"Qarabağ"ın rəqibi İtaliyadan hücumçu aldı

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" heyətinə yeni oyunçu cəlb edib.

Tirana təmsilçisi İtaliya A Seriyasında çıxış edən "Verona"nın hücumçusu Cozef Ekubanı icarəyə götürüb. Albaniya klubu mövsümün sonunda 19 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna sahibdir. Qanalı forvardla yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq. Gənc hücumçunun "Qarabağ"a qarşı ilk matçda oynayacağı istisna olunmur. 

Müqavilə ilə "Verona"ya məxsus olan Ekuban ötən mövsümü İtaliya D liqasında mübarizə aparan "Mantova"da keçirib. 4 oyunda meydana çıxan forvard cəmi 1 qol vurub.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranda keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək