DAĞLIQ ƏRAZİLƏRDƏ DENUDASİYA PROSESLƏRİ VƏ YER QABIĞININ MÜASİR TEKTONİK HƏRƏKƏTLƏRİ

Hafiz Səməd-zadə, Azərbaycan MEA H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin aparıcı elmi işçisi,Coğrafiya üzrə fəlsəfə doktoru

Dağlıq ərazilərdə denudasiya proseslərinin intensivliyi müxtəlif təbii proseslərlə əlaqəlidir. Müxtəlif yüksəkliklərdə endogen və ekzogen proseslərin spesifikliyi və xarakteri səbəbindən, səthi yuyulma intensivliyinin dəyişməsi şaquli zonallıqla sıx əlaqəlidir.
Hazırkı zamanda qurunun səthinin alçalma sürətinin təyin olunmasının daha geniş istifadə olunan kəmiyyət göstəricisi çay gətirmələrinin axın moduludur (t/km2). Bizim tərəfimizdən Cənub-Şərqi Qafqaz çay hövzələri üçün yuyulma layının fərdi kəmiyyətləri müəyyən olunmuşdur (10). Tədqiq olunan bütün ərazinin yuyulmasının həqiqi orta layı hesablanmışdır və nəticədə müəyyən olunmuşdur ki, Cənubi-Şərqi Qafqazın dağlıq ərazisindən səthi yuyulma intensivliyi ildə 0,56 mm və denudasiya nəticəsində yerini dəyişən materialın orta illik həcmi isə 17, 5 mln.t. təşkil edir.
Nəzərə almaq lazımdır ki, denudasiya nəticəsində yerini dəyişən materialların hərəkəti mürəkkəb təbiətinə görə, o ərazidən kənara çıxardılan materialların tam həcmi deyil. Bizə elə gəlir ki, səthi yuyulmanın diferensiasiyası üsulu ilə hesablanması əsasında tərtib olunan xəritələr, onun ərazidaxili dəyişikliyini daha tam əks etdirərək, həm də müəyyən ərazilərdən kənara çıxarılan materialın həcminin göstəricisidir. Ərazi daxilində denudasiya nəticəsində yerini dəyişən materialların həcmi 17, 5 mln.t. həmin ərazidən kənara çıxarılan materialın 3, 3 mln.t. həcmi ilə müqayisə edərkən görünür ki, birinci ikincisini 5, 3 dəfə üstələyir. Təsdiq etmək olar ki, Cənub-Şərqi Qafqazda tədricən yaranan çöküntülər nəticəsində ərazi daxilindən denudasiya materiallarının təxminən 19% çıxarıla bilər.
Həmçinin onu da qeyd etmək lazımdır ki, yalnız yüksək dağlıq və orta dağlıq qurşaqlardan çıxarılan materialların orta illik həcmi 11, 7 mln.t. təşkil edir. Yüksək dağlıq və orta dağlıq ərazilərdən çıxarılan materialın çox hissəsi dağarası çökəkliklərdə, dağətrafı akkumulyativ düzənliklərdə yığılması denudasiya və çıxarılanların həcmi arasında uyğunsuzluğa gətirib çıxarır.
Göstərilən vəziyyətin üzə çıxarılması, habelə kəmiyyətinin təsdiqi yalnız yuyulma layının diferensiasiya üsulu ilə hesablanması və onların əsasında tərtib olunan xəritələrin təhlili mümkündür.
Cənub-Şərqi Qafqazın yüksək dağlıq zonası üçün denudasiya metri orta hesabla 500-700 il, orta dağlıq üçün - 1000-2000 il təşkil edir.
Qeyd etmək yerinə düşər ki, müasir çay gətirmələri axınının hesablanmasının əsasında müasir denudasiya sürətinin ekstrapolyasiyasına daha əvvəlki geoloji dövr üçün ehtiyatla yanaşmaq lazımdır. Bunun üçün müasir denudasiyanın sürətini sadə riyazi hesablama ilə qəbul etmək səhv olardı. Belə ki, ərazinin paleogeoqrafik şəraiti tədqiqata cəlb etmək və onları ətraflı tədqiq etmək məqsədəuyğun olardı. Buna görə müasir denudasiyanın sürətinin qabarma amplitudası ilə müqayisəsi zamanı bütün neotektonik dövrə aid etmək olmaz. E.E.Milanovskinin tədqiqatları (9) nəticəsində müəyyən olunmuşdur ki, neogen dövründə və hətta pleystosenin əvvəlində Qafqazda əhəmiyyətli dərəcədə kiçik yüksəkliklər üstünlük təşkil edirdi, eyni zamanda kiçik çay hövzələrinə və çay yataqlarının istiqamətinə görə Qafqaz çayları daha az qırıntı materialları daşıyırdı. Dördüncü dövrdə çay şəbəkəsi və suayırıcıların vəziyyəti çox da dəyişikliyə uğramamışdır. Qeyd olunan müəllif tərəfindən həm də göstərilmişdir ki, Böyük Qafqazın mərkəzi və şərqi hissələrinin ox zonasında qabarma amplitudası dördüncü dövrdə 0,8-1,0 km təşkil edirdi, kənar zonalara, dağlıq periklillara tərəf azalır. Eyni zaman ərzində qabarma amplitudası 400-600 m (2) təşkil edir. Antropogen dövrünün uzunluğuna görə qabarmanın orta sürəti dördüncü dövr qalxmasında Böyük Qafqazın yüksək dağlıq hissəsində 1,6 - 2,0, orta dağlıq zolaqda 1,2- 1,6, dağətrafı-aşağı-dağlıqda ildə 0,8 - 1,2 mm təşkil edirdi (9).
