciyyəvi xüsusiyyətlərinin əsasları – zona yerləşən süxurların parçalanmaya məruz qalmaları, onlar üzrə pilləvari sürüşmə, üstəgəlmələrin inkişafı; bu yarıqlarla əlaqədar olan maqmatik proseslər, o cümlədən vulkanizm təzahürü qeyd edilir.
Ə.Ş.Şıxəlibəyli (1996), Murovdağ-Zod, Tərtər və Xaçınçay dərinlik yarıqlarını birləşdirərək, onları – Arpa-Samur transQafqaz seysmometallogenik zona adlandırmışdır. Bu zona Kiçik Qafqaz, Kür çökəkliyi və Böyük Qafqazı kəsməklə əlamətləri qonşu bölgələrdə də müşahidə olunur.
Azərbaycan ərazisində şimal-şərq istiqamətli eninə dərinlik yarıqları Palmir-Abşeron yarıqlar zonasıdır. Bu zonanın mövcudluğu mübahisəli olub, Kiçik Qafqaz və Talışın mezozoy strukturlarının qeyri-uyğunluğu əsasında ayrılmışdır. Elə buna görə də Talışın geoloji inkişafı avtonom xarakterlidir. Palmir-Abşeron dərinlik yarığı transform xüsusiyyətli olub, Kür çökəkliyində gömrülsə də onun şimal-şərq davamı Abşeronda palçıq vulkanlarının aktivləşməsi ilə səciyyələnərək, yarığın bu gün də aktivliyini saxladığını söyləməyə əsas verir.
Beləliklə, Azərbaycan ərazisində yerləşən şimal-şərq istiqamətli dərinlik yarıqları sisteminin araşdırılması belə nəticəyə gəlməyə əsas verir ki, onların yaşı böyük zaman kəsiyini (paleozoy-mezozoy-kaynozoy) əhatə edərək, Yer qabığını kəsir və yuxarı mantiya ilə əlaqəlidirlər. Bu dərinlik yarıqları boyunca qırışıq strukturlarının formalaşması, intruziv massivlərinin əmələ gəlməsi, vulkanizm təzahürləri, termal bulaqların olması, müxtəlif tip faydalı qazıntı yataqlarının formalaşması da müşahidə olunur.
Azərbaycan ərazisində aşkar edilmiş digər genetik tip dərinlik yarıqları dağ əmələgəlmə proseslərilə əlaqədar olanlardır. Bu tip dərinlik yarıqları Avrasiya və Afrika-Ərəbistan kontinentləri və onlara daxil olan plitə və mikroplitələrin qarşılıqlı əlaqəsi ilə əlaqədar olan kollozion proseslərin nəticəsində əmələ gəlmişlər. Bu proseslərin nəticəsində Qafqazda iki qırışıqlıq zonası formalaşmışdır. Bunlar Kür çökəkliyi ilə ayrılan Böyük və Kiçik Qafqaz qırışıqlıq zonalarıdır. Səciyyələndirdiyimiz genetik tip dərinlik yarıqları əsasən həmin qırışıqlıq zonaları istiqamətində – yəni ümumi Qafqaz istiqamətində, mezokaynozoy dövründə formalaşmışlar.
Ə.Ş.Şıxəlibəylinin (1996) fikrincə, Azərbaycan ərazisində ÜmumQafqaz istiqamətli dərinlik yarıqları müəyyənedici olub, daha qədim yaşlı eninə yarıqları kəsir və onları köklü dəyişmələrə məruz qoyur. Onun verdiyi təsnifata əsasən səciyyələndirdiyimiz genetik tip dərinlik yarıqları – kənar, bloklararası və strukturların sərhədlərini təşkil edən erkən, gec və tam inkişaflı yarıqlara ayrılır.
Azərbaycan ərazisində bir çox ümumiQafqaz istiqamətli dərinlik yarıqları aşkar edilmiş və öyrənilmişdir (Şıxəlibəyli, 1996). Bunlardan şimal-şərqdən cənub-qərbə aşağıdakıları göstərmək olar: Siyəzən, Baş Qafqaz, Qaynar-Zəngi, Acıçay-Ələt yarıqlar zonası, Kür, Kiçik Qafqaz önü, Göyçə-Qarabağ, Laçın-Başlıbel, Ankavan-Syunik və Naxçıvan. Bütün qeyd etdiyimiz yarıqlar zonası və ayrı-ayrı iri dərinlik yarıqları çoxsaylı tədqiqatçılar tərəfindən kifayət qədər dəqiqliklə öyrənilmiş və təsvir edilmişdir. Qeyd etmək lazımdır ki, əksər tədqiqatçılar göstərilən dərinlik yarıqlarının formalaşmasını Alp dövrünün dağ əmələgəlmə prosesləri ilə əlaqələndirirlər. Qeyd etdiymiz dərinlik yarıqları əksər vaxt müxtəlif xarakterli struktur-fasiyal zonaları bir-birindən ayırır. Çox vaxt müxtəlif mənşəli faydalı qazıntı yataqlarının əmələ gəlməsi və formalaşması bu yarıqların fəaliyyətilə əlaqələndirilir.
Təqdim etdiyimiz işdə əsasən dərinlik yarıqlarının plit tektonikası və onun, tərəfimizdən verilən yeni konsepsiya mövqeyindən onların əmələ gəlməsinin və formalaşmasının geodinamikasına toxunulur.
Bütünlüklə qırışıq dağ sistemləri boyunca yerləşən dərinlik yarıqlarının əmələ gəlməsi və formalaşması plitələr arası sıxılma (kolliziya) zonaları və eyni zamanda subduksiya zonalarının ön sahəsində gedən geodinamik proseslərlə əlaqədar hesab etmək olar. Bu zonalarda baş verən intensiv dağəmələgəlmə prosesləri dərinlik yarıqlarının əmələ gəlməsi və formalaşması ilə müşayiət olunur. Məhz buna görə də dağ silsilələrinin qeyd etdiyimiz sıxılma zonaları üzrə yerləşməsi təsadüfi deyildir və onlara litosfera kütlələrinin sıxılma zonası kimi də baxmaq olar. Bu sıxılma zonalarını miqyasına görə üç qrupa ayırmaq olar:
1.Ən iri planetar miqyaslı sıxılma zonaları – Alp, And, Kordilyer və s.;
2.Plitədaxili orta miqyaslı, sıxılma zonaları;
3.Digər xırda miqyaslı – məhəlli sıxılma zonaları.
Bu təsnifat üzrə Azərbaycan ərazisində aşkar edilən ümumQafqaz istiqamətli dərinlik yarıqlarını miqyasına görə ikinci qrupa daxil etmək olar. Lakin dərinlik yarıqları eyni zamanda birinci qrupa aid etdiymiz Alp qırışıqlıq sisteminə daxildir. ÜmumQafqaz istiqamətli dərinlik yarıqlarının əmələ gəlməsində və formalaşmasında Azərbaycan ərazisində Rus və Ərəbistan plitələrinin yerdəyişmələrinin təsiri böyük olmuşdur. Bu dərinlik yarıqlarının əmələ gəlməsini əksər tədqiqatçılar kollizion tip dağ əmələgəlmə prosesləri ilə əlaqələndirirlər.
Bütün yuxarıda qeyd etdiklərimizə əsasən belə nəticəyə gəlmək mümkündür ki, bütünlüklə yer qabığının inkişafında əsasən iki genetik tip dərinlik yarıqları inkişaf etmişdir. Bunlardan biri litosfera kütlələrinin Yerin fırlanması ilə əlaqədar olaraq, qərbdən şərqə doğru dislokasiyaya uğraması nəticəsində əmələ gələn transform səciyyəli dərinlik yarıqlarıdır. Bunlar ayrı-ayrı axım eşalonları boyunca kütlələrin bir-birinə nisbətən sürüşməsi və horizontal yerdəyişməsi nəticəsində formalaşan meridional və ya submeridional istiqamətli yarıqlardır.
İkinci genetik tip dərinlik yarıqlarının əmələ gəlməsi və formalaşması isə dağəmələgəlmə prosesləri ilə əlaqədar olub, subduksiya və ya kolliziya zonalarına perpendikulyar və ya subperpendikulyar yerləşərək, dağ əmələgəlmə zolaqları boyunca uzanırlar. Bu genetik tip dərinlik yarıqları dağ qırışıqlıq zolaqlarının formalaşmasında və inkişafında əsas rol oynayır.
Hər iki genetik tip dərinlik yarıqları dərinlik prosesləri – vulkanizm, seysmiklik, termal proseslərlə, protruziya, metamorfizm, palçıq vulkanizmi ilə müşayət olunmaqla müxtəlif mənşəli faydalı qazıntı yataqlarının əmələ gəlməsində və formalaşmasında böyük rol oynayır.