DİN Abşeronda əməliyyat keçirdi

Abşeronda əməliyyat zamanı saxlanılan 4 narkokuryerdən 15 kiloqram müxtəlif növ narkotik vasitə aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar.

Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən, 9 kiloqram marixuana, 4 kiloqram heroin, 2 kiloqram psixotrop maddə metamfetamin və 50 ədəd satışı qadağan edilən metadon həbi aşkar olunub.

Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.