Bizim tərəfimizdən tərtib olunan xəritədə Cənub-Şərqi Qafqazın yüksək dağlıq qurşağında yuyulma intensivliyi ildə 1,5-2,0 mm təşkil edir. Yuyulmanın qalxma sürətinə nisbətinin müqayisəsi Cənub-Şərqi Qafqazın göstərilən rayonları üçün 0,97-yə (cədvəl 1) çatması ərazinin çay dərələri və yarğan tiri relyef şəbəkəsinin şaxələnməsinə, habelə yeni dövrdə əhəmiyyətli dərəcədə tektonik hərəkətləri aktivliyinin izahına xidmət edir.
Qeyd edək ki, çay gətirmələri məsələsində az tədqiq olunan məsələlərdən biri geoloji faktorların, xüsusilə formalaşma şəraitində tektonik hərəkətlərin təsiri ilə əlaqədardır. Ekzogen proseslərin xarakteri və intensivliyi müasir relyefdən asılı olduğu kimi, həm də istiqamətin amplitudu və Qafqazın neotektonik inkişaf dövründə müasir hərəkətlər də aid olaraq, tektonik hərəkətlərin xüsusiyyətlərindən asılıdıır (4). O da məlumdur ki, tektonika mahiyyətcə su eroziyası proseslərinin intensivliyinə təsir edə bilər (7; 8). Bu məsələ barədə A.V.Karauşev (5) çöküntülərin axması prosesinin öyrənilməsi üçün kompleks tədqiqatların qoyulmasının vacibliyini qeyd edir ki, bu, özünə kiçik və böyük ərazilərin eroziyasını öyrənməyi, müasir tektonik prosesləri nəzərə almağı və relyefin ümumi inkişaf tendensiyasının tədqiqini birləşdirir.
Bütün Qafqaz ərazisinin əsas nivelirlənmə xətləri boyu sistematik yüksək nöqtəli təkrar ölçülərin əlamətləri müasir morfostrukturun dinamikasını qiymətləndirməyə imkan verir (7). Bu tədqiqata əsasən, Böyük Qafqazda müasir tektonik hərəkətlərin intensivliyi və kontrastlığının qərbdən şərqə, aktivləşən Aral-Xəzər tektonik vilayətinə doğru artması qeyd olunur. Bu, dördüncü və neotektonik dövrlərin tendensiyasını davam etdirir. Bu müəlliflərin fikrincə, Böyük Qafqazın yüksək dağlıq zonasında müasir qabarmanın sürəti ildə 8 mm və daha çoxdur.
Bizim tərəfimizdən müasir vertikal tektonik hərəkətlərin yuyulma səthinin intensivliyi ilə müqayisəsi yüksək qurşaqlar üçün ümumi xüsusiyyətlərə görə aparılmışdır. Müasir vertikal tektonik hərəkətlərin kəmiyyət xüsusiyyətləri yuxarıda qeyd olunan xəritəyə görə təyin edilmişdir ki, burada onlar izoxətlər şəklində təsvir olunmuşdur, qeyd olunduğu kimi, təkrar nivelləşmə və bərabərölçülü müşahidələr nəticəsində aparılmışdır. Yuyulmanın xüsusi layının müxtəlif qurşaq yüksəkliklərində (Δhэmm/il) bu qurşaqlarda müasir vertikal hərəkətlərin (hcmm/il) sürətindən asılılığı müəyyən olunmuşdur və yüksəkliklər arasında birbaşa əlaqə müşahidə olunur. Bu, yuyulmanın intensivliyinin vertikal hərəkətlərinin aşağı dağ qurşağından yüksək dağ qurşağına doğru istiqamətdə sürətinin artmasını göstərir.
Belə müqayisə relyefin inkişafının ümumi fon tendensiyasını və onun su-eroziya proseslərinin axım intensivliyinə təsirinin göstəricisidir. Habelə müasir denudasiyanın intensivliyinin həcminin qabarma sürətinə münasibətini müəyyən etmək olar. Bizim hesablamalarımıza görə, Cənub-Şərqi Qafqazın yüksək dağ qurşağı üçün 0,18, orta dağlıq üçün – 0,16, dağətrafı və aşağı dağlıq üçün – 0,09mm/il təşkil edir.

Cədvəl - 1.

Yuyulma səthinin intensivliyinin və tektonik hərəkətlərin qarşılaşdırılması.

Dördüncü dövr üçün bu qarşılıqlı əlaqələrin onun orta kəmiyyəti ilə müqayisədə həcminin azalması müasir tektonik qabarmaların sürətinin əhəmiyyətli dərəcədə artması ilə izah olunur. Bu onu göstərir ki, müasir denudasiyanın intensivliyi əhəmiyyətli dərəcədə müasir qabarmanın sürətindən geri qalır.
Bizim tərəfimizdən aparılan hesablamalar göstərir ki, Cənub-Şərqi Qafqazdan gələn çöküntülərin denudasiya həcmi dördüncü dövr üçün 825 km3 qiymətləndirilə bilər. Holosen dövrü ərzində (10 min il) bu həcm təxminən 16 km3 təşkil edir. Dağlıq ərazidən kənarlaşdırılan materialın həcmi nəzərə alınmır – dağətəyi zolaq və dağarası çökəklərdə, çaybasarlarda, allyuvial, delivüal-prolivial çöküntülər və digər şəkildə yığılması Cənub-Şərqi Qafqaz üçün xarakterikdir. Xüsusilə Kür, Qusar-Dəvəçi və Xəzər çökəkliklərində yığılıb qalır.


Cədvəl - 2.

Müxtəlif ərazilərdə müasir denudasiyanın intensivliyi
2-ci cədvəldə verilənlərin təhlili əsasında təsdiq etmək olar ki, Cənub-Şərqi Qafqazda denudasiyanın intensivliyi bir çox dağlıq ərazilərdən yüksəkdir, məsələn, Orta Asiya dağları (0,260mm/il); Zaili Alatausı (0, 300mm/il); Cunqar Alatausı (0,050 mm/il); Appalaçi (0,008mm/il) və b.
Yuxarı silur dövründə qum-şist təbəqəsi və əhəngdaşı ilə düzələn daha sabit və əhəmiyyətli dərəcədə metamorfizləşən süxurlar, Türküstan və Zərəfşan sıra dağlarının əsasını təşkil edərək, qranitoid massivləri, qneyslərin əhəmiyyətli sahələri, Cənub-Şərqi Qafqazın yura dövründən qalan asan yuyulan şistləri ilə müqayisədə su eroziyasına daha az məruz qalır. Göstərilənlər, habelə Orta Asiya dağları ilə müqayisədə daha nəmişli olması Cənub-Şərqi Qafqazın, xüsusilə yüksək dağlıq və orta dağlıq qurşaqlarında su eroziyası proseslərinə əhəmiyyətli dərəcədə məruz qaldığını izah edir (2-4 mm).
Qeyd etmək lazımdır ki, hazırkı işdə Cənub-Şərqi Qafqaz ərazisində səthi yuyulma intensivliyinin kəmiyyətlərinə arxalanaraq denudasiya nəticəsində hərəkətdə olan və ərazidən xaric olunan materialların kütləsi müəyyən dərəcədə dəqiqləşdirilmişdir.

 

 

ƏDƏBİYYAT


  1. Ахундов С.А. Сток наносов горных рек Азербайджанской ССР. Баку, Элм, 1978, 98 с.
    2. Будагов Б.А. Геоморфология южного склона Большого Кавказа (в пределах Азербайджанской ССР). Баку, Изд-во АН Азерб. ССР, 1969, 178 с.
    3. Волин А.В. Твердый сток и скорость эрозии. Изв. АН ССР, серия геогр. И геофиз., 1946, т.IX, №5, с.483-497.
    4. Думитрашко Н.В. Условия образования морфоструктур Кавказа. В кН: Общая характеристика и история развития рельефа Кавказа. М., Наука, 1977, с.79-83.
    5. Караушев А.В. Пути изучения речных наносов. Тр. ГГИ, 1963, вып.100, с.3-25.
    6. Лилиенберг Д.А., Ширинов Н.Ш. Современные тектонические движения. В кН: Общая характеристика и история развития рельефа Кавказа. М., Наука, 1977, с.45-69.
    7. Маккавеев Н.И. Русло реки и эрозия в ее бассейне. М., Изд-во АН СССР, 1955, 346 с.
    8. Мещеряков Ю.А. О теории экзогенных процессов. В кн: Современные экзогенные процессы рельефообразования. М., Наука, 1970, с. 15-22.
    9. Милановский Е.Е. Новейшая тектоника Кавказа. М., Недра, 1968, 483 с.
    10. Самед-заде Х.И. Методика количественной оценки интенсивности смыва с поверхности водобросов горных рек. Труды Геогорафического общества Азербайджана. том. XX, Баку, 2017, с.274-280.
    11. Щульц В.Л. Некоторые итоги и пути развития способов расчета стока в условиях горных стран. Тр. САНИГМИ, вып. 62 (77), Л., 1972, с.3-6.
    12. Menard H. Some rates of regional erosion. – J. Geol., 1961.

 

 

"Yer və İnsan" jurnalı №02/10/2019