Artur Rasizadədən Ramiz Mehdiyev haqqında sensasion açıqlamalar:"Dedim, ayə, siz nə düşünürsünüz..."

Azərbaycanın sabiq Baş naziri Artur Rasizadə Musavat.com-un suallarını cavablandırıb. Bir neçə gün öncə ömrünün 91-ci ildönümünü qeyd edən keçmiş hökumət başçısı ağır dövləti cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı sensasion açıqlamalar verib, həmçinin digər suallarımızı cavablandırıb.


Müsahibəni təqdim edirik:

- Artur müəllim, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb. Ramiz Mehdiyevlə uzun illər bir komandada çalışmısınız. Onun nə zamansa dövlətə xəyanət edə biləcəyini gözləyirdinizmi? Nə zamansa belə bir şübhəniz olubmu?

- Çətin sualdır. O zaman bəlkə də yox. Amma sonra da görürsən də nə baş verir...Bu, xəyanətdən daha da artıq məsələdir. Çünki belə şey eləməzlər axı. Sənə o qədər böyük hörmət ediblər. Nələr, nələr...Sən necə bunları unuda bilərsən?

- Siz də Ramiz Mehdiyev kimi yüksək orden-medallara, mükafatlara layiq görülmüsünüz. Amma müqayisə edəndə aranızda kifayət qədər fərq görünür.

- (Ürəkdən gülür) Bir az təvazökar olmaq lazımdır da. Gəlin açıq danışaq, yaxşı da, vəzifədə olmusan, yaşa görə azad olunmusan, “Heydər Əliyev” Ordenindən böyük mükafat yoxdur, onu almısan. Axı, sənin Elmlər Akademiyasında nə işin var? Nə deyim vallah...

- Mehdiyev Sizdən yaşca kiçikdir...

- 3 il.

- Bəli. O zamanlar yaşca böyük biri olaraq ona hansısa məsləhətləriniz olurdumu?

- Mənim bəzi məsələlərlə bağlı prinispial mövqeyim ondan fərqlənirdi. Birmənalı. Amma dövlətçilik naminə bunu açıq büruzə vermək düzgün deyildi. Çünki dövlət var. Amma mən bəzi məsələlərlə bağlı dəfələrlə tamam ayrı fikrim olub.

- Heç mübahisələriniz olubmu?

- Bəli, əlbəttə. Misalçün o qanun hazırlamışdı ki, tibbi arayış olmadan şagirdlər məktəbə getməsə, valideynlər 100 manat cərimə olunsun. Dedim ayə, siz nə düşünürsünüz, belə şey ola bilər? Belə bir qanun layihəsi hazırlamışdılar. Əgər uşaq səbəbsiz 5 gün məktəbə getmirsə, o zaman valideynlər 100 manat cərimə olmalıdır. Bir misal kimi yadıma düşdü. Belə şeylər çox olub.

- Burada məqsəd nə idi, əhalini Prezidentdən narazı salmağa hesablanmışdı, yoxsa...

- İndi gərək bunu onun özündən soruşasınız da. (Gülür)

- Artur müəllim, Ramiz Mehdiyevlə sonuncu dəfə görüşünüz, telefon danışığınız nə vaxt olub?

- Şükürlər olsun ki, mən oradan ayrılandan sonra mənə bir dəfə də zəng eləməyib. Yaxşı ki, eləməyib. (Ürəkdən gülür)

- Bəs sabiq nazirlərdən, yaxud hazırda vəzifə başında olan məmurlardan necə, Sizi arayıb-axtaranlar varmı?

- Bəziləri bəli. Təbii.

- Deyəsən, ən yaxın münasibətdə olduğunuz şəxs Misir müəllimdir, eləmi?

- Tək Misir Mərdanov yox, başqaları çoxdur. İndi saymaq istəmirəm. Digərləri məndən inciyərlər (yenə də ürəkdən gülür).

Elşad Paşasoy,
Musavat.com