Vətən Müharibəsində yanımızda və qarşımızda mövqe tutan ÖLKƏLƏR – SİYAHI 

2020-ci ilin bu günü, sentyabrın 27-də şanlı ordumuz Zəfər dastanını yazmağa başladı. 44 gün ərzində qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı 30 illik düşmən tapdağından azad etdi. 

Atalarımız hər zaman deyir: “Dost dar gündə tanınar”.

Biz də 44 gün ərzində dostumuzu da, düşmənimizi də daha yaxından tanıdıq. Bu müddət ərzində Azərbaycanın haqq savaşına dəstək verib, yanımızda olan ölkələr oldu:

Türkiyə

Vətən Müharibəsinin başladığl gündən sonadək Azərbaycanın yanında olduğunu bildirən və dəstəyini əsirgəməyən ölkələrin siyahısında qardaş Türkiyə ilk sıradadır. Türkiyə rəsmiləri həmin dönəmdə bütün çıxışlarında Azərbaycana dəstəklərini aydın formada ifadə etməklə yetinmədilər, eyni zamanda haqq savaşımıza kənar müdaxilə olacağı təqdirdə yanımızda olacaqlarının da mesajını verdilər.

Pakistan

Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmasını tələb edən və işğalçını adı ilə çağıran ölkələrdən ikincisi Pakistandır. Pakistanın Baş naziri İmran Xan, Azərbaycan üçün  "qardaş ölkə" ifadəsini işlədərək yayımladığı mesajında, ölkəsinin Azəbaycanın yanında olduğunu və onun qanuni müdafiə haqqını dəstəklədiyini bildirib.

İsrail

Azərbaycana açıq dəstək verən ölkələrdən biri də İsraildir. Bu ölkənin siyasi və ictimai elitası, işğal altındakı torpaqlarımızı xilas etmək məsələsində Azərbaycanın yanında birləşiblər. İsrail nəinki siyasi dəstək verib, hətta müharibə gedən dövrdə Azərbaycana zəruri dava-dərman partiyası da göndərmələ köməyini əsirgəməyib.

Gürcüstan 

Torpaqlarını azad edən Azərbaycanı dəstəkləyən bir ölkə də qonşu Gürcüstandır. Gürcüstan hökuməti Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını vacib hesab edib. Hətta müharibə dövründə Ermənistana silah və sursat daşınmalarının qarşısını almaq üçün Gürcüstan quru və hava məkanını bağlı saxlamaqla, öz dəstəyini praktiki olaraq da sübuta yetirdi.


Böyük Britaniya

Dünyanın ən güclü ölkələri sırasında yer alan, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Böyük Britaniya krallığı 44 günlük müharibə boyunca səssiz-sədasız siyasi dəstəyi ilə Bakının yanında oldu. Xüsusən də, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı haqsız bəyanatın qəbuluna Böyük Britaniya veto qoydu. 

Ölkəmizin mübarizəsinə dəstəyini açıq ifadə edən digər ölkələr isə bunlar idi:

Əfqanıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Bosniya və Hersoqovina, Ukrayna, Macarıstan və Moldova.

Vətən Müharibəsində adıçəkilən ölkələrdən savayı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Türk Şurası da Azərbaycanın yanında oldu.

Lakin savaş dönəmində aşkar və ya gizli formada qarşımızda olub, Ermənistanı dəstəkləyənlər də var idi:

Yunanıstan

Azərbaycana qarşı mövqe sərgiləyən Yunanıstan Ermənistanın yanında dayandı. Rəsmi Afina Ermənistana müharibəni qazanmaq üçün hər cür dəstək verəcəyini bəyan etdi.

Kipr

Kipr də Ermənistanla həmrəylik nümayiş etdirərək Yunanıstanın yanında olduğunu və dolayısıyla Azərbaycana cəbhə açdığını bəyan edib. Hətta Kipr, Ermənistan əsgərlərinə və Qarabağa gətirilmiş YPG-PKK terrorçularına hərbi təlim keçmək üçün general səviyyəsində hərbçilər də göndərib.

Fransa

ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olmasına baxmayaraq, Fransa Azərbaycanın azadlıq mübarizəsində açıq-aşkar Ermənistanı dəstəklədi. Hətta Fransa prezidenti Makron “Azərbaycana icazə verməyəcəyik ki, Qarabağı fəth etsin” kimi sərsəm və birbaşa dövlətimizi təhdid edən açıqlama səsləndirdi.

Kanada

Dolayısıyla Ermənistanın yanında olduğunu hiss etdirən Kanada hökuməti də Fransa kimi, guya ermənilərin haqlarını qorumaq üçün onlara dəstək verməyə hazır olduqlarını bildirib. 

İran

Doğrudur, İslam Respublikasının rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini açıqladılar. Lakin İranın Ermənistana silahların daşınmasına imkan yaratmasını, ordumuzun irəliləməsinin qarşısını almaq üçün ərazilərimizə daxil olmasını da unutmaq olmaz.

Bu ölkələrdən savayı, Rusiya və ABŞ kimi böyük güclərin tutduğu mövqe hələ də müzakirə və mübahisə mövzusu olmağa davam edir. Belə ki, 44 gün ərzində bu ölkələrin susqunluğunu dəstək kimi qiymətləndirənlərlə yanaşı, Rusiyanın Ermənistanı silahlandırmasını, bəzi ABŞ rəsmilərinin ermənilərə dəstək mesajlarını Azərbaycana qarşı addımlar kimi dəyərləndirənlər də var. (bizim.media)