Qustavo Petro: ABŞ digər ölkələri “imperiyasının bir hissəsi” kimi görür

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın Kolumbiyaya qarşı əməliyyat həyata keçirmə ehtimalını “real təhlükə” kimi qiymətləndirib.

Petro BBC-yə verdiyi müsahibədə ABŞ–Kolumbiya münasibətləri, ABŞ Prezidenti Donald Trampla apardıqları telefon danışığının detalları və regional proseslərlə bağlı fikirlərini bölüşüb.

ABŞ-ın Kolumbiyaya qarşı hərbi əməliyyat ehtimalı barədə danışan Petro bunun “artıq real təhlükə” olduğuna inandığını bildirib və ABŞ-ın digər ölkələri “imperiyasının bir hissəsi” kimi gördüyünü deyib.

Petro qeyd edib ki, ABŞ “dünyaya hökm etməkdən dünyadan təcrid olunmağa” doğru sürüklənmək riski ilə üz-üzədir.

Petro əlavə edib ki, telefon danışığında Kolumbiyada narkotik qaçaqmalçılığı, Kolumbiyanın Venesuela ilə bağlı mövqeyi və Latın Amerikasında ABŞ ətrafında baş verən hadisələr müzakirə olunub.