2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub

Dünya Şimal yarımkürəsində qeydə alınmış ən isti yay mövsümünü başa vurur.

Bu barədə cümə günü Avropa İttifaqının İqlim Dəyişikliyinin Monitorinqi Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, qlobal istiləşmə artmaqda davam edir. İqlim Dəyişikliyi Xidmətinin aylıq “Copernicus” bülletenində deyilir ki, 2024-cü ilin qızmar yayı ərzində qeydə alınan həddindən artıq istilər planetin ən isti ili kimi 2023-cü ili də geridə qoya bilər.

Xidmətin direktor müavini Samanta Bergess bildirib ki, ölkələr planetin istiləşməsinə səbəb olan tullantıları təcili olaraq azaltmasalar, ekstremal hava hadisələri daha da şiddətlənəcək. Qazıntı yanacaqlarının yandırılması nəticəsində yaranan istixana qazı emissiyaları iqlim dəyişikliyinin əsas səbəbidir.

İqlim dəyişikliyi bu yay iqlim fəlakətlərini artırıb. Sudanda ötən ay yağan güclü yağışlar nəticəsində daşqınlar 300 mindən çox insana təsir edib və müharibədən əziyyət çəkən ölkəyə vəba xəstəliyi gətirib.

Alimlər təsdiq ediblər ki, iqlim dəyişikliyi İtaliyanın Siciliya və Sardiniya adalarında şiddətli quraqlığa səbəb olur, həmçinin iyul ayında Filippin, Tayvan və Çini vuran, 100-dən çox insanın ölümünə səbəb olan Qaemi qasırğasını gücləndirib.

İnsan amilinin səbəb olduğu iqlim dəyişikliyi və Sakit Okeanın şərqində yerüstü suları qızdıran təbii hava fenomeni El-Nino ilin əvvəlindən temperaturu rekord həddə çatdırıb.//azərtac