“Qurmaq, yaratmaq, əsasını qoymaq...” – DEPUTATIN MƏQALƏSİ

Sadiq Qurbanov,

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri

Əziz həmvətənlər!

Sizi Konstitusiya Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə müstəqil dövlətimizdə firavan yaşamağı arzu edirəm!

Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.

Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.

Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, lakin bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı.

1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. H.Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı, bunun üçün ümummilli lider H.Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı.

1995-ci il noyabrın 12-də xalqımızın referendum yolu ilə qəbul etdiyi Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyasıdır.

Xüsusi olaraq qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilərək milli dövlətçiliyimizə yeni nəfəs gətirdi. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi və hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.

Konstitusiyanın əsas funksiyaları bunlardır:

1. Hüquqi funksiya - bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir. 
2. Sosial funksiya - ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə, təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir.

3. Siyasi funksiya – siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil formasını təsbit edir.

4. Tərbiyəvi funksiya - hər bir insanda, konstitusiya qanunlarına,insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır.

Konstitusiyamızın tarixi:

1. 1921-ci ildə sovet Azərbaycanın ilk Konstitusiyası

2. 1925-ci ildə 2-ci konstitusiya

3. 1937-ci ildə qəbul edilən Konstitusiyada dövlət dilinin də rus dili olduğu təsbitlənmişdi.

4. 1978-ci ildə - Heydər Əliyevin səyləri ilə həmin Konstitusiyada "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" müddəası əksini tapmışdir.

Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdu.

Xalqımızın düşmən üzərində möhtəşəm Zəfəri sayəsində artıq üçüncü ildir ki, 12 noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürurla və iftixar hissi ilə qeyd edilir. Azərbaycan dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı. Bütün bunlara nail olunması və ən vacıb olanı Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması idi ki, bu da əqidə və inamdan keçirdi.

Ata-oğul, sələf-xələf Əliyevləri bir-birinə bağlayan ən vacib amil əqidə birliyi, Azərbaycanın müstəqilliyinə olan sarsılmaz inamı xalqımızın taleyini həll etdi.

Artıq xəyallar gerçəkləşib. Girdiyi bütün döyüşlərdən zəfərlə çıxan Müzəffər Ali Baş Komandan ünvanlı Prezidentimiz cənab İlham Əliyev hakimiyyətinin 20 illik yubileyində üç rəngli müqəddəs bayrağımızı əzəli Azərbaycan torpağı olan Xankəndinə asdı.

Heydər Əliyevin uğurlu siyasi varisi cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan güclü Azərbaycanı və ən nəhayət, Dövlət-Xalq və Hakimiyyətin siyasi münasibət fonunda həmrəyliyinə nail olunmasını qazandırdı.

Biz inanırıq ki, bütün məqsədlərinə nail olan, döyüşlərdən qələbə ilə çıxan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı siyasəti də qələbə ilə nəticələnəcək və soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasını təmin edəcəkdir!

Tanrı müstəqil, qüdrətli Azərbaycanı qorusun!