Füzuli rayonunun fiziki-coğrafi və geoloji şəraiti

Elnur Səfərov, SOCAR, Geofizika və Geologiya İdarəsi

Füzuli rayonunun ərazisi Kiçik Qafqazın cənub-şərq qurtaracağının dağətəyi hissələrini əhatə edir. Beyləqan, Ağcəbədi, Cəbrayıl, Xocavənd rayonları və Araz çayı ilə həmsərhəddir. Oroqrafik cəhətdən Füzuli rayonu Qarabağ yaylasının cənub-şərq hissəsinin düzənlik şəbəkəsi ilə kəsilir. Dağətəyi düzənlik sahələrin mütləq yüksəklikləri 100-300 m arasında dəyişir. Cənub-qərbə doğru getdikcə yüksəklik azalır və horizontal sistemə keçir, sonra isə yenidən yüksəlməyə başlayır. İstər cənub-qərb, istərsə də şimal-şərq hissələrdə getdikcə nisbətən ucalan yüksəklik silsilələrdə süxurların yuyulmasına əlverişli şərait yaranır. Ekzogen proseslərin - yağış, küləklərin təsirindən yumşaq süxurlar dağılır. Sel suları və dağ çayları ilə yamaclardan yuyulub gətirilmiş gil, qum, qum-çınqıl xammalı düzənlik sahələrdə toplanaraq yataq və təzahürlər yaradırlar.
Rayonun hidroqrafik şəbəkəsini Araz çayı və onun böyük qolları Köndələnçay, Quruçay və bu çayların çoxsaylı kiçik qolları təşkil edir. Hər iki çay şimal-qərbdən cənub-şərqə doğru en dairəsinə yaxın istiqamətdə bir-birindən təxminən 1-1,5 km məsafədən axaraq, dar dərələrə bölünür. Bu dərələrdə üzəri gilcələrlə örtülmüş qravelit-qumlu çöküntülər toplanıb. Bu çaylar əsasən atmosfer çöküntüləri ilə qidalanırlar. Yağmurlu havaların üstünlük təşkil etdiyi yaz-payız aylarında çayların sululuğu artır və ən yüksək həddə çatır. Çayların ən az sulu vaxtı isə havaların olduqca isti keçdiyi iyul-avqust aylarında olur.
İqlim şəraitinə görə rayon ərazisi isti-quru iqlim tipinə aid edilir. Belə ki, isti-quraq yayı, mülayim-isti qışı ilə xarakterizə olunur. Atmosfer çöküntülərinin orta illik miqdarı təxminən 400-500 mm təşkil edir. havanın orta illik temperaturu 18-20 dərəcə təşkil edir. Rayon ərazisi seysmik cəhətdən aşağı aktivliyi ilə səciyyələnir. Ən yüksək seysmik aktivlik Rixter şkalası üzrə 4-5 balla qiymətləndirilir. Uzun müddət rayonun geologiyası ilə müxtəlif geoloqlar məşğul olmuşlar. Lakin Füzuli rayonunun geoloji quruluşu, stratiqrafiyası, tektonikası, maqmatizmi Ə. Şıxalibəyli, Ə. Bayramov, A. İsmayılov və Q. Kornev tərəfindən öyrənilmişdir.
Rayon ərazisində ilk dəfə 1932-ci ildə M.İ. Ustinov və V.S. Savnin tərəfindən 1:100000 miqyasında geoloji planalma işləri aparılıb. Geoloji planalma işlərinin nəticələri olaraq rayonun 1:100000 miqyasında geoloji xəritəsi tərtib edilib. 1934-cü ildə A.M. Solovnin rayon ərazisində sistematik geoloji tədqiqat işləri aparıb. 1947-ci ildə M.D. Qavrilov Qarabağın cənub-şərqində Füzuli rayonu ilə Ağdam rayonu arası ərazidə 1:100000 miqyaslı planalma işləri aparıb. Nəticədə ərazinin 1:100000 miqyaslı geoloji xəritəsi tərtib edilib. 1947-ci ildə A.İ. Ereminov tərəfindən kərpic kirəmit istehsalına yararlı perspektiv gil xammalının aşkar edilməsi üçün Füzuli rayonunda axtarış işləri aparılıb. 1948-ci ildə T.A. Qorsenin Kiçik Qafqazın şərq yamacında Tərtər və Araz çayları arasının geoloji yaşını öyrənib. Nəticədə sahənin 1:200000 miqyasında geoloji xəritəsi tərtib edilib. 1949-cu ildə rayonun hidro­geoloji şəraiti A.İ. Oqanov tərəfindən öyrənilib. 1952-ci ildə M.Q. Məmmədzadə tərəfindən Köndələnçay hövzəsində mühəndisi-geoloji tədqiqat işləri aparılıb. 1956-cı ildə E.S. Şıxalibəyli,Ə.A., Bayramov və Q.P. Kornev tərəfindən 1:50000 miqyasında geoloji planalma işləri aparılıb. Axtarış işləri nəticəsində rayonun geoloji quruluşu haqqında əvvəllər formalaşmış təsəvvürləri tam dəyişdirib. Müəlliflər stratiqrafiya, tektonika və maqmatizm haqqında əldə etdikləri məlumatlar əsasında Mezozoy çöküntülərinin xəritəsini tərtib etdilər. M.F. Qasımov və 1958-ci ildə T.A. Ələkbərov tərəfindən Füzuli rayonun­da tikinti işlərinə yararlı əhəngdaşlarına axtarış işləri aparmışlar.1958-1961-ci illərdə Ə. Bayramov və 1961-1962-ci illərdə Ə. Bayramov və A.İsmayılov tərəfindən Kiçik Qafqazın cənub-şərq sahəsinin 1:50000 miqyasında xəritəsi tərtib edilib. Bütün bu məlumatların əsasında Quruçay hövzəsinin qravelit-qumlu çöküntülərinin dəqiq öyrənilməsini təklif etmişlər.
Füzuli rayonunun geoloji quruluşunda Orta Yura, Təbaşir və IV Dövrün çöküntüləri və intruziv süxur­lar iştirak edirlər. Çöküntülərin əsasını Quruçayın qravelit-qumlu çöküntüləri təşkil edir. Belə ki, Qarabağ düzənliyinin qravelit-qumlu-çınqıllı çöküntülərindən təşkil olunmuş Füzuli rayonu ərazisinin böyük hissəsi Quruçay tərəfindən yuyulur və gətirilmiş çöküntülər düzənlik sahələrdə çökdürülür. Rayon ərazisində aşkar olunan süxurlar Orta Yura mərtəbəsinin çöküntüləri Bat yaşlı orta tərkibli vulkanogen süxurlarla təmsil olunurlar. Litoloji tərkiblərinə görə tufbrekçiyalar, tufqravelitlər, tufqumdaşları və qumdaşlarından ibarətdir. Süxurların qalınlıqlarına təxminən 500 m-ə qədər rast gəlinir. Təbaşir çöküntüləri ərazidə geniş yayılmaları ilə xarakterizə olunurlar. Litoloji tərkiblərinə görə Alt və ÜST Təbaşir mərtəbələrinə bölünür. Alt Təbaşir çöküntüləri valenjin, qoteriv, barrem və alb mərtəbəsindən ibarətdir.Valenjin mərtəbəsinin çöküntüləri tufogen fasiya ilə təmsil olunur və ərazidə az yayılmışlar. Bu çöküntülər əhəngdaşlı qravelitlərdən və kobud qazıntılı tufqumdaşlarından təşkil olunub. Qalınlıqları təxminən 40 m-dən 50 m-ə qədər olur. Qoteriv mərtəbəsinin çöküntüləri möhkəm qumlu-kristallik bozumtul-kül rəngində əhəngdaşlarından ibarətdir. Barrem mərtəbəsinin çöküntüləri əsasən karbonat çöküntülərindən ibarətdir. Onlar nazik laylı və gizli kristallik əhəngdaşlarından təşkil olunub. Təxminən 70 m qalınlığında rast gəlinir. Alb mərtəbəsinin çöküntüləri ərazidə geniş yayılıb. Bu çöküntülər sinklinal strukturun əsasını təşkil edirlər.Çöküntülər kobud dənəli qumdaşlarından, xırda qırıntılı tufbrekçiyalardan, tuffitlərdən və tufkonqlomeratlardan təşkil olunmaqla 250 m qalınlığında rast gəlinir. ÜST Təbaşir çöküntüləri litoloji tərkiblərinə görə fərqlənirlər. Əsasən Santon və Kampan mərtəbəsi ilə təmsil olunurlar. Santon mərtəbəsinin çöküntüləri vulkanogen fasiyadan ibarətdir. Bu çöküntülər porfiritlərdən, onların tufbrekçiyalarından və tuflardan, kobud dənəli tufqumdaşlarından və kiçik qırıntılı tufkonqlomeratlardan ibarətdir. Kampan mərtəbəsinin çöküntüləri əsasən pelitomorf əhəngdaşları və bəzən qumdaşlarından ibarətdir. Dördüncü dövr çöküntüləri Aşağı Dördüncü dövr çöküntüləri gilcələrdən, qumdaşlarından, qumlardan, qravelitlərdən və çaqıllardan təşkil olunub. Bu çöküntülər həm düzənlik, həm də dağətəyi sahələrdə böyük ərazilərdə yayılmışlar və kontinental xarakterlidirlər. Bu çöküntülərin qalınlığı təxminən 16 m-ə yaxındır. Dördüncü dövrün bölünməmiş çöküntüləri allüvial-prolüvial, çaqıldaşları, gilcələr, qumcalardan təşkil olunmuşlar. ÜST Dördüncü dövr çöküntüləri çay terraslarında və Köndələnçayla Quruçayın gətirmə konusunda inkişaf etmişlər. Bu çöküntülər gilcələr,qumcalar və çınqıllardan ibarətdir. Müasir allüvial çöküntülər çay vadilərində geniş ərazidə inkişaf etmələri ilə xarakterizə olunur. Bu çöküntülər çaqıldaşı, qravelit və gilli qumdaşlardan təşkil olunub. Onlar çay yatağında və çay yatağından 1-4 m yüksəkdə, aşağı terraslarda yayılmışlar.
Füzuli rayonu tektonik cəhətdən Kiçik Qafqaz meqaantiklinoriumunun cənub-şərq batımının şərq ətraflarını əhatə edir. Burada Lök-Ağdam qırışıqlıq zonasının Murovdağ-Ağdam antiklinoriumu ayrılır. Bütün antiklinal və sinklinal struktur vahidlər bir xətt boyunca düzülərək ÜmumQafqaz istiqamətində (ŞmŞ-CQ) uzanırlar. Antiklinorium və sinklinoriumlarda geoloji qanunauyğunluq hər yerdə izlənilir. Belə ki, antiklinorium və qalxmalarda Yura və Alt Təbaşir çöküntüləri, sinklinorium və enmələrdə (çökəkliklərdə) isə ÜST Təbaşir və qismən ÜST Yura çöküntüləri qeyd olunur. Uryandağ antiklinalının ox hissəsində iki qırılıb qalxma (Ebros) müşahidə edilir. Cənubdan onlar Xocavənd sinklinoriumunun Bohurkan-Macaqalasen antiklinoriumu ilə sərhədləndirən tektonik pozulmanın cənub-şərq davamını təşkil edirlər. Antiklinalın cənub-qərb qanadı çox ensizdir. Cənuba doğru geniş Divanallar sinklinalı yerləşir. Bu sinklinal cənub-qərb istiqamətində qırılıb- qalxma ilə kəsilir. İkinci böyük qırışıqlıq Yağlıvənd antiklinalı hesab olunur. Bu antiklinalın ox hissəsi qırılıb-qalxma tipli tektonik pozulma ilə mürəkkəbləşib. Antiklinalın geoloji quruluşunda Yura və Alt Təbaşir çöküntüləri iştirak edirlər. Bat yaşlı çöküntülər qırışıqlığın şarnir hissəsində qeyd olunur. Şimal qanadı yuyulub,cənub qanadında isə Alt Təbaşir yaşlı əhəngdaşlar yayılıb.
Rayon ərazisində müəlliflər tərəfindən aşağıdakı geomorfoloji elementlər ayrılıb.
-Yarğanlararası əyilmiş allüvial-delüvial düzənlik;
-Bataqlıq relyefli əyilmiş allüvial-prolüvial düzənlik;
-Uzununa düzənlik;
Yarğanlararası əyilmiş allüvial-delüvial düzənlik yarğanlar arasında nazik təbəqə kimi təmsil olunur. Düzənlikdə əsasən çınqıllar və gilcələrə rast gəlinir. Bataqlıq relyefli əyilmiş allüvial-prolüvial düzənlik ekzogen kəsilişlərdə dərinliyi 25 m-ə çatan sıx yarğan-bataqlıq şəbəkə ilə xarakterizə olunur. Dərələrin dibi çox enlidir və 60 m-dən 500 m-ə qədər təşkil edir. Bu düzənlik Quruçay və Köndələnçayın gətirmə konusunu təşkil edir və çınqıllardan, gilcələrdən ibarətdir. Hər bir gətirmə konusu özlüyündə quru hövzələrlə əlaqəlidir, bu da əyilmiş düzənliyin allüvial-prolüvial olmasına əsas verir. Quruçay uzununa düzənlik (dolina) en dairəsi istiqamətində uzanır. Düzənliyin qərb hissəsində Alt Təbaşirin kristallik əhəngdaşları,vulkanogen çöküntüləri və Kampanın pelitomorf əhəngdaşları yayılıb.Şərqə doğru getdikcə düzənliyin geoloji quruluşunda çınqıllardan və gilcələrdən ibarət delüvial-prolüvial çöküntülər iştirak edirlər. Köndələnçay uzununa düzənlik Quruçay düzənliyinin şimalında yerləşir. Bu düzənlik qərb hissədə Alt Təbaşir yaşlı əhəngdaşlarından, şərqdə isə allüvial-delüvial çöküntülərdən təşkil olunub.
Quruçay və Köndələnçay düzənliklərində müxtəlif hündürlüklü 3 terras qeyd olunur. Belə ki,çaydan (yatağından) yuxarı 1-3 m hündürlükdə 1-ci terras, 8-10 m-dən 14-16 m-ə qədər hündürlükdə 2-ci terras, 40-50 m hündürlükdə 3-cü terras qeyd olunur. Qeyd etmək lazımdır ki, şərqə doğru getdikcə terraslarda tədricən alçalma başlayır və pazlaşırlar. Bu, onunla izah olunur ki, daha hündür terraslar çay boyu aşağı hərəkət etdikcə çayın yatağından kənardan keçir və düzənliyin geoloji quruluşunda iştirak etmir. Zərgər kəndi yaxınlığında Quruçay düzənliyində 1-ci və 2-ci terraslar dağətəyi sahələrdə çayın qalın allüvial çöküntüləri altında basdırırlar. Belə sahələrdə 3-cü terras çaybasar terrasdan 3-6 m yuxarı yüksəlirlər.
Füzuli rayonu faydalı qazıntılar baxımından olduqca kasıb rayonlardan biridir. Rayon ərazisində geoloji-axtarış işlərinin aparılmasına baxmayaraq, çox az miqdarda yataqlar aşkar olunub. Əvvəllər aparılmış axtarış işləri nəticəsində əhəngdaşı yatağı və onunla yanaşı Yağlıvənd, Qacar, Qızıl-Kiblar əhəngdaşı çıxışları, Quruçay qum və qravelit yataqları aşkar olunub. Quruçay qum-qravelit yatağı 2 sahədən ibarətdir. Birinci sahə Zərgər kəndi ilə Füzuli-Ağdam şosse yolu arasında yerləşir. C2 kateqoriyası ilə hesablanmış ehtiyatı 4,5-5,0 mln. m3 təşkil edir. İkinci sahə Füzuli-Ağdam şosse yolu ilə Horadiz-Beyləqan yolu arasında yerləşir.C2 kateqoriyası üzrə hesablanmış ehtiyatı 10-12 mln. m3-dir. Quruçay qravelit-qum yatağı Quruçayın yataq və çaybasar terrasının allüvial-prolüvial çöküntülərindən təşkil olunub. Çaybasar terrasın eni 150-350 m təşkil edir. Faydalı qatı əmələ gətirən qravelit-qum çöküntüləri çox yerdə yer səthinə çıxır, ancaq bəzi yerlərdə az qalınlıqlı qumca və gilcələrlə örtülürlər. Torpaq-bitki qatının qalınlığı 0,0-0,40 m, orta hesabla 0,2 m təşkil edir. Çöküntülərin petroqrafik tərkibi müxtəlifdir.Vulkanogen mənşəli andezit-porfiritlərdən, kvars-diorit-porfiritlətdən, andezit-bazalt porfiritlərdən, çökmə mənşəli süxurlardan qumlu əhəngdaşları və əhəngdaşlı qumdaşlarından təşkil olunub.
Dağlardan axıb gələn Quruçay və Köndələnçay suları düzən sahələrə çıxdıqca allüvial-prolüvial mənşəli qumlu-çınqıl-qraviy tərkibli çöküntülərin toplanması qeyd olunur. Bu çöküntülər yüksək süzülmə xüsusiyyətləri ilə səciyyələnirlər.Yataqaltı suları çayların axını istiqamətində suların belə çöküntülərdən süzülərək aşağı horizontlara doğru hərəkəti nəticəsində yaranır. Qrunt sularının səviyyəsi atmosfer çöküntülərinin miqdarından asılı olaraq tez-tez dəyişir. Yağmurlu havalar qurtaran kimi qrunt sularının səviyyəsi də aşağı düşür. Yumşaq, əlaqəsiz, müxtəlif ölçülərdə valun, qraviy və qumlardan təşkil olunmuş faydalı qatın üzərini nazik gilcə təbəqəsi örtür ki, bu da suların süzülməsində mühüm əhəmiyyət kəsb etmir. Quruçay qum-qraviy yatağında aparılmış müşahidələrə əsasən söyləmək olar ki, Füzuli rayonunda qrunt sularının yatım dərinliyi 5 m-dən çoxdur. Bu isə aşkar olunaraq tikinti materialı yataqlarının istismarı üçün əlverişli şəraitin olmasıdır. Rayon ərazisində artezian sularının toplanması üçün əlverişli şərait vardır. İçməli su ilə təminat məqsədilə artezian quyuları qazılarsa, yüksək debitli içməli su əldə etmək olar. Bu isə yerli əhalinin içməli su ilə təminatında problemləri aradan qaldırmağa yardımçı olar.