İranda etirazçılar Abdanan şəhərini və Malekşahi dairəsini nəzarətə götürüblər
Amerikanın Fox News telekanalı bildirib ki, İranda etirazçılar Abdanan şəhərini və Malekşahi dairəsini nəzarətə götürüblər. Bu barədə KİV-in saytında dərc olunan materialda qeyd olunub.
İddia edilir ki, Abdanan və Malekşahinin etirazçıların nəzarətinə keçdiyi barədə İran Milli Müqavimət Şurası (NMŞİ) məlumat verib. Şuranın nümayəndəsi baş verənləri mühüm hadisə adlandırıb və insanların küçələrdə bunu bayram etdiyini bildirib.
İranın Tasnim və Mehr informasiya agentlikləri isə şəhər və dairənin etirazçılar tərəfindən ələ keçirilməsi xəbərini təkzib edib.
İranda etiraz aksiyaları mürəkkəb iqtisadi vəziyyət fonunda alovlanıb. Vətəndaşlar, hətta rəsmi məlumatlara görə belə, təxminən 40 faiz səviyyəsində olan inflyasiyadan və milli valyutanın dəyərdən düşməsindən narazıdırlar. Bu amillərə enerji sektorundakı problemlər, eləcə də benzinin qiymətinin bahalaşması da əlavə olunub.

