Geoloji-kəşfiyyat və dağ-mədən işləri zamanı texniki təhlükəsizlik qaydaları

Seyidnəbi Əmirov,“Azinterpartlayış-X” MMC-nin əməkdaşı

İstənilən istehsalat sahəsində iş görülən zaman həmin işə uyğun olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına mütləq qaydada əməl olunmalıdır. Bu məqsədlə geoloji-kəşfiyyat və dağ-mədən işlərində əməl olunması vacib olan bəzi qaydaları diqqətinizə çatdırırıq.
1. Geoloji-kəşfiyyat və dağ-mədən işləri zamanı işçilərə olan tələblər.
- İşçi işə daxil olarkən Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş qaydalara əsasən ilkin tibbi yoxlanışdan, sənətindən və iş şəraitindən asılı olaraq sistematik tibbi yoxlamadan keçməlidir.
Bütün işçilər, mütəxəssislər hətta təcrübə keçən tələbələr epidemioloji xəstəliklər olan rayonda işləyəcəkləri halda, Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilmiş qaydalara əsasən peyvənd olunmalıdırlar.
- Geoloji-kəşfiyyat və dağ-mədən işlərində texniki rəhbərliyə müvafiq xüsusi təhsili olan şəxslər təyin edilməli, buruq və dağ ustaları müvafiq təhsilə malik olmalıdırlar.
- Bütün işçilər sənətindən, həmçinin təhsili və stajından asılı olmayaraq əməyin təhlükəsizlik qaydalarını öyrənməli, texniki təhlükəsizlik üzrə təlimat keçməli və onların əməyin təhlükəsizliyi üzrə bilikləri normativə uyğun yoxlanılmalıdır.
Yeni işə götürülmüş işçilər bir ay müddətində əməyin təhlükəsizlik məsələləri üzrə imtahan verməlidirlər.
- Rəhbər işçilərin və mütəxəssislərin hər iki ildən bir texniki təhlükəsizlik üzrə bilikləri yoxlanılmalıdır. Çöl şəraitində mövsümi iş aparan işçilərin texniki təhlükəsizlik üzrə bilikləri hər il çöl işlərinə başlamazdan öncə yoxlanılmalıdır.
- İşçi bir fiziki-coğrafi şəraitdən digər fiziki-coğrafi şəraitə keçirilərsə və yaxud bir vəzifədən cavabdehliyi və xüsusiyyətləri tamam başqa olan digər işə keçirilərsə, bu işçi həmin rayon və sahəyə uyğun texniki təhlükəsizlik qaydalarından imtahan verməlidir.
- Çöl şəraitində çalışan işçilər təlimatlandırmadan sonra mövsümi işlər hazırlanana qədər, çöl işləri ilə əlaqəli olan spesifik işləri (üzgüçülük, avarçəkmə, alpinizm, at sürmək, onları yəhərləmək və yükləmək, odlu silahla davranmaq və s.) öyrənməli, geoloji-kəşfiyyat və dağ-mədən işləri zamanı xəsarət alanlara ilk tibbi yardım etmə, zəhərli həşəratlar və yaxud zəhərli floradan zəhərlənmələr olarkən köməklik göstərmək qaydalarını öyrənməli, yerli şəraitdə istiqaməti təyin etmək və təhlükəsizlik işarələrini vermək qaydalarını öyrənməlidir.

2. Yüksək dərəcəli qorxulu şəraitdə işləyərkən tələb olunan təhlükəsizlik qaydaları
-Yüksək dərəcəli qorxulu şəraitdə iş, lazımı təhlükəsizlik tədbirləri görülməklə xüsusi tapşırıq-icazə sənədi üzrə aparılmalıdır. Xüsusi tapşırıq-icazə sənədi ilə görüləcək işlərin siyahısı və bu işlərə cavabdeh icraçı müəssisənin rəhbərliyi tərəfindən təsdiqlənməlidir. Baş verə biləcək qəzanın və yanğının aradan qaldırılması, həmçinin insanların xilas edilməsi halları istisna edilməklə, qorxulu yerlərdə işləmək və yaxud ora daxil olmaq qadağan edilir. Bu işlər xüsusi xidmət komandaları tərəfindən və yaxud texniki işçilərdən birinin rəhbərliyi ilə texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan sonra təcrübəli mütəxəssislər tərəfindən yerinə yetirilməlidir.
- Geoloji və dağ-mədən bazaları sürüşmə, subasma, uçqun, qar uçqunu, daş uçqunu, sel və s. ola bilən zonalardan kənarda yerləşdirilməlidir.
- Maşın və mexanizmlər, avadanlıq və başqa yüklər daşınarkən elektrik xətlərinin altından keçmək üçün yüklərin hündürlüyü 4.5 m-dən çox olmamalıdır.
- Kəsiliş tərtib edilərkən və geoloji-kəşfiyyat və dağ-mədən qazmaları iş sahəsinin planına, yəni topo­əsasa salınarkən, insan həyatı üçün təhlükə törədə bilən obyektlər (yüksək gərginlikli elektrik xətləri, uçurumlar və s.) bu planda öz əksini tapmalıdır. Belə yerlərdə aydın görünən xəbərdaredici işarələr qoyulmalıdır.
- Yüksəklikdə (vışkanın yuxarısında, hündür bina və hasarların üstündə) görülən işlər xüsusi tapşırıq-icazə sənədi ilə yerinə yetirilməlidir.
Yüksəklikdə işi görmək üçün məhəccəri və nərdivanı olan sahə olmalı, 3 m-dən çox yüksəklikdə işləyərkən qoruyucu kəmərdən istifadə edilməlidir.
13 m-dən çox hündürlükdə görülən iş xüsusi yüksəklik işi hesab edilir.
- Yüksəklikdə aparılan iş zamanı qadağandır:
1. şimşəkli havada, leysan yağışda, sürüşkənlik olan zaman, güclü qar yağanda və dumanlı havada, həmçinin 5 bal və ondan çox küləkli havada;
2. İşləyənlərin eyni vaxtda bir xətt üzrə müxtəlif yüksəklikdə olmaları (əgər bunların arasında arakəsmə döşəmə yoxdursa);
3. Bərkidilməmiş alətlərdən istifadə edilməsi;
4. Yüksəklikdə işləyən işçilərin sayının və yüklərin miqdarının normadan artıq olması;
5. İş başa çatandan sonra iş yerində (yüksəklikdə) alət və detalların saxlanılması.

3. Avadanlıqların, aparatların və ləvazimatların istismarı zamanı təhlükəsizlik qaydaları
- Avadanlıqlar, ləvazimat və aparatlar texniki şərtlərə cavab verməli, istismar və təmir sənədlərinə uyğun istismar edilməli, saz və təmirli saxlanmalıdır.
- Qazıma aqreqatlarının, qaldırıcı mexanizmlərin, dağ-qazma avadanlıqlarının, geofiziki və laboratoriya aparatlarının idarə edilməsi, həmçinin mühərriklərə, kompressorlara, elektrik qurğularına, qaynaq və başqa avadanlıqlara xidmət edilməsi müvafiq təsdiqləyici sənədi olan şəxslərə həvalə edilməlidir.
- Avadanlıqları, mexanizmləri, aparat və nəzarət ölçü cihazlarını istismar edən müəssisədə bu avadanlıqların istismar və təmir sənədləri və onların pasportları olmalı, cavabdeh şəxslər tərəfindən bu avadanlıqların istismarı və təmiri haqda bu sənədlərdə qeydlər aparılmalıdır. Bütün qaldırıcı maşın və mexanizmlərdə (kran, tal və s.) onların ən çox yük qaldırma həddi və növbəti yoxlamanın müddəti haqda (onların üzərində) aydın yazı olmalıdır.
- Avadanlıqlarda quraşdırılmış nəzarət-ölçü cihazları yoxlayıcı təşkilat tərəfindən plomblanmalıdır. Manometrlər, indikatorlar və s. nəzarət-ölçü cihazları elə qurulmalıdır ki, xidmət edən şəxs bu cihazların göstəricilərini aydın görmüş olsun.
Manometrin şkalasında maksimum işçi təzyiq qırmızı xətlə nişanlanmalıdır.
- Texniki nəzarətçi tərəfindən avadanlıqların vəziyyətinə daimi nəzarət edilməlidir. Avadanlıqları hazırlayan zavodun istismar-təmir üzrə tələbləri nəzərə alınmaqla, müəssisənin rəhbərliyinin sərəncamı ilə nəzarət müddəti və cavabdeh şəxs təyin edilməlidir.
- Avadanlıqların istifadə müddəti (amortizasiya) başa çatdıqdan sonra müəssisənin rəhbərliyi tərəfindən təşkil edilmiş komissiyanın qərarından sonra yenidən işə buraxıla bilər. Bu qərarda növbəti yoxlamanın müddəti göstərilməlidir.
- Avadanlıq və ləvazimatların mütəmadi baxış müddəti və yaramayan ləvazimatların istehsalatdan çıxarılması müəssisə rəhbərliyi tərəfindən təyin edilməli və təsdiqlənməlidir. Yararsız ləvazimatlardan istifadə edilməməlidir.
- Mexanizmlər işə salınmazdan və aparatlar qoşulmazdan əvvəl işi görən şəxs onların saz vəziyyətdə olmasını müəyyənləşdirməli və xəbərdaredici səs siqnalı verməlidir. Verilən səs siqnalının mahiyyəti işçilərə məlum olmalıdır.
- Mexanizmlərə baxış və onların təmiri zamanı mexanizmlər dayandırılmalı, onların öz-özünə qoşulmasının qarşısını almaq üçün tədbirlər görülməli, lazım olan yerlərdə “Qoşma-adamlar işləyir” xəbərdaredici işarəsi asılmalıdır.
- Qadağan edilir:
1. avadanlıqları, mexanizmləri, aparat və ləvazimatları pasportda göstərilən normadan artıq yüklə (təzyiq, gərginlik, cərəyan və s.) istismar etmək;
2. avadanlıqları, mexanizmləri, aparat və ləvazimatları məqsədsiz və yararsız halda istifadə etmək;
3. xidmət tələb edən, işləyən avadanlıq və mexanizmləri nəzarətsiz qoymaq;
4. qoruyucu örtük və arakəsmələr olmadan, maşın və mexanizmləri işlətmək;
5. xüsusi geyimsiz və yaxud düymələnməmiş xüsusi geyimlə, sallanan şarf avadanlıq və mexanizmlərə xidmət etmək;
6. işləməkdə olan mexanizm və qurğuların üzərinə çıxmaq və yaxud mexanizm və qurğular işləyə-işləyə hər hansı bir iş görmək;
7. hərəkətdə olan hissəni əyləmək, qayışlı ötürücüləri geyindirmək, tullamaq, dartmaq və yaxud boşaltmaq, əl və yaxud ling ilə polad trosu istiqamətləndirmək;
8. qoruyucu örtüklərin üstündə hər hansı bir əşya saxlamaq;
9. hərəkətdə olan hissələr tam dayanana qədər qoruyucu örtüyü və yaxud onların müəyyən bir hissəsini açmaq;
10. qoruyucu örtüyü olmayan buraza toxunmaq;
11. kəsici alət və ləvazimatları ağzı bağlı olan qutularda saxlamaq və xüsusi çantalarda daşımaq vacibdir.

4. Geoloji-kəşfiyyat və dağ-mədən avadanlıqlarına olan tələblər
-Geoloji-kəşfiyyat və dağ-mədən avadanlıqları (geofiziki, buruq, dağ-qazma, hidrogeoloji, sınaqlayıcı, laborator) normativ sənədlərin tələblərinə uyğun olmalıdır.
- Texniki təhlükəsizlik üzrə daha çox tələbatı olan avadanlıq və mexanizmlər ekspert baxışından keçirilməlidir. Bu avadanlıq və mexanizmlər təşkilat tərəfindən yaradılmış komissiya tərəfindən sınaqdan keçirilməlidir.
- istismarda olan texnikanın konstruksiyasında, onun təhlükəsiz işlədilməsi keyfiyyətini azaltmamaq şərti ilə, nəzarət orqanı ilə razılaşdırdıqdan sonra müəyyən dəyişiklik etmək olar.
- Özü hərəkət edən və yeri dəyişdirilən avadanlıqlarda (buruq-qazıma qurğuları, geofiziki stansiyalar, dəlmə aqreqatları və s.) əczaxana çantasının, içməli su qabının və yanğınsöndürən ləvazimatların qoyulması üçün xüsusi yer olmalıdır.
- Geoloji-kəşfiyyat və dağ-mədən avadanlıqlarını istismar edən təşkilat, bu avadanlıqların montajı (qurulması) zamanı texniki təhlükəsizlik qaydalarına cavab verməyən çatışmazlıqlar aşkar edilərsə bu avadanlıqların istismarı dayandırılmalı, çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən istismar edilməlidir.

5. Çöl şəraitində aparılan geoloji-kəşfiyyat işləri
Çöl şəraitində aparılan geoloji-kəşfiyyat və dağ-mədən işləri (geoloji planaalma, axtarış, kəşfiyyat, geofiziki, hidrogeoloji, mühəndis geoloji, buruq-qazıma, istismar və s.) həmçinin mövsümi işlər, iş aparılacaq rayonun təbii iqlim və başqa amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.
- Çöl şəraitində işləyən bölmələr aşağıdakılarla təmin edilməlidir:
1. Əlaqə və işarə ləvazimatları, fərdi qoruyucu ləvazimatlar, xilasedici və tibbi ləvazimatlar. Bu ləvazimatların siyahısı, miqdarı, tərkibi iş şəraiti nəzərə alınmaqla təşkilatın rəhbərliyi tərəfindən müəyyənləşdirilir;
2. Topoxəritələr və istiqaməti müəyyənləşdirən;
3. Geoloji marşrutları və başqa geoloji-kəşfiyyat işlərini təklikdə yerinə yetirmək, həmçinin az məskunlaşma olan yerlərdə (dağlar, səhra və s.) düşərgədə tək işçi saxlamaq qadağandır;
4. Vəhşi və yırtıcı heyvanlar olan ərazilərdə iş apararkən hər bir qrup və düşərgə növbətçiləri odlu silah və ovçu bıçağı ilə təmin edilməlidirlər;
5. Qan soran həşəratlar olan rayonlarda işçilər müvafiq qoruyucu ləvazimatlarla (xüsusi geyim, tənzifdən tikilmiş örtük, yəni miçətkən və s.) təmin edilməlidirlər;
6. Çöl bölmələrinin nəqliyyat vasitəsi, zəruri materiallar və ərzaq məsələləri həll edilməlidir;
7. Kalendar planda iş aparılacaq rayonun təbii-iqlim şəraiti nəzərə alınmaqla sahə və marşrutların sxemləri tərtib edilməli, bu sxemlərdə bütün yollar, cığırlar və təhlükəli zonalar göstərilməlidir;
8. Çöl işlərinin müddəti və işçilərin çöl şəraitindən qayıtma qaydaları müəyyənləşdirilməlidir;
9. Çöl işlərinin müddətinin uzadılması müəssisə rəhbərliyinin icazəsi ilə ola bilər və bu zaman əlavə olaraq təhlükəsizlik məsələləri üzrə tədbirlər hazırlanmalıdır;
10.Uzaq və az məskunlaşma olan rayonlarda iş aparılarkən geoloji bölmələr aşağıdakılarla təmin edilməlidir:
- hava məlumatı və proqnozu haqqında operativ informasiya ilə;
-iş aparılan ərazidə yırtıcı və zəhərli heyvanların mövcudluğu ilə;
11. Geoloji bölmələrin çöl işlərinə buraxılması müvafiq akt əsasında olmalıdır. Hazırlığın vəziyyəti geoloji bölmənin rəisinin, texniki təhlükəsizlik üzrə mühəndisin imzaladıqları və rəhbərlik tərəfindən təsdiqlənmiş aktla müəyyənləşdirilir və rəsmiləşdirilir;
12. Çöl şəraitində çalışan işçilər üçün iş başlanana qədər qəsəbə, baza və yaxud düşərgə təşkil edilməlidir. Düşərgə salınarkən yer seçilərkən sürüşmə, uçma, su basma olmamasına əmin olunmalıdır.
13. Çadırlar qurularkən möhkəm bərkidilməli və ətrafına yağış suyu axıdılması üçün xəndək qazılmalıdır.
Qadağan edilir:
-Meşə, otlaq və qamışlı sahələrin yandırmaqla təmizlənməsi;
- Çadırı tək və hündür ağac altında qurmaq.
14. Bir və ya bir neçə işçinin naməlum səbəbdən bazada olmamaları fövqəladə vəziyyət kimi qiymətləndirilməli və onların axtarışı üçün təcili tədbirlər görülməlidir.
15. Marşruta çıxan qrupun təhlükəsizliyinə cavabdeh yerli şəraiti bilən, vəzifəcə böyük şəxs təyin edilməlidir.
16. Marşrutda iştirak edən bütün işçilər tələb olunan qaydalar üzrə təlimatlandırılmalıdırlar.
17. Hər bir işçi marşruta çıxanda özü ilə bıçaq, fərdi tibbi bağlama və islanmayan örtük içərisində bir qutu kibrit götürməlidir.
18. Geoloji marşrut zamanı hərəkət ardıcıllığı aşağıdakı kimi olmalıdır:
- işçilər bir-birini daim görməli və yaxud eşitməlidirlər;
- marşrut iştirakçısının biri görünməz olarsa və yaxud onu eşitmək mümkün olmazsa, onda qrup rəhbəri hərəkəti dayandırıb onu gözləməlidir;
- dağlıq şəraitdə marşruta çıxan zaman işçilər arasındakı interval elə məsafədə olmalıdır ki, dəstənin bütün üzvləri bir-birini görə bilsinlər;
- yaşayış olmayan rayonlarda marşruta çıxan zaman keçilən yol işarələnməlidir (müxtəlif əşyalarla). Səbəb geri qayıtmağı asanlaşdırmaqdır.
- marşrut zamanı hava pisləşərsə (qar, yağış, qatı duman və s.), yırtıcı heyvanların hücumu olarsa, bu zaman hərəkət dayandırılmalı və təhlükəsizlik üçün tədbirlər görülməlidir.
- yalnız sutkanın işıqlı vaxtında (gündüz) marşrutda işləmək olar və hava qaralana kimi bütün işçilər bazaya qayıtmalıdırlar.
- marşrut zamanı istiqaməti dəyişmək məcburiyyətində qaldıqda yaxşı görünə bilən yerdə işarə və marşrutun (dəyişən) istiqaməti haqda məlumat qoyulmalıdır.
- marşrut zamanı istiqaməti itirən işçilər hərəkəti dayandırmalı, açıq və hündür bir yerə çıxıb gözləməlidirlər. Bu zaman müvafiq tədbirlər görülməklə tonqal yandırmaq və səs siqnalları işarələri vermək lazımdır.
- dağlıq yerlərdə hərəkət zamanı daş tullamaq və iri süxur parçalarını diyirləmək qadağandır.
- sıldırım və sərt yamaclarda (30 dərəcədən çox) işləyən zaman etibarlı dayağa bərkidilən qoruyucu kəmərdən istifadə edilməlidir. Etibarlı dayaq olmadıqda işçilər o kəməri möhkəm saxlamalıdırlar.
- zəif dayanıqlı süxurlar olan yerlərdə, qayalı yamaclarda hərəkət edərkən qışqırmaq, atəş açmaq və s. qadağandır.
- sərt və tökülüb-gəlmə süxurlar olan yamaclarda qalxıb-enərkən daha uzun lentvari yol seçilməli, bu zaman hərəkət edənlər yamacda şaquli düz xətt üzrə olmamalıdırlar.
- dağların buz bağlayan hissələrində hərəkət edən zaman buzlarda çatların olmasına əsas diqqət yetirilməlidir.
- buzlarda əmələ gələn dillərə çıxmaq qadağandır.
- buzlamış yamaclarda hərəkət edərkən xüsusi ayaqqabılardan və alpinist kəndirindən istifadə edilməli və hərəkət edənlərin əlində, əlinə qaytanla bərkidilmiş, buz sındıran çəkic olmalıdır.
- uçqun təhlükəli rayonlarda işlər qaydalara uyğun aparılmalıdır.
- çay vadilərində, uçurumlu dərələrdə işləyən zaman xüsusən yağıntıdan sonra çox ehtiyyatlı olmaq lazımdır.
- sahil sıldırımının kənarı ilə hərəkət qadağandır.
- çay vadisi boyu hərəkət edərkən və çay keçidlərində çayın gətirdiyi lilli, bataqlıq və s. yerlərə diqqət yetirilməlidir.
- naməlum bataqlıq sahələrdə hərəkət edərkən işçilər arasındakı məsafə 2-3 m-dən az olmamalıdır. Bu zaman mütləq süvüldən, kəndirdən və “ayı pəncəsi” geyimindən istifadə edilməlidir.
- meşədə marşrutlar keçirilən zaman görünmə və səs əlaqəsi qaydalarına əməl edilməlidir.
- hərəkət zamanı meşə uçqununun kənarından keçilməlidir. Bu zaman çox diqqətli olmalı və qurumuş ağacların üstündən keçilməməlidir.
- meşə yanğını əlamətləri məlum olarsa, onda qrup çay dərəsinə və yaxud açıqlığa çıxmalıdır.
- qurumuş ağacların yıxılma qorxusu olan yerdən keçmək qadağandır.
- Güclü küləklər zamanı meşənin dik dayanan qurumuş ağac olan hissəsində hərəkət etmək qadağandır.
- dik dayanan qurumuş ağaclara zərbə endirmək qadağandır.
- şimşək çaxan zaman tək dayanmış hündür ağac altında dayanmalı.
- müəyyən edilən bütün boşluqların (karstların) ağız hissəsi işarələnməlidir. Daha qorxulu karstların ağız hissəsinə 1 m hündürlükdə sipər çəkilməlidir.
- yeraltı qazmalar və boşluqlar yalnız mütəxəssisin iştirakı ilə tədqiq edilməlidir.
- mağaraya baxış zamanı yaxşı işıqlandırıcıdan istifadə edilməli, kəndir götürməli və işçilərin sayı 2 nəfərdən az olmamalıdır. Atəş açmaq, qışqırmaq, mağaranın divar və tavanından daş çıxarmaq qadağan edilir.
- dik sıldırımlarda qalxma və düşmə zamanı qoruyucu kəndirdən istifadə edilməlidir.
- yeni aşkarlanmış karst boşluqlarını tam öyrəndikdən sonra tədqiqat aparmaq olar.
- güclü yağış yağarkən və yağışdan sonra mağarada iş aparmaq qadağandır.
- mağaranın ağzında və içərisində tonqal yandırmaq qadağandır.
- hər hansı bir dərədə, mağarada gecələmək qadağandır.
- fəaliyyətdə olan dağ müəssisəsinin və istismarı başa çatmış yataqların dağ qazmalarında işlərkən (qazmaya düşmək, onlara baxış keçirmək, qazmalarda hərəkət etmək, sınaqlaşdırma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır).