Elmİ-populyar nəşrlər: dünya təcrübəsinə ötəri baxış

Yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə elmin populyarlaşdırılması, elmi biliklərin geniş insan kütləsinə anlaşılan formada çatdırılması, müxtəlif elm sahələri üzrə maraqlı və faydalı məlumatların cəmiyyət üçün əlçatanlığının təmin edilməsi əhalinin savadının artırılmasında və intellektual səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Bu prosesin həyata keçirilməsində kütləvi informasiya vasitələrinin rolu danılmazdır. 

Elmi biliklər geniş insan kütləsinə yalnız elmi-populyar ədəbiyyat nümunələri vasitəsilə deyil, daha çox milyonlarla oxucu, dinləyici və tamaşaçı auditoriyasına malik KİV vasitəsilə ötürülür. Bəşəriyyətin əldə etdiyi elmi nailiyyətlərin radio və televiziya efirində təbliği ilə bağlı problemlərin hərtərəfli araşdırılması xüsusi tədqiqat mövzusu olduğundan, bu yazıda yalnız dövri mətbuat nümunələrinin, ilk növbədə elmi-populyar jurnalların elmi biliklərin təbliğində əvəzsiz rolundan söhbət açmaq istərdim.

Elmin müxtəlif sahələri üzrə tədqiqatların nəticələri barədə məlumatların elmi ictimaiyyətə çatdırılmasında, yeni metodikaların və texnologiyaların yayılmasında, eləcə də elmi biliklərin geniş təbliğ edilməsində mühüm rol oynayan dövri elmi nəşrlərin bir neçə növü mövcuddur. 
Məlumdur ki, Elmlər Akademiyası, onun bölmələri və elmi-tədqiqat institutları, elmi mərkəzlər və cəmiyyətlər, ali təhsil müəssisələri tərəfindən nəşr edilən elmi-nəzəri jurnallar fundamental və tətbiqi elmlərin ən yeni nailiyyətlərini əks etdirir, elmi ictimaiyyəti tədqiqatların gedişi və nəticələri barədə məlumatlandırır, elmi informasiya ilə təmin edir. Elmi-nəzəri jurnalların oxucuları, ilk növbədə, elmi müəssisə və təşkilatlarda, həmçinin ali təhsil müəssisələrində çalışan alimlər və müəllimlər, bir sözlə, yüksəkixtisaslı tədqiqatçılar və mütəxəssislərdir.
Elmi-texniki tərəqqinin əsas amillərindən biri olan iqtisadi inkişaf şəraitində elmi jurnalların digər növünə – elmi-praktik jurnallara tələbat dayanmadan artır. Bu jurnalların oxucu auditoriyası peşə fəaliyyəti elmi tədqiqatların nəticələrinə əsaslanan, əməli təcrübənin nəzəri səviyyədə dərk edilməsini tələb edən, elmi nailiyyətlərin istehsalatda tətbiqi ilə bağlı olan mütəxəssislərdən ibarətdir. Bu növ jurnallarda dərc olunan məqalələr müxtəlif peşə sahiblərinə praktik məsələlərin həllində, ixtisaslarının artırılmasında, istehsalatın inkişafının perspektiv istiqamətləri və üsullarının seçiminə əsaslı yanaşma bacarığının formalaşmasında yardımçı olur. Həm tətbiqi xarakterli nəzəri materialların, həm də sırf praktik yönümlü məqalələrin məcmusu olan elmi-praktik jurnallarda istehsalat mövzusunda məlumatlar, metodik tövsiyələr, yeni texniki üsullar, müasir texnologiyalarla bağlı informasiya dərc olunur. Elmi-texniki jurnallar dövri nəşrlərin məhz bu qrupuna aid edilir. 

Elmi biliklərin kütləviləşməsinə daha çox təsir göstərən isə elmi-populyar jurnallardır. Bu növ dövri nəşrlər öz səhifələrində, bir qayda olaraq, elmi yeniliklər, kəşflər və ixtiralar, müxtəlif sahələrdə aparılan tədqiqatlar, maraqlı faktlar, dünya elminin inkişafına dəyərli töhfələr vermiş alim və tədqiqatçılar, onların elmi yaradıcılığı barədə faydalı məlumatlar təqdim edirlər. Nəfis tərtibatlı bu növ dövri nəşrlərdə fotoreportajlar və illüstrasiyalar, cədvəllər və diaqramlar elmi terminologiya ilə zəngin məqalələrin oxunaqlı olmasını, məzmunun vizual qavranılmasını təmin edir. Elmi-populyar üslubda yazılan və əhalinin müxtəlif təbəqələrinə aid oxucular üçün anlaşılan şəkildə təqdim edilən məqalələrin müəllifləri təkcə jurnalistlər deyil, həm də elmi dərəcə və elmi ad almış alimlər və tanınmış tədqiqatçılardır.

Mütəmadi olaraq dərc edilən bu növ nəşrlər elmi biliklərin kütləviləşməsinin təmin edilməsi və təbliğ olunmasında mühüm rol oynamaqla yanaşı, elmi yeniliklərin, cəmiyyətin həyatında yaşanan proseslərin elmi izahının asan üslubda ictimaiyyətə çatdırılmasına xidmət edən elmi jurnalistika kimi mühüm fəaliyyət sahəsinin inkişafına təkan verir.   
Məqsədi elmin müxtəlif sahələrində tədqiqatların nəticələrinin elmi üslubda hərtərəfli təqdim edilməsi olan elmi-nəzəri və ya elmi-praktik nəşrlərdən fərqli olaraq, elmi-populyar jurnallarda elmi nailiyyətlər qısa, quruluş və tərtibat baxımından oxucunun maraqlarına uyğun şəkildə, neytral, ümumi ədəbi üslubda, qeyri-mütəxəssis üçün cəlbedici formada və anlaşılan məzmunda təqdim olunur. Bu növ çap məhsulunda maraqlı faktlardan və dəlillərdən ibarət məlumatların ifadə forması müxtəlif yaş qruplarına aid olan və maraq dairəsi ilə fərqlənən oxucular üçün anlaşılan olmalı, materialın seçimi, ifadə tərzi, dili və üslubu sırf elmi mətnlə müqayisədə müəyyən qədər fərqli olmalıdır. 

Ümumiyyətlə, insanların ətraf mühit və cəmiyyət haqqında yeni biliklər əldə etməklə elmi maariflənməsində mühüm rol oynayan dövri elmi-populyar nəşrlərin mövcudluğu hər bir ölkədə elmin kütləviləşməsinə, onun cəmiyyətdə nüfuzunun yüksəldilməsinə, gənc tədqiqatçıların elmi araşdırmalara cəlb edilməsinə xidmət göstərən elmi jurnalistikanın davamlı inkişafının ən parlaq göstəricisidir. Qərbdə elmi bilikləri təbliğ edən elmi jurnalistika ("science journalism”) elm adamları ilə geniş oxucu kütləsi arasında əlaqə yaratmaqla, alim və tədqiqatçıları cəmiyyətə təqdim etməklə “elmi əlaqələndirmə” adı ilə də tanınır.
Bəs ölkəmizdə elmi jurnalistikanın inkişaf səviyyəsini sərgiləyə biləcək elmi-populyar jurnalların nəşrində vəziyyət nə cürdür?  

İnternetdən (Vikipediyadan) əldə edilən məlumata görə, Azərbaycanda jurnalların ümumilikdə iki (?) növü mövcuddur: elmi və populyar. Dünya təcrübəsində eimi-populyar jurnalların dövri elmi nəşrlər qrupuna aid edildiyi halda, bu cür təsnifat, ən azından, təəccüb doğurur. “Elmi jurnallar” kateqoriyasına aid syahıya yalnız 22 elmi nəşrin adı daxil edilib, halbuki, ölkəmizdə müxtəlif elm sahələri üzrə məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin sayı 200-dən artıqdır. İnternetin siyahını əks etdirən Vikipediya səhifəsindəki “Bu səhifə sonuncu dəfə 13 iyun 2019 16:12 tarixində redaktə edilib” ifadəsi də elmi jurnalistikaya dair məlumatlara laqeyd münasibətin göstəricisi kimi qəbul oluna bilər.

Faktiki olaraq, bu gün ölkəmizdə nəşr edilən yeganə elmi-populyar jurnal Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və həyat” jurnalıdır. 1961-ci ildə Azərbaycan Respublikası "Bilik" Cəmiyyətinin orqanı kimi 10 min tirajla fəaliyyətə başlamış, sonralar tirajı 140 minə çatdırılmış, 1992-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçiliyi ilə işıq üzü görən "Elm və həyat" ölkə mətbuatında alimlərimizin elmi kəşflərini və ixtiralarını, müxtəlif sahələrdə qazanılan elmi nailiyyətləri təbliğ edən, əhalinin maariflənməsi işinə xidmət edən yeganə elmi-populyar nəşr kimi tanınıb.

Bu gün əhalisinin sayı 10 milyonu, təhsil alan gənclərinin sayı 200 mini, alim və tədqiqatçılarının sayı 30 mini adlamış ölkədə ciddi rəqibi olmasa da, elm adamlarının yaradıcı əməyi və fədakarlığı sayəsində ərsəyə gələn elmi-populyar jurnalın tirajının artırılması olduqca vacibdir. “Elm və həyat”ı müxtəlif elm sahələrini əhatə edən, dünya elminin yeniliklərindən xəbər verən, alimlərimizin elmi nailiyyətlərini sərgiləyən rəngarəng məzmunlu, nəfis tərtibatlı, estetik baxımdan cəlbedici və orijinal dizayna malik dərgiyə çevirməklə, təhsil alan gənclər arasında təbliğ edib əhali arasında geniş yaymaqla onun oxucu auditoriyasını genişləndirmək, gənc nəslin elmə marağını artırmaq, elmi jurnalistikanın inkişafına ciddi təkan vermək mümkündür. 

Ümumilikdə, yüksəkixtisaslı jurnalistlərin hazırlığı prosesində elmi jurnalistikanın aktual problemləri diqqət mərkəzində olmalı, jurnalist peşəsinə yiyələndikləri dövrdə elmi fəaliyyətə xüsusi maraq göstərən tələbələrin elmi müəssisə və təşkilatlarda istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılmalı, onlara elmi jurnalistika üzrə müvafiq bilik və bacarıqlar aşılanmalıdır.

Elmi jurnalistikanın təşəkkül tapması və inkişafı ilə bağlı problemlərin həlli bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini və ilk növbədə dərc olunan informasiyanın keyfiyyətinin önəmli olduğunu  bütün dünyaya sübut edən nüfuzlu nəşrlərin beynəlxalq analitik mərkəzlər tərəfindən tərtib edilmiş siyahısına diqqət yetirilməsini tələb edir.        
Bu gün dünyada nəşr edilən çoxsaylı elmi-populyar jurnallar arasında dərc etdikləri seçmə məqalələrlə öyünə bilənlərin sayı az deyil. 

İlk buraxılışı 1845-ci ildə dörd səhifəlik qəzet formatında nəşr olunmuş «Scientific American» jurnalı reytinq cədvəlinin 7-ci pilləsində yer alıb. XX əsrin əvvəllərində bu jurnal ingilis dilində ən böyük ensiklopediyalardan biri və 16 cilddən ibarət olan “Amerika” ensiklopediyasının nəşri ilə məşhurlaşmışdı. Geniş auditoriyanı cəlb etmək məqsədilə jurnal özünü bir növ dünyanın tanınmış alimlərinin öz kəşfləri və fikirləri ilə bölüşdükləri virtual forum kimi təqdim edir. Tirajı təxminən 500 min nüsxədən ibarət olan jurnalın bu gün təkcə çap yox, həm də elektron versiyası mövcuddur.

Reytinq cədvəlinin 6-cı pilləsini ilk nömrəsi 1980-ci ildə işıq üzü görmüş «Discover» jurnalı tutur. Ən heyrətamiz faktlar və texniki ixtiralar, kəşflər və elmi sensasiyalar, açılmamış sirlər və tibb sahəsində son nailiyyətlər barədə bütün məlumatlar oxuculara birinci şəxsin dilindən təqdim edilir. Jurnalın adı istənilən kəşfin və ya ixtiranın məlumat mübadiləsi, maraqlı və gözlənilməz faktların müzakirəsi olduğunu deməyə əsas verir. Jurnalda təkcə Yer planeti haqqında deyil, həm də bütün Kainat, eləcə də insan haqqında sirli və möcüzəli faktlar yer alır. Onun səhifələrində ətraf aləmdə və insanın daxilində baş verən maraqlı hadisələr və faktlar barədə dəyərli və faydalı məlumatlar əldə etmək, insan şüurunun nailiyyətləri və planetin açılmamış sirləri ilə tanış olmaq mümkündür. 
1902-ci ildə Henri Vindzor tərəfindən təsis edilmiş «Popular Mechanic» jurnalı reytinq cədvəlinin 5-ci sətrində qərarlaşıb. Buraxılışı avtomobil istehsalı və ağır sənayenin təşəkkül tapdığı dövrə təsadüf edən jurnalda elm və texnika aləmində baş verən yeniliklərə geniş yer verilirdi. Hazırda jurnal bir sıra ölkələrdə 9 dildə 1 milyon 200 min nüsxə tirajla nəşr olunur və bütün nömrələri Google Books portalında yerləşdirilir.

4-cü yerdə qərarlaşmış «Popular Science» jurnalı 1872-ci ildə təsis edilib və bu günə kimi 58 mükafata layiq görülüb. İllər boyu jurnalda Darvin, Haksli, Pirs, Kettel, Edison, Dyui kimi görkəmli alimlərin elmi araşdırmalarının nəticələri mütəmadi olaraq dərc olunub. Jurnal 1 milyon 300 mindən çox tirajla nəşr olunur. Hazırda 45 ölkədə 30 dildə nəşr olunan bu məşhur Amerika jurnalının arxivi Google tərəfindən skan edilərək 140 il bundan əvvəlki nömrələrinə kimi İnternetdə yerləşdirilib.

Dünyada ən nüfuzlu jurnallardan biri kimi ingilis dilində 130000 tirajla nəşr edilən və İnternet vasitəsilə böyük oxucu kütləsinə malik olan «Science» 3-cü yerdədir. Amerika Elmin İnkişafına Dəstək Assosiasiyası tərəfindən nəşr olunan jurnalın qəribə olduğu qədər maraqlı layihəsi var: hər il təşkil olunan “Öz dissertasiyanı rəqs elətdir” adlı müsabiqədə iştirakçılar rəqs vasitəsilə elmi tədqiqatlarını təqdim edirlər. Məsələn, molekulyar biologiya üzrə belçikalı mütəxəssis Emmanuel Alaluf insanın immun sisteminin sümük iliyində xərçəng hüceyrələri ilə savaşını əks etdirən baletlə çıxış edib.

İkinci yerin sahibi əsasən arxeologiya sahəsində elmi araşdırmalar aparan tədqiqatçılara ünvanlanmış «The journal of Archaeological Science» jurnalıdır. Arxeoloji tədqiqatlarla bağlı elmi baxışları və maraqları ilə bölüşən alimlərin özünəməxsus beynəlxalq forumuna çevrilmiş bu jurnal geniş oxucu kütləsi tərəfindən xüsusi maraq və böyük rəğbətlə qarşılanır. Onun səhifələrində mütəmadi olaraq bəşəriyyətin tarixindən, arxeoloji tədqiqatların nəticələrindən bəhs edən və geniş oxucu auditoriyasının diqqətini cəlb edən maraqlı məqalələr dərc olunur.
Reytinq cədvəlində birinci yer «National Geographic» jurnalına məxsusdur. Hazırda 33 dildə 4 milyon tirajla nəşr olunan və 40 milyondan çox oxucu auditoriyasına malik olan jurnalın ilk nömrəsi 1888-ci ildə işıq üzü görüb. Onun səhifələrində elm, mədəniyyət, coğrafiya və tarixlə bağlı eksklüziv materiallar, o cümlədən unikal fotoşəkillər dərc olunur. Jurnalı səhifələyən hər bir oxucu sanki maraqlı bir dünya səyahətinə çıxır, ölkələri gəzir, şəhər və kəndləri dolaşır, təbiətin gözəlliklərini seyr edir, möcüzələrlə tanış olur.

Təəssüf ki, beynəlxalq analitik mərkəzlər tərəfindən tərtib edilmiş reytinq cədvəlində birinci yerə layiq görülmüş bu nüfuzlu jurnalın ilk dəfə 2014-cü ildə Azərbaycan dilində işıq üzü görmüş «National Geographic Azerbaijan» adlı buraxılışı artıq illərdir ki, nəşrini dayandırmışdır. 
Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə ölkə əhalisinin elmi maariflənməsinə töhfə verə biləcək dövri nəşrlərə tələbat göz qabağındadır. Elmi-populyar dərgilərin nəşri və onların oxucu auditoriyasının genişlənməsi yeni media sahəsi kimi formalaşan elmi jurnalistikanın inkişaf səviyyəsinin göstəricisi ola bilər. Milli jurnalistikamız geniş oxucu auditoriyası ilə elmi-kütləvi mövzularda ünsiyyətdən çəkinməməli, elmi jurnalistika sahəsində mövcud boşluğu ölkədə insan kapitalının intellektual zənginləşməsində, əhalinin elmi biliklərə yiyələnməsində mühüm əhəmiyyət kəsb edən dövri elmi-populyar nəşrlərlə doldurmağa səy göstərməlidir.

Oktay Səmədov,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent