Qanunsuz qum-çınqıl istehsal edən şirkət direktoruna elektron qolbaq taxıldı

Şirvan Apellyasiya Məhkəməsində işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Səməd Əsədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilib, Saatlı Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci (əzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi xaric edilib. Səməd Əsədov Cinayət Məcəlləsinin 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və həmin Məcəllənin 46.2-ci maddəsinə tətbiq olunaraq ona 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü ildən 21 aprel 2023-cü ilədək həbsdə və ev dustaqlığında olduğu müddət çıxılaraq, ona qəti olaraq 3 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

Xatırlatma: Saatlı Rayon Məhkəməsinin hökmü ilə Səməd Əsədova 1 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması və 1 il 6 ay müddətinə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələr tutmaq hüququndan məhrumetmə cəzası təyin olunmuşdu.

 

İttihama görə, Səməd Əsədov İmişli bölgəsində qeydə alınmış şirkətlərdən birinin direktoru vəzifəsində işləyərkən Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində yerləşən “Hacıqasımlı” qum yatağında qum materiallarının çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib. O, MMC-yə ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən 4895 kvadratmetr sahəsində orta istismar dərinliyi 1,6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz qum çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib. Belə ki, Səməd Əsədov 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddət ərzində 109 648,0 manat qum istehsal edib, istismar sahəsində korlanmış torpaq sahələrinin bərpası (dağ-texniki rekultivasiya) sahəsində üzərinə düşən vəzifələrini yerinə yetirməyərək təbiətə ağır nəticələrə səbəb olan zərər vurub.

 

Daha sonra Səməd Əsədov cinayət məsuliyyətinə cəlb edilib.//Pravda.az