Norveç Nobel Komitəsi: Nobel Sülh Mükafatı başqa şəxslərə ötürülə bilməz

Norveç Nobel Komitəsi Venesuelalı müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa vermək (ötürmək) istəyi ilə bağlı mənfi cavab verib.

Komitənin yaydığı açıqlamada Nobel Fondunun nizamnaməsinə istinad edilərək bildirilib ki, “Nobel Mükafatı elan edildikdən sonra ləğv edilə, bölüşdürülə və ya başqa şəxslərə ötürülə bilməz. Qərar qətidir və əbədi olaraq qüvvədə qalır.”

Xatırladaq ki, Norveç Nobel Komitəsi 10 oktyabr tarixində 2025-ci il Nobel Sülh Mükafatının Venesuelalı müxalifət lideri Maçadoya verildiyini açıqlamışdı.

Maçado 5 yanvar tarixində Fox News-a verdiyi müsahibədə Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampla bölüşmək istədiyini və Venesuelaya mümkün hərbi müdaxilə ilə bağlı ona şəxsən təşəkkür etmək niyyətində olduğunu demişdi.

ABŞ Prezidenti Tramp isə Maçadonun Nobel Sülh Mükafatını ona vermək istədiyini eşitdiyini bildirərək, bunun özü üçün “böyük şərəf” olacağını söyləmişdi.