GEOLOQUN XATİRƏLƏRİ

Ştolnyada qalmağım
Ötən əsrin 70-ci illərində qüvvədə olan qaydalara görə, geniş yayılmış tikinti materialları (gil, qum, çınqıl, divar daşı və s.) yataqları istisna olmaqla, bütün müttəfiq respublikalar məkanında aşkar edilən filiz və qeyri filiz yataqlarının ehtiyatları Moskvada - SSRİ Mərkəzi Ehtiyatlar Komissiyasında (MEK, rusca - Qosudarstvennaya Komissiya po Zapasam poleznıx iskopaemıx- QKZ) baxılır və təsdiq edilirdi. Mənim işlədiyim Kasdağ polimetal yatağında da dəqiq kəşfiyyat işləri aparılırdı və yatağın ehtiyatları təsdiq üçün MEK-na çıxarılacaqdı. Ona görə də yataqda aparılan işlərin keyfiyyətini yoxlamaq məqsədi ilə mütəmadi olaraq SSRİ Geologiya Nazirliyindən və MEK-dən komissiyalar gəlirdi.
Növbəti belə komissiyalardan biri yatağın keyfiyyət göstəricilərinin (filiz cisminin qalınlığı və onda olan faydalı komponentlərin miqdarı) daha dəqiq müəyyən edilməsi məqsədi ilə bir neçə yerdə sınaqlaşdırma işlərinin fərqli metodla aparılmasını tövsiyə etmiş, çox məsuliyyətli olan bu iş mənə həvalə olunmuşdu.
Partiyanın baş geoloqu ilə (Mənsur Həsənov) yoxlama-sınaqlaşdırılma işləri aparılacaq yeraltı dağ qazmalarını müəyyən etdik, mənə bir nəfər fəhlə (sınaqgötürən) verildi və təxirə salmadan işə başladım.
Ancaq, partiya rəisinin (adını belə çəkmık istəmirəm, həyatda pulu yeganə ideal bilən “kimsələrdən” idi) “kəramətindən” həmin fəhlə çox vaxt başqa işə “göndərilir” və mən sınaqlaşdırmanı təkbaşına aparmalı olurdum.
Belə “halların” birində yenə də səhər-səhər təkbaşına işə yollandım, ştolnyalardan birində, girişdən haradasa beş yüz metr içəridə olan ortun (filiz cismini kəsən dağ qazması) sonunda kəsilmiş filiz cismindən komissiyanın göstərdiyi qaydada on iki sınaq götürdüm, müvafiq qaydada sənədləşdirərək torbalara doldurdum. Bircə sınaqları ştolnyanın ağzına daşımaq qalırdı...
Onu da deyim ki, sonuncu sınağı torbaya doldurduğum zaman arxada üstdən xırda daşların düşməsini eşitsəm də buna elə də əhəmiyyət veməmişdim (yeraltı dağ qazmalarında uçqun baş verməzdən qabaq bir növ xəbərdarlıq kimi xırda daşlar düşür).
... Hər əlimə iki torba götürərək addım atmaq istəyirdim ki, məndən on-on beş metr qabaqda üstdən əvvəlcə bir neçə iri daş parçası düşdü, onların ardınca isə gurultu ilə uçqun baş verdi. Başımdakı dəbilqəyə keçirilmiş fanarın işığında ortun bütün en kəsiyi boyu müxtəlif ölçüdə qaya parçaları ilə tamamilə doldurulduğunu gördüm və... beynimdən, “Hə,... mənimki də bura qədər imiş!” fikri keçdi. Birincisi, ona görə ki, mənim dəqiq yerimi heç kim bilmirdi, ikin­cisi, axtarıb müəyyən etsəydilər belə, o vaxta qədər mənim havasız şəraitdə sağ qalmaq şanslarım sıfıra bərabər idi...
Tam ümidsiz vəziyyətdə bir xeyli dayandım. Nə isə etmək, bir çıxış yolu tapmaq lazım idi, ancaq nə etməli olduğumu bilmirdim... Tərəddüd içində ehtiyatla uçqunun baş verdiyi yerə yaxınlaşdım, fanarın işığını yuxarı yönəltdikdə uçqunun üstündə keçə biləcəyim boşluğun olduğunu gördüm. Tələsik sınaqları uçqunun yanına daşıdım, bütün təhlükələri unudaraq, sürünə-sürünə bütün sınaqları o biri tərəfə keçirdim. Sonuncu iki sınağı keçirib yerə qoymağımla gurultu ilə növbəti uçqunun baş verməsi eyni anda oldu. Əgər, bir azca ləngisəydim, yəqin ki, milyon illərlə yaşı olan süxurlrın içində itib-batacaqdım, nə isə,.. yəqin ki, “Anam namaz üstəymiş!”
Sınaqları ştolnyanın qabağına daşıdım (onları oradan bazaya maşın gətirməli idi) və fikrimdə, “Belə olsaydı, belə olardı,” deyə, baş verənləri bir daha gözlərim önündən keçirə-keçirə partiyanın bazasına yollandım.
Bazada-kameralkanın (geoloqların iş otağı) girəcəyində Mansur müəllimlə rastlaşdıq və o, yəqin ki, üzümdəki ifadədən nə isə baş verdiyini anlayaraq, “Nə olub, gözümə bir təhər dəyirsən,” deyərək, sualedici nəzərlərlə məni başdan –ayağa süzdü (üst-başım toz-torpağa bulaşmışdı). Mən ştolnyada uçqun baş verdiyini və oradan çox çətinliklə çıxdığımı söylədim. “Sənə dəfələrlə demişəm ki, tək getmə, nə yaxşı heç nə olmayıb sağ-salamat qurtarmısan. Cəhənnəm olsun sınaqlar, başqa yerdən götürülər,” sözlərinə, “Heç qoyardım, sınaqları da çıxarmışam,” cavabıma o qızğınlıqla, “Qəribə adamsan, heç olmasa evdəkiləri düşünəydin. Amma, sınaqları çıxarmasaydın, sən o halda sən olmazdın,”dedi. Onu da deyim ki, baş verənlər barədə evdə heç nə demədim.
Əslində baş verən hadisədə mənim də günahım vardı, belə ki, mən “Geoloji kəşfiyyat işlərində təhlükəsizlik qaydaları” üzrə təlimatin tələblərini pozmuşdum (təlimata görə geoloqun marşruta və digər işlərə tək getməsi qadağandır). Çox güman ki, başıma bir iş gəlsəydi, “öz dərisini qoruyan” partiya rəisi “Təlimat”ın müvafiq bəndinə istinad edərək elə mənim özümü günahkar çıxaracaqdı.
Nə isə,... əsas o idi ki, mən işimi görmüşdüm və baş verənlərə rəğmən sağ-salamat qurtarmışdım.
Amma, o hadisədən sonra “evdəkiləri düşünərək” bir daha həyatımı təhlükəyə atmadım, sonralar özüm rəhbər vəzifələrdə işləyərkən tabeliyimdə olanların “belə səhvlərə” yol vermələrinə imkan vermədim.


Marxalın (qar uçqunu) altında qalmağımız
1978-ci ilin yanvar ayının sonları idi. Bir həftə boyu ara vermədən qar yağması nəticəsində yol-riz bağlanmış, bazaya gələn yüksək gərginlikli elektrik xətləri qırılmışdı. Artıq üç gün idi ki, Balakəndən-ekspedisiysnın bazasından gələn maşınların heç biri yuxarı qalxa bilmirdi. Partiya rəisi, belə hallarda həmişə olduğu kimi, ekspedisiyanın bazasında idi və işlərin gedişinə də elə oradan “rəhbərlik” edirdi. Məcburiyyət üzündən bütün işlər dayandırılmışdı. Ekspedisiya ilə yalnız radio əlaqəmiz vardı, dəfələrlə bazada olan camaatın aşağı düşürülməsi barədə təkliflərimizə, bir qayda olaraq, “Bir az da gözləyin, hər şey qaydasına salınacaq,” cavabını alırdıq.
Bazada mühəndis-texniki heyətdən geoloqlardan mən və Fikrət Sərkərov, mühəndislərdən isə Yusif Əhmədov (sonralar Daxili İŞlər Nazirliyi sisteminə işə girdi, hazırda da həmin sistemdədir) və İbrahim Uluxanov qalmışdıq. Yanvar ayının 28-də axşam həmin heyət toplaşdıq və belə qərara gəldik ki, hər hansı hadisə baş verməmiş sabah səhər tezdən bazada olan adamları piyada da olsa belə yola salmaq lazımdır.
Mən yaşadığım evə (mən ailəmlə, həyat yoldaşım və oğlum, birlikdə daşdan tikilmiş evin dağa tərəfki ikiotaqlı mənzilində yaşayırdım) gəldiyim zaman gecə saat birin yarısı idi, qarın yağması dayanmış və külək əsməyə başlamışdı. Bir az ordan-burdan söhbət etdik, qəbul etdiyimiz qərar barədə də məlumat verdim...
Elə yenicə yerlərimizə uzanmışdıq ki, bayırdan bərk gurultu, ardınca isə öndəki otaqdan şaqqıltı səsi gəldi. Yoldaşımın, “Bu nədir, belə?” sualına, “Bayırda güclü külək başlayıb, yəqin ki, televizorun antenasını yıxdı,”- deyərək, çarpayıdan qalxdım və nə baş verdiyini bilmək üçün o biri otağa keçdim. Otağın pəncərəsi qırılmış və içəriyə xeyli qar dolmuşdu. Cəld öndəki aynabəndə açılan qapıya yönəldim, nə qədər itələdimsə də qapı açılmadı. Çiynimlə qapının fanerdən olan üst hissəsini bir təhər araladım, aynabənd başdan-başa qarla dolmuşdu. İçəri otaqdan həyəcanla, “Nə olub, nə baş verib?” deyə qışqıran yoldaşıma, “Qorxma, heç mən də bilmirəm nə baş verib, deyəsən marxal gəlb,” deyərək, qapıda yaranmış dəlikdən bir təhər sivişərək yuxarıya - qarın üstünə çıxdım. Gözlərimə inanmadım, bütün qəsəbə qarın altında qalmışdı və heç bir səs-səmir eşidilmirdi. Aşağıdan-otağın qapısında yaranmış dəlikdən yoldaşımın ağlaya-ağlaya verdiyi, “Hamı qarın altında qalıb, təkcə biz sağ qalmışıq, eləmi?” sualına, inamsız halda, “Deyəsən elədir,” dedim. Elə bu anda ən aşağı terrasda bir neçə adamın əllərindəki fanarlarla yuxarıya doğru işıq salaraq ora-bura qaçışdıqlarını gördüm. Bir az özümə gəldim və dəliyin ağzına əyilərək, sevinc içərisində “Ağlama, deyəsən biz tək deyilik, aşağıda kimlərsə var,” deyə qışqırdım.
Az sonra partiyada iş icraçısı vəzifəsində çalışan Nurəddin Kərimov (əslən Gədəbəyin Qarıkəndindən idi, doxsanıncı illərdə elə orada absurd bir qəzanın qurbanı oldu, Tanrı rəhmət eləsin!) yanında digər iki nəfərlə birlikdə bərkimiş qarın üstü ilə çətinliklə yuxarı qalxdılar, növbəti marxal təhlükəsinin olduğunu və bizim aşağıya-daha təhlükəsiz yerə getməli olduğumuzu bildirdilər. Onların köməyi ilə mənzilə yeganə giriş yeri olan dəliyi bir az böyütdükdən sonra yoldaşımı və yorğana bükülmüş oğlumu yuxarı çıxartdıq, qarın içində marxalın qırdığı elektrik məftillərinə ilişə-ilişə aşağıya-marxalın ziyan vurmadığı və digər qadınların yığışdığı evə gətirdik.
Məlum oldu ki, qar uçqunu aşağı terrasda olan evlərə elə də ziyan vurmadığından həmin evlərdə yaşayanlar da sağ-salamatdırlar. Ancaq yuxarı terrasdakı evlərin birində yaşayan Fikrət, Yusif və İbrahimdən bir xəbər yoxdur. Haradansa iki ədəd kürək tapıldı, tez-tələsik onların yaşadığı evə tərəf qalxdıq. Marxal bu evin də ön tərəfini vurmuş, evin qabağındakı aynabəndi dağıtmış və girişi bağlamışdı. Bizim çağırışımıza evin ön tərəfindəki otaqda yaşayan Fikrət özünün salamat olduğunu, lakin qonşu otaqda yaşayan Yusif və İbrahimin onun çağırışlarına cavab vermədiklərini bildirdi və onlara kömək etməyimizi xahiş etdi. İldırım sürəti ilə işləyən uşaqlar bir neçə dəqiqənin içində qapının üstündən giriş açdılar, otaq yarıya qədər qarla dolmuşdu. Qarın üstündə əlləri qançır olmuş İbrahim, yanında isə Yusif yataq paltarında yarı hüşsuz vəziyyətdə uzanmışdılar. Onları sürüyərək bayıra çıxartdılar və Fikrətin yaşadığı otağa gətirdilər. Kimsə paltarlar gətirdi və onları geyindirdilər.
Hadisə barədə İbrahimin dedikləri: “Mən pəncərənin, Yusif isə divarın yanındakı çarpayıda yatmışdıq. Təzəcə yuxuya getmişdim, birdən elə bil məni göyə atdılar, gözlərimi açanda özümü qarın üstündə uzanmış vəziyyətdə gördüm. İlk ağlımdan keçən, “Bəs Yusif hanı?”- oldu. Yusif! Yusif!- deyə-deyə, qeyri-ixtiyari onun yatdığı çarpayının baş tərəfində qarı əllərimlə qazmağa başladım. Bir azdan əlim onun üzünə dəydi, özüm də bilmirəm necə oldu, onu dartıb ordan çıxardım.”
O gecə demək olar ki, heç kim yatmadı. Kame­ralka, radiostansiya və qırmızı guşənin olduğu ev tamamilə qarın altında qaldığından ekspedisiya ilə əlaqə yaratmaq və baş vermiş hadisə barədə məlumat vermək mümkün olmadı. Əldən-ayaqdan diri iki nəfəri Partiyanın bazasından iki kilometr məsafədə - yolun üstündə olan Karabçay axtarış dəstəsinin bazasından radio-əlaqə ilə ekspedisiyaya məlumat vermək üçün göndərdik. Onu da deyim ki, partiyanın bazasından ekspediyanın yerləşdiyi Mahamalar kəndinə qədər olan yolun uzunluğu iyirmi yeddi kilometr idi. Ayrı-ayrı dəstələrə bölünərək yola düşdük, öndə gedən dəstə qalın qarı tapdalayaraq “cığır” açır, arxadan gələnlər ehtiyatla həmin cığırla irəliləyirdilər. Kim isə ayağını düz atmayaraq “cığır”dan kənara çıxırdısa, qalın qarın içinə yumallanır, onu oradan çıxarmaq böyük problemə çevrilirdi. Yaxşı ki, hava açılmışdı və qar yağmırdı. Saat beşdə bazadan on səkkiz kilometr məsafədə olan “Baldırğantala” deyilən yerə çatdıq. Aşağıdan-ekspedisiyadan gələn, təkərlərinə zəncir bağlanmış maşınlar qarı yara-yara yalnız ora qədər qalxa bimişdilər və bizi gözləyirdilər. Maşınlara mindik və ekspedisiysnın bazasına gəldik. Burada da qarın qalınlığı yarım metrdən çox idi.
Biz çatana qədər Bakıya - Geologiya Komitəsinin rəhbərliyinə də hadisə barədə məlumat verilmişdi. Hamı böyük təlaş içində idi. İnsan itgisinin olmaması rəhbərliyi nisbətən sakitləşdirsə də, Bakını və Moskvanı səkkizillik kəşfiyyat işlərinin nəticələrinin əks olunduğu geoloji sənədlərin və materialların aqibəti narahat edirdi.
İki gündən sonra komitə sədrinin müavini Yəhya Əliyullanın başçılıq etdiyi komissiya gəldi, qısa məşvərətdən sonra bilavasitə yerində mövcud vəziyyəti müəyyən etmək üçün yolların təmizlənməsi qərara alındı. İki ədəd “S” markalı traktor işə başladı və yalnız fevralın 28-də, demək olar ki, bir aydan (?!) sonra, partiyanın bazasına çata bildilər.
Qar uçqunu ən üst terrasın mərkəzində olan təzə tikilən evin və kameralka binasının dam örtüklərini qopararaq on-on beş metr aşağıya atmış, ikincini isə yerlə yeksan etmişdi. Yeri gəlmişkən, yaşadığımız evin damında qarın qalınlığını ölçdüm- iki metr yetmiş beş santimetr idi!
İlk növbədə geoloji sənəd və materialların olduğu seyfin və onun üstündəki xəritə və planların yığıldığı dörd gözlü rəfin axtarışına başlandı. Bərkimiş və sıxlaşmış qarın içində qazılan ilk şurfda beş metr dərinlikdə marxalın zərbə dalğasından üzüüstə yıxılmış seyf aşkar olundu. Ancaq, qarın içində seyfin üstündə olan rəfin nə özü, nə də qalıqları gözə dəymirdi. Elə bu əsnada aşağı terrasda olan mağazaya giriş açan fəhlələr giriş qapısının önündə qarın içində rəfəoxşar bir şeyin olduğunu bildirdilər. Mən tələsik aşağı endim və... gözlərimə inanmadım, onların tapdıqları axtardığımız “başı bəlalı rəf” idi! Ətrafındakı qarı ehtyatla qazaraq rəfi yuxarı qaldırdıq. Qəribə idi ki, onun içində olan xəritə və planlar yerindən heç tərpənməmişdi, elə bil kim isə onu yerindən götürüb başqa yerə qoymuşdu. Hətta seyfin açarları belə onun gözlərindən birində-həmişə qoyduğumuz yerində idi. Rəf də tapıldıqdan sonra, necə deyərlər, hamının ürəyi yerinə gəldi.
Bununla bərabər, “Qırmızı guşə”dəki televizor və radio, bilyard stolu, radioqovşaqdakı bütün aparatlar yararsız hala düşmüşdülər.
Mart ayının 5-də məni Leninqraddakı (indiki Sankt-Peterburq) Dağ-mədən İnstitutuna üç aylıq ixtisasartırma kursuna gündərdilər və mən qayıtdıqda hər şey qaydasına düşmüşdü.
Haşıyə. Burada Leninqrad barədə xoş xatirələrimi qeyd etmədən ötə bilmirəm. Mən Dağ-Mədən İnstitutuna(İnstitut Vasileostrovskidə yerləşir) gəldim, sənədləri İxtisasartırma Fakultəsinə təqdim etdim. Mənə kursun davam etdiyi müddətdə şəhərin özündə İxtisasartırma kursları üçün yataqxanada qalacağımı bildirdilər və oranın ünvanını verdilər. Küçəyə çıxdım və ilk qarşıma çıxan orta yaşlı bir qadından həmin ünvana necə getməli olduğumu soruşdum. Qadın çox nəzakətlə həmin rayona on saylı tramvayın getdiyini söylədi və... bir an düşündükdən sonra özünün də ora getməli olduğunu bildirdi. Tramvaya xeyli yol getdik, dayanacaqların birində qadın mənim düşməli olduğumu bildirdi, mənim təəccübümə rəğmən, özü də mənimlə birgə tramvaydan düşdü və mənim kimdənsə nəsə soruşmağıma imkan vermədən bir nəfərdən ünvanı öyrəndi və “Getdik (poşli)!”-deyərək, məni birbaşa yataqxanaya gətirdi. Mən ona minnətdarlığımı bildirdikdə o, nəzakətlə,“Dəyməz, bu adi insanlıq borcumuzdur, Sizə təhsilinizdə uğurlar arzulayıram!”deyərək, gəldiyimiz yolla geri qayıtdı. Qadın öz hərəkəti ilə (aradan on illər keçsə də həmin qadını yüksək minnətdarlıq hissləri ilə xatırlayıram) məndə Leninqrad insanı barədə ilkin xoş təəssürat yaratdı və sonrakı üç ay müddətində institutda, muzeylərdə, maqazinlərdə ünsiyyətdə olduğum adamların münasibətləri bu təəssüratımı daha da mökəmləndirdi.
O üç ay müddətində şəhərin bütün muzeylərində (təkcə Ermitajda dalbadal on gün getdim, yenə də başdan-başa gəzə bilmədim! ), Qış Sarayında, əksər tarixi yerlərində, teatrlarında oldum. Sonralar dəfələrlə Moskvada olmuşam və o şəhərdə insanlara qarşı tamamilə fərqli (neqativ) münasibətin şahidi olmuşam. Ona görə də o üç ayı həyatımın ən xoş anları hesab edirəm və dönə-dönə xoş hisslərlə xatırlayıram...
Ancaq bu müddət ərzində insanda ikrah hissi doğuran bir neçə olay baş vermişdi:
- yuxarıda dediyim kimi “pulu yeganə ideal bilən” partiya rəisinin təşəbbüsü ilə həqiqətdə təkcə bizim bazada baş verən qar uçqunu guya “ekspedisiyanın bütün obyektlərində baş vermiş” kimi rəsmiləşdirilmiş, onun özünün və “dostlarının” adında (hətta evlərində belə) olan inventarlar “təbii fəlakət nəticəsində məhv olmuşdur” adı altında aktlaşdırılmış və çıxdaş edilmişdi. Lakin, həqiqətən yararsız hala düşən (özlərinin də şahidi olduqları) və həmkarlar təşkilatının “Qrupkom”u kimi mənim adımda olan inventarlar (ümumui qiyməti min iki yüz on iki manat 72 qəpik olan bilyard, televizor, radio və s.) “yaddan çıxmış” və ümumi akta daxıl edilməmişdi (sonradan onların çıxdaş edilməsi üçün min-bir əziyyət çəkdim, məsələ hətta Respublika Geologiya və Geodeziya İşçilərinin Həmkarlar Komitəsinin plenumunun müzakirəsinə çıxarıldı);
- yenə də partiya rəisinin tərtib etdiyi “Təbii fəlakətdən maddi ziyan çəkənlər” siyahısına (bu siyahıya həmin gün bazada olanlardan ancaq bir nəfər qadının adı salınmışdı, qalanları onun “məlum şərtlərini” qəbul edənlər idi ) əsasən on səkkiz nəfərin hər birinə 300 manat (publ) maddi yardım edilmişdi.
Həmin günlərdə baş vermiş bir “maraqlı” hadisənin də üstündən ötə bilmirəm. Bir neçə adam qar uçqununun yerlə-yeksan etdiyi kameralka binasının qalıqları içərisindən yeni tikilən binada istifadə edilməsi üçün işə yararlı ağac materiallarını seçirdilər. Birdən onlardan birinin “Şarik tapıldı, Şarik tapıldı...” qışqırtısı eşidildi. Mən, İbrahim və Nurəddin onların işlədiyi yerə getdik və... sökülmüş döşəmə taxtalarının altında it cəmdəyinin qalıqlarının (başı, ayaqları və dərisi) olduğunu gördük...
Burada, hadisəyə aydınlıq gətirmək üçün bir neçə ay əvvələ qayıtmaq lazım gəlir. Partiyada elektrik montyoru işləyən və çox baməzə adam olan Aleksandrın (soyadını xatırlamıram, milliyətcə tatar idi) Şarik adlandırdığı sarı rəngdə yup-yumuru bir iti vardı və o, itini öz canından çox istəyirdi. Aleksandr hara getsə Şarik də onun yanında olardı. Biz onları zarafatla “Şurik və Şarik” adlandırmışdıq.
O vaxtlar Azərbaycan Dövlət Universitetinin Geo­logiya fəkultəsində təhsil alan xarici ölkələrdən (Vyet­nam, Əlcəzair, Konqo və d.) olan tələbələr təcrübə keçmək üçün respublika ərazisində geoloji-kəşfiyyat işləri aparan partiyalara göndərilirdilər. 1977-ci ilin yay aylarında beş nəfər Vyetnamlı tələbə də bizdə təcrübədə olmuşdular və onlar təcrübə müddətində həmin evdə yaşamışdılar.
Günlərin birində Şarik birdən-birə yoxa çıxdı. Şurik bazanın yaxınlığında olan qoyun binələrini, Balakən camaatının yaylağa gəldiyi düşərgəni axtardısa da Şurik tapılmadı ki, tapılmadı.
İşçilərdən kimsə Şariki vyetnamlıların yediyini desə də, hamımız, elə həmin tələbələrin təcrübə rəhbəri olan mən də, onu qınadıq və onların it əti yemələrinin bir şayiə olduğunu bildirdik...
... Fəhlələrdən biri tapılmış qalıqların “itkin düşmüş” Şarikə məxsus olduğunu bildirdi və təsdiq üçün Şuriki çağırdılar. Şurik gəldi, əlində tutduğu kəlbətinlə cansız it başını o yan bu yana çevirdi və... göz yaşları içində onun Şarikin başı olduğunu bildirdi.
Belə çıxırdı ki, vyetnamlılar nəinki Şurikin, hətta bütün bazanın sevimlisi olan Şariki xəlvəti olaraq kəsərək ətini yemiş, qalıqlarını isə heç kim bilməsin deyə döşəmənin altında gizlətmişdilər. Əgər qar uçqunu olmasaydı bu sirrin üstü də açılmayacaqdı. Düzü, bu hadisə hamımızda vyetnamlılara qarşı ikrah hissi oyatdı və sonrakı illərdə təcrübəyə gələn vyetnamlıları öz aramızda “it əti yeyən murdarlar” adlandıraraq əvvəlki kimi səmimi münüsibət göstərmədik.
Yeri gəlmişkən, Şurik öz sevimli Şarikinin qalıqlarını bir kisəyə yığaraq bazanın üst tərəfindəki palıd ağacının altında dəfn etdi və mən orda işlədiyim müddətdə dəfələrlə Şuriki Şarikin “qəbri” önündə dayandığını görmüşdüm.

Haşıyə. 2008-ci ildəTovuzda bir nəfər tanışımız bizi qonaq aparmışdı, həyətdə qoyulmuş stolun arxasında oturub çay içir və onun ahıl atası ilə ordan-burdan söhbət edirdik. Süfrəyə çörəyin gətirildiyini görən ağsaqqal çörək gətirən oğluna müraciətlə, “İtin yeməyini vermisinizmi?” dedi, oğlunun cavab vermədiyini görüb, əlavə etdi “Sizə demişəm ki, birinci itin yeməyini verin. Yadınızdan çıxarmayın ki, “biz adamlar itin qismətini yeyirik”. “Biz adamlar itinqismətini yeyirik” ifadəsi mənə çox maraqlı gəldi və ondan bu ifadənin nə demək olduğunu soruşdum. Cavabında həmin kişi aşağıdakıları danışdı:
-Allah-Təala cəmi yaratdığına rəhm eləyəndi və hamının da öz ruzi-qisməti (payı) var. Böyük yaradan insan oğluna buğdanı o qədər bəxş etmişdi ki, dənə dolanda taxılın gövdəsi başdan-başa tamam sünbül bağlarmış. Adamlar da evlərinin həndəvərində bir balaca yerə taxıl əkərmişlər və o bir parça yerin buğdasını yığıb-yığışdırmaq olmazmış. Adəm övladı da daha çörəyi qazanmaq üçün indiki kimi “it zülmü” çəkməzmiş. Günlərin birində buğdanın alasütül vaxtıymış və bir qadın sacda çörək (yuxa) salırmış. Altını batıran uşağı yumağa tənbəllik eləyir, yuxalardan birini götürür və onunla körpəni silir.
Elə o andaca üstündə xəlbir dığırlasan yerə düşməyən zəmidə üç qarış boyu olan sünbül başlayır aşağıdan-yuxarıya doğru get-gedə qeybə çəkilməyə. Bu halətdə it zəminin ətrafına dolanıb göyə tərəf ulamağa (o vaxta qədər itin uladığını görən olmamışdı) başlayır. Elə yazıq-yazıq ulayır ki! Tükürpərdən səsi eşidən adamlar tökülüşür. Qadın dili tutar-tutmaz adamlara nə baş verdiyini başa salır. İt isə dayanmadan ulamağında...
Get-gedə azalmaqda olan sünbül gövdənin ucuna bir azaçıq qalmış dayanır. Olub-keçənlərdən hali olanlar anlayırlar ki, YARADAN nankorluğa görə verdiyi “ruzi”ni geri alırmış. Fəlakəti duyub ONA yalvaranın, xəlq etdiyi digər canlının xətrinə Aləmlərin sahibi rəhm elədi. Əvvəlkindən on dəfə kiçik, bu gün əlimizdə qalan bu sünbül qapının halal itinin qisməti, ruzisidir...
Qabaqlar it ulayanda onu azdırmazdılar, eləcə gətirib qabağına duz-çörək qoyardılar; o ya sakitləşər, ya da ki, o ocaqdan baş götürüb gedərdi. Ona görə də babalar həm də deyərdilər ki, at ələ düşər, it ələ düşməz.
(Burda yadıma düşdü ki, mən uşaq vaxtı çobanların özləri yemək yeməzdən əvvəl itlərin yalını verdiyinin şahidi olmuşdum).

 

 

"YER VƏ İNSAN"  jurnalı 01/09/2019

 

Həsən Çələbİ
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”
şirkətinin Geologiya Departamentinin baş geoloqu