Qətər Avropa İttifaqı ölkələrinə qaz ixracını dayandıracağı barədə xəbərdarlıq edib
Qətərin enerji işləri üzrə dövlət naziri və “QatarEnergy” şirkətinin prezidenti Saad bin Şəridə əl-Kaabi “Financial Times”a verdiyi müsahibəsində xəbərdarlıq edib ki, əgər Avropa İttifaqı Korporativ Davamlılıq Təftişi Direktivini (CS3D) tətbiq edərsə, qaz təchizatını dayandıracaq.
“The Peninsula” xəbər verir ki, direktivə əsasən, Avropa İttifaqına üzv dövlətlər karbon emissiyaları, insan və əmək hüquqları üzrə kriteriyalara cavab verməyən şirkətlərə qlobal dövriyyənin 5%-i həcmində cərimələr tətbiq edirlər.
Qətər nəşrinə görə, nazir müsahibəsində belə deyib: “Əgər Avropaya gedib gəlirlərimin 5 faizini itirəcəyəmsə, onda mən Avropaya getməyəcəyəm... Mən zarafat etmirəm. “QatarEnergy”nin əldə etdiyi gəlirin 5 faizi Qətər dövlətinin gəlirinin 5 faizi deməkdir. Bu, xalqın puludur... Belə miqyasda pulu itirə bilmərəm və heç kim belə pulu itirməyə razı olmaz”.
“The Peninsula” nəşri daha sonra yazır ki, nazir dekabrın 7-də keçirilmiş Doha Forumunda bu barədə fikirlərini bildirmişdi. Belə ki, o, Avropa İttifaqının CS3D direktivi konsepsiyasını dəstəklədiyini ifadə etsə də, “QatarEnergy” kimi şirkətlərin belə bir öhdəlik götürməsinin mümkün olmadığını qeyd etmişdi.
Nazirin fikrincə, bu direktiv Avropada fəaliyyət göstərən və ya Avropadan 450 milyon avrodan çox gəlir əldə edən istənilən şirkətə təsir edir. O qeyd edib ki, belə olduqda, “QatarEnergy”, “Shell”, “ExxonMobil” kimi şirkətlər, hətta “Toyota” və ya “GM” kimi avtomobil şirkətləri Paris Sazişinə riayət edəcəklərini bəyan etməlidirlər. Yəni şirkət xalis-sıfır tullantı hədəfinə nail olmaq öhdəliyi götürməlidir. Amma “QatarEnergy” olaraq və həyata keçirdiyimiz bütün genişlənmə planları ilə bağlı əminliklə deyə bilərəm ki, biz bir şirkət olaraq xalis-sıfır tullantı hədəfinə nail ola bilmərik”, - deyə nazir müsahibəsində vurğulayıb.
Qeyd edək ki, Qətər dünyada ABŞ, Rusiya və Avstraliya ilə yanaşı, ən böyük maye qaz ixracatçılarından biridir. Çin, Yaponiya, Cənubi Koreya Qətər qazının əsas alıcılarıdır. Amma Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa bazarında da bu qaza tələb artmaqdadır.
Xatırladaq ki, Qətər 2020-2023-cü illər ərzində 10.1-10.5 milyard kubmetr maye qaz ixrac edib.//Azərtac