BÖYÜK COĞRAFİ KƏŞFLƏRİN İZİ İLƏ DÜNYANIN İLK SƏYYAHLARI - MARKO POLO

AĞAMAHMUD SƏMƏDOV
“Yer və İnsan” jurnalının redaktoru

Marko Polo Venesiya taciri, dünyaşöhrətli səyyah, məşhur "dünyanın müxtəlifliyi haqqında kitab"ında Asiya ölkələrinə səyahətləri barədə rəvayətlərin müəllifidir. Bəzi tədqiqatçılar kitabda göstərilən faktların tam etibarlılığı ilə razılaşmasalar da, o, bu günə qədər orta əsrlər Asiya dövlətlərinin tarixi, etnoqrafiyası və coğrafiyası haqqında ən vacib bilik mənbələrindən biri olaraq qalır. Kitab dənizçilər, kartoqraflar, tədqiqatçılar, yazıçılar, səyyahlar və ixtiraçılar tərəfindən geniş istifadə edilir. Həmin kitab Xristofor Kolumbun Amerikaya məşhur səfəri zamanı onu müşayiət etmişdi.


Dünyamızın ən məşhur səyyahlarından biri olan Marko Polo 1254-cü ilin 15 sentyabrında İtaliyanın Venesiya səhərində dünyaya gəlmişdir. Marko Polo XIII əsrdə İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir.
Marko Polo Mərkəzi Asiya ərazisində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. 1295-ci ildə Venesiya sakinləri arasında belə bir xəbər yayıldı ki, çoxillik səyahətlərdən sonra şəhərə bir adam qayıtmışdır; o, ucsuz-bucaqsız Asiya ölkələri barədə maraqlı söhbətlər danışır. Həmin torpaqların tarixi adamlarda olmazın maraq oyatmışdı. Hətta şəhərin ən savadlı adamları Asiyanın əfsanəvi Çin ölkəsi haqqında qeyri-müəyyən təsəvvürə malik idilər. Marko Polo gördüklərini obrazlı, aydın, mənalı şəkildə söyləmək qabiliyyətinə malik idi.
O, tacir ailəsində böyümüşdü. Atası və əmisi tacir idilər - xüsusilə İranla böyük ticarət aparırdılar. 1271-ci ildə onlar uzaq səyahətə çıxdılar və uşaqlıqdan çox dərrakəli və fenomenal yaddaşa malik olan Markonu da özləri ilə götürdülər. Hörmüzdən gələn karvan Orta Asiyanın dağları və səhralarından keçərək bir neçə aydan sonra ucalıqlar səltənəti - Çinə çatdı.
Polo ailəsi 17 il bu ölkədə ticarətlə məşğul oldu. Marko tez bir zamanda yerli dilə yiyələndi və Çingizxanın nəvəsi, böyük imperator Xubilayın rəğbətini qazandı. Hətta xan Markonu əyalətlərdən birinin rəhbəri təyin etdi. Avropalılardan birinci olaraq Marko Polo Daxili Asiya vilayətlərində olmuşdur. Xan heç cürə Polonu vətəninə buraxmaq istəmirdi, ancaq uğurlu bir şərait buna kömək etdi. Monqol və Çin şahzadələrinə Xubilay vəd etmişdi ki, onları İran hökmdarının xanımının dəvətinə aparsın və o, Polo ailəsini onları müşayiət etmələri üçün çağırmışdı.


Karvanın quru yolla getməsi çox təhlükəli idi - köçərilər onlara hücum edə bilərdilər. Buna görə qərara gəldilər ki, dəniz yolu ilə getsinlər və 1292-ci ildə 14 gəmidən ibarət donanma Zaytun (indiki Tsyançjou) limanından yola düşdü. Yol Asiyanın şərq və cənub sahillərindən, Hind-Çin ətrafından, Seylonun yanından keçirdi. Nəhayət, gəmilər Hörmüz limanına çatdılar.
1295-ci ildə Polo ailəsi Venesiyaya qayıtdı. O, özü ilə böyük sərvət gətirmişdi. Venesiya rəhbərləri Markonun təkcə rəvayətlərinə heyran qalmamışdılar. Ola bilsin ki, başqa bir şəraitdə bu rəvayətlər “şifahi söyləmə” kimi qalardı. Lakin Venesiya ilə Genuya arasında növbəti müharibə alovlandı. Bu iki çiçəklənən liman şəhəri çoxdan Aralıq dənizində ticarətdə birincilik üçün vuruşurdular.
Marko Polo öz vəsaiti hesabına gəmi alaraq onu silahlandırdı. Döyüşlərin birində venesiyalılar məğlubiyyətə uğradılar. Gəmini genuyalılar girov götürdülər. Genuya həbsxanalarında darıxdırıcı, məyus həbs günləri uzanırdı. Lakin Marko ruhdan düşmədi, o, öz səyahətləri haqqında kamera yoldaşlarına söyləməyi qərara aldı. Onun söhbətlərinə heyran olurdular, hətta ona keşikçilər də qulaq asmağa başlayır və onu şəhərdə yayırdılar. Artıq Genuyanın adlı-sanlı adamları bu qeyri-adi məhbusu tanımaq üçün həbsxanaya gəlirdilər. Polonu eyni şeyləri təkrar-təkrar söyləməsi təngə gətirmişdi. Ona görə də o, öz xatirələrini yazmaq qərarına gəldi. Xoşbəxtlikdən Genuyadan olan Rustiçiano adlı salnaməçi də həbs­də idi. Nə vaxtsa o bir cəngavər romanları yazmış və ədəbiyyat dilini pis mənimsəməmişdi. İndi isə təcili işə başlamağa hazır idi.
Günlər ötdükcə Rustiçanonun qələmindən əyləncəli və macəra romanları kimi oxunan yeni əsərlər yaranırdı. Ancaq onların qəhrəmanı nə cəngavər, nə də macəra axtaranlar deyildi. Onlar ölkələr, xalqlar, onların yaşayışı, adətləri, məşğuliyyəti və əfsanələri idi. Polo öz əsərinə ad verməmişdir. O, tarixə Marko Polonun “Kitabı”ı kimi daxil olmuşdur. “Kitab” qaralamada 1298-ci ilin sonlarına yaxın başa çatmışdır. Güman ki, bu hadisə Marko Polonun tezliklə pulsuz azad edilməsinə imkan yaratdı. Venesiyaya qayıdaraq o, öz hekayətləri üzərində işini davam etdirərək onlara əhəmiyyətli əlavələr etdi.
Kitab çapı ixtirasına hələ çox qalmışdı, amma “Kitab”ın adı bütün Avropada yayılmışdı və çox dillərə müxtəlif adlarla tərcümə olunmuşdu. Bu günə kimi onların gəlib çıxan siyahısı 80 addadır. Təəssüf ki, Rustiçianonun həbsxanada yazdığı orijinal itmişdir. Marko Polo ölümünə az qalmış təəssüflənmişdi: “Mənə gördüklərimin yarısını yazmaq qismət olmadı”. Amma onun hekayətlərini qiymətləndirməmək mümkün deyil, çünki “Kitab” avropalıların dünyagörüşünü kifayət qədər genişləndirmiş, onlara yalnız adlarını eşitdikləri ölkələr haqqında məlumat vermişdi.
“Kitab”ın fəsillərindən biri Rusiyaya həsr olunmuşdur. “Böyük Rusiya” - Marko Polo onu belə adlandırırdı - Şimaldan böyük əraziyə malikdir, qütbə yaxın okeanla sərhədlənir. Oranın sakinləri yunan adəti üzrə kilsədə xidmət edən xristianlardır. Onlar sadəlövh, etibarlı və gözəldirlər - hündür, əndamlıdırlar, uzun xurmayı saçları var. Onları çoxlu çarlar idarə edir.

Rusiya Qərb Tatar çarlarına xərac verir. Ölkənin kəskin iqlimi var: “...sizə söyləyirəm, buradakı möhkəm soyuqlara görə onların evi yerin altındadır, bəzən də yerin üzərində yaşayırlar”. Marko Polo 1324-cü ildə vəfat etmişdir. O, ömrünün son on ilində əsasən ticarətlə məşğul olmuş və artıq öz kitabı ilə məşğul olmağa qayıtmamışdır. Ona coğrafi müşahidələrinin və kəşflərinin zamanı uzun müddət qabaqladığını bilmək qismət olmadı. Dərin düşünən coğrafiyaçılar müntəzəm olaraq “Kitab”a müraciət edir, onu “həqiqətin etibarlı mənbəyi” adlandırırdılar. Xəritələrdə “Kitab”da işlədilən Şərq ölkələrinin adları meydana gəlirdi. 1375-ci ildə ilk dəfə olaraq dünyanın atlası tərtib olundu ki, orada Polonun məlumatlarından istifadə edərək, Şərqi Asiyanın, Hind okeanının, Hindistan yarımadasının və Sumatra adasının əvvəlki xəritələrdən daha dəqiq təsviri verildi.
1477-ci ildə “Kitab”ın nəşri işıq üzü gördü. Bu kitab kartoqraf və astroloq Paolo Toskanellinin əlinə düşdü, onun əsas diqqətini Marko Polo məlumatlarına əsasən Asiyanın şərq sahillərini dənizlər yuması cəlb etdi. Toskanelli artıq eşitmişdi ki, Xristofor Kolumbun fikrində belə bir plan var ki, Atlantik okeanından üzərək Hindistana dəniz yolunu tapsın. Kartoqraf gələcəkdə Amerikanı kəşf edənə Marko Polonın “Kitab”ını xatırlatmaqla məktub göndərdi. Ehtimal ki, bu, onda Avropadan Asiyaya Qərbə kurs götürməklə üzmək mümkün olduğu fikrini möhkəmlətdi.

Marko Polonun şərəfinə Çində qoyulmuş abidə

O, özü ilə səyahətə kitabın 1485-ci il latın nəşrini də götürmüşdü. Kolumb “Kitab”dan çox fəal şəkildə istifadə edirdi. Bu onun səhifələrində etdiyi 70 qeyddən görünür və şübhəsiz ki, alınmış məlumatlardan təcrübədə geniş istifadə olunurdu. Çox az kitab bunun kimi müxtəlif dillərə tərcümə olunmuş və təkrar nəşr edilmişdir. Rus dilinə ilk tərcümə 1863-cü ildə “Venesiyalı Marko Polonun XIII yüzillikdə səyahətləri” adı ilə nəşr olundu. “Kitab”ın elmi nəşri isə XIX əsrin sonunda böyük rus şərqşünası İvan Minayev tərəfindən hazırlanmışdır